https://news.milli.az/society/780870.html
https://metbuat.az/news/1245056/azerbaycan-adina-pislik-eden-sebeke.html
Azərbaycan
adına pislik edən şəbəkə
Başa vurduğumuz həftə qlobal səviyyədə diqqət çəkən
media insidentləri baxımından zəngin
oldu. Aralarında trendə çevrilənlər də var. Dünyaca
məşhur “The Guardian”ın əməkdaşı Oven Gones –in (Owen Jones) London küçələrində
nümayişkəranə şəkildə döyülməsindən tutmuş, Almaniyada hüquq şöbələrinin, vəkillərin
mediaya xəbər ötürmələrini məhdudlaşdıran qaydaların tətbiq edilməsinə yönəlik etiraz
aksiyalarına, Belçikada frilans (freelance ) jurnalistlərin əmək haqqının
azlığına, ədalətsiz ödənişlərə qarşı
kampaniya keçirmələrinə qədər bol məlumatlar var. Paralel olaraq Rusiyada, Ukraynada, Türkiyədə
baş verən insidentlər də beynəlxalq təşkilatların diqqətindədir. Qeyd edilən insidentlərin hər biri önəmli olsa
da, nəzərlər daha çox London üzərində
köklənib. Çünki Oven Gones
insidenti Qərbi Avropa ölkələrində
uzun illər qapalı saxlanılan “jurnalistləri döyüb qorxutma, hədələyərək işindən çəkindirmə” hallarının son illərdə pik həddə çatmasını, açıq forma almasını isbatlayıb. İnsident
avqustun 17-də baş verib.
Londonda , “Kral Xaçı”nın yaxınlığında bir qrup adam Owen Jones-ə yaxınlaşaraq, onu döymüş, “baş nahiyyəsini zədələmişlər”.
NUJ xəbər verir ki, “Gones bir nəfər tərəfindən
təpikləndikdən sonra yerə yıxılıb. Digər hücum edənlər onu başından təpikləməyə başlayıblar” (https://europeanjournalists.org/blog/2019/08/19/uk-journalist-owen-jones-attacked-by-four-men/ ). Britaniya media ictimaiyyətini heyrətləndirən və hiddətləndirən məqam budur
ki, Londonun “Böyük şəhər polisi” hücumun CCTV görüntülərini əldə etsə də, bu günə qədər şübhəliləri saxlamayıb. Hansı ki, “Gones jurnalist fəaliyyəti ilə əlaqəli olaraq son
bir ildə dəfələrlə təhdid və fiziki
zorakılıq cəhdləri ilə qarşılaşmış, müdafiə üçün polisdən yardım istəmişdi”. Nəticə isə
budur ki, polis nəinki onun müdafiəsi üçün önləyici tədbirlər görməyib, həmçinin,
döyülmə baş verəndən sonra da effektiv addımlar atmayıb. Bu, Avropanın mərkəzində
media azadlığına, jurnalist təhlükəsziliyinə
yönəlik təhlükəli tendensiyadır, ciddi
narahatlıq doğurur, beynəlxalq media təşkilatlarını səfərbər edir.
Amma Avropa məkanında media insidentləri ilə bağlı qeyri-münasib
görünən məqam təkcə London polisinin Oven Gones hadisəsinə yanaşmasında deyil. Qeyri-adilik, həm də, amerikaninsesi.org, turan.az, osmanqızı.tv-nin
beynəlxalq səviyyəli media insidentlərinə münasibətləridir. Sonuncular isbat
etməyə çalışırlar ki, dünya mediasının
problemi “demokratiya beşiyi”
adlandırılan mərkəzlərin birində-Londonda
jurnalistin ölümcül halda döyülməsi,
bir həftə ərzində cinayətkarın tutulub cəzalandırılmaması deyil.
İddia edirlər ki, “dünya mediası üçün əsas təhdid Azərbaycan hakimiyyətidir, Azərbaycanın
hüquq-mühafizə orqanlarıdır”. Onlar beynəlxalq ictimaiyyəti öz iddialarına inandırmaq
üçün yeni mövzu uydurublar. Arqument olaraq özünü
jurnalist, yaratdığı “realliq.info” saytını da KİV qurumu adlandıran İkram Rəhimovun
məhkəmə işini göstərirlər. Şəbəkənin mərkəzi
fiqurları olan bu 3-lük ( amerikaninsesi.org, turan.az, osmanqızı.tv ) və
ətraflarında olanlar az qala hər gün müxtəlif dillərdə informasiya yayaraq “baş
redaktor İkram Rəhimovun haqsız yerə həbs
edildiyini, tutularkən hüquqlarının pozulduğunu, barəsində çıxarılan məhkəmə hökmünün ədalətsiz olduğunu” iddia edir,
həm yerli, həm də beynəlxalq rəyi
çaşdırır, bu yolla özlərinin qapalı saxladıqları maraqlarını təmin etməyə
çalışırlar. Onlar informasiya manipulyasiyası üzrə texnologiyaları gözəl bilirlər, maxinasiyaları kamil şəkildə
mənimsəyiblər, öz işlərini uyğun qururlar, nə yazıq ki, bəzən məqsədlərinə
çatırlar da.
Yalançı arqumentlər üzərində qurduqları
materialları ingilis, rus və başqa dillərə
çevirərək beynəlxalq hüquq-müdafiə təşkilatlarına ünvanlı şəkildə göndərir,
onların diqqətini çəkir, yekunda Azərbaycan əleyhinə bəyanatlar səsləndirilməsinə
nail olurlar.
İki gün öncə
amerikaninsesi.org xəbər yaydı ki, İkram Rəhimov ilkin məhkəmə instansiyasının qərarından
narazı olduğu üçün aclıq edir. O, işinə təkrar baxılması üçün Bakı Apellyasiya
Məhkəməsinə müraciət edib. Bundan bir
müddət öncə isə osmanqızı.tv İkram Rəhimov barədə
reportaj yaymış, onun hüquqlarının pozulduğunu bildirmişdi. Turan.az isə
xəbər yaydı ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri İ.Rəhimova
baş çəkiblər …və sair. Nə qədər
operativ, sistemli, muncuq kimi düzülmüş bir proses getdiyinin fərqindəsinizmi?
Sanki dünyanın diqqəti Londonda, Berlində, Brüsseldə deyil, Bakıda, Azərbaycan
üzərində cəmləşib kimi bir təəssürat yaradılır, digər beynəlxalq təşkilatların
da bənzər addımlar atması üçün zəmin yaradılır. Artıq Sevinc Osmanqızının yönləndirməsi
ilə Nyu Yorkda yerləşən Jurnalistləri
Müdafiə Komitəsi bəyanatla çıxış edərək “siyasi səbəblər üzündən həbs edilmiş”
İkram Rəhimov və Polad Aslanovun dərhal azadlığa buraxılmasını tələb edib! (
https://www.amerikaninsesi.org/a/i%CC%87kram-r%C9%99himov-m%C9%99hk%C9%99m%C9%99-hey%C9%99tin%C9%99-etiraz-edib/5050840.html?ltflags=mailer ).
Bəs görəsən, həmin təşkilatlara İkram Rəhimovun
kimliyi barədə düzgün, detallı bilgi verilibmi? Əminəm ki, yox.
İkram Rəhimov imzası Azərbaycan media məkanında “reket jurnalist” insidenti ilə tanınıb.
Barəsində çox yazılıb, əməlləri bəllidir. Mən də
yazmışam. Bu linklərdə daha geniş bilgi
var ( https://news.milli.az/society/698508.html?fbclid=IwAR0XdujKa4fMUaf1KoMY3Wvogndm_lo3thF32-HVfIgAF8Wlb7nlHBEDQao ) . İndiki məqsədim
İkram Rəhimovu yenidən tanıtmaq deyil. Hədəfim İkram mövzusunu süni şəkildə
qabardan, “reket jurnalist” fəaliyyətini stimullaşdıran, bunlardan faydalanıb
Azərbaycan üzərinə hücumlar təşkil edən, ölkəmizin adını rüsvayçı siyahılarda görəmək
istəyən, ölkəmizdə yeni, təhlükəli tendensiyaların əsasını qoyan şəbəkədir.
İkram
Rəhimovu bataqlığa sürükləyənlər
Onların mahiyyətini açmaq üçün İkram Rəhimovun fəaliyyət
tarixindən bəzi detallara təkrarən toxunmaq lazım gəlir. 2017-ci ilin avqust
ayında Neftçala Elektrik Şəbəkəsinin rəhbərliyi adından MŞ-yə şikayət ərizəsi daxil oldu. Şikayətdə «Reallıq.info» xəbər portallarının bu müəssisə
barədə qərəzli informasiyalar yaydığı ı bildirilirdi. Şikayət ərizəsində iddia
olunurdu ki, portal təmsilçiləri yayılan materialların dayandırılması
qarşılığında onlardan külli miqdirda vəsait
istəyirlər. Məsələnin bu tərəfi ilə işimiz yox: biz hüquq –mühafizə orqanı
deyilik, “rüşvət” məsələsini isbat etmək üçün nə mexanizmimiz, nə də səlahiyyətimiz
yoxdur. Mətbuat Şurası daxil olan şikayətlərə yazılmış yazılar və onların peşə
kodeksinə uyğunluğuna görə qiymət verir. Baxdıq, materiallar birtərəfli, qarşı
tərəfin rəyi olmadan, isbatlanmamış rəqəmlər üzərində hazırlanmış və
yayılmışdı. Bu yazıların əksəriyyəti İkramın facebook səhifəsində də
var. İstəyənlər daxil olub oxuya və onları peşəkarlıq müstəvisində dəyərləndirə
bilərlər. Yazılarda Azərbaycan Jurnalistlərinin Peşə davranışı Qaydalarının
bütün prinsipləri pozulub. Reallıq.info-ya xəbərdarlıq etdik, fəaliyyətində dönüş
yaratmalarını tövsiyyə etdik. Adam nəticə
çıxarmadı, əksinə, səhvlərini davam etdirdi, daha “intensiv” işlədi, daha kobud
səhvlər törətdi, şikayətlər çoxaldı.
Birini də Sabirabad rayonunun Nizami kəndinin
sakini göndərdi (adını yazmıram ki,
mübahisəyə cəlb olunmasın, ərizəsi MŞ-də qorunur). Şikayətçi iddia edirdi
ki, onunla həmkəndlisi arasında mülkiyyət
davası olub. Münaqişə qarşı tərəfin həbsi ilə nəticələnib. Amma bir müddət
sonra həbsə düşən şəxs barədə yeni, heyrətləndirici fakt əldə edib. Hüquq mühafizə orqanlarından xəbər alıb ki,
münaqişə və xuliqanlıq sonucunda türməyə düşən şəxs məhkəməyə müraciət edərək
işinə yenidən baxılmasını istəyib. Ərizəsinə əlavə edib ki, guya
“jurnalistdir” və guya jurnaistik fəaliyyətinə
görə şərlənib. Hətta vəkili vasitəsilə bəzi ölkələrə müraciət
edərək, “təqibə məruz qalan jurnalist” qismində siyasi sığınacaq da istəyib. Şikayətçi MŞ-yə gəldi, konfliktli tərəfin, yəni
“məhbus jurnalistin” vəsiqəsini bizə təqdim etdi. «Reallıq.info» saytının vəsiqəsi
idi, İkram Rəhimovun imzası ilə verilmişdi. Məsələ ondadır ki, vəsiqə həmin şəxsə, məhbəs
həyatı yaşadığı zaman verilib (Surəti MŞ-də saxlanılır). Deməli İkramın işinin bir tərəfi saxta vəsiqələrlə, saxta sənədlərlə
siyasi sığınacaq düzəldən və Azərbaycan adını xaricdə rüsvay edən şəbəkəyə
bağlanırdı. MŞ-nin bu mövzuda əlavə təhqiqat aparmaq mexanizmi yoxdur. Sadəcə həmən vaxt İkramı yenidən MŞ-yə dəvət etdik, iradımızı bildirdik. Adam
“yazdığım yazılara görə məndən qisas alırsınız” dedi, üzərimizə şər atdı,
böhtan danışdı. Sonda da “kimlərəsə
bağlı olduğunu” dilə gətirdi, bizi “ağır cəzalandıracağı” ilə hədələdi və öz
şəbəkəsi ilə yeni proses başlatdı. Onun bənzər əməlləri kifayət qədər çoxdur,
hamısı da sənədli, sübutlu. Ortaya çıxan nəticə isə birdir: İkramın təxəyyülündəki jurnalistika fərqlidir, nə
qanunlara, nə də peşə kodeksinə aidiyyatı yoxdur. Hədəf seçdiyi obyektlərə də,
oz prinsipləri ilə yanaşır. Mətbuat Şurası xəbərdarlıq etdi, anlamadı. RNYTN dəfələrlə
xəbərdarlıq etdi, onları da saya salmadı. Rəhbərlik etdiyi saytların fəaliyyəti qanunlara
sığmadığı üçün dəfələrlə bloklandı, nəticə çıxarmadı. Reallıq.info bloklandı, əvəzində reallıqinfo.az saytını açdı, o da bloklandı, əvəzində
reallıq.org açdı….Bu münvalla rəhbərlik etdiyi saytlar barədə 6 dəfə inzibati
ölçü götürüldü, nəticə çıxarmadı.
İnsanlar reallıq.info səhifələrində şərə, böhtana, təhqirə məruz qaldılar. Hara üz tutsunlar, dərdlərini kimə desinlər
bu insanlar? İkram Mətbuat Şurasını dinləmir, Rabitə, Nəqliyyat, Yüksək
Texnologiyalar Nazirliyini dinləmir, məhkəmə dinləmir…Onun şərindən əziyyət çəkənlər,
məcbur qalıb sonda DTX-ya müraciət etdilər. Əgər bu da nəticə verməsəydi, yəqin ki,
İkramla “ənənəvi qaydada” hesablaşacaqdılar. Yaxşı ki, ölkəmiz hüquqi dövlətdir, məsələlər hüquq müstəvisində həll edilir. Əgər İkram ilk mərhələdə, Mətbuat Şuasından xəbərdarlıq
aldığı zaman nəticə çıxarsaydı, fəaliyyətini qanuni müstəvidə qursaydı, yaxud,
ikinci mərhələdə RNYTN –in inzibati tədbirlərinin mahiyyətini başa düşsəydi, indiki duruma düşməzdi. İndi həbsdədir ( https://axar.az/news/toplum/348937.html ). Dövlət Təhlükəsizliyi Xidməti (DTX) vətəndaşların müraciətini geniş şəkildə
araşdırdı, İkram Rəhimovun rüşvət tələb
edən səs yazılarını əldə etdi, onları ictimailəşdirdi. Sonucda Rəhimov 2018-ci
ilin oktyabr ayında həbs edildi. Aparılan istintaq əməllərindən sonra Səbail Rayon
Məhkəməsi 2019-cu ilin iyun ayında onun barəsində 5 il 5 aylıq həbs cəzası tətbiq etdi. DTX-nın
açıqlamasında deyilir: “ Ötən illər ərzində ayrı-ayrı şəxslər barəsində böhtan
xarakterli və rüsvayedici məlumatlar dərc
etdirib, dayandırılması müqabilində vətəndaşlardan
külli miqdarda pul tələb edilməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda
çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olan
müraciətlər DTX tərəfindən araşdırılıb. Ölkə ərazisində “reket” nəşrlər
yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən şəxslərin
silsilə hüquqazidd fəaliyyətlərinin qarşısının alınması üçün qanunla müəyyən
olunan tədbirlər görülüb, bu əməlləri törədən İkram Rəhimov saxlanılıb”.
Nə deyək? Allah qapısını açsın. Arzu edək ki, islah
olunsun, azadlığına qovuşsun.
Amma problem odur ki, İkram Rəhimovun islah
olunmasını istəməyənlər, onu daha dərin
bataqlığa sürükləyənlər var. Jurnalistika prinsiplərindən qətiyyən xəbəri olmayan “Reallıq.info” təsisçisinin indiki halı
yuxarıda bəhs edilən şəbəkə üçün potensial gəlir mənbəyidir, yeni-yeni qrant
layihələridir, qara pullardan ibarət investisiyanı cəlb etmək üçün obyektdir. Lokal və transmilli KİV qurumlarını, beynəlxalq statuslu hüquq –müdafiə təşkilatlarını, bəzi donor
institutlarını öz tərkibində birləşdirən bu şəbəkələr öz qaranlıq, çirkin niyyətlərini gerçəkləşdirmək
üçün nəinki İkram kimilərini axtarırlar, tapırlar, onları öz torlarına salıb
istismar edirlər, hətta zərurət yarananda
İkram düşüncəli qurbanları süni şəkildə yetişdirirlər, onları real varlıqlar
kimi qələmə verməyi bacarırlar. Çünki bu, təkcə maliyyə məsələsi, qanunsuz gəlir
məsələsi deyil, həm də bir tapşırıqdır.
Ölkəmiz üzərində geosiyasi, geoiqtisadi maraqları olan güc mərkəzlərinə, həmçinin,
ermənipərəst dairələrə bağlı olan bu şəbəkələr
uzun müddətdir ki, fəaliyyətdədirlər. Onlar yeri gələndə “İkram kimilərin
timsalında insan haqları pozuntuları üzrə”
hesabatlar tərtib edir, belə qondarma
hesabatları ölkəmizin beynəlxalq imicinin ləkələnməsi üçün istifadə edir, hansısa
siyasi-iqtisadi maraqlarının təmin edilməsi üçün Azərbaycana qarşı təzyiq vasitəsi
kimi istifadə edirlər. Bəzən də ölkədə ictimai etimad mühitinin zəiflədilməsi, sabitliyin pozulması üçün istifadə edirlər. Uzun
illərin təcrübəsi imkan verib ki, bütün bu mexanizmlər milli institutlar tərəfindən
araşdırılsın, ifşa edilsin və qabaqlayıcı addımlar atılsın. Amma indi, fərqli,
yeni nüanslar ortaya çıxır.
Yeni nüanslar
İkram Rəhimovun fəaliyyətindəki neqativlər barədə peşəkar müstəvidə qiyməti 2017-ci ildə Mətbuat
Şurası verib. Onun təsis etdiyi saytın fəaliyyətinə inzibati məhdudiyyəti
2017-2018-ci illərdə Rabitə, Nəqliyyat, Yüksək Texnologiyalar Nazirliyini tətbiq
edib. İkramın saxlanılmasını 2018-ci lin oktyabr ayında Dövlət Təhlükəsizliyi
Xidməti təşkil edib. Barəsində 5 il yarımlıq məhkumluq hökmünü isə, 2019-cu ildə Səbail Rayon Məhkəməsi
verib. Bunlardan hər biri tamamilə fərqli, tam müstəqil qurumlardırlar. Heç biri hüquqi-subardinasiya
baxımından digərinə bağlı, asılı deyil. Onları bu məsələdə birləşdirən yeganə xətt
vətəndaşların müraciətləridir. Amma
İkram Rəhimov açıqlamalarında bildirir
ki, Azərbaycan pezidentinin köməkçisi
Əli Həsənovun göstərişi ilə həbs olunub.
Burada bir məntiq varmı? Xeyr, heç bir məntiq yoxdur. Çünki, yuxarıda qeyd
etdiyimiz kimi, bu qurumların bir qismi
tamamilə müstəqildirlər, bir qismi də yalnız ölkə Prezidentinə tabedirlər. Onda İkram Rəhimov niyə belə düşünür, niyə həm
özünü, həm də ictimai rəyi çaşdırır? Mürəkkəb göründüyü qədər də, sadə sualdır.
Bu, İkramın düşüncəsi deyil, onu belə “düşünməyə”, belə “danışmağa” yönləndirirlər.
Amma başqa bir sual öz aktullığını qoruyur: kimdir İkramı yönləndirənlər? Nədir onların marağı?
Müşfiq
Ələsgərli