“Transparency İnternational” ın hesabatı OCCRP –dən köçürülüb

Hər iki təşkilatın maliyyəçisi və himayədarı olan Corc Soros, görən bu gün nəyin peşindədir?

“Transparency İnternational” (Tİ) təşkilatının yanvarın 29-da dərc etdiyi 2018-ci il üzrə  Korrupsiya İndeksini incələdikcə, maraqlı nüanslar ortaya çıxır. Diqqət çəkən məqamlardan biri budur ki, Azərbaycanı  korrupsiya səviyyəsinə görə dünyanın 180 ölkəsi arasında 152-ci yerə layiq görən Tİ-nin özünün maliyyə mənbələri kifayət qədər ziddiyyət, qeyri-şfaflıq var. Baxmayaraq ki, Tİ öznün veb səhifəsində “20 milyon dollarlıq büdcəsinin gəlir mənbələri” barədə bilgi yerləşdirib. Amma diqqət yetirəndə  görünür ki,  büdcədə göstərilən rəqəmlərlə Tİ mühasibatlığının şərhi arasında uyğunsuzluqlar var.  Məsələn, şərh bölməsində qeyd edilir ki, Tİ-nin illik büdcəsinin 24 faizi ABŞ-dan formalaşır. Amma rəqəmlərin təsnifatından bəlli olur ki, qeyd edilən məbləğ  ABŞ-dan yalnız  Tİ-nin institutsional xərcləri üçün ayrılan (United States 763,074 24 $) vəsaitdir. Tİ-nin layihələrinin maliyyələşməsinə çəkilən xərclər  müxtəlif fondların arasında paylaşdırılmaqla, müxtəlif qrafalarda yerləşdirilməklə  iz itirilib.Deyək ki, ABŞ Dövlət Departamentinin (U.S. Department of State)  Tİ-yə birbaşa  ayırdığı yardımla ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD)  ayırdığı vəsait fərqli qrafalarda təqdim edilir. Ən qəribəsi isə  Foundation Open Society Institute (Soros Fondu-  469,992$) ilə   Open Society Institute Development Foundation  (213,225 $), Friends of Transparency International (Nyu-York- 241,502 $) ayrı qrafalarda, ayrı-ayrı mənbələr kimi  göstərilirlər. Hansı ki, bu fondların hər birinin eyni mənbə olduğunu, Corc Sorosa bağlandığını  hər kəs bilir. Bu adlar və rəqəmlər ona görə fərqli adlar altında  təqdim edilir ki, diqqətçəkici görünməsinlər. Çünki bu ayrı-ayrı forndlar və ayrı –ayrı rəqəmlər birləşdiriləndə çox yüksək göstərici ortaya çıxır, “Transparency İnternational”ıın hansı maliyyə mənbəyinin təsiri altında olduğu və kimin sifarişini yerinə yetirdiyini üzə çıxarır.

Amma “Transparency İnternational”ı   Corc Sorosla birləşdirən bağ təkcə Tİ-yə birbaşa ayırdığı vəsaitlə bitmir.  Tİ 2018-ci il üzrə  Korrupsiya İndeksini  hazırlayarkən, “bəzi rəqəmlərdə”  “Corrupsiya və Mütəşəkil Cinayətlər Hesabatı Layihəsi”-nə (OCCRP)  də istinad etdiyini göstərir. Amma “bəzi məqamlarda istinad” deyimi  də yalnız iz azdırmaq üçündür. Tİ-nin  hesabatı  simvolik dəyişikliklərlə, demək olar ki, OCCRP-dən köçürmədir.  Tİ hesabatın bir bəndində açıq tekstlə qeyd edir ki, 2018-ci il indeksində Azərbaycanın birdən-birə 32 pillə geri atılması “Azərbaycan landromatı” hesabatına görə olub. Təşkilat, sanki üzürxahlıq edir, çıxılmaz durumda olduğunu büruzə verir. Hesabatda yazır ki, “son beş ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizə səviyyəsində müsbət dinamika müşahidə olunub. Amma ötən il  “Azərbaycan landromatı”-nın üzə çıxması hesabatda Azərbaycanın 32 pillə geriləməsinə səbəb olub”.  Məlumat üçün qeyd edək ki, “Azərbaycan landromatı” hesabatı   “Corrupsiya və Mütəşəkil Cinayətlər Hesabatı Layihəsi” (OCCRP) çərçivəsində hazrlanıb. Bu halda  OCCRP –in kimliyi sualı ortaya çıxır. Amma onun izini tapmaq üçün də səbrli davranmaq lazım gəlir, çünki, burada da iz azdırmaq üçün “yüngülvari manevrlər” edilib ki, sadə oxucu sona vara bilməsin.  OCCRP    Beynlxalq Araşdırmaçı Jurnalistlər Şəbəkəsinin  (Global İnvestigative Journalism Network-GİJN) hesabatı kimi təqdim edilir. Deməli, OCCRP-in kimliyini tapmaq üçün  GİJN-ni araşdırmaq lazım gəlir. GİJN-nin  saytında verilən bilgidən bəlli olur  ki, proqramın rəsmi qurucusu və maliyyəçisi Açıq Cəmiyyət Fondudur (Open Society Foundations-Soros Fondu). İkinci maliyyəçi isə, USAİD-dir.  Beləcə, “Transparency İnternational” (Tİ) təşkilatının 2018-ci il üzrə  Korrupsiya İndeksində Azərbaycan üçün ayarladığı yerin sifarişinin kimdən gəldiyi dəqiq şəkildə üzə çıxır: Corc Soros.

Məlumat üçün deyək ki, 2018-ci il üzrə Korrupsiya İndeksinin hazırlanması,   bunun fonunda Azərbaycana qarşı aparılan savaş “Transparency İnternational”-ın OCCRP ilə ilk müştərək işi deyil. 2 təşkilatın Azərbaycanla bağlı sərt təpkiləri 2016-cı ildə – TANAP və TAP layihələri,  “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması zamanı ortaya çıxmışdı. Bəllidir ki, Azərbaycanın  həmən layihələrin icrasına başlaması çoxlarını narahat etmişdi. Narahat olanlar sırasında “Corc Soros imperiyası” və onunla əməkdaşlıq edənlər də vardı. Həmən dövrdə bu şəbəkə Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasının qarşısını almaq üçün ölkəmizi beynəlxalq kredit təşkilatları ilə üz-üzə qoydular, Azərbaycanın kredit almasını əngəlləmək üçün min bir oyun qurdular. İş o qədər gərginləşdi ki, Azərbaycan  Mədən Sənayesində Şəffaflıq Təşkilatında üzvlükdən  (MSŞT) imtina etdi.  “Transparency İnternational”-ın OCCRP-lə ideyası bu idi ki, Azərbaycanla MSŞT arasında münasibət gərginləşsə, şərtə görə beynəlxalq kredit təşkilatları Azərbaycana kredit verməkdən imtina edəcəkdilər və bununla da Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması imkansız olacaq. Azərbaycan bu təzyiqə ləyaqətlə dözdü, cavab verdi və öz layihəsini gerçəkləşdirdi. Məntiqə əsaslansaq, belə sual yaranır: Corc Soros bu gün nəyin peşindədir? Yəqin ki, tezliklə bu da aydınlaşacaq.

Müşfiq Ələsgərli

“Radikal” müxalifəti aktivləşdirən səbəblər

Hiss olunur ki, rəsmi Bakı yenə də kiminsə “quyruğunu tapdalayıb”

Dünən, yanvarın 26-da “radikal” müxalifət düşərgəsinə məxsus  50-60 nəfərə yaxın  şəxs küçə yürüşü keçirməyə cəhd edib.Yasamal rayonu, Mirəli Seyidov küçəsinə təyin edilən aksiya “Sərbəst toplaşmaq azadlığı haqqında” AR Qanununun tələblərini pozmaqla, hüquqi prosedurları gözləməd keçirilib. Təbii ki, aksiyanın qarşısı hüquq mühafizə orqanları tərəfindən alınıb.

Bu, bəlli düşərgənin son bir həftə ərzində realaşdırdığı sayca üçüncü aksiyadır. Bir həftə öncə, yanvarın 19-da “birgə aksiya” keçirmişdilər.  Dərhal da 26 yanvar tarixinə  yeni aksiya təyin etmişdilər. Amma 26 yanvarı gözləməyə də səbrləri çatmadı: 20 Yanvar mərasimində də insident törətdilər; “20 Yanvar Şəhidlərini” ziyarət etmək adıyla  gəldilər, qarışıqlıq saldılar,  brifinqlər keçirməklə özlərini göstərmək istədilər.

Bir həftə ərzində 3 dəfə aksiya keçirmək cəhdi “radikal” düşərgədə gözlənilməz aktivlik, tələskənlik olduğunu göstərir. Səbəb isə aydın  deyil.  Özlərinin təqdim etdikləri səbəblər qondarmadır. İlk aksiyanı “Mehman Hüseynova azadlıq” şüarı ilə keirmişdilər, o məsələ də həllini tapıb. Amma sakitləşmirlər, aşkar büruzə verirlər ki, məqsədləri nə Mehman Hüseynov, nə də şüarlarında əks edilən başqa mövzular deyil.

“Radikal” düşərgənin  25 illik “müxalifətçilik təcrübəsi” göstərib ki, boşuna ayaqlanmazlar: ya ölkədə təbii, prosedura uyğun siyasi aktivlik olmalı, seçki, referendum və sair keçirilməlidir, ya da  xaricdəki himayədarlarından xüsusi  sifariş gəlməlidir ki,  bunlar aktivləşsinlər, küçələrə çıxıb “mən də varam” şousu göstərsinlər. İndiki aktivlikləri  də “nəyinsə simptomudur” təəssüratını yaradır. Amma nəyin? Ölkədə sabitlikdir, seşki, diqqət çəkən siyasi proses, əhalini əndişələndirəcək  hadisə yoxdur. Beləcə, istər-istəməz maraq güclənir: nə baş verir ki, “radikal” düşərgə aktivləşir?

Daxili faktor

Təhlillərə əsaslansaq,  “radikal”  düşərgəni zaman-zaman aktivləşdirən ənənəvi səbəblər zahirən  görünməsələr də, onları qınından çıxmağa məcbur edən məqamlar var. “Radikal” düşərgənin son “aktivliyinin” səbəblərindən biri  kimi ölkədə başladılan struktur və kadr islahatları görünür. Prezident İlham Əliyev sistem xarakterli islahatlarının miqyasını genişləndirdikcə, Azərbaycan idarəetmə fəlsəfəsini dəyişdikcə özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və mütəşəkkil şəkildə müqavimət göstərməyə çalışırlar. Çünki, hakimiyyət idarəçiliyində, kadr təyinatında, ümumiyyətlə, cəmiyyətin bütün sferalarında   yeni, son  nəsil texnologiyaların tətbiqinin başlanılması  “ənənəvi müxalifətin” ömrünü heç bir inzibati təsir olmadan,  təkamül yolu ilə bitirmiş olur.  Müşahidələr göstərir ki, “radikallar”  nəinki yeni nəsil texnologiyalarla,  idarəçiliklə, kadrlarla daha da möhkəmlənəcək hakimiyyətə  qarşı adekvat gücdə  deyillər, hətta mövcud durumdan da 2 addım geridədirlər. Dünya dəyişir, dəyərlər dəyişir, texnologiya və sistem dəyişir, bunlar isə olduqları yerdədirlər-1992-1993-cü il səviyyəsində. O düşüncə ilə davranışın sonu isə, mütləq məğlubiyyətdir.

Ehtimal etmək olar ki, mövcud islahatlar dalğasında “radikalları” aktivləşməyə sövq edən başqa səbəb də var. Onlar struktur və kadr islahatları nəticəsində çoxsaylı “işsizlər ordusu”nun yaranacağını düşünüb, bu təbəqəni özlərinin potensil sosial bazaları kimi görür, fürsətdən faydalanıb həmən şəxsləri öz tərəflərinə çəkmək istəyirlər. Düzdür, Birinci vitse- prezident Mehriban Əliyevanın “islahatlar insanları işsiz qoymamalıdır”  tapşırığı “radikalların” bu ümidlərini qırmış olur, amma kökləndikləri ovqatdan ayrılmaları bir qədər zaman alacaq.

Xarici faktor

Təcrübə göstərir ki, “radikal” düşərgə üçün ölkədaxili amillər, adətən, önəmsiz olub; aktivlik daxildən deyil, xaricdən gələn impulsla yaradılıb. İndiki durumda bu simptom özünü daha qabarıq göstərir. “Radikalların” son davranışları Avropa Parlamentində keçirilən qərəzli müzakirələr, “Vaşinqton post”un onlara dəstəyi ilə sinxron baş verir. Nəticə çıxır ki, düşərgənin aktivləşməsi, xarici havadarlarına dəm tutması üçün sifariş gəlib. Ənənə var axı: illərdir  bu düşərgə xarici anti-Azərbaycan mərkəzlər üçün “dayandoldurum” tüfəng rolunu oynayıb. Azərbaycan milli maraqlara uyğun regional və qlobal layihələrə imza atanda, “beynəlxalq güclərin” cavabından asılı olmayaraq bu layihələrin icrasında  prinsipiallıq göstərəndə, ölkəmizə xoş imic gətirəcək hər hansı bir proqramlar gerçəkləşdirəndə, dərhal  bütöv bir mexanizm işə düşür,   qazanılacaq nailiyyətləri heçə endirmək üçün kampaniyalar başladılır. Bu, ehtimal deyil: Avroviziya mahnı müsabiqəsi, 1-ci Bakı Avropa Oyunları, İslam Həmrəylyi Oyunları, Bakı-Tbilisi –Qars dəmiryolu layihəsi, TAP-TANAP layihələrinin müzairəsi,  2016-cı ilin aprel döyüşləri və sair zamanlarda çox aşkar şəkildə təsdiqini tapmış reallıqlardır. Proseslər Qərbdən, Şimaldan, okeanın o tayından  başladılır, notarius missiyalı bir-iki “beynəlxalq insan hüquq müdafiəsi təşkilatı” bəyanat yayır, ölkə içindəki “radikal” düşərgə tərəfindən sinxron reaksiya alır, beləiklə, qlobal kampaniya yaradılır. Kampaniya üçün səbəb tapmaq, yaxud, qondarma bir səbəbi uydurmaq önəmli deyiul. Səbəb “Bakı küçələrində tapılmış ölü it cəmdəyi” də ola bilər, Mühman Hüseynovun “aclıq aksiyası” da.

İndi hiss olunur ki, rəsmi Bakı yenə də “böyüklərdən” kiminsə quyruğunu tapdalayıb. Yoxsa, hansı qüvvə “Washington Post”,  Avropa Parlamenti və ölkə içindəki “radikalar” arasında  sinxron hərəkət yarada bilər?  Ehtimallar iki mühüm məqam üzərində cəmləşir.

Erməni lobbisi

Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar  yeni müstəviyə daxil olur. Paşinyanın qısa müddət ərzində   Azərbaycan Prezidenti ilə 3  intensiv  görüş keçirməsi, son olaraq Davos formu çərçivəsində 22 yanvarda  saat yarım çəkən görüş, bundan bir həftə öncə Parisdə Azərbaycan-Ermənistan XİN rəhbərlərinin 4 saatlıq görüşü və görüşün yekununda “xalqları sülhə hazırlamağın zəruriliyi” barədə verilən açıqlamalar münaqişənin tənzimlənməsi üzrə xüsusi aktivlik olduğunu göstərir. Bu arada Rusiya və ABŞ siyasətçilərindən bir-birini tamamlayan açıqlamalar gəlir. Rusiyalı politoloq Stanislav Tarasovun, Kremlə yaxınlığı ilə seçilən Modest Kolerovun “Ermənistanın iyunda bir neçə rayonu Azərbaycana qaytaracağı” barədə açıqlama verməsi, yaxud, “mart ayında Azərbaycanla-Ermənistan arasında razılaşma imzalana bilər” kimi ismarıclar verməsi də ortada ciddi durumun olduğundan xəbər verir. Tramp administrasiyasının təmsilçiləri də bir az fərqli formada,  iki ölkə arasında “anlaşma imzalanacağına” eyham vurublar.

Əsas olan budur ki, Paşinyanın romantik eyforiyası keçdikcə, Ermənistanın iqtisadi –siyasi fəlakət həddinə çatmasının real səbəbləri barədə təsəvvürləri durulduqca, durum dəyişir. Təcavüzkar ölkə təmsilçiləri anlayırlar ki, Dağlıq Qarabağ problemi özünün ədalətli həllini tapmayınca, Azərbaycanla münasibətlər normallaşdırılmayınca, nəticədə blokada vəziyyətindən çıxmayınca, iqtisadi fəlakətləri davam edəcək. Ənənəvi siyasətləri dəyişməlidir, bunu anlayırlar. Amma zəruri olan danışıqları özləri üçün əlverişli müstəvidə aparmaq istəyirlər. Qarabağ danışıqlarının intensiv mərhələyə daxil olduğu  ərəfədə  güclü mövqedən çıxış edən Azərbaycanın mövqelərini zəiflətmək, ölkə daxilində qarşıdurma yaratmaq üçün erməni lobbisi səfərbər olunub. Onların öz məqsədlərini reallaşdırmaları üçün əllərində ənənəvi üsullar var. Erməni lobbisinin  kritik məqamlarda “beynəlxalq donor institutları” adı altında  Azərbaycan “müxalifətinin radikal qanadına” maliyyə yardımı göndərməsi barədə fikirlər yeni deyil. Bunlar artıq fikir, ehtimal da  deyillər, marşrutu aşkarlanmış,   dəqiqləşdirilmiş xətdirlər. Onlar “xarici donor institutları” adı altında erməni lobbisindən  maliyyə alırlar  və əlbəttə ki,  maliyyəyə uyğun olaraq ölkədə qarışıqlıq yaratmaq   tapşırıqları da  alırlar, onu canla-başla icra da  edirlər.

“Böyük güclər”  

Amma siyasətçilər iddia edirlər ki, “ölkə içi və ölkə dışı qüvvələrin” sinxron aktivləşməsinin kökündə daha böyük, qlobal hadisələr dayanır. Onlar bu hadisələri ABŞ-Çin, Rusiya, Türkiyə və İran qarşıdurması fonunda şərh edirlər. ABŞ-ın Böyük Orta Şərq layihəsinin tamamlanması üçün Qafqaza, xüsusi olaraq Azərbaycana ehtiyacı yaranıb. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb layihələrinin kəsişdiyi ölkədir və ABŞ-ın bölgədəki planlarının tamamlanması üçün ciddi rol ala bilər. Azərbaycandan istənilən rol ifasının təqribi çərçivəsi də cızılmaqdadır: ölkə ərazisindən Rusiya və İrana qarşı
plastarm kimi istifadə edilməsinə icazə vermək, Azərbaycanın qoşulduğu meqalayihələrdə, xüsusən bir ucu Çinə bağlanan layihələri ABŞ-la razılaşdırmaq və sair. Hətta ortada Türkiyənin maraqlarına toxuna biləcək məqamlar da var.

Amma Azərbaycanın  transmilli nəqliyyat marşrutlarını, digər meqalayihələri  ABŞ-ın və ya başqa bir ölkənin planları çərçivəsində deyil, milli maraqlar kontekstində qurmağa çalışması ölkəmizi hədəfə gətirir. Azərbaycanı qarışdırmaq, bununla hazırkı hakimiyyətə təzyiq göstərmək və müəyyən güzəştlər qoparmaq istəyirlər.  Bu məqsədlə müxtəlif variantlardan, o cümlədən, ölkəiçi “radikal müxalifət” qanadından, ekstremist-dini qruplardan və sair istifadə olunur. İndiki durumda “Washington Post”,  Avropa Parlamenti və ölkə içindəki “radikal müxalifət” arasında qondarma səbəblərə əsaslanan  sinxron hərəkət yaranması belə xarici faktorlarla əlaqələndirilir. Məsələ o ki, Cənubi Qafqaz və xüsusən Azərbaycan üzərində marağı toqquşan “güc mərkəzi” təkcə ABŞ deyil…

Müşfiq Ələsgərli

İnternet məkanda sui-istifadənin insan haqlarına təhlükəli olduğunu AŞPA indi gördü…

“Bu məsələ barədə qətnamə qəbul edilsə də, ancaq internet üzərindən sui-istifadə probleminin həlli modeli hazırlanıb təqdim edilməyib”

Müşfiq Ələsgərli: “Avropa Şurası Parlament Assambleyası və digər qurumlar bu halların aradan qaldırılmasını həqiqətən istəyirlərsə…”

Bu gün dünyada mövcud olan problemlərdən biri internet, sosial şəbəkələr üzərindən söz azadlığından sui-istifadə hallarının geniş yayılmasıdır. Söz azadlığını əlində bayraq tutan insanlar çox zaman burada müxtəlif neqativ fəaliyyətlərlə, çağırışlarla məşğul olurlar. Dünya dövlətlərini ciddi narahat edən söz azadlığından sui-istifadəyə yol verilməsi halları beynəlxalq qurumların da diqqətini çəkib.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) internet idarəçiliyi və insan hüquqlarına dair qətnamə qəbul edib. Məlumata görə, qətnamədə internetdə insan hüquqlarının qorunmasının təmin edilməsinin çox vacib olduğu bildirilir.

Qətnamədə tövsiyə edilir ki, internet və onun idarə edilməsi məsələsi dövlət siyasətinin əsasında duran məsələlərdən olmalıdır. Üzv ölkələr sosial şəbəkənin neytrallığını qorumağa, informatika cinayətinə qarşı qlobal mübarizə siyasətinə malik olmağa, söz azadlığından sui-istifadə edilməsi hallarının qarşısını almağa dəvət olunurlar.

Qeyd edək ki, bundan əvvəl AŞPA ictimai media xidmətlərinə dair qətnamə qəbul edib.

Media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələ ilə bağlı sözügedən beynəlxalq qurumun belə bir qətnamə qəbul etməsi yaxşı haldır. O hesab edir ki, həmin qurumun problemi qabartması və bununla bağlı xüsusi sənəd qəbul etməsinin əhəmiyyəti var, lakin qurum problemin həlli modelini də hazırlayıb təqdim etsə, bunun daha böyük önəmi olar. “Əslində, deyilənlərdə bir həqiqət var. Hazırda dünyanın informasiya ilə əlaqədar trend mövzularından biri internetdə söz azadlığından sui-istifadə edilməsi halları ilə bağlıdır. Digəriləri isə internetdən istifadə edərək nifrət dolu çıxışların, yalan məlumatların yayılmasıdır. Dünyada mövcud olan bütün tanınan beynəlxalq qurumlar bu problem üzərində çalışırlar və onların həlli yollarını arayırlar. Doğrudan da ciddi bir problemdir. Orta hesabla internet üzrərindən yayılan məlumatların təxminən 60 faizindən çoxu yalan informasiyalardır. İkinci yeri isə separatizmə, nifrətə, milli-dini, irqi ayrıseçkiliyə çağırış, şəxsi həyata müdaxilə, təhqir-böhtan və s. tutur. Söhbət bundan gedir ki, həm söz azadlığından sui-istifadə edilməsi, həm də sonuncu problemdən qurtuluş yolu dəfələrlə müzakirə edilib, fikirlər səsləndirilib. Bu məsələ barədə qətnamə qəbul edilsə də, ancaq internet üzərindən sui-istifadə probleminin həlli modeli hazırlanıb təqdim edilməyib”.

M.Ələsgərli qeyd etdi ki, bütün dövlətlərin tətbiq etməli olduğu vahid standartın olmaması məcbur edir ki, hər dövlət bu problemin aradan qaldırılması üçün öz mövcud qanunvericiliyindən çıxış edərək tədbirlər görsün. Bu da bəzən “söz azadlığı”nı qoruyan qurumlar tərəfindən “söz azadlığının boğulması” kimi qiymətləndirilir. Avropa Şurası, eləcə də digər qurumlar bəzi dövlətlərdə söz azadlığının boğulması ilə bağlı qərəzli fikirlər yürütməkdənsə, səylərini real problemlərin praktik həllinə yönəltməlidirlər. O qeyd etdi ki, internet üzərindən söz azadlığından istifadə edərək başqalarının hüquqlarını pozan insanlara, əslində, həmin beynəlxalq qurumlar “ilham” verib. “İnsanlar elə bilir ki, internet azad bir məkandır və burada nə istəsələr edə, ürəkləri istəyənləri yaza, informasiyalar yaya bilərlər. Dövlətlər bu kimi hallara qarşı mübarizə apardıqda Avropa Şurası, Avropa Parlamenti və digər qurumlar hay-həşir salırlar ki, filan ölkədə söz azadlığı boğulur. Ancaq məsələnin mahiyyətinə varmırlar ki, o dövlətlər bu hala qarşı nə üçün mübarizə aparırlar? Bu adamlar sosial şəbəkələrdən, internetdən istifadə edərək separatizmə çağırışdan tutmuş, insanların şərəf və ləyaqətini təhqir etməyə qədər neqativ işlər görürlər. Avropa Şurası Parlament Assambleyası və digər qurumlar bu halların aradan qaldırılmasını həqiqətən istəyirlərsə, onda onun iki variantı var. Birincisi, ölkələr bu kimi hallara qarşı mübarizə apardıqda onun mahiyyətini dərindən öyrənsinlər ki, bu tədbirlər niyə görülür? İkincisi isə bu qurum özü konkret modellər təqdim etməlidir ki, bu modelləri dövlətlər tətbiq etsin və bunla da söz azadlığından sui-istifadənin qarşısının alınmasına nail olunsun” – deyə M.Ələsgərli bildirdi.

İslahat mərhələsi müxalif düşərgəyə çatıb

19 yanvar mitinqinin nəticələri isə göstərir ki, onların nəinki  dəyişmək fikirləri yoxdur, heç köhnə standartları da lazımınca tətbiq edə bilmirlər

“Müxalifət mövsümü”nün təqvimi  dəyişib   

Müxalifətin “radikal” qanadında  “aktivlik” var. 19 yanvar tarixində “birgə aksiya” keçirdilər. Dərhal da 26 yanvar tarixinə  yeni aksiya təyin etdilər. Hələ arada 20 Yanvar mərasimində də insident yaratdılar, qarışıqlıq salmaq, brifinqlər keçirməklə özlərini göstərmək istədilər. İstəklərini  reallaşdıra bildilərmi? Bu, başqa mövzudur. Indilik maraq çəkən məqam düşərgə təmsilçilərini  aktivləşdirən səbəbidir. “Radikal” düşərgənin  25 illik “müxalifətçilik təcrübəsi” göstərib ki, boşuna ayaqlanmazlar: ya ölkədə təbii, prosedura uyğun siyasi aktivlik olmalı, seçki, referendum və sair keçirilməlidir, ya da  xaricdəki himayədarlarından xüsusi  sifariş gəlməlidir ki,  bunlar aktivləşsinlər, küçələrə çıxıb “mən də varam” şousu göstərsinlər. İndiki aktivlikləri  də “nəyinsə simptomudur” təəssüratını yaradır. Amma nəyin? Ölkədə sabitlikdir, diqqət çəkən siyasi proses, əhalini əndişələndirəcək  hadisə yoxdur. Beləcə, istər-istəməz maraq güclənir: nə baş verir ki, yanlışlarına görə tədricən param-parça olmuş, strukturları dağılmış, unudulub yaddaşlardan silinmək üzrə olan  qrupu stimullaşdırır, arxivin küncündən  götürüb tozunu silir, yenidən vitrinə qayur?

Təhlillər əsaslansaq,  “radikal”  düşərgəni zaman-zaman aktivləşdirən ənənəvi səbəblər zahirən  görünməsələr də, onları qınından çıxmağa məcbur edən məqamlar var.

“Radikal” düşərgəni aktivləşdirən səbəblər  

Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar  yeni müstəviyə daxil olur. Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi, köhnə komanda üzvlərinin cinayətkar əməlləri ifşa  edildi. Yeni hakimiyyətin, Paşinyan komandasının  isə seçki ərəfəsində xalqa verdiyi vədləri sürətlə “unutması”, faktiki olaraq mat vəziyyətinə düşməsi, Ermənistanda çıxılmaz durum yaradıb. Paşinyanın romantik eyforiyası keçdikcə, Ermənistanın iqtisadi –siyasi fəlakət həddinə çatmasının real səbəbləri barədə təsəvvürləri durulduqca, durum dəyişir. Təcavüzkar ölkə təmsilçiləri anlayırlar ki, Dağlıq Qarabağ problemi özünün ədalətli həllini tapmayınca, Azərbaycanla münasibətlər normallaşdırılmayınca, nəticədə blokada vəziyyətindən çıxmayınca, iqtisadi fəlakətləri davam edəcək. Ənənəvi siyasətləri dəyişməlidir, bunu anlayırlar. Amma geriyə adım atmaq imkanları məhduddur. Paşinyanın qısa müddət ərzində Azərbaycan Prezidenti ilə keçirdiyi 3  intensiv  görüş, həmin görüşlər ərəfəsində düşdüyü vəziyyət deyilənlərə sübutdur.   Vurnuxurlar, çıxış yolu axtarırlar, tapmayanda  ənənəvi taktikalarını işə salırlar. Danışıqların intensiv mərhələyə daxil olduğu  ərəfədə  güclü mövqedən çıxış edən Azərbaycanın mövqelərini zəiflətmək, ölkə daxilində qarşıdurma yaratmaq üçün erməni lobbisinin əlində ənənəvi üsullar var. Erməni lobbisinin  kritik məqamlarda “beynəlxalq donor institutları” adı altında  Azərbaycan “müxalifətinin radikal qanadına” maliyyə yardımı göndərməsi barədə fikirlər yeni deyil. Bunlar artıq fikir, ehtimal da  deyillər, marşrutu aşkarlanmış,   dəqiqləşdirilmiş xətdirlər. Onlar “xarici donor institutları” adı altında erməni lobbisindən  maliyyə alırlar  və əlbəttə ki,  maliyyəyə uyğun olaraq ölkədə qarışıqlıq yaratmaq   tapşırıqları da  alırlar, onu canla-başla icra da  edirlər.

“Radikal” düşərgənin son “aktivliyinin” ikinci sbəbi kimi ölkədə başladılan struktur və kadr islahatları görünür. Prezident İlham Əliyev rüşvət və korrupsiya ilə mübarizəni gücləndirdikcə, sistem xarakterli islahatlarının miqyasını genişləndirdikcə, Azərbaycan idarəetmə fəlsəfəsini dəyişdikcə özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və mütəşəkkil şəkildə müqavimət göstərməyə çalışırlar. Çünki, hakimiyyət idarəçiliyində, kadr təyinatında, ümumiyyətlə, cəmiyyətin bütün sferalarında   yeni, son  nəsil texnologiyaların tətbiqinin başlanılması  “ənənəvi müxalifətin” ömrünü heç bir inzibati təsir olmadan,  təkamül yolu ilə tamamlamış olur.  Müşahidələr göstərir ki, “radikallar”  nəinki yeni nəsil texnologiyalara,  idarəçiliyə, kadrlara qarşı adekvat deyillər, hətta mövcud durumdan da 2 addım geridədirlər. Dünya dəyişir, dəyərlər dəyişir, texnologiya və sistem dəyişir, bunlar isə olduqları yerdədirlər-1992-1993-cü il səviyyəsində .  Bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki hələ də 1990-cı illərin qaraguruhçuluq ab-havası ilə yaşayırlar.

Müxalif düşəgədə islahat zərurəti

Yanvarın 19-da “radikal”  müxalifət partiyalarının və onların ətrafında olan təşkilatlarin keçirdiyi mitinq bir daha onların zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini nümayiş etdirdi. Formatına görə bu aksiya “birləşmiş müxalifətin mitinqi” idi. O baxımdan ki,  mitinq yalnız yerli çağırışlarla başa gəlməmişdi. Xaricdəki anti-Azərbaycan dairələr tərərfindən idarə olunan “ünsürlər” də ona dəstək vermişdilər. Bu baxımdan həmən aksiya Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələr ilə birlikdə təşkil etdikləri  ortaq tədbir idi. Amma nəticə nə ldu? Bu qədər gurultulu təqdimata baxmayaraq, cəmi 2800 nəfər adam yığa bildilər ətraflarında.  Dəstəklənmədilər.  Çünki, müxalifət başçılarının və funksionerlərinin çıxışları göstərdi ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. 19 yanvar mitinqindən sonra, ayın 20-də  “Şəhidlər Xiyabanı”nda radikal müxalifət və onun  başçılarının simasızlığı, başıpozuqluğu bir daha aydın şəkildə özünü büruzə verdi. Onlar 19 yanvar mitinqinin rüsvayçılığını yalançı təbliğat və yersiz insidentlərlə kompenssiya etmək istədilər. Müxalifətin birləşmiş qüvvələrinin “Məhsul mitinqi” internet resurslarında az qala şəksiz qələbə kimi təqdim olunur. Halbuki, mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı.  AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət postunu zəbt etmiş şəxlərin çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, onlar hələ də revanşizm ab-havasındadırlar, dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər. Onlar dəyişmirlər, əksinə, köhnə taktikalarla uğur qazanmaq üçün özlərini daha radikal, daha kəskin göstərməyə çalışırlar. 20 Yanvar mərasimində törətdikləri rüsvayçılıq göstərdi ki, “radikal”  müxalifət başçıları öz iddialarını reallaşdırmaq üçün nəinki Azərbaycanlı mentalitetində yer tutan müqəddəs dəyərləri tapdalamağa hazırdırlar, həmçinin, yeri gəlsə,  Azərbaycanın Suriya, Liviya və digər hazırda vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə düşməsinə hazırdırlar.

Bu baxımdan Əli Kərimli kimi  milli maraqları tapdaq altına atan şəxslərin siyasətçi obrazına girib, meydana çıxıb özlərini müxalifətin lideri adlandırması bütövlükdə cəmiyyətimiz üçün qəbuledilməz,  digər müxalif partiyaların rəhbərləri üçün isə aşağılayıcı faktordur. Cəmiyyət – ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, gənc nəsil bu reallıqları bilməli, unutmamalı və dağıdıcı qrupların iddialarına lazımi reaksiya verməlidir.

19-20 yanvar aksiyaları müxalifət üçün uğur gətirmdi, əksinə, onun ənənəvi problemlərini ortaya çıxardı, öz aralarında qarşıdurma yaradan faktorları aktivləşdirdi. Baxıb görək, Əli Kərimlinin mitinqdə bəyan etdiyi liderlik iddialarına digər müxalifət partiyaları rəhbərlərinin, funksionerlərinin münasibəti necə olacaq?

Müxalifət dəyişməlidir, yenilənməlidir, öz daxilində islahat keçirməlidir,  yeni nəsil texnologiyaları mənimsəməidir.  Amma hələ ki, bunun təzahürləri görünmür. Onlar mitinq ardınca mitinq elan edir, təşkilatçılıqları alınmayanda isə çılğınlaşır, insidentlər törətməyə çalışırlar. Bütün bunlar isə onların fəaliyyətini hüquqi müstəvidə araşdırılması zərurətini yaradır. Yanvarın 19-20-si baş verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca və ona qiymət verillməyincə, dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır. Ehtimal etmək olar ki, Əli Kərimlinin dəstəsi bunu hakimiyyətin qorxması kimi qələmə verəcək.  Sual oluna bilər, hakimityyət uzun müddət təbliğat  aparıb, bütün güclərini səfərbər edib meydana cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və çəkinməlidir?!

Müşfiq Ələsgərli