“İslahatlara dəstək verənlər” şousu, şoumenlər və gerçək niyyətlər

http://kaspi.az/az/prezidente-destek-yoxsa-gze-kul-ufurmek-taktikasi?fbclid=IwAR3o47ykwnqSd4eKXdBlyQHAspTvepeJERXkLu_NHl6RFDJYc0cgvsM1vPg

https://reyting.az/siyaset/22124-slahatlara-destek-verenler-shousu-shoumenler-ve.html

http://metbuataz.com/news/1280538/islahatlara-destek-verenler-sousu-soumenler-ve-gercek-niyyet.html

Prezidentə dəstək, yoxsa  “gözə kül üfürmək” taktikası?

Prezidenti İlham Əliyevin oktyabrın 15-də keçirilən müşavirədə sosial-iqtisadi, siyasi-hüquqi, kadr islahatları sahəsində yeni mərhələnin başlandığını  elan etdi. Prezident bildirdi ki, islahatlar nəticəsində təkcə gömrük və vergi orqanları doqquz ay ərzində büdcəyə plandan əlavə 700 milyon manatdan artıq vəsait daxil ediblər. Bu vəsaitlər 2019-cu ildə reallaşdırılan sosial paketlərə yönləndirilib, 4 milyon 200 mindən çox insanın maddi vəziyyətini yaxşılaşdırıb. Qeyri-neft sektorunun inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına, kölgə iqtisadiyyatının aradan qaldırılmasına istiqamətlənən islahat strategiyası sonucda iqtisadi inkişafın təmin edilməsinə, yeni iş yerlərinin açılmasına, sosial paketlərin artmasına, nəhayət, rifah halının yüksəlməsinə hesablandığından, ciddi rəğbət qazanıb. Paralel olaraq kadr islahatları keçirilir, məmurlar yenilənir, gənclər işə alınır, ümumilkdə ölkə qazanır.  

İslahatlardan gözlənilən effektlə yanaşı, onun hansı formada gerçəkləşdirilməsi də önəmlidir. Zamanın tələblərinə uyğun olaraq zərurətə çevrilən bu dəyişikliklər region ölkələrində, adətən,  inqilabi yollarla həyata keçirilir, dövlət çevrilişləri, çaxnaşmalar, dağıntılar, həyat ahənginin pozulması ilə müşaiyət olunur. Azərbaycan isə təkamül yolunu seçib; prosesi ağrı-acısız, dağıntısız, sabit həyat ahəngini  pozmadan gerçəkləşdirmək niyyəti var otada. Hansı ki, zamanın dəyişmək tələbini, yeniləşmək zərurətini fürsət bilən, inqilabi çevriliş ovqatı yaratmaq, sabitliyi pozmaq, “bulanıq suda balıq tutmaq” niyyətində olanlar da az deyil. Bu qruplar təkamül variantlı islahatlar prosesini inqilabi formaya salmaq üçün türlü oyunlar qurur, fərqli vasitələrə əl atırlar. Bir ay içərisində 4 dəfə mitinq keçirmək cəhdi, razılaşdırılmamış aksiyalar vasitəsilə  paytaxtda sabitliyi pozmaq  istəyi, digər təxribatlar buna misaldır. Amma bu, islahata qarşı çıxmağın,  müqavimət göstərməyin, prosesi pozmağa çalışmağın  bir yoludur, aşkardır, gözlə görünəndir.  Əsl problem islahatları  gözlə görünməyən, üzdə duyulmayan formada pozmaq istəyənlərdə,  dildə bir söz deyib, gerçəkdə fərqli mövqe sərgiləyənlərdədir.

Müşahidələr göstərir ki, Azərbaycanda  2018-ci ildə başladılan yeni islahat dalğası  müxalif  düşərgəni şərti  olaraq 2 qrupa bölüb, faktiki olaraq prosesə qarşı iki cəbhə yaranıb. Birinci qrupa “radikallar” daxildir. “Radikal müxalifət”in mövqeyi ziyanlı olsa da, prinsipləri bəllidir, netdir.  Hədəfləri  islahatlara mane olmaqdır. İslahatlar yoluyla ölkənin inkişafını, hakimiyyətin mövqeyinin güclənməsini, əhalinin hakimiyyətə qarşı etimadının artmasını istəmirlər. Şüarları sadədir: “mövcud iqtidar islahat keçirməyə qadir deyil, onun keçirdiyi  islahatlar isə bizlərə lazım deyi”.  Bütün bunları nə üçün,  kimlərin  sifarişi  ilə edirlər, sonucda kimin maraqlarına xidmət edirlər? Başqa bir mövzudur. Bu yazıda məqsədim  2018-ci ildə zahirə  çıxan, şərti olaraq “gizli müxalifət” adlandırılan  2-cü qrupu  xarakterizə etməkdir.

 “Radikallardan” fərqli olaraq, 2-cü qrup zahirən “islahatların keçirilməsinə tərəfdardır”, “islahatlar yolu ilə ölkənin möhkəmləndirilməsi, hakimiyyətin demokratikləşməsi  ideyasını dəstəkləyir”,  bu yolda Prezidentə öz köməyini  təklif edir.  Amma  təkliflərində səmimi olmaları şübhə doğurur. Çünki  “islahat üçün dəstəyi “ şərtlə verirlər. Deyirlər ki, Prezident kadr islahatını inqilabi formada, sürətli, kütləvi formada gerçəkləşdirməlidir.  Həm də kadr islahatı adıyla elə şəxslərin dəyişilməsini təklif edirlər ki…Bu qrupun islahatlara dəstək adıyla verdiyi təkliflər küll halında deyil, hətta qismən  reallaşdırılsaydı belə, ölkə nəinki bir addım irəli getməz, əksinə,  26 il geri düşər, 1993-cü illərin xaotik, böhranlı durumu yaranardı. Ziyanını görmürlərmi verdikləri təklifin?

Taktika dəyişir, hədəf isə yox…

 Kimlərin “vurulmasını” təklif edirdi bu qrup?  O şəxsləri  ki,  90-cı illərin ən ağır günlərində Azərbaycana başçılıq edən ulu öndər Heydər Əliyev   öz komandasına cəlb edib etimad göstərmişdi.  Bu şəxslər  son ana qədər ümummilli liderə  sədaqətlərini  qorumağı bacarmış, daha sonra  Prezident İlham Əliyevin komandasında da eyni uğurla işlərini davam etdirmişlər.  Siyasi karyeralarında  heç vaxt şübhəli  xətlər  üzrə hərəkət etməyiblər,  hər zaman sistemə, rejimə, liderə sədaqətlərini nümayiş etdiriblər.  Həm də, digər məmurlarla  müqayisədə daha  strateji  postlarda təmsil olunublar. Məsələn,  onların əsas hədəflərindən biri  Əli Həsənovdur, Prezidentin  ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri.  “Turan” İA-nın baş redaktoru  Mehman Əliyev Prezident İlham Əliyevin 15 oktyabr müşavirəsindəki çıxışını şərh edir. Prezidentin müxtəlif sahələrlə yanaşı, media sferasında da islahatlar aparılmasının zəruriliyini bildirən tezisini kontekstdən çıxarır. Sözünü Əli Həsənovun üzərinə gətirir, deyir ki, mediada islahat aparılması o deməkdir ki, Əli Həsənov işdən çıxarılmalıdır.Hansı ki, məhz Əli Həsənovun peşəkarlığı  sayəsində  Azərbaycan Prezidentinin həm mediaya, həm də  ictimai-siyasi mühitə yönəlik proqramları uğurla tamamlanıb, bu  sahədəki hərc-mərclik aradan qalxıb,  Azərbaycan mediasında, QHT və siyasi partiyalar sistemində  uzlaşma, anlaşma,  dialoq müstəvisi  yaranıb. Onda Mehman Əliyevin və ətrafıdakı qrupun Əli Həsənovu və  onun kimi komandasına sadiq, peşəkar olan digər şəxsləri  hədəf seçməsi  nəyə hesablanıb? Media ekspertləri, siyasi şərhçilər  hələ 2017-2018-ci illərdə xəbərdarlıq  edirdilər ki,   Mehman Əliyevin səsləndirdiyi,  islahat adı altında ən sadiq məmurların vurulmasını ehtiva edən təkliflərdə  əsas hədəf  ayrı-ayrı məmurlar deyil, Prezident İlham Əliyevin özü və onun həyata keçirdiyi islahatlardır: “ Mehman Əliyev hakimiyyəti zəiflətmək üçün əsrlərdir sınanmış və çox zaman da işə yaramış bir metoddan istifadə edir: liderin ətrafını təmizləmək üçün səbəblər uydurur. Uzun vədəli məqsəd hakimiyyətin  təbliğat-təşviqat işlərinə məsul olan əsas  şəxsləri hədəfə gətirib gözdən salmaq, sonra da komanda içində çaxnaşmalara rəvac verməkdir. Bu iş üçün komandanın ən uğurlu, ən təcrübəli, ən gərəkli və ən sadiq üzvlərini  seçməsi də Mehman Əliyevin  həmin məqsədlərindən  xəbər verir” ( https://aktual.az/niye-mehz-eli-hesenov/ ).

Həftənin olayları, “Turan”ın oyunları…

   2017-2018-ci illərdə ortaya çıxmış bu şübhələr çox keçmədən özünü doğrultmağa başlayıb.

Yaşadığımız ayda, oktyabr ayının son həftəsi ərzində ortaya çıxan olaylar, “Turan” İA-nın bu olaylara yanaşması, əslində  Mehman Əliyevin və ətrafındakı şəbəkənin mahiyyətini tamamilə   açmış olur. Budur, son günlər mediaya açıqlamalar verən, özünü gah “İqtisadiyyat – makroiqtisadiyyat” üzrə ekspert, gah siyasətşünas, gah da media eksperti kimi təqdim edən Mehman Əliyev artıq ayrı-ayrı məmurlardan “əl çəkib”, birbaşa Prezidentin özünü və islahata yönəlmiş tezislərini  hədəfə alıb. O,  “İslahatdan kənar inkişaf” adlıyazısında qeyd edir ki, “…xarici reytinq təşkilatları Azərbaycanı islahatların liderlərindən biri kimi təqdim etməyə tələsiblər.  Dünya Bankının 2018-ci il üzrə “Doing Business” hesabatı Azərbaycanı dünyanın 10 islahatçı dövlətinin siyahısına daxil etməklə” səhvə yol verib. “Dünya İqtisadi Forumunun  (WEF) “Qlobal Rəqabətlilik İndeksi”ndə  Azərbaycanın  2017-ci il üzrə  35-ci yerə çıxarılması” da yanlış olub  (https://www.astna.biz/ext/news/2019/9/free/eco-macroeco/az/971.htm   ).  Mehman Əliyev “çoxsaylı arqumentlər” gətirərək isbat etməyə çalışır ki, Azərbaycanda nəinki sosial-iqtisadi sahədə, ümumilkdə heç bir sahədə islahat keçirilməyib, dəyişikliklər olmayıb:  “Qeyd olunan dövrdə heç bir sahədə və ya ümumiyyətlə, ölkədə köklü dəyişikliklərin şahidi olmamışıq….Prezident  bu il 3 aprel tarixində “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman verdi.  Ancaq “Gəncə” və “Tərtər” hadisələri ilə bağlı keçirilən məhkəmə çəkişmələri  islahatların olmadığını göstərir”.

Hansıki, Prezidentin 15 oktyabr müşavirəsində islahatların uğurlu alındığını isbatlamaq üçün istinad etdiyi məqamlardan biri  də, məhz, Dünya Bankının 2018-ci il üzrə “Doing Business” hesabatında  Azərbaycanın dünyanın 10 islahatçı dövlətinin siyahısına daxil etməsi idi.

Göründüyü kimi, Mehman Əliyev 15 oktyabr müşavirəsinə münasibəti ziddiyyətlidir. Bir tərəfdən Prezidentin media ilə bağlı dediklərini “dəstəkləyir”. Digər tərəfdən isə, bu çıxışı kontekstdən çıxarır, məsələni yanlış şərh edərək Prezidentin sadiq köməkçilərini hədəfə gətirir. Ən əsası isə, Prezidentin islahatlar proqramını əsaslandırmaq üçün gətirdiyi arqumentləri şübhəyə alır. Faktiki olaraq, Mehman Əliyevin “Doing Business” hesabatında  Azərbaycanın yeri barədə dedikləri, “radikalların” tezislərindən fərqlənmir. 

Yenidən qurulmanın dərsləri” adlı məqalədə isə, Mehman Əliyev Azərbaycan prezidentini sonuncu SSRİ rəhbəri  Mixail Qorbaçovla  müqayisə  edir:   “Azərbaycanda hazırki vəziyyət SSRİ-nin son illərinə  oxşardır…”. ( https://www.astna.biz/ext/news/2019/3/free/region-ussr/az/690.htm  ).  “Mövcud hakimiyyətin puçluğunu” əsaslandırmaq üçün iddia edir ki, Azərbaycanın mövcud hakimiyyəti legitim deyil: “Bu müddət ərzində ölkədə referendum, prezident seçkiləri keçirildi. Onlar demokratik idimi, legitim idimi, yerli və beynəlxalq standartlara uyğun idimi? Əsla. Bununla bağlı kifayət qədər ciddi arqumentlər var..”.  Mehman Əliyev islahatların keçirilməsini əhəmiyyətsiz sayır ona görə ki, “islahatı keçirənin özü legitim deyil”.

Göründüyü kimi, “Mehman Əliyev şəbəkəsi”nin taktikasında son dövrlərdə ciddi dəyişiklik yaranıb. Onlar 2017-2018-ci illərdə, islahatların ilk mərhələsində  Prezident İlham Əliyevi  və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanı  zahirən “təqdir edir”,  ətraflarındakı sadiq məmurların isə  vurulmasını təklif verirdilərsə, bu yolla guya “Prezidentin yeni islahatlar proqramını dəstəkləyirdilərsə”,  2019-cu ilin ikinci yarısında və xüsusən 15 oktyabr müşavirəsinə münasibətdə  xəttlərini dəyişiblər. İndi ətrafındakı komandası ilə yanaşı, hədəf olaraq Prezidentin özünü və tezislərini də göstərirlər.  Düzdür, siyasətləri mahiyyətcə dəyişməyib.  2017-2018-ci illərdə də, 2019-cu ildə də hədəfləri eyni olub. Sadiq məmurların vurulmasını təklif edəndə də, indi Prezidentin tezislərini hədəf göstərib onu qeyri-legitimlikdə ittiham edəndə də məqsədləri bir idi: Prezidentin komandasını zəiflətmək, xalqın etimadından məhrum etmək, “zəif prezident imici yaratmaq”.  Amma indi ziddiyyətli davranırlar, sözü bir cür deyib, əməldə fərqli davranırlar, ictimai rəyi çaşdırırlar.

Bu versiyanı qüvvətləndirən məqamlar çoxdur. Son olaraq “radikal” düşərgənin 19 oktyabrda keçirdiyi razılaşdırılmamış mitinqə münasibət Mehman Əliyevin və onun əhatəsində olan şəbəkənin və rəhbərlik etdiyi “Turan” İA-nın siyasətini tam çılpaqlığı ilə ortaya qoyur.

Gəlin baxaq. Oktyabrın 19-da icazəsiz mitinq keçirmək cəhdinin qarşısının alınması beynəlxalq təşkilatlarla Azərbaycan hökuməti arasında müzakirələrə, hətta  mübahisələrə  səbəb olub. Beynəlxalq qurumlar “dinc nümayişçilərin”  həbsini  pisləyən bəyanatla çıxış edir, rəsmi Bakı isə tənqidləri qəbul etmir. “Human Rights Watch”, “Freedom House”,  “Nyu-York Jurnalistləri Müdafiə Komitəsi” və digər  “fürsətcil” QHT-lər bir yana, bəyanat verənlər sırasında Avropa İttifaqının, Avropa Şurasının və digər dövlətlərarası təşkilatların olması, vəziyyəti dəyişir. Avropa İttifaqının  Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Federika Mogerininin mətbuat katibi Maya Kosyançiç bəyan edib ki, “oktyabrın 19-da  100-lərlə insan saxlanılıb. Aksiya iştirakçılarının dağıdılması və saxlanılması üçün hədsiz və səbəbsiz güc tətbiq edilib”. Avopa İttifaqı ilə yanaşı, Avropa Şurası da işə qarışıb. Qurumun İnsan hüquqları üzrə Komissarı Dunya Miyatoviçin bəyanatında deyilir: ” Bakıda polisin mitinqləri amansızcasına dağıtması ciddi narahatlıq doğurur. Mitinq keçirmək cəhdləri polis zorakılığı ilə üzləşib. 100-ə yaxın insan, o cümlədən, müxalifət liderləri  həbs edilib”. Azərbaycan tərəfinin Aİ və AŞ-nin bəyanatlarına qarşı  münasibəti sərt olub. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva,  YAP-ın  icra katibi Əli Əhmədov və digər rəsmi şəxslər açıqlama verərək, beynəlxalq təşkilatların 19 oktyabr aksiyası üzrə  bəyanatlarının qondarma arqumentlər əsasında, qərəzli formada hazırlandığını bildiriblər, həmin bəyanatlarda əks olunan arqumentlərin əsassızlığını sübut ediblər.

Mübahisə doğuran məqamlardan biri də aksiya zamanı saxlanılanların və xəsarət alanların sayı ilə bağlıdır. Yuxarıda sitatlardan görünür ki, Aİ və AŞ təmsizlçiləri aksiya zamanı “100-lərlə  insanın, o cümlədən, müxalifət liderlərinin   həbs edildiyi”ni yazırlar. Nəzərə alsaq ki, razılaşdırılmamış aksiyaya ümumilikdə  150-200 nəfər qatılıb, onda belə çıxır ki, polis təkcə aksiyanın təşkilatçılarını deyil, aksiya iştirakçılarının hamısını həbs edib  və belə olarsa, həqiqətən də, narahatçılıq üçün zəmin yaranır. Halbuki, Bakı Şəhər Baş Polis İdarəsi “Milli Şuranın” qanunsuz aksiyasında təşkilatçılar və fəal iştirakçılar olmaqla, cəmi 60 nəfərin qısa müddətə  saxlanıldığını, bir neçə saat ərzində həmin 60 nəfərdən 42 nəfərin xəbərdarlıq edilərək sərbəst   buraxıldığını açıqlayıb.  Bu halda sual yaranır ki, Azərbaycan hökuməti ilə Avropa təşkilatları arasında ziddiyyətə səbəb olmuş “100-lərlə insan həbs edilən” rəqəmi haradan götürülüb?

Təbii ki, Avropa təsisatlarının informasiya aldıqları mənbələr çoxdur. Amma bu sırada ilk yerdə duranlardan biri də “Turan” İA-dır.  Agentlik  oktyabrın 19-da, saat 17/10 –da, hələ aksiya bitməmiş  “19 oktyabr etirazlari – VİDEOLAR” başlığı ilə xəbər yayıb (  http://www.turan.az/ext/news/2019/10/free/politics%20news/az/84585.htm ).    

3 dildə yayımlanan bu xəbərdə  dəqiqləşdirilməmiş, rəsmi qurumlardan təsdiq almamış məlumatlar əks olunub. Məsələn, bildirilir ki, “100 –lərlə aksiya iştirakçısı tutulub, saxlanılıb”. Hansı ki, rəsmi qurumlar, o cümlədən, Bakı Baş Polis İdarəsi  60 nəfərin saxlanıldığını, 42 nəfərin dərhal azad olunduğunu, yalnız 18 nəfərin işinin məhkəməyə göndərildiyini bildirib. “Turan” İA xəbərlərini Bakı Baş Polis İdarəsinə, rəsmi qurumlara, həmçinin, digər etibarlı mənbələrə  deyil,  “radikal” düşərgə təmsilçilərinin dediklərinə istinadla qurub, beynəlxalq aləmi çaşdırıb, Azərbaycanın üzərinə qaldırıb. Xəbərdə, həmçinin, qeyd edilir ki, “aksiya zamanı bir neçə jurnalist xəsarət alıb. Polis çəkiliş aparan reportyorlara maneə törədib”.  Bu da rəsmən təkzib olunan ziddiyyətli məqamdır. Jurnalistlərdən müvəqqəti saxlanılanlar olsa da, xəsarət məsələsi olmayıb. Bu, sırf “Turan” İA-nın yanlışıdır.

19 oktyabr aksiyasının səbəblərindən biri kimi, onun islahatlara qarşı yönəlməsi bildirilir. Aksiya zamanı “Turan” İA dövlətin, Prezidentin və islahatın yanında deyil, AXCP-nin və “Milli Şranın”yanında yer tutub, onların təxribatçı informasiyalarını paylaşırsa, beynəlxalq aləmi Azərbaycanın üzərinə qaldırırsa, o, kimin maraqlarına xidmət edir? Dildə Prezidentin islahatlar kursunu dəstəklədiyini deyib, yaydığı informasiyalarla islahatları kölkəyə salan bir agentlik rəhbərinin mövqeyini necə şərh edək?  Bu halda Mehman Əliyevin Prezidentin sadiq məmurlarına qarşı münasibətini səmimi qəbul etmək olar?  

Müşfiq Ələsgərli

“Müxalifət”in Avropa İttifaqı ilə strateji sazişə qarşı çıxmaqda marağı nədir?

 

https://news.milli.az/society/796576.html

19 oktyabr aksiyası üçün  məkan və zaman seçimində şübhəli məqamlar olduğunu yazmışdıq. 26 il müddətində “səbrlə”  davranan, müxalifətçiliyi inhisara alıb onun üzərində biznes quran, ara-sıra “boy göstərib” sakitləşən, rahatca ömrünü sürən  qrupla nə baş verdi ki, ildırım kimi çaxdılar,  aktivləşib 1 ay müddətində iki dəfə aksiya keçirməyə maraq göstərdilər? Rəsmi razılıq verilmiş məkanı buraxıb, sanksiyalaşdırılmamış aksiya üçün 28 May medanına axmağa, polislə açıq qarşıdurmaya gedib boyunlarını şüurlu şəkildə qoltuq altına verməyə nədən cəhd göstərdilər? Suallar çoxdur. Təhlilçilər ümumi rəyə gəlmişdilər ki, Azərbaycanın bağlı olduğu geopolitik proseslərdə, o cümlədən, Qarabağ probleminin həlli istiqamətində yürüdülən siyasətdə canlanma var. Bu proseslərdə mövqeyimizi zəiflətmək, ölkəmizin əl-qolunu bağlamaq üçün güc mərkəzlərinə bəhanə lazımdır. Həmin bəhanənin tapılması “radikallara” sifariş edilib.

Bu ehtimalın reallığa çevrilməsi özünü çox gözlətmədi. Budur, sanki aylar öncədən yazılıb hazır saxlanılmış kimi görünən  bəyanatlar ard-arda düzülüb. “Human Rights Watch”, “Freedom House”,  “Nyu-York Jurnalistləri Müdafiə Komitəsi” fürsəti qaçırmadılar, beynəlxalq rəyi çaşdıran bəyanatlar verdilər. Azərbaycan polisini “aksiya iştirakçılarına divan tutmaqda” qınayıb ölkəmizin adını  növəbti dəfə qara siyahılara namizəd göstərdilər.  Amma bunlar,  QHT statuslu təşkilatlardırlar. Bəyanat verənlər sırasında Avropa İttifaqının mövqeyi diqqət çəkir. Artıq iki gündür ki, “radikallar” və onların Youtube kanalları Aİ-nin son bəyanatna köklənib  bayram edirlər.

Dünən sabiq səfir Arif Məmmədov “Osmanqizi TV”-dən “müjdə verdi” ki, niyyətlərinə çatıblar: “artıq Human Rights Watch və Avropa sosial demokratları Avropa İttifaqına müraciət edərək, Azərbaycanla aparılan “Strateji saziş” danışıqlarını dayandırmağa çağırıblar” (https://m.youtube.com/watch?feature=youtu.be&v=8nXVCGu9b0g )  . Məmmədov  hesab edir ki, “Avropa İttifaqının bəyanat yayması,  Aİ-nin  ali nümayəndəsi Federika Moqerninin mətbuat katibi  Mariya Kosyançiçin  Azərbaycan hakimiyyətinə müraciət edərək  19 oktyabrda saxlanılan  insanların məsələsini araşdırmağa çağırması, Aİ ilə Azərbaycan arasında aparılan “strateji saziş” danışıqlarının dondurulacağı yolunda ilk addımdır”.  Həm Arif Məmmədov, həm də Osmanqızı işin bu həddə çatmasında maraqlı olduqlarını, “ilk addımdan” sevinc duyduqlarını gizlətmirlər.

Amma niyə? Avropa İttifaqı ilə bağlanılması gözlənilən saziş təkcə Azərbaycan hakimiyyətinin deyil,  həm də xalqın, yəni, ümumilikdə ölkənin, dövlətin marağındadır. Sazişin imzalanması yönündə danışıqlara mane olmaqla, “radikallar” kimin marağına qarşı çıxırlar?  Və ya, sualın əksi: onlara belə  maneə yaratmağı kim sifariş edib?

“Radikallar” hələ aprel may aylarında

ciddi şəkildə sazişə qarşı çıxmışdılar

Yəqin ki, özünü “Demokratik qüvvələrin Milli Şurası” elan etmiş qurumla “Real” Partiyası arasında bir neçə ay öncə yaşanmış gərginlik hər kəsin yadındadır. Səbəb, Azərbaycanın  Avropa İttifaqı ilə imzalamalı olduğu “Strateji saziş”ə yönəlik münasibət idi.  Müxalifət partiyaları arasında “Strateji saziş”in  imzalanmasına dəstək  verib-verməməklə bağlı fikir ayrılığı yaranmışdı. Avropa Parlamenti tövsiyyə etmişdi  ki, Azərbaycan  “Strateji saziş”in izalanması üçün ölkədə “Avropa dəyərləri”nin tətbiq edilməsi  yolunda addımlarını sürətləndirməlidir. Əks təqdirdə, Aİ bu sazişi imzalamaqdan imtina edə bilər. Azərbaycan tərəfi isə “Avropa dəyərlərinin tətbiqi yolunda addımları” xalqın rifah halının yüksəldilməsi kontekstində fasiləsiz olaraq atdığını,  bunun üçün məcburiyyət motivli şərtlər qoyulmasına zərurət olmadığını bildirmişdi.  İsbatı olaraq 2019-cu ilin ilk üç ayı ərzində  icra edilən islahatlar paketini, humanitar aksiyaları nümunə göstərmişdi.  Göstərilən arqument qarşı tərəfdən qəbul edilmişdi. 

Aİ rəhbərliyi  Azərbaycan tərəfindən irəli sürülən  arqumentləri təsadüfən qəbul etməyib, bunun üçün ictimai rəyi  öyrənmişdi. Müxtəlif icmalarla keçirilən sorğularda Azərbaycan ictimai mühitinin təmsilçiləri “Strateji saziş”in imzalanmasının hər iki tərəf üçün faydalı olduğunu qeyd edib, Azərbaycandakı durumun bu sazişin imzalanması üçün adekvat olduğunu əsaslandırmışdılar. Yalnız, “radikallardan” başqa. Rəyi soruşulanlar sırasında, təbii ki, müxalifət təmsilçiləri, o cümlədən, “radikal düşərgə” nümayəndələri də var idi.  “Real” Partiyasının sədri İlqar Məmmədovun ölkədəki son islahatlar dalğasını  əsas tutaraq, sazişin imzalanmasının tərəfdar olduğunu bildirməsi isə  onu və partiyasını radikal düşüncəli  əqidədaşlarının hədəfinə çevrmişdi. İlqar Məmmədovun mövqeyi belə idi ki, özündə Avropa dəyərlərini ehtiva edən indiki islahatlar paketi  əsas tutularaq, “Strateji saziş” birinci mərhələdə imzalanmalıdır. İkinci mərhələdə isə Avropa Parlamenti onu təsdiqləməlidir. Əgər Azərbaycan hakimiyyəti ikinci mərhələdə  təsdiqlənməyə qədər islahatlar prosesini  davam etdirməsə, sənədin qarşısını Avropa Parlamentində almaq olar. Milli Şura  isə təkid edir ki, öncə islahatlar paketi tam gerçəkləşdirilməli, bundan sonra sazişin imzalanmasına razılıq ifadə edilməlidir.

2019-cu ilin ilk yarısında aparılan bu mübarizə Azərbaycan hakimiyyətinin qələbəsi ilə tamamlanmışdı. Yəni “Strateji saziş”in imzalanması üçün danışıqların davam etdirilməsinə qərar verilmiş, imzalanma tarixi  prinsipial olaraq razılaşdırılmışdı. Prezident İlham Əliyevin may ayında Brüsselə səfəri, Şərq Tərəfdaşlığı Proqramının 10 illiyinə həsr edilmiş Zirvə toplantısına qatılması, onun  Brüsseldə yüksək səviyyədə, isti qarşılanması, nümayişkəranə şəkildə digər ölkələrin prezidentlərindən fərqləndirilməsi hər şeyin normal getdiyinə, sazişin imzalanacağına ümidləri artırmışdı.

Bundan bir ay sonra, iyun ayında Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Bakıya səfəri,  Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda görüşlər keçirməsi, yekunda “Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir” bəyanatını verməsi, Azərbaycan tərəfini sevindirmiş,  təbii ki, erməni şəbəkəsini də ciddi şəkildə narahat etmişdi.

Erməni lobbisi ilə həmrəylik aksiyası

2019-cu il aprelin 4-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirmişdi  ki, Azarbaycanla imzalanması gözlənilən “Strateji saziş” çox yaxın zamanda reallaşdırılacaq. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Brüsseldə, Azərbaycan-Avropa ittifaqı Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında demişdi ki,  sazişin 90 faizi artıq razılaşdırılıb, sənəd tezliklə imzalanacaq. Eyni fikirləri  Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Han da təsdiqləmişdi.

Elə həmin vaxt bəlli olmuşdu ki, Sazişin imzalanacağı gün yaxınlaşdıqca, bu yöndə danışıqlar intensivləşdikcə,  bu sazişin imzalanmasına qarşı olan şəbəkələr də aktivləşirlər. Bunlar versiya deyil, zaman-zaman isbatını tapmış arqumentləşmiş hallardır. Baxaq, aprelin 4-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini “Strateji saziş”in  çox yaxın zamanda reallaşdırılacağını deyir. Bundan həmən sonra, aprelin 11-də,  Strasburqda AŞPA-nın Yaz Sessiyasında “Korrupsiya maşını: mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı beynəlxalq təhlükələrə reaksiya” adlı  qətnamə qəbul edilir. Qətnamədə müxtəlif dövlətlərin qüsurları simvolik şəkildə  göstərilsə də, əsas vurğu Azərbaycanın üzərində qoyulur, Azərbaycan uzun müddətli, əsassız bir qalmaqala cəlb edilir. Paralel olaraq “Transparency İnternational” (Tİ) təşkilatı  Korrupsiya İndeksi hesabatında  Azərbaycanın adını  gözlənilmədən ötən illərlə müqayisədə birdən-birə 32 pillə geri atmışdı. Təşkilat bu “gözlənilməz qərarını”  “Azərbaycan landromatı” hesabatı ilə əlaqələndirmişdi. Tİ Korrupsiya İndeksini  hazırlayarkən, “bəzi rəqəmlərdə”  “Corrupsiya və Mütəşəkil Cinayətlər Hesabatı Layihəsi”-nə (OCCRP)  istinad etdiyini göstəmişdi.  OCCRP isə Soros Fondu tərəfindən maliyyələşən bir layihədir.

Aİ ilə imzalanacaq sazişə qarşı nə qədər geniş bir şəbəkə əhatə olunub? Misalların sayını artırmaq olar. Amma zərurət yoxdur. Əsas olan, bu misallardan çıxan nəticədir. Tarixi təcrübə göstərir ki, Azərbaycan taleyüklü hadisələr dönəmində, ölkəyə, millətə fayda gətirəcək istənilən fəaliyyət  ərəfəsində bu cür  hallarla rastlaşır. Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik dönəmində,  BMT-nin Təhlükəsizlik Şurasına rəhbərlik etmək ərəfəsində,  2012-ci ilin Avroviziya müsuqi yarışması zamanında, I Bakı Avropa Oyunları dönəmində analoji hadisələr yaşanıb: “radikal” müxalifət canlanıb, peyk QHT-lər onlara dəstək verib, Corc Sorosdan başlamış  erməni lobbisinə qədər hər kəs  hərəkətə keçib, Avropa Parlamentinin, AŞPA-nın qətnamələri ortaya çıxıb. Aİ ilə saziş məsələsi dönəmində  də eynisi baş verir. Azərbaycan Aİ ilə Strateji saziş imzalamaq ərəfəsində olanda, şər şəbəkəsi də aktivləşir. Şəbəkənin tərkibində isə  Corc Sorosdan başlamış erməni lobbisinə, Cənubi Qafqaz üzərində planlar quran güc mərkəzlərinə, böyük dövlətlərə, həmçinin, ölkə içində olan “5-ci kolon” a   qədər hər kəs var. Ölkə içində  “5-ci kolon” missiyasını yerinə yetirən “radikal düşərgə”nin aktivləşməsi, hər gün mitinqlər elan etməsi,  sabitliyin pozulmasına cəhd göstərilməsi, daxili qarşıdurmaların intensivləşməsi də bununla bağlıdır.

Düşünürlər ki,  niyyətlərinə çatırlar. Arif Məmmədovun Osmanqizi TV-yə verdiyi müsahibə, bunu aydın göstərir.  Amma sual açıq qalır: “radikallar” Aİ ilə sazişi pozacaqları ehtimalını niyə bayram edirlər?

Müşfiq Ələsgərli

“İzdihamlı mitinq” imitasiyası üçün hesablanmış taktika

https://news.milli.az/society/795686.html

Aksiya təşkilatçılarının 18 oktyabr etirafları

“Milli Şura”nın 19 oktyabr mitinqi izdihamlı olmadı. İzdihamın alınmayacağını aksiya  təşkilatçıları öncədən özləri də etiraf etmişdilər. Bir  gün öncə, oktyabrın 18-də  “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu  Osmanqızı TV-yə açıqlamasında xalqdan gileylənərək deyirdi ki,  “aksiyanın izdihamlı, effektiv alınması üçün ölkə əhalisinin ən azı 1%-nin, yəni, 100 min nəfərin  bizi dəstəkləməsi lazımdır. Amma hazırda bizim dəstəyimiz hətta sosial şəbəkələr üzərində 7-8 min nəfərdən artıq deyil ”. Tofiq Yaqublunun məntiqi ilə hesablasaq, bəlli olur ki, onun təmsil etdiyi qurumun ictimai dayağı,  ən yaxşı halda, ölkə əhalisinin 0,1 faizi civarındadır. Belə durum siyasi aktivlik üçün iddiaları  sıfırlayır.

Bu açıqlama Tofiq Yaqublunun şəxsi qənaəti deyil, “Milli Şura”nın ümumi rəyi kimi qəbul edilə bilər. Çünki, 18 oktyabr tarixində “Milli Şura”nın başqa bir təmsilçisi, Əli Kərimlinin köməkçisi  Ruslan Əmirov sosial şəbəkələrdə xalqın ünvanına söyüş söyüb, mitinqə gəlməyənləri təhqir etdi, “sosial şəbəkələrdə dil-dil ötənlərin aksiyalardan yayındığını” dedi. Digər bənzər açıqlamaları uzlaşdırsaq, nəticə çıxır ki, 19 oktyabra az qalmış “Milli Şura”nın Koordinasiya Mərkəzinin müzakirəsi olub,  hesablama apararaq lazımi ictimai dəstəyi toplaya bilmədikləri qənaətinə gəlib. Görüblər ki, uzun müddət ərzində  sosial şəbəkələrdə reklam aparılmalarına, əhalini israrla küçə və meydanlara dəvət etmələrinə,  mitinqə yüz minlərin qoşulacağı barədə vəd vermələrinə baxmayaraq, effekt əldə olunmayıb. Bu nəticə Tofiq Yaqublunun, Ruslan Əmirovun və digərlərinin dilindən gündəmə çıxıb.  

Bununla da “Milli Şura”nın siyasəti  izdihamlı mitinq keçirməyə yox, izdihamlı mitinq imitasiyası yaratmağa yönəlmiş taktikalar düşünməyə yönəldi.  İnsafən desək, imitasiya məsələsində effekt əldə edə bildilər.

150 nəfəri 15.000 nəfərə necə bənzədirlər…Aksiya yerinin görüntüləri

Bakı Nəqliyyat Agentliyinin açıqlamasından bəlli olur ki, “28 May” metrostansiyası  istiqamətində təkcə avtobus xətləri ilə sərnişin dövriyyəsi günlük 200 min nəfər civarındadır. Üzərinə metro sərnişinləri də hesablansa, ərazinin normal şəraitdə nə qədər izdihamlı olmasını təsəvvür edə bilərik.  Təşkilatçıların Lökbatan qəsəbəsində razılıq verilmiş icazəli mitinqdən imtina edərək,   “28 May” meydanında icazəsiz aksiya keçirmək qərarları bu amillə bağlıdır: orada avtobus yolu  gözləyən hazır auditoriya var. Məsələ qalır  yalnız  dayanacaqda dayananları aksiya iştirakçısı kimi qələmə vermək üzərində. “Milli Şura” üzvləri bunu “ustalıqla” etdilər. Aksiya zamanı apardığımız  müşahidə “Milli Şura” üzvlərinin bütün “hiylələrini” açdı. Elementar hesablama göstərir ki, aksiya təşkilatçılarının öz təmsilçiləri 150-200  nəfərdən çox deyil. Həmin  150-200 nəfəri  10-15 nəfərlik  qruplara bölərək “28 May” meydanı ətrafındakı dayanacaqlarda yerləşdiriblər.  Dayanacaqdakı sərnişinlər arasında görünməz olan hər qrupun meydana çıxmaq üçün öz vaxtı var. Vaxt sıralama ilə, təqribən 5-10 dəqiqəlik intervalla  təyin edilmişdi. Tutaq ki, Milli Bankın qarşısındakı avtobus dayanacağında yerləşən qrup gözlənilmədən qabağa çıxır, şüarlar səsləndirir, asayiş təmsilçiləri də oraya  yönəlir. Diqqət bu məntəqə üzərində cəmlənəndə digər qrup hərəkətə keçir. Bu minvalla 10-15 məntəqədə hərəkətlənmə yarananda, onların da hər birinin ətrafında 100-lərlə sərnişin, yol keçicisi  görünəndə kənar fondan minlərlə insanın aksiyaya qatılması görüntüsü alınır.

“Jurnalist” gödəkçəsi geyindirilmiş aksiya iştirakçıları

 İzdiham  görüntüsnün alınması üçün “jurnalistlərin” də əməyi az deyil. Aksiyadan reportaj hazırlamaq üçün gələn jurnalistlərin tam əksəriyyəti aksiya zamanı üzərində “Press” yazılmış gödəkçələrdə oldular. Ümumən jurnalistlərin aksiyanı işıqlandırmaları üçün şərait yaradıldı. Ancaq aksiya ilə bağlı bir sıra təhlükəsizlik xarakterli məhdudlaşdırıcı tədbirlər eyni zamanda media mənsublarına da tətbiq edildi, belə məhdudiyyətlər peşəkar jurnalistlər tərəfindən anlayışla qarşılandı.  Bununla belə, bu tələbə məhəl qoymayanlar və ya “yalançı gödəkçələrdə” gələnlər də az deyildi. 90-cı illərdə aksiya iştirakçılarına “jurnalist vəsiqəsi” paylayanlar, 19 oktyabrda onlara “yalançı gödəkçələr” də geyindirdilər. Həmin “yalançı gödəkçə” geyinənlər dayanacaqlarda dayanıb pusqu quran qruplarla əlaqəli işlədilər. Hiss olunurdu ki, xüsusi hazırlıq keçmiş, 10-15 nəfərlik qrupların dislokasiya yerini əzbər bilən həmin “saxta gödəkçəlilər” bu qrupların hansı vaxt intervalında hərəkətə keçəcəkləri barədə də məlumatlıdırlar. . Onlar 5 nəfərin şüar səsləndirməsini 50 nəfərin qabağa çıxması kimi göstərmək məsələsində peşəkar hazırlıqlı idilər. 

Təəssüf ki, yalançı “jurnalist gödəkçəsi” və “saxta vəsiqə” daşıyıcıları ilə bərabər, siyasi konyukturaya uyğun davranıb aksiya barədə yanlış bilgi verən KİV-lər də az olmadı. Məsələn, aksiya başa çatmamış, rəsmi nəticələr açıqlanmamış Turan İnformasiya Agentliyi məlumat yaydı ki, “Polis aksiyaya qatılan fəalları kütləvi şəkildə saxlamağa başlayıb. 100-ə yaxın insan saxlanılıb, onlar üç avtobusa mindirilib və naməlum istiqamətə aparılıb… Şəhərdə qeyri-rəsmi   Fövqəladə Vəziyyət rejimi tətbiq edilib…”. Öncədən hazırlandığı şübhə döğürmayan (aksiya başa çatmamış yayılmışdı) bu informasiya 3 dildə yayıldı və ilkin informasiya olaraq beyinlərə həkk oldu. İnsanlar düşündülər ki, “necə möhtəşəm bir aksiya olubsa, 100-lərlə aksiya iştirakçısı da saxlanılıb, Şəhərdə  Fövqəladə Vəziyyət rejimi tətbiq edilir”.  Hansı ki, aksiya zamanı  60 nəfər, qısa müddətli  saxlanılıb. Onlardan 42-si xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.  18 nəfər barəsində materiallar məhkəmələrə göndərilib.

19 oktyabr aksiyasının nəticələrinin təhlili göstərir ki, onun keçirilməsində məqsəd xalqı maraqlandıran şüarların səsləndirilməsi, ölkənin inkişafına, əhalinin rifahının yüksəldilməsinə hesablanmış tələblərin irəli sürülməsi olmayıb. Məqsəd hansısa mərkəzlərə “biz aksiya keçirib ölkəni qarışdıra bilirik” mesajı vermək, həmçinin, Azərbaycana qarşı qərəzli olan  mərkəzlərə mənfur hesabatlar hazırlamaq üçün bəhanə vermək idi.

Müşfiq Ələsgərli 

Prezidentin çıxışı “reket jurnalistika” ya qarşı mübarizəmizə mənəvi dəstək oldu

https://news.milli.az/society/795068.html?fbclid=IwAR1at_X5Jyot3Pyk9-SBj6Odrk93D4piNZTDmEn7r0gwhNgIXxACF5k9ofM

2009-cu ildə “Korrupsiya və cəmiyyət” jurnalının baş redaktoru Azərbaycan Mətbuat Şurasını məhkəməyə vermişdi. Səbəb nəşrin adının MŞ-nin “Qara siyahı”sına daxil edilməsi idi. Təbii ki, rəyimizin tutarlı faktlara əsaslandığını isbat etdik, iddiaçı  məhkəmədən məğlub çıxdı. Amma məhkəmə zalından təkcə    jurnalının baş redaktoru Məmməd Həmidov  deyil, biz də narazı çıxdıq. Çünki prosesin gedişində ortaya  əlavə faktlar  çıxmışdı. Biz həmin “yeni  faktların” geniş araşdırılmasını istəsək də, “iddiamız aidiyyatı üzrə olmadığı üçün”, hakim onları qəbul etməmişdi.

Məmməd Həmidov özünün haqlı,  yazdığı yazıların əsaslı olduğunu isbatlamaq üçün, məqaləsində tənqid hədəfi seçdiyi məmur haqqında “kompromatlar” gətirmişdi məhkəməyə. Deyirdi ki, “bu məmurun filan ayın filan saatında, filan nömrəli telefonla filankəslə danışığının səs yazısı var məndə”. Dinlədik.  Səs yazısı iki məmur arasında, həm də idarəyə məxsus telefon xəttiylə aparılmış danışqdan ibarət idi. Əksər hissəsi vəzifə səlahiyyətlərindən irəli gələn xidməti məsələlər idi. MŞ təmsilçisi olaraq hakimə dedim ki, iki məmur arasında dövlət telefonu ilə aparılmış danışıq, bir jurnalistin əldə edə biləcəyi informasiya deyil,  fərqli situasiyadır. Bir “jurnalistin” dövlət idarəsinə məxsus telefon xəttini “dinləmək imkanları” təhlükəszilik kontekstində araşdırılmalıdır…Təbii ki, həmin səs yazısı aidiyyatlı şəxslərin biri tərəfindən “jurnalistə” verilmişdi.

2010-cu ildə “Gündəlik Bakı” qəzetinin də adı MŞ-nin “reket nəşrlər” siyahısına daxil edildi. Qəzet deməyə dil dönmür. Tam bir “kompromat” siyahısı idi onların işi. Təhsil, səhiyyə sektorunda çalışanlara, biznes sahəsində fəaliyyət göstərənlərə, idarə, müəssisə rəhbərlərinə  “potensial yem mənbəyi” kimi yanaşıb barələrində olmazın şantaj yazan, yayan, onları güvəncsiz qoyub dövlətə qarşı inamlarını sarsıdan bir şəbəkə var idi ortada. Dəfələrlə məhkəmə proseslərinə cəlb olunmalarına rəğmən, hansısa “sehrli əl” onları xilas edir, nə cəza alır, nə də cərimələnirdilər. Çünki şikayət edən tərəfi elə hallara salırdılar ki, adam “öz xoşu ilə”  barışıq istəyirdi. Adamın anadan olduğu gündən məhkəməyə şikayət etdiyi günə qədər bütün bioqrafiyasını əhatə edən, kiminlə danışdığını, kiminlə görüşdüyünü, yemək yediyini, hansı telefonla hansı saatda danışdığını əks etdirən şəkilləri, səs yazılarını haradan və necə əldə edirdilər onlar? Rayon icra başçıları daxil olmaqla digər məsul şəxslərin, şirkət sahiblərinin, xüsusən, vəzifə başında olan xanımların hansı saatda, hansı telefonla kimlərlə danışdığını necə öyrənə bilirlər bu şəxslər? Konfedensial informasiyalara çıxışı necə əldə edirlər? Təbii ki, qulluq sahibi olan məmurlar haqqında informasiyaların toplandığı bir struktur var. Amma həmin strukturda toplanan informasiyalar bu “jurnalistlərə” necə çatır? Hansı xidmətinə, vəzifəsinə, intellektul səviyyəsinə görə verilir onlara bu informasiyalar? Yenə məntiq deyir ki, informasiyalar onlara çıxışı olan digər məmurlar tərəfindən ötürülüb.

Səbəbi çox gec bilindi. Bəlli oldu ki,  bu şəxslərin MTN-in keçmiş rəhbərliyi tərəfindən təşkilatlandırılıb idarə olunublar. İnformasiya təminatı da öz yerində.  Düzdür, o bədnam “jurnalistlər” də cəzalandırıldılar, onları təşkilatlandıran, kompromatlarla təmin edən “MTN-çilər” də. 

Amma proses bununla bitdimi? Xeyir.  2015-ci ildə geniş  yazım olub ( https://news.milli.az/society/376938.html ). Hər şeyi açıq formada ifadə etmişəm. Dəfələrlə ictimailəşdirmişik bu problemləri. Televiziyalar müstəvisinə çıxıb, müzakirə açmışıq. “Korrupsiya və cəmiyyət” jurnalı gedib, “Gündəlik Bakı” qəzeti gedib, əvəzində onlarla yeni KİV qurumu, onlayn media vasitəsi yaranıb. Çünki, “reket jurnalistikanı”  stimullaşdıran, onları maddi dəstəklə, kompromatlarla təmin edənlər sıradan çıxmayıblar. Açıq tekstlə demişik ki, medianın siyasiləşməsinin, kompromat savaşında  alətə çevrilməsinin səbəbləri bəlli olsa da,  mürəkkəbdir. Belə “media quruluşlarının” yaşamasının, davamlı olmasının səbəblərindən biri bəlli mərkəzlər tərəfindən dəstək almalarıdır. Təəssüf ki, dəstəkçilər sırasında səlahiyyət sahibləri, “məmurlar” da var. İnternetin, sosial şəbəkələrin inkişafı bu sahədə qüsurların daha da artamsına rəvac verib. Peşəkar media müstəvisindən sıxışdırılıb çıxarılan “kompromatçılar” internet müstəvisində kök atıblar, rahat mühit tapıblar. Onlara qarşı sərt mübarizə aparmağın zamanı çatıb. 

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev oktyabrın 15-də keçirdiyi müşavirədə ölkənin inkişafı üçün aparılan islahatlara maneçilik törədən hallar barədə  söz açdı, islahatların iqtidarda olan bəzi şəxslərin mənafeyinə toxunduğunu diqqətə çatdırdı. Dövlət başçısı həmin şəxslərin öz maraqlarını təmin etmək üçün mətbuatda qarayaxma kampaniyası apardıqlarını önə çəkdi.

Deməli, apardığımız mübarizə effekt verir. Məsələ ölkə rəhbərinin,  Cənab Prezidentin diqqətindədir.  Prezident İlham Əliyevin bu çıxışını, bilavasitə, “reket jurnalistika” ya qarşı mübarizəmizə mənəvi dəstək kimi qiymətləndiririk. İndi təkcə “reket jurnalistlər” deyil, onların havadarı olan məmurlar da hədəfdədirlər. 

Müşfiq Ələsgərli

Prezident yeniləşməyə qarşı çıxanlara sərt mesaj verdi:

https://versus.az/article/az/11156?fbclid=IwAR34NkaJDehGzBxgnw5Tze5DPriF91YAV4bSivHLIecNXPfrSFNt7PF1d5A

Islahatlar davamlı və qətiyyətli olacaq, əksinə çıxanlar cəzasını alcaq

2018-ci ildən etibarən aparılan sistemli  islahatlar artıq  öz bəhrəsini verməkdədir.  Oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə  Prezidenti İlham Əliyev son 9 ay ərzində əldə edilən nəticələri açıqlayıb və bu nailiyyətləri həyata keçirilmiş islahatlarla əlaqələndirib. Prezidentin nitqindən nəticə çıxıb ki, islahatlar nəticəsində ilk öncə ölkə iqtisadiyyatı inkişaf edib, dövlətin gəlirləri artıb:  

  • Qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çox olub. Qeyri-neft sənayemiz 15 faizə qədər artıb.
  • Kənd təsərrüfatı sahəsində  doqquz ay ərzində  7 faizdən çox artım qeydə alınıb. 
  • Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər.
  • Xarici dövlət borcumuz çox aşağı səviyyədədir – ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan  dünya miqyasında doqquzuncu yerdədir.
  • İnflyasiya  aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur.

Prezident daha sonra əldə edilən gəlirlərin əhalinin rifah halında, həyat səviyyəsində təsirindən danışıb: 

  • 2019-cu ildə  reallaşdırılan sosial paketlər 4 milyon 200 mindən çox insanın maddi vəziyyətini yaxşılaşdırıb. Pensiyalar, əməkhaqları, müavinətlər artırılıb, bu məqsədlər üçün milyardlarla manat vəsait xərclənib. Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan MDB məkanında birinci yerdədir.
  • Ünvanlı sosial yardım alanların sayı artıb. İndi hər bir ailə orta hesabla 200 manatdan çox yardım alır.

Prezident vurğulayıb ki, gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün ölkənin potensialı və bu potensialdan səmərəli  istifadə üçün siyasi  iradə var.  Amma inkişafın davamlı xarakter alması üçün bütün maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir: “Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir…İndi əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir.

Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər. “Doing Business” hesabatında Azərbaycan biznes mühitinə görə dünya miqyasında 25-ci yerdədir. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır”.

Prezident qeyd edib ki, aparılan islahatlara qarşı çıxanlar, Azərbaycanın inkişafını durdurmğa çalışanlar da az deyil. Onların sırasında iqtidardan  olan bəziləri də var: “Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.

“Milli şura” üçün London, Bağdad nümunəsi

https://news.milli.az/politics/792962.html

Və ya asayişi təmin etməyin Azərbaycan modeli

“Heç bir ölkədə ayrı-ayrı qurumların sərbəsət toplaşmaq  hüququndan bəhrələnərək istədiyi zaman və istədiyi məkanda aksiya keçirməsi təcrübəsi mövcud deyil. Çünki bütün dünya ölkələrində hakimiyyət orqanları insanların etiraz hüququna şərait yaratmaqla yanaşı, həm də qanunların tələblərinə əməl olunmasına, aksiyaların təhlükəsizlik və ictimai asayişin təmin edilməsinə, vətəndaşların dinc yaşayış və istirahət hüququna, nəqliyyatın ahəngdar fəaliyyətinə maneçilik törətməməsinə və digər məsələlərin həllinə görə də məsuliyyət daşıyırlar”. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun  AXCP-“Milli Şura” cütlüyününü  8 oktyabr tarixli  piketi barədə  yazıb, sosial şəbəkədə paylaşdığı bu fikirlərinin  isbatı üçün faktlar axtarmağa ehtiyac yoxdur. Yaşadığımız günlərdə  dünyanın iki “əks-qütblü” ölkəsində, Böyük Britaniya və İraqda yaşananlar bu tezislərə əyani  sübutdur.  AXCP-“Milli Şura”-cütlüyünün Bakıda təşkil etdikləri  aksiyalarla eyni gündə Londonda və Bağdadda da aksiyalar keçirilib.  Amma London polisi və Bağdad hərbçiləri həmin aksiyaçılarla fərqli davranıblar. London polisi   ətraf mühitin qorunması yolunda daha çox iş görülməsi tələbi ilə keçirilən nümayişlər zamanı vətəndaş itaətsizliyi göstərdikləri üçün 300-dən çox etirazçını həbs edib. Böyük Britaniyanın baş naziri  Boris Conson polisin bu əməllərinə haqq qazandıraraq, aksiya iştirakçılarını “ipə sapa yatmayanlar” adlandırıb ( https://www.amerikaninsesi.org/a/londonda-300-d%C9%99n-%C3%A7ox-%C9%99traf-m%C3%BChit-f%C9%99al%C4%B1-h%C9%99bs-edilib/5114961.html?ltflags=mailer .) Nəzərə alaq ki, hələ London nümayişçilərinin tələbi siyasi deyil, ekoloji inkişafla bağlıdır. “Extinction Rebellion” adlanan qrup üzvləri  siyasətçilərin karbon tullantılarının azaldılması ilə bağlı səyləri artırmalarını  tələb edərlər. Həm də bu aksiyalar qlobal xarakterlidir: İngiltərə, Almaniya, Avstriya, Avstraliya, Fransa və Yeni Zelandiya daxil olmaqla əksər ölkələrdə  keçirilib. Amma Britaniyalı aksiyaçılar dinc aksiya şərtlərini bir az pozublar: Londonda yol hərəkətinin dayanmasına səbəb olublar. Polis də qarşılığında 319 nəfəri  həbs edib. London, dünyanın demokratik ölkələrindən birinin paytaxdıdır. Ona görə də polisin asayişi pozan aksiyaçılara qarşı davranışı bir qədər “loyal” olub, cəmi 319 nəfəri həbs etməklə kifayətlənib.

İraqda isə asayiş pozucularına qarşı daha sərt davranıblar.  İraq hərbçiləri hökümt əleyhinə etiraz edən insanlara qarşı silah işlədiblər. Nəticədə 100-dən çox insan ölüb, 6 mindən çoxu isə xəsarət alıb ( https://www.amerikaninsesi.org/a/i%CC%87raq-prezidenti-etiraz%C3%A7%C4%B1lara-qar%C5%9F%C4%B1-h%C3%BCcumlar%C4%B1-q%C4%B1nay%C4%B1r/5114984.html?ltflags=mailer  ). Aksiya iştirakçılarına qarşı davranış o qədər acınacaqlı olub ki, İraq prezidenti Barham Salih özü hökümət əleyhinə etiraz edən qarşı hücumları qınayıb, bəyanat verib, zorakılıq törədən kəsləri  cəzalandıracağını açıqlayıb.

Düzdür, aksiya iştirakçılarına qarşı silah işlətmək, öldürmək, yaralamaq, xəsarət yetirmək yanlış addımdır, qınanmalıdır. Amma istənilən halda  beynəlxalq standartlara uyğun olaraq, aksiyaların təşkil edilməsi proseduru ilə bağlı müəyyən şərtlər, qadağalar, qanunların pozulduğu təqdirdə isə hüquqi sanksiyalar tətbiq edilməsi təcrübəsi mövcuddur. Kimisi  bu sanksiyanın mədəni formasından, kimisi də ən qədar formasından faydalanır: fərq London polisinin və Bağdad hərbçilərinin sərgilədiyi münasibət qədərdir. Bu arada bir nümunəni də Azərbaycan polisi göstərdi. 

AXCP –“Milli Şura” cütlüyü BŞİH ilə razılaşdırdığı piketin şərtlərini ilk andan pozdu. AXCP sədri, blogger Əli Kərimli sosial şəbəkələrdə vətəndaşlara müraciət edərək, onları 8 oktyabr aksiyasını “müşahidə etməyə” çağırdı. Bəllidir ki, məqsəd piketlər üçün razılaşdırılmış həddən artıq sayda adam toplamaq, şəhərin mərkəzində itaətsizlik mühiti yaratmaq, say imkan verərsə, qarşıdurmaya getmək, bunun üzərində piar kampaniyası aparmaq idi. Aidiyyəti orqanların xəbərdarlığına baxmayaraq, sosial şəbəkələrdə piketi mitinqə çevirmək və daha radikal metodlara əl atmaq çağırışları son ana qədər davam etdi, niyyətin  heç də dinc aksiya keçirmək olmadığını göstərdi. Sonradan bu ehtimalı gücləndirən başqa məqamlar da ortaya çıxdı.  Hələ aksiya başlamamışdan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti ilə üzbəüz istiqamətdə olan küçələrdə, dalanlarda toplaşan insan qrupları göründü.  Həmçinin, aksiya başlamamışdan əvvəl, aksiya üçün ayrılmış yerlərdən kənarda, insanların intensiv hərəkət etdikləri məkanlarda müxtəlif şüarlar səsləndirən qruplar ortaya çıxdı. Bunlar piket təşkilatçılarının hökuməti təxribata çıkmək üçün qurduqları oyun idimi? Yoxsa piket təşkilatçılarının  iradəsindən kənar formalaşmış, onlardan bir vasitə olaraq istifadə etmək istəyən  hansısa qüvvənin təmsilçiləri idilərmi?

Hər iki halda məsuliyyət piket təşkilatçılarının üzərinə düşür. Əgər polisin qanuni tələblərinə əməl etməmək, müqavimət göstərmək, təhqiramiz ifadələr işlətmək, yolu bağlamaq, nəqliyyatın hərəkətinə maneçilik törətmək  və s bu kimi əməllər piket təşkilatçılarının özlərinin məkrli planları idisə, çox pis. Deməli, hələ də, 90-cı illərin psixologiyası, ab-havası ilə yaşayan bu qruplar ilk fürsətdə cəmiyyətdə qarşıdurma, xaos yaratmağa çalışırlar. Əgər həmin nizamsız qruplar onların iradəsindən kənar formalaşıbsa, onda daha pis. Deməli, təşkilatçılar öz vədlərinə əməl edə bilmirlər, piketlərin dinc şəraitdə, zərərsiz ötüşməsini təmin etməyi bacarmırlar. 

Hər nədirsə, 8 oktyabr piketi  AXCP-“Milli Şura” idarəçilərinin  bacarıqsız və məkrli olmaları, təhlükəli oyunlara baş vurduqları  faktını bir daha üzə çıxardı.

Yaxşı ki, Azərbaycan polisi və  hakimiyyət qurumları adekvat davrandılar. Planlaşdırılan təxribatların qarşısı alındı. Nə Londona  bənzər yüzlərlə adam həbs edilmədi, nə də İraqa bənzər  aksiya iştirakçılarına zor tətbiq edilmədi. Təxribatçılar üsulluca zərərsizləşdirildilər, avtobuslara topladılıb evlərinə yola salındılar.

Bu da asayişi təmin etməyin Azərbaycan modelidir.

Müşfiq Ələsgərli

Cəmiyyət “Milli Şura”nın nə üçün piket keçirməyə meylli olduğunun səbəbini bilməlidir

https://news.milli.az/society/792148.html

“Milli Şura” və  AXCP-nin   sentyabrın 28-də keçirməyi planlaşdırdıqları  mitinqdən imtina etdib,  8 oktyabrda Bakı şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirməyə qərar verməsinin ciddi səbəbləri var.  Bu səbəblər, heç də, AXCP təmsilçilərinin öz  təbliğatlarında dedikləri kimi, “hökumətin təzyiq qarşısında geri çəkilib 8 oktyabr piketinə razılıq vermək zorunda qalması”  formasında  deyil. Əksinə, belə qərardəyişmə “Milli Şura” -AXCP  cütlüyünün gücsüzlüyünün, sosial bazalarının yoxluğunun, həm də səbatsızlığının,  hakimiyyət təmsilçilərinin isə, ciddi  texnoloqluq imkanlarının göstəricisidir.

Belə ki, hakimiyyət  “Milli Şura”-AXCP cütlüyünün hər iki istəyinə-həm mitinq keçirmək, həm də   küçədə piket keçirmək- müraciətinə  eyni formada yanaşmaqla, yəni hər iki aksiyanın keçirilməsinə  icazə verməklə, qarşı tərəfi çıxılmaz duruma salıb. Onlara bacarıqları, dəstək aldıqları  auditoriya  həcmində aksiya keçirmək üçün seçim imkanı yaradıb. Əgər böyük həcmli, geniş auditoriyalı mitinq keçirmək istəyirlərsə və buna potensialları varsa,  Lökbatanda 10  minlərlə insanın sığışa biləcəyi  meydana getsinlər. Auditoriyaları yoxdursa, dar çərçivəyə sığışacaq həcmdədirlərsə,  küçə piketini seçsinlər.

Cütlük özü az həcmli, kiçik auditoriyalı formatı seçdi, rəsmi razılıq almasına baxmayaraq, 28 sentyabrda Lökbatanda geniş auditoriyalı mitinq keçirmək qərarından vaz keçdi. Əvəzində 8 oktyabr tarixində BŞİH qarşısında piket keçirmək variantını seçdi. Çünki, imkanları budur, tərəfdarları yoxdur. İctimai fəal olan bütün şəxslər bilirlər ki, küçədə piket keçirmək təşkilatçı üçün aksiyanın ən rahat, zəhmətsiz formasıdır. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununda göstərilir ki, piket iştirakçılarının sayı  50 nəfərdən çox olmamalıdır.

Məsələ ondadır ki, həmin 50 nəfərlik auditoriyanı toplamaq ciddi təşkilatçılıq tələb etmir. 2-3 nəfər təmsilçini  küçəyə çıxarıb  şüarlar səsləndirirsən, plakatlar qaldırırsan. Ətrafdan keçən insanlar da maraq xatirinə toplanırlar ki, burada nə olduğunu görsünlər. Bir- iki nəfər jurnalist, bir neçə nəfər də mühafizə əməkdaşı  gəlirsə, iş tamamdır: izdiham alındı. Toplananlar təşkilatçının, “Milli Şuranın”  auditoriyası deyillər, onu dəstəkləmirlər, sadəcə maraq xatirinə və vəzifəsinin icrası üçün gələnlərdirlər.  “Milli Şura”-AXCP cütlüyü Qərb texnoloqlarının təqdim etdikləri bu üsuldan -“süni izdiham yaratma” maxinasiyasından son zamanlar gen-bol yararlanırlar. Əhalinin intensiv  axın etdiyi yerdə durursan, hətta etiraz aksiyası üçün deyil, maarifləndirmə məqsədilə,  buklet-müraciət paylamaq adı ilə adamı bir neçə saniyəlik ləngitmək kifayət edir. Cəlb edilmiş şəxs marağında olmayan mövzuya həsr edildiyini görüncə,  təqdim edilmiş kağızı  zibil qabına tullasa belə, fərq etməz, bu, heç nəyi dəyişmir: artıq aksiya təşkilatçısının təlimatlandırılmış fürsətçil fotoqrafları onun  şəklini çəkərək arxivləşdiriblər.  Bu, reallıqda heç 2 nəfər dəstəkçisi olmayan kampaniyanın ictimai rəyə izdihamlı aksiya qismində  təqdim edilməsi üçün   yetərlidir. Onlarla əlbir çalışan “beynəlxalq təşkilatlar”  Azərbaycanda “müxalifətin izdihamlı aksiyasının keçirildiyi”  barədə xəbəri,   “yüzlərlə adamın aksiya təşkilatçısı ilə həmrəylik nümayiş etdirən  şəkillərini” bir neçə saat ərzində  paylaşıb sifarişi tamamlamış olurlar.

Məsələ ondadır ki, Qərb texnoloqları  tərəfindən tövsiyyə olunan bu taktika QHT-lər, ictimai təşkilatlar üçündür. Özünü hakimiyyətin alternativi kimi təqdim edən, sosial dayaqlara malik güc mərkəzi olduğunu iddia edən  bir siyasi qurum üçün belə ucuz variantlara əl atılması, ictimai rəyi çaşdırmaqla məşğul olması, yumşaq desək, ayıbdır. Böyük meydan, həcmli auditoriya yığmaq imkanı var ikən, “Milli Şura”-AXCP cütlüyünün belə ucuz şoudan istifadəyə qərar verməsi göstərdi ki, bu qruplaşmanın, həqiqətən də, sosial bazaları yoxdur. Ötən illərin təcrübəsi təsdiq edir  ki, “radikal müxalifətin” auditoriyası “süni izdiham yaratmaq” texnikasından yararlanmaq vərdişlərini əxz etmiş  həmin 2-3 nəfərdən uzağa getmir.

Diqqətli izləyicilər görürlər ki, bu düşərgənin təmsilçiləri son illər müdətində yalnız hazır auditoriyalardan istifadə edirlər. Məsələn, “Xocalı soyqırımı” günündə kütləvi toplanış yerinə gəlib insident törədirlər, onu özlərinin izdihamlı aksiyası kimi təqdim edirlər. “Şəhidlər Xiyabanınən” ziyarəti adı ilə gəlib onu piketə çevirmək istəyirlər və sair. 8 oktyabr piketi də bu taktikanın davamıdır: şəhərin mərkəzində, əhalinin intensiv hərəkətdə olduğu yerdə bir neçə dəqiqə dayanıb sadəcə söhbət etmək kifayətdir ki, süni izdiham görüntüsü yaranmış olsun.. Amma ataların yaxşı misalı var: “Özgə atına minən, tez düşər”. Prosesdən xəbərsiz auditoriyanı yalançı vasitələrlə cəlb edib  öz auditoriyası  kimi təqdim etmək, ictimai rəyi aldatmaq bir neçə saat fayda verə bilər, amma strateji hədəflər üçün uyğun deyil.  Özünə arxayın, auditoriyasına əmin olan siyasi təşkilat belə ucuz variantlara əl atmaz.

O da var ki, əgər izdihama cəlb edilənlərin sayı limiti aşarsa,  hüquq mühafizə orqanları da belə qanunsuz davranışın qarşısını almağa çalışarlarsa, onda təşkilatçılar bilərəkdən süni qarşıdurma yaratmaqla, beynəlxalq təşkilatlara mesajlar verəcəklər ki, “bizə təzyiq olunur, sərbəst toplaşmaq haqqında qanun pozulur”. “Milli Şura”-AXCP cütlüyünün son vaxtlar sosial şəbəkələrdə apadıqları təbliğat, onların bu versiya üzərində çalışdıqlarını da göstərir.

Müşfiq Ələsgərli

Əlillər” adından istifadə edənlərlə SOCAR əməkdaşları arasında yaradılan insidentdə koordinasiya olunan fəaliyyətin əlamətləri görünür

https://versus.az/article/az/10460

MÜŞFİQ ƏLƏSGƏRLİ yazır: “Əlillər” adından istifadə edənlərlə SOCAR  əməkdaşları arasında yaradılan insidentdə koordinasiya olunan fəaliyyətin əlamətləri görünür

10:47 03-10-2019 | icon 74 | KİV

Sanki öncədən hazırlaşıb, hazır dayanmış, məhz insidentin baş verməsini gözləyənlər var imiş

Ölkədə təqribən 49.692 nəfər müharibə veteranı, 11.994 nəfər Qarabağ əlili, 12.898 nəfər Şəhid ailəsi var. Onların haqlarının qorunması, sosial təminatları üçün təqribən 50-yə yaxın təşkilat qurulub, fəaliyyət göstərir. Həmin 50 təşkilatdan təqribən 6-sı çox məşhurdur, təkcə üzvləri tərəfindən deyil, ölkədə ictimai fəal olan  hər kəs tərəfindən tanınır.

 “Qarabağ Qaziləri” İctimai Birliyini, Azərbaycan “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyini, “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyini, “Azərbaycan Vətən müharibəsi veteranları  Birliyi”ni tanımayan, yəqin ki, yoxdur. Amma bu 50 təşkilatdan, həmçinin, onların sırasında ən fəalı olan 6 təşkilatdan heç biri Hacıyev Məmmədəli İsgəndər oğlunu nə “Qarabağ müharibəsi veteranı, nə də bu müharibədə əlil olmuş şəxs kimi tanımır. Məmmədəli Hacıyevin, özünü 2-ci qrup Qarabağ qazisi adlandıran Kənan adlı şəxsin “Qarabağ qazisi” adı altında  SOCAR əməkdaşları ilə yaratdıqları insident zamanı bu şəxslərin “müharibə veteranı” və ya “Qarabağ əlili” olmaları yuxarıda sadalanan təşkilatlar tərəfindən təsdiqini tapmadı. Bu təşkilatlardan hər hansı birinin bəyanat yaymaması, Məmmədəli Hacıyevin, həmçinin, Kənanın müdafiəsinə qalxmaması maraqlı deyilmi? Axı, əlillərlə, müharibə veteranları ilə bağlı yaşanan ən xırda insident belə həmişə diqqət mərkəzində olub, ictimailəşdirilib, yuxarıda sadalanan 50 təşkilat tərəfindən həmin əlil və ya qazi şəxslər  müdafiə olunublar. İndi bu təşkilatların susqunluq göstərməsi maraqlı deyilmi?

Bəlli olur ki, özlərini “Qarabağ  qaziləri” kimi qələmə verən bu şəxslərin sənədləri dolaşıqdır, şübhəlidir. Məmmədəli Hacıyevin ləqəbi “Tikinti Mamed”dir. O, Qarabağ uğrunda döyüşlərdə iştirak etməyib, əldə etdiyi saxta əlillik kağızını isə ötən illərdə nazirlik ləğv edib. “Mamed əvvəllər Mehdi Mehdiyevin sədrlik etdiyi Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvü olub. Sonradan elə Mehdi Mehdiyev onu üzvlükdən çıxarıb, nazirliyə də müraciət edib ki, bu adam Qarabağ uğrunda döyüşlərdə iştirak etməyib. Bu müraciətdən sonra onun əlilliyi ləğv edilib”.

Yayılan informasiyaların təhlili onu göstərir ki, qanunsuz ev tikintisi məsələsinə görə Dövlət Neft Şirkətinin (SOCAR) təhlükəsizlik idarəsinin əməkdaşları ilə insident yaradan qrupun Qarabağ savaşına aidiyyatları yoxdur. Düzdür, məsələnin mahiyyətini bilməyən, informasiya çaşqınlığı səbəbindən hadisə yerinə gələn, sadəcə həmrəylik xatirinə “evi sökülənləri” müdafiə edənlər sırasında 4 nəfər real “Qarabağ əlili” də var. Amma bu, hadisənin mahiyyətini dəyişmir. İnsident Bakıda özlərini “Qarabağ əlili” və “Qarabağ qaziləri” kimi qələmə verən, bu adlardan istifadə edib qanunsuz işlər görən, qanunsuz gəlir əldə edən şəbəkə tərəfindən törədilib.

Məsələ araşdırılır, yəqin ki, özünün real hüquqi qiymətini alacaq. Amma ortada aydın olmayan bir məqam var. Bu şəbəkə öz əməllərinin qanunsuz, cinayət xarakterli olduğunu bildiyi halda, nədən açıq qarşıdurmaya gedib? Qarşıdurma yaranacağı təqdirdə işin araşdırılacağını, əməllərinin ortaya çıxacağını bilmirdilərmi? Səsli küylü insident təsadüfənmi ortaya çıxıb, yoxsa belə insidentin yaşanmasında maraqlarımı var? Birmənalı demək çətindir. Amma proseslərin təhlili ortada koordinasiya olunmuş bir fəliyyətdən xəbər verir. Müxalifətin aktivləşməsi, Bakının mərkəzində icazəsiz aksiyalar haqqında qərar verməsi, bu qərarlarını əsaslandırmaq üçün əhalinin sosial baxımdan həssas təbəqələrinin “problemlərinə” istinad etmələri və belə qarışıq bir durumda “əlillərlə dövlət qurumu arasında insident yaşanması” heç təsadüfi məsələyə oxşamır. Çox aydın şəkildə hiss olunur ki, ortada koordinasiya olunmuş bir fəaliyyət var. Maraqlıdır ki, fəaliyyətin digər tərəfində kim dayanıb? İnsident anında heç bir araşdırma aparmadan onu “dövlət Qarabağ qazilərini əzir” kimi qələmə vermək, bir anın içində bütün dünyaya yaymaq  təsdüfənmi baş verdi? Ayrı-ayrı müxalif mərkəzlər tərəfindən yayılan, şişirdilən, təhrif olunan bu açıqlamaların yayılma tezliyinə, tezislərinə diqqət edəndə elə təəssürat yaranır ki, sanki öncədən hazırlaşıb, hazır dayanmış, məhz insidentin baş verməsini gözləyənlər var imiş.

AXCP üzvləri “trol dəstələri” yaradan və onu idarə edən sədrlərini ələ verdilər

https://news.milli.az/politics/790426.html

30 Sentyabr 2019 16:25Baxış: 897

Ayrı-ayrı epizodlar üzrə baş verdiyi üçün, bəlkə də, çoxlarının diqqətini çəkmir. Amma bu “epizodik halların” uzlaşdırılması AXCP-də ciddi bir böhran yaşandığından xəbər verir. Ailə münaqişəsi zəminində gündəmə gəldiyi üçün AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının olayı daha sensassiylı, cəlbedici görünə bilər, lakin partiyada digər formatda yaşananlar siyasi yükünə görə daha ağırdırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, AXCP üzvləri “trol dəstələri” yaradan və onu mükəmməl şəkildə idarə edən sədrlərini ələ verdilər, AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun AXCP sədri Əli Kərimli ilə danışığının səs yazısını mediaya ötürdülər:

“Həmin səs yazısı bu partiyanın qanunazidd əməllərlə məşğul olduğunu, ictimai rəylə manipulyasiya etdiyini çox açıq şəkildə göstərir. İndi də AXCP Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyev partiyanın sədrinə qarşı bəyanat verib. O, AXCP sədrinin xaricdən gələn qrantlar hesabına ərəb şeyxləri kimi həyat tərzi sürdüyünü deyib – “Partiya daxilində diktatura rejimi qurub. Fərqli düşünənləri, onun antidemokratik hərəkətinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib, böhtanlara məruz qoyub partiyadan uzaqlaşdırıb. Əli Kərimli bir siyasi dələduz olaraq bizi aldadıb. Bu gün də gəncləri aldadaraq öz çirkli oyunlarına qurban vermək istəyir”.

Partiyanının 3 mühüm sütunundan, legitim rəhbər qurumundan biri belə açıq etiraz bəyanatıyla çıxış edirsə, bu, artıq AXCP-də böhranın rəsmən elan edilməsi, baş toplantı çağırılması üçün hüquqi zəmin olması deməkdir”.

Azərbaycandilli erməni mediası və “sosial şəbəkə” hesabları …

https://news.milli.az/society/789006.html

Erməni şəbəkəsi ictimai rəyi necə çaşdırır?…

Ermənilər  PKK terrorçuları ilə fəal əməkdaşlıq edirlər. Azərbaycanın  illər öncə gündəmə gətirdiyi  bu məlumat  əvvəllər bir  versiya kimi qəbul olunur,  PKK ilə  əlaqələr  ayrı-ayrı erməni  millətçi dairələrin  özfəaliyyəti kimi təsəvvür olunurdu.  Türkiyə mətbuatı hələ 4 il öncəyə qədər yazırdı ki, “İraqın şimalında  Livan ermənilərindən ibarət 200 nəfərlik xüsusi briqada yaradılıb və onlar PKK silahlıları sırasında yer alıblar”. Məlumatın kəşfiyyat xarakterli olduğu,  Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında saxlanılan PKK terrorçularından alındığı deyilirdi.

Bu gün isə  vəziyyət dəyişib.  Əsaslandırılıb ki, ermənilərin PKK ilə əməkdaşlığı  ayrı-ayrı millətçi qrupların özfəaliyyəti formasında deyil,  bütövlükdə Ermənistan dövləti və erməni lobbisi  səviyyəsində qurulub.  Faktlarla isbat edilib ki,  Ermənistanın PKK ilə əməkdaşlığının dərin kökləri var. Qarabağ döyüşlərində  bu terror təşkilatının yardımından istifadə edilib,  PKK üzvləri  Azərbaycan Ordusuna qarşı döyüşlərdə iştirak ediblər.  Cəbhə xəttində gedən  döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən yaraqlıların üzərlərindən çıxan sənədlər bunu isbat edib.  Aydınlaşıb ki, Ermənistanla PKK-nın qarşılıqlı öhdəliklər üzərində qurulan razılaşmaları var.

 PKK üzvləri Qarabağın işğal edilməsində və işğal altında saxlanılmasında Ermənistana yardımçı olublar. Əvəzində işğal altındakı torpaqlarda düşərgələrini qurmaq,  təlimlər  keçirmək, silahlı dəstələrini mühafizə etmək üçün razılıq alıblar.

Azərbaycan tərəfinin aşkarlayıb ictimailəşdirdiyi bu faktları indi Türkiyə təmsilçiləri  də təsdiqləyirlər. Erməni İddialarına Qarşı Beynəlxalq   Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy deyib  ki, Ermənistan PKK terrorçuları üçün təkcə təlim düşərgəsi təşkil etmir, eyni zamanda bu terrorçuları lazımı silah-sursat, partlayıcı maddələrlə də təmin edir. ASİMDER rəhbəri bu təminatın həyata keçirilmə mexanizmlərini də dəqiq təsvir edib: “Hər ay minimum 10 yük maşını olan TIR-larla  partlayıcı tərkibli “yüklər”  Ermənistana daşınır.  Ermənistana aparılan həmin kimyəvi maddələr əslində işğal altında olan Azərbaycan ərazilərindəki PKK düşərgələrinə çatdırılır. Ermənistana aparılan yüklər Ermənistan nömrə nişanlı TIR-larla daşındığı və onların tranzit keçidi olduğu üçün, Türkiyə, İran, Gürcüstan  gömrükləri və polisi tərəfindən həmin yük maşınlarına baxış keçirilmir, yoxlanılmır”. 

PKK terror təşkilatı Suriyada nəzarətlərində olan  ərazilərdə 1915-ci il hadisələrinin ildönümü ilə bağlı Türkiyəyə qarşı erməni taboru yaradıb.  Ermənilərdən ibarət 90 nəfərlik tabora 2017-ci ildə öldürülən erməni terrorçusu Nubar Ozanyanın adı verilib. Taborun yaradılması törəninə  Azərbaycanda törədilən qətliamlarda iştirak eləmiş, sonralar isə ASALA terror təşkilatının üzvü olmuş terrorçular da qatılıblar.

Türkiyənin sabiq  baş naziri Əhməd Davudoğlu   “Hürriyət” qəzetinə müsahibəsində  bildirmişdi ki, erməni terror təşkilatları PKK ilə sıx əməkdaşlıq edirlər: “PKK-nın soyuq müharibə vaxtında kimlər tərəfindən yaradıldığını, erməni terror təşkilatı ASALA-nın PKK  ilə əməkdaşlıq etdiyini bilirik”. Sabiq baş nazir müsahibəsinin sonunda qeyd edib ki, “Türkiyə bir daha 90-cı illərdəki vəziyyətə  qayıtmayacaq, hər kəsin cavabını verəcək. Biz sizlərin  söykəndiyiniz divarları, dağları yerlə-yeksan edəcəyik”. Davudoğlunun bu açıqlaması göstərdi ki, Ermənistanın bir dövlət olaraq PKK və digər terror təşkilatları ilə sıx əməkdaşlıq etməsinə dair Türkiyə dövlətinin əlində təkzibedilməz dəlillər var. İndi proses bu dəlillərin beynəlxalq təşkilatlar müstəvisinə çıxarılıb Ermənistana qarşı  terroru  dəstəkləyən ölkə kimi sanksiyalar tətbiq edilməsi yönündə gedir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan   Meksikanın “Televisa” kanalına müsahibəsində bildirib ki, artıq terror təşkilatlarının və onları dəstəkləyənlərin  siyahısı bəllidir, dünya onlara qarşı sərt mübarizə aparmalıdır. Prezident qeyd edib ki, terror təşkilatları arasıdan fərq qoymaq kökündən yanlışdır.

Ermənistanın özünümüdafiə tezisləri

Terror dəstəkçisi olması barədə təkzibedilməz faktların, sənədlərin əldə edilməsi, ermənilərin terrorla, o cümlədən PKK ilə əlaqələrinin rəsmi bəyanatlar  müstəvisinə  çıxması Ermənistana qarşı ciddi tədbirlər görüləcəyi ehtimalını yaradıb. Ağır  aqibətlə üzləşməmək üçün  Ermənistanı  önləyici addımlar atmaq məcburiyyətində qalıb.  Düşünməyək ki,  onlar PKK ilə əlaqələrini kəsirlər. Xeyr,  bunu edə bilməzlər. Əlaqələr çox dərinə işləyib, qarşılıqlı öhdəliklər var, münasibətləri davam etdirmək zorundadırlar.  Onlar vəziyyətdən çıxmaq üçün fərqli, erməniyə məxsus  mexanizmləri  işə salınıb.  Ermənistan çalışır ki, PKK ilə əməkdaşlığı   “insan haqlarının müdafiəsinə dəstək” kontekstində   qələmə versin.  Məsələn,  Ermənistanda hakim “Mənim addımım” blokundan deputat, kürd icmasının rəhbəri Knyaz Həsənov Türkiyənin İraqın şimalında PKK-ya qarşı keçirdiyi “Pəncə” əməliyyatını pisləyərək,  PKK-ya arxa durmaq  üçün mətbuat konfransı təşkil edib.Yerevanda keçirdiyi mətbuat konfransında deputat Həsənov qeyd edib ki, guya Türkiyə aviasiyasının zərbələri nəticəsində “dinc əhali” həlak olur.

Bununla paralel olaraq Ermənistanın ideoloji mərkəzləri ikinci  bir üsuldan da faydalanırlar. Onlar   “Azərbaycanın ən böyük PKK dəstəkçisi olması” kimi absurd tezisi gündəmə gətirməklə, beynəlxalq ictimai rəyi çaşdırmağa cəhd edirlər.  Bu cəhd bizə absurd kimi görünsə də, dünya üçün inandırıcı ola bilər.

Çünki,  bu tezisi dünyaya, məhz Azərbaycandilli media vasitələri və “Azərbaycanın özündən gələn, azərbaycanlıların  təsdiqlədikləri  məlumat” kimi  çatdırırlar.

“Arevelkcenter.com”, “Azel.tv” və “Azerbaycan saati”

 arasında informasiya koordinasiyası

“Arevelkcenter.com”xəbər portalı  erməni diasporuna bağlıdır,  araşdırma yazılar və gündəlik xəbərlər yayır. Partnyoru olan “Armin.am”la birgə, daha çox “Erməni Tədqiqatları İnstitutu”Yerevan Dövlət Universitetinin tədqiqatlarını, ermənişünaslıq üzrə “kəşflərini” tirajlayırlar, aldıqları tezisləri məqaləyə çevirib auditoriyaya çatdırırlar. Bir sözlə, “ermənilik ideologiyası”nın xidmətçiləridirlər. Materiallarını Azərbaycan/türk dillərində, bunların tərcüməsini isə  rus və ingilis dilində  yayımlayırlar.  Xəbər lentləri büsbütün Azərbaycan üzərində qurulub. 

Hal-hazırda əsas təqdimatlarından biri “Azərbaycanın PKK ilə əlaqələrinin isbatlanması”  üzərindədir.  Sonuncu tədqiqatları “Azerbaycan PKK’ya yardımı davam etdirir” adlanır. Təmiz türkcədə yayımlanan materialda vurğulanır  ki, “Azərbaycanın PKK-ya yardım etməsi  yeni bir şey deyil”. Yazıda iddia olunur ki, “Azərbaycan PKK-ya nəinki ərzaq, pul, hərbi sursat qismində  yardımı göstərir”, ən əsası, guya ki, “PKK üzvlərini təqibdən yayındırmaq üçün pasportlarla təmin edir, onların Azərbaycan vətəndaşı adı altında Avropaya, eləcə də, Türkiyəyə çıxışlarını qurur” ( https://arevelkcenter.com/news-in-turkish/azerbaycan-pkkya-yardim-etmeye-devam-ediyor ).  Bənzər məqalələr çoxdurlar, uzun-uzadı davam edirlər,  eyni məzmunlu tezislərlə doludurlar. Üzərində dayanmaq istədiyimiz məqam isə bu deyil. Qəribə olan, diqqqətimizi çəkən odur ki, həmin məqalələr ermənilərin azərbaycan dilində qurduqları xəbər saytlarında tirajlanırlar. Sonradan bu saytlara istinadla rus və ingilis dilinə çevrilərək beynəlxalq auditoriyaya ötürülürlər.

Sadə oxucu xüsusi araşdırma aparmasa, bilməz ki, bu, Azərbaycanlıların yox, ermənilərin qurduqları saytlardırlar. Dəhşətlisi isə budur ki, həmin məqalələr sadəcə başlığı və imzası dəyişdirilməklə, Azərbaycanın öz ərazisində fəaliyyət göstərən “milli media qurumları”nın səhifələrinə çıxarılırlar, bəzi “milli KİV-lər” vasitəsilə tirajlanırlar. Məsələn, “Azel.tv”-nin  23/09/2019-cu il tarixdə yayımladığı məqalələrdən birinin başlığı belədir: “PKK-nin maliyyə qaynagı olan Azərsun prezidentinin şirkətlərinin – Siyahısı”. Məqalənin başlığı fərqli olsa da, “Arevelkcenter.com”xəbər portalının yayımladığı   “Azerbaycan PKK’ya yardımı davam etdirir” adlı məqalə ilə eyni tezisləri bölüşür. Prosesdə  “Azərbaycan saati” TV-nin də rolu var. “Arevelkcenter.com” məqaləsində açıq tekstlə  qeyd edib ki, təqdim etdiyi “faktları”  “Azərbaycanda dərc edilmiş  “Azadlıq” qəzetindən, onun baş redaktoru olmuş, hazırda   “Azərbaycan saati” TV proqramını hazırlayan Qənimət Zahidovun çıxışlarından götürüb”. Hansı ki, “Azadlıq” qəzeti hələ 2012-ci ildən etibarən yazıb tirajladığı bu tip məlumatları Ermənistan mediasından, bəzən isə Türkiyə mediasından götürdüyünü bildirirdi. İnternetin inkişafı imkan verir tapılıb üzə çıxarılsın ki,  onların türkdilli media dedikləri, erməni diasporu tərəfindən qurulan, Azərbaycan/türk dilində xəbər yayan KİV-lər olublar. Ermənilərin Azərbaycan/türk dilində qurduqları KİV-lər  “milli KİV-lər” üçün nədən informasiya qaynağı olmalıdır ki? Sadə  vətəndaşın, oxucunun, internet istifadəçisinin bunu bilməməsi, erməni təxribatına, toruna düşməsi, bəlkə də, qəbahət deyil. Amma bir KİV qurumu təmsilçisi hansı mənbəyə istinad etdiyini bilməlidir, araşdırmalıdır. Maraqlı olsaydılar, araşdırardılar, istinad etdikləri etibarlı mənbələrin ermənilər tərəfindən quraşdırılmış bir tor olduğunu görərdilər. Amma maraqlı deyillər, araşdırmırlar. Bütün bunlar təsadüfənmi baş verib? Yoxsa ortada informasiyanın koordinasiya olunması kimi bir öhdəliklərimi var?  Məsələ ondadır ki, “Arevelkcenter.com”, “Azel.tv” və “Azerbaycan saati”  arasında  koordinasiya olunan informasiya təkcə PKK mövzusu üzərində deyil. PKK mövzusu bir elemendir. İnternetə çıxış imkanı olanlar bu saytların səhifələrini araşdıra, onlar gündəlik xəbər siyasətində  nə qədər uyğunluq olduğunu çox asan şəildə görə bilərlər.

Müşfiq Ələsgərli