Evini, ocağını “ucuz tutmaq” yoxdur milli düşüncəmizdə…

Bu, “Novator.az” saytının  təsisçilərinin də bildikləri həqiqətlərdir

MİQ-29 markalı döyüş təyarəsinin 1 ədədəinin qiyməti, texniki durumuna görə, 26-30 milyon  dollar təşkil edir.  Manat  qarşılığı nə qədərdir, marağı olanlar hesablasınlar. Bu məbləğin təyyarənin texniki xidmətinə, pilotların əmək haqqına və sair aidiyyatı yoxdur.  Hansı ki, ikinci sadaladıqlarımız da az məsrəfli  deyillər.  Dövlət  10-larla  döyüş təyarəsi  alıb, texniki xidmət göstərir, pilotlar yetişdirir  və savaşa hazır saxlayır. Savaş olacaqmı, bu təyyarələr istifadə ediləcəklərmi, uğur qazanacaqlarmı? Dövlət, millət, torpaq, sərhədd  təəssübü çəkən kimsə belə  absurd sual üzərində düşünmür. Hər kəs fikirləşir ki, döyüş təyyarəsinin  alınması  zəruridir,  alınırlar və döyüş üçün  hazır saxlanılırlar.

Savaşın başqa bir qolu da  informasiya cəbhəsidir.  “Əsrimiz  informasiya savaşı əsridir ” deyib taftalogiyaya getmirəm.  Amma Azərbaycan, gerçəkdən, informasiya savaşının mərkəzindədir.  Səbəbi  hər kəs bilir, təkrar etmirəm.  Dövlət cəbhənin bu qolunun möhkəmləndirlilməsi, milli informasiya məkanının yad həmlələrdən  müdafiəsi üçün addımlar atıb.  KİV-lərin institutlaşdırılması, möhkəmləndirilməsi, peşəkarlaşdırılması  informasiya siyasətinin mühüm elementlərindəndir. “KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası” qəbul olunub, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. KİVDF  vasitəsilə dövlət  10 il müddətində ( 2009-2018-ci illərdə)  medianın çap qanadına, dolayısı ilə qismən də  internet mediaya 32,4 milyon manat vəsait ayrıb. Yəni, təqribən 1 döyüş təyarəsinə xərclənən vəsait qədər (manat-dollar qarşılığını nəzərə almayaq).  Effekt isə çox böyükdür: informasiya məkanı milliləşib, peşəkarlaşıb, inkişaf edib. Hansı ki, anti-Azərbaycan qüvvələr informasiya məkanımızın milliləşməsinin qarşısını almaq üçün bundan dəfələrlə  çox vəsait sərf etmişdilər. Diqqət edək,  Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu, yəni  Soros Fondu  Azərbaycanda  1996-cı  ilin sonlarından fəaliyyət göstərib.  Fond özü rəsmən elan edib ki, fəaliyyəti dayanana qədər ( 2011-ci il)   Azərbaycanda  “demokratik  inkişafa”, o cümlədən,  mediaya yönəlik proqramlara hər il 3 milyon dollar vəsait xərcləyib,  qrant ayırıb. Müqayisə edək, təqribən  55 milyon dollar  vəsait. Amma Azərbaycan informasiya məkanına, ictimi-siyasi sektora müdaxilə edən “fədakar”  təkcə Soros Fondu olmayıb. Hesabalamalara görə, bu dövr ərzində “Sorosabənzər”  fondlar vasitəsilə Azərbaycan mediasına təqribən 150 milyon dollardan çox vəsait yatırılıb. KİVDF və digər milli donor təşkilatlar isə eyni zaman kəsiyində bundan dəfələrlə  az vəsait sərf etməklə, daha ciddi effekt əldə etdilər. Müqayisə ölçüyəgəlməzdir:  90-cı illərdə, 2000-ci illərin əvvələrində  “Sorosabənzərlərin”  yönləndirməsi ilə  küçəyə çıxıb  Azərbaycan polisinə daş atan Azərbaycan jurnalistii  ilə, bu gün Azərbaycan dövlətinin yanında dayanıb Azərbaycanın müstəqiliyi uğrunda çarpışan, erməni cəbhəsinə, “Soros düşərgəsinə” layiqli cavab verən Azərbaycan jurnalstinin fərqi var ortada.  Hələ institutlaşmanı, texniki modernləşməni demir. KİVDF fəaliyyətə başlayanda əksər KİV-lərin, hətta, mühasibatlığı mövcud deyildi.  80 faiz jurnalist kirayələrdə yaşayırdı.  Bugünkü düzənlə müqayisə aparıb fərqi görmək asandır. Əlbəttə, önəmli olan vəsitin məbləği deyil. Milli media mənsubları üçün önəm daşıyan məqam həm də ölkədə  azad, demokratik söz  mühitinin yaradılması,  peşəkar və milli düşüncəli qələm adamlarına fəaliyyət  üçün şərait yaradılması, Prezidentin özünün birbaşa diqqət və qayğı göstərməsidir. 

Sorosun ölkədəki tör-töküntülərinin izinin  kəsildiyini  deyə bilmərik. Mühitləri daralsa da, mövcuddurlar.  Hərdən revanş edirlər.  Belələri,  milli donor institutlarının gözdən salınması üçün hər fürsətdən yararlanırlar. Bu gün milli donor təşkilatların, o cümlədən  KİVDF-nin  imicinə ləkə vurmaq, onları gözdən salmaq istəyənlər var ortada. Görülən işlər, qazanılan nailiyyətlər qalıb bir kənarda, Fond vasitəsilə informasiya məkanı  üçün xərclənən milyonları manata, manatı isə qəpiyə çevirirlər, sonra da qəpiyin  hesabını  aparırlar. Guya bilmirlər ki,  hara xərclənib o pullar… Hansı nəticələr qazanıldığını görmürlərmi? 

Əslində, ədəb müstəvisində sorularsa,  xoş niyyət daşıyarsa, müzakirə aparmaq, hesab sormaq yaxşıdır. Amma indiki kampaniya fərqli təəssürat yaradır. Arqument oldu –olmadı, səbəb varmı-yoxmu, düşünmürlər.  Soru sorulmur, rəsmən çamur atılır.  Olsun,  çamur atırlar,  cavablarını da alırlar. Zatən ara-sıra “tapıntı” kimi təqdim etdikləri rəqəmlər də onların öz axtarışlarının nəticəsi deyil: KİVDF-nin saytında yerləşdirilmiş, aidiyyatı dövlət qurumlarına hesabatı verilmiş rəqəmlərdir.  Obyektivlik hissləri olsaydı, bunu Fondun şəffaflığı kimi təqdim edərdilər.  Deyərdilər ki, Fond aldığı və xərclədiyi hər qəpiyin hesabatını verib, o hesabatı özünün saytında yerləşdirib. Başqa təşkilatları da bu cür davranmağa təşviq edərdilər. Etmirlər, canları sağ olsun, nə vaxt anlayarlar, onda deyərlər. İşimiz bunda deyil.

Kampaniyanın gedişində  məyusluq  doğuran başqa məqam var. Anlaşmaz olan məqam  revaş kampaniyasına qatılanların kimliyidir. Dövlət yardımından gen-bol faydalanmış, sorunlarını həll etmiş, zamanında dövlət proqramlarını alqışlamış şəxslərin davranışı diqqət çəkir.    

Kampaniyaya  “Novator.az” xəbər  saytı da qatılıb. “ KİVDF-yə ayrılan milyonlar və bağlanan qəzetlər” başlıqlı yazı dərc edib.  Yazı müəllifi  KİVDF-nin şəffaflıq naminə öz saytıda yerləşdiyi hesabatı  götürüb, baş-ayaq çevrib, şəxsi mülahizələri fonunda təqdim edib. Etsin, deyə bilər ki, düşüncəm belədir. “Novator.az”ın yönləndiricisi də deyə bilər ki, söz azdlığıdır, plüralizmdir, fərqli fikirlərin yayımına şərait yaratmışıq. Desin, nəzəri baxımdan normaldır. Amma plüralizmin şərti   obyektivlik, qərəzsizlik,  balans prinsipinin itməsidirmi?  Saytın yönləndiricisi jurnalist həmkarımız Azər Qaraçənlidir. Peşəkar  təcrübəsi imkan verir ki, obyektivlik, qərəzsizlik, balans prinsipinin jurnalistikada nə anlam daşıdığının fərqinə varsın.   Qaraçənli özü, bildiyim qədər, həm də qardaşı “Jurnalistlər binası”da mənzil alıblar. Necə alındığının şahidi olublar, məmnunluqlarını ifadə ediblər.  Obyektivlik naminə, peşəkar jurnalistikanın prinsipi naminə müəllifə deyə bilərdi ki, təsvir etdiyin və “Novator.az”-da yayımlamaq istədiyin fikirlərdə yanlışlıq var; jurnalistlərə  mənzil paylanması prosesində  əyintilərə yol verilməsi  barədə düşündüklərin yanlışdır. O öz nümunəsini göstərə bilərdi.

Həmkarlıq təssübkeşliyi bir yana, insanın öz evini, ocağını ucuz tutmaması   prinsipi var milli düşüncəmizdə.  Heç olmasa evimizi, ocağımızı bu kampaniyalardan uzaq tutmağı bacaraq.

Müşfiq Ələsgərli

Yeniləşməsək, yeniləcəyik

KİVDF-nin yeni şərtləri   KİV-lərin yeni dövrün tələblərinə uyğunlaşmasını  təmin edəcək

Media nəzəriyyəçiləri üçün  trendlər  dəyişib. İndi  müzakirələr   “jurnalistika, onun standartları, davranış qaydaları” kimi mövzularda   deyil,  keyfiyyətli  xəbər və effektiv kommunikasiya üzrə aparılır.  Yəni, hədəf xəbərin istehsalçısı deyil, xəbərin özüdür.  Çünki, dövrümüzdə xəbər istehsalı, sadə dildə desək, “jurnalistlərin inhisarından” çıxıb, istehsalçıların  çeşidi çoxalıb: “vətəndaş jurnalistlər”, “internet fəalları”, “sosial şəbəkə istifadəçiləri”  kimi təbəqələr meydana çıxıb. Xəbər istehsalçıları kimi, kommunikasiyanın da tipi dəyişib: artıq  istehsal olunmuş   xəbərin çatdırılması üçün nəinki  kağız, hətta radio, televiziya yayımları da tələbləri tam ödəmir. Diqqət internetə, həmçinin,  məkan – zaman fərqi qoymadan  internetə fasiləsiz qoşulmaq imkanı olan cihazlara yönəlib. Xəbər istehsalçıları da öz məhsullarını  internetlə,  mobil tətbiqlərlə  yayırlar. İnformasiya texnologiyaları üzrə ixtisaslaşmış beynəlxalq şirkətlərin əksəriyyəti elan ediblər ki, növbəti ildən investisiyanı yalnız sosial şəbəkələrin, mobil tətbiqlərin inkişafına  yönəldəcəklər. Hər kəs bunun üzərində fokuslaşıb.

Azərbaycanda da durum fərqli deyil. Ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Təqribən 30 faiz insan sosial şəbəkələrə qoşulub, deməli xəbərləşməni sosial şəbəkələr üzərindən reallaşdırırlar.

Qəzetlərin ömrü bitibmi, onlar bağlanmalıdırlarmı?

Texnoloji yeniliklərə aludə olub, keyfiyyətli xəbər məsələsini unutmayaq. Kontent məsələsi kommunikasiyanın tipi üzrə keçirilən müzakirələrdən geridə deyil.  Kommunikasiya texnolojiyaları nə qədər inkişaf etsə də, xəbərin operativ çatdırılmasını təmin etsə də,  bu, keyfiyyətli xəbər problemini aradan qaldırmır, əksinə, yalan xəbərin (fake news) artmasını stimullaşdırır. Məşhur statistika təşkilatlarının apardıqları tədqiqatlar dəhşətli mənzərəni ortaya qoyur.  Məsələn,  “statista.com” portalının araşdırmalarına görə,  onlayn resurslardan, internet  üzərindən yayılan, xüsusən sosial şəbəkələr vasitəsilə verilən xəbərlərin yarıdan çoxunun məzmunu  yalandır. Bu göstərici ölkələr üzrə dəyişir, inkişaf etmiş ölkələrlə inkişafdan qalmış ölkələr arasnda fərq var. Amma fərq böyük deyil. Məsələn, statista.com-un araşdırmalarına görə,  ABŞ-da  2017-ci ildə   sosial media üzərindən yayılan xəbərlərin  42 faizi yalan xəbərlər   (fake news ) olub ( https://www.statista.com/statistics/672275/fake-news-traffic-source/ ). Bəzi ölkələrdə isə  bu göstərici  60 faizə qədər artır.

İnsanlar yalan xəbərlərin toruna düşməmək üçün xəbərləri  ənənəvi  mənbələrdən, yəni, peşəkar xəbər istehsalçısı olan KİV-lərdən-qəzetlərdən, radiodan, televiziyadan almağa üstünlük verirlər.   “Forbes”in araşdırmalarında  iddia olunur ki,  ABŞ əhalisinin 51 faizi, hələ də qəzet oxuyucusudurlar  (  https://www.forbes.com/sites/paulfletcher/2016/12/26/good-news-for-newspapers-69-of-u-s-population-still-reading/#10543e00723c ). “Pewresearch” portalı isə qəzet oxuyucularının sayını  61 faiz elan edib  (http://www.pewresearch.org/fact-tank/2012/10/11/number-of-americans-who-read-print-newspapers-continues-decline/ ).  Ortadakı fərq azdır, cəmi 10 faiz. Buna baxmayaraq, hətta minimum olana istinad etsək belə, özlüyündə böyük göstəricidir, qəzet oxuyucuları informasiya alıcılarının 51 faizini təşkil edirsə, durum pis deyil, çox yaxşıdır.   Amma bu 51 faizlərə, 61 faizlərə qapılıb  elə təəssürat yaranmasın ki, guya ABŞ əhalisinin 51 və ya 61 faizi səhər durub qəzet alır, eynəyini taxır və kağızı götürüb oxumağa başlayır. Yox, qətiyyən belə deyil. Adını çəkdiyimiz araşdırma mərkəzlərinə istinad etsək, həmən 51 faiz əhalinin yalnız  23  faizi qəzetləri  ənənəvi variantda- kağız üzərindən oxuyurlar.  Yerdə qalan oxucular isə  qəzetləri  onlayn versiyada, rəqəmsal   texnologiyalarla oxuyurlar.   ABŞ qəzetçiləri kommunikasiya üçün multi texnologiyalardan istifadə edirlər.  Az da olsa, oxucuların bir qismi (23 faiz) qəzeti kağız üzərindən oxuyur, onların istəyi ödənlir, qəzetin kağız versiyası hazırlanır.  Digər qism oxucu  qəzetin xəbərlərini mobil tətbiqlərlə izləmək istəyir, onların da ehtiyacları ödənilir.  Kimsə sosial şəbəkələr üzərindən xəbər alıcısıdır, qəzet bunu da tətbiq edir.  Vizual yayımlar edir, tv yayım təəsüratı  yaradır, bu istəkdə olanları da əldən buraxmır.  Beləliklə, xəbər alıcılarının 51 faizini (və ya 61 faizini) əldə saxlayır.

Deməli, qəzet və qəzetçilik öz ömrünü bitirməyib. Sadəcə qəzeti kağız üzərindən oxuyanlar azalıb. Kağız isə qəzet xəbərinin oxuyucuya çatması üçün yeganə vasitə deyil.  Qəzetlər, onların redaksiyaları hazır mexanizmdirlər, doğru xəbər almaq istəyənlər üçün ən önəmli mənbədirlər. Sadəcə texnoloji yeniliklər ediblər, zamanın tələbinə, oxucunun zövqünə uyğunlaşıblar, xəbəri operativ çatdırma üsulları tapıblar.  Bütün bunları qurmaq böyük vəsait, ciddi sərfiyyat tələb etmir. Əksinə,  bu texnologiyaların tətbiqi kağız üzərində xəbər yaymaqdan daha ucuz, daha sərfəlidir. İnternetin mövcudluğu bu texnologiyaların tətbiqini asanlaşdırır,  imkan yaradır. Sadəcə bilgi, istək,  maraq və  stimul olmalıdır.

Azərbaycanda durum:

KİVDF-nin stimulaşdırıcı missiyası

Azərbaycanda  çap media (print media)   sahəsində böhran hiss olunur.   Qəzet oxucuları azalırlar, onlar elektron mediaya, onlayn resurslara  müracət edirlər. Zəncirvari prosesdir:  oxucu  auditoriyası itirsə, tiraj aşağı düşür, tiraj enirsə,  reklam yoxa çıxır, ciddi maliyə böhranı yaşanır.  İndi qəzetlərin  yeganə stabil maliyyə mənbəyi  Azərbaycan Prezidentinin dəstəyi ,  KİVDF vasitəsilə verilən maliyyədir.  KİVDF  2009-cu ildən bu günə kimi qəzetlərin yaşaması üçün ən mühüm vasitə oldu. Belə demək mümkündürsə, dövlət başçısı Azərbaycan milli mətbuatını qorudu, onu yaşatdı.  Amma bu proses nə qədər davam edə bilər? Nə vaxta kimi dövlət dəstəyi qəzetlərin yaşaması üçün başlıca mənbə olaraq qalacaq və qalmalıdırmı? Suallar çoxdur.  Media menecerlərimizin  verdikləri cavab isə birdir. Onlar deyirlər ki,   İnternetin və elektron medianın, sosial şəbəkələrin inkişafı ənənəvi KİV- ləri,  xüsusilə print medianı ciddi sınaq qarşısında qoyub.  Həqiqətdirmi bu cavab? Yuxarıda dünya təcrübəsindən nümunələr  verdik. İnternet, sosial şəbəkələrin inkişafı, əgər bir kommunikasiya vasitəsi kimi düzgün istifadə edilərlərsə, qəzetlərə fayda gətirməlidirlər. Fayda deyil, ziyan gətirirlərsə, deməli, nə isə düzgün tətbiq edilmir və dəyişiklik olmalıdır. Səbəbi tapmaq üçün uzağa getməyək. Neqativi  hər kəsə şamil etmək olmaz.  KİVDF-nin  yardımından, dəstəyindən, təcrübə mübadilələri  proqramlarından düzgün faydalananlar, uğur qazananlar da var və belələri çoxdur.  Onlar dünya təcrübəsini əxz ediblər, yeni txnologiyalar tətbiq ediblər və öz mövcudluqlarını, nüfuzlarını qoruyub saxlayıblar, həta inkişaf etdiriblər.  KİVDF-nin 2019-cu ildə maliyyə ayrılması üçün elan etdiyi şərtlər,  yeni tələblər  həmən uğurlu KİV layihələrinin nümunə götürülməklə, print mediada mərkəzləşmə prosesini stimullaşdırır. Media  bazarında  güclülərin, cəmiyyət tərəfindən qəbul olunanların,  oxunan qəzetlərin qalmasına və daha da inkişaf etmələrinə şərait yaradır. Onların öz imkanlarını daha da artırmaları üçün maliyyə vəsaiti əksərən  belə KİV-lərə  yönləndiriləcək.

Əksər dövlətlərdə cəmi bir neçə mərkəzi qəzet çıxır, onların gözəl tərtibatı, texniki imkanları, böyük tirajı, geniş oxucu auditoriyaları  var. Azərbaycanda isə ancaq KİVDF nin vasitəsilə maliyyələşən qəzetlərin sayı 33 idi. Bundan başqa sahə qəzetləri, aylıq, regional qəzetlər var.   Onların əksəriyyətinin tirajı çox aşağıdır, ən inkişaf edən bir neçə qəzetin tirajı  5 mini keçmir. İşçilərin sayı və peşəkarlığı tələb oluna səviyyədə deyil, maaşlar aşağıdır.   Balaca bir ölkədə bu qədər qəzetin yaşaması üçün zəruri imkanlar yoxdur. Onlar nəinki Azərbaycan informasiyasını dünyaya çatdırmağa, heç ölkə içində ictimai rəyə təsir etmək imkanında deyillər.  Təmərküzləşmə getməlidir, böyük, peşəkar  kolektivi olan, yayım imkanları, oxucu auditoriyası geniş,dayanıqlı KİV-lərin qurulması stimullaşdırılmalıdır. Yeniləşməsək, yeniləcəyik, bu bir həqiqətdir.

Müşfiq Ələsgərli