“Facebook” müxalifət-hakimiyyət polemikalarında açıq-aşkar müxalifətin tərəfini saxlamağa başlayır

https://www.baki-xeber.com/siyaset/93722.html

“Azərbaycan hökumətinə qarşı da sosial şəbəkələrdə müxtəlif çirkin kampaniyalar aparılır, “Facebook” və digər sosial şəbəkələr mənfi təmayüllərin fikirlərinin daha geniş şəkildə yayılmasına şərait yaradırlar”

Açıq platforma olan sosial şəbəkələr bir sıra hallarda qərəzli fikirlərin, bu şəkildə aparılan polemika və müzakirələrin daha geniş yayılmasına şərait yaradır. Müasir dövrdə siyasi polemikaların, müxalifət və iqtidar arasındakı fikir ayrılıqlarının geniş yer aldığı “Facebook” sosial şəbəkəsində qəribə bir tendensiya müşahidə edilir.

Bu da onunla bağlıdır ki, Facebook”da müxalifət və hökumət təmsilçiləri arasında aparılan müzakirələrdə hökumətin əleyhinə olan fikirlərin, şərhlərin, paylaşımların yayımına heç bir məhdudiyyət qoyulmur, əksinə, dövlətin, hökumətin, iqtidarın əleyhinə olan fikirlərə, şərhlərə daha geniş meydan verilir. Məsələn, hökumətin xeyrinə, onun maraqlarının müdafiəsi ilə bağlı bir qədər artıq paylaşım olanda “Facebook” dərhal bu paylaşımların yayılmasına müxtəlif vasitələrlə məhdudiyyət qoyur. Bir çox hallarda bu tip paylaşımlar bloklanır, bu da sözügedən paylaşımların daha çox istifadəçiyə çatdırılmasına əngəl yaradır. Lakin hökumət əleyhinə edilən çağırışlar, dini radikalizmlə, irqi ayrıseçkiliklə, millətlər və xalqlar arasında nifaq toxumu əkməyə, dövlətləri, cəmiyyətləri içindən silkələməyə hesablanan paylaşımlar heç zaman bloklanmır, əksinə, onlar açıq şəkildə reklam edilir.

Gizlin deyil ki, müxtəlif dövlətlərdə baş verən hakimiyyət çevirilişləri, çaxnaşmalar, siyasi qarşıdurmalar əsasən “Facebook” və digər sosial şəbəkələrdən idarə olunub. Bəzi ekspertlər “Ərəb baharı”nın da “Facebook”dan idarə olunduğunu deyirlər.

Ekspertlər hesab edirlər ki, “Facebook” və digər sosial şəbəkələri idarə edən qüvvələr bundan çox zaman hakimiyyətlərin əleyhinə istifadə edirlər. Bu sosial şəbəkəni pərdə arxasından idarə edən qüvvələrin müxalif fikirlərin yayılmasında daha çox maraqlı olduğunu deyən ekspertlər bildirirlər ki, onlar hakimiyyəti təqdir edən paylaşımları məqsədli şəkildə bloklayırlar. Bir sıra hallarda iqtidar- müxalifət polemikasında iqtidar tərəfdarlarının yazdıqları rəylər də gizlin bir “əl” tərəfindən silinir, müxalifətin maraqlarını müdafiə edən rəylərə isə qətiyyən toxunulmur.

Bu gün Azərbaycanda  radikal müxalifət düşərgəsinə mənsub olan insanların və xaricdə oturub Azərbaycan hakimiyyətinə qarşı qarayaxma kampaniyası aparan kəsimlərin hakimiyyətə qarşı öz çirkin niyyətlərini büruzə vermələri üçün “Facebook” tərəfindən geniş şərait yaradılıb. Azərbaycanı söyən, pisləyən qüvvələrin paylaşımlarının bloklanmaması, məhdudlaşdırılmaması bunu deməyə əsas verir ki, bu sosial şəbəkə özü polemikalarda açıq-aşkar müxalifətin tərəfdarı kimi görsənir.

Müşfiq Ələsgərli: “Azərbaycanla, eləcə də digər ölkələrlə bağlı haqlı informasiyalar çox yayılan, təbliğ olunan kimi “bu bir siyasi kampaniyadır” deyib yasaqlayırlar”

Tanınmış media eksperti Müşfiq Ələsgərli məsələni “Bakı-Xəbər”ə şərh edərkən bildirdi ki, “Facebook” və digər sosial şəbəkələr hakimiyyətlər əleyhinə kampaniyalar aparılmasında maraqlıdırlar. “Həqiqətən də sosial şəbəkələrlə bağlı müxtəlif ölkələrdə problemlər yaşandığı aşkar şəkildə ortalıqdadır. İstər terrorçu qrupların fəaliyyəti, istər müxtəlif ölkələrdə baş verən “rəngli inqilablar”, istərsə də başqa çaxnaşmalar olsun, onlarla bağlı sosial şəbəkələrdən ciddi şəkildə istifadə olunduğunun şahidi oluruq. Eyni zamanda, təkcə bu deyil, Almaniyada və başqa ölkələrdə qanunsuz informasiyaların yayılması, insanların məlumatlarının onların icazəsi olmadan dağıdılması kimi hallarla bağlı dəfələrlə “Facebook” xəbərdarlıqlar edilib. Amma hələ ki, ciddi bir nəticə yoxdur. Biz “Facebook” və digər sosial şəbəkələrdə nəyin şahidi oluruq? O sosial şəbəkələr ki, heç bir siyasi proseslərə qoşulmadıqlarını, ayrı-ayrı dövlətlərə, şəxslərə, qruplara qarşı aparılan kampaniyalarda iştirak etmədiklərini, insan haqlarını qoruduqlarını elan edirlər. Əslində isə onların bütün fəaliyyətləri bu məsələlərə qarşıdır. Azərbaycanla, eləcə də digər ölkələrlə bağlı haqlı informasiyalar çox yayılan, təbliğ olunan kimi “bu bir siyasi kampaniyadır” deyib yasaqlayırlar. Ancaq əks fikirlər olanda, hansısa bir ölkəyə yönəlik mənfi təmayüllər paylaşımlar edəndə, müxtəlif qruplarım maraqlarına uyğun hadisələr olanda ona açıq-aşkar göz yumurlar, bu proseslərin davam etməsinə şərait yaradırlar. Bütün bunlar, əslində, sosial şəbəkələri yaradan qrupların və mərkəzlərin bununla bağlı özlərinin düşünülmüş bir planının olması təəssüratını yaradır. Hiss olunur ki, sosial şəbəkələr açıq şəkildə idarə olunmasa da, hansısa güc mərkəzlərinin maraqlarına xidmət edən bir mexanizmdir. Müxtəlif ölkələr sosial şəbəkələrin tutduğu bu mövqeyə qarşı etirazlarını bildirirlər. Tutalım, İndoneziyada baş verən terrorla bağlı etirazlar və s. onu göstərir ki, artıq dünyada ayrı-ayrı dövlətlər və mərkəzlər tərəfindən sosial şəbəkələrdəki neqativ halların, xüsusən də terrorun və radikalizmin yayılmasına qarşı etirazlar olur. Azərbaycan hökumətinə qarşı da sosial şəbəkələrdə müxtəlif çirkin kampaniyalar aparılır, “Facebook” və digər sosial şəbəkələr də mənfi təmayüllərin fikirlərinin daha geniş şəkildə yayılmasına şərait yaradırlar. Bilirik ki, sosial şəbəkələrdə müxalif düşərgənin hökumət əleyhinə etdiyi paylaşımlara, çıxışlara, fikirlərə daha çox üstünlük verilir və onların məhdudlaşdırılması həyata keçirilmir. Bəzi qüvvələrin əlində sosial şəbəkələr bir neqativ alətə çevrilib. Təkcə “Facebook” deyil, eləcə də “YouTube” üzərindən söyüş müxalifətinin Azərbaycan hökumətinə qarşı sərt şəkildə istifadə etməsi faktına da bu təsisatı idarə edənlər məhdudiyyət qoymur, onlara daha böyük şərait yaradır. Bunlar artıq faktdır və bu hallarla bağlı ölçü götürülməlidir. Müşahidə etdiyim nədir? Azərbaycan müstəqillik əldə etdikdən və demokratik inkişaf yolu tutduqdan sonra bu vaxta qədər Azərbaycana qarşı müxtəlif vasitələrdən istifadə edilib”.

M.Ələsgərlinin sözlərinə görə, bu vasitələrdən biri də QHT müstəvisində olub. O vurğuladı ki, çox uzun illər guya ki, QHT-lərə qrantlar ayrılıb deyə bu adlar altında Azərbaycanda qeyri-demokratik, qeyri-sivil siyasi qrupların maliyyələşdirilməsi həyata keçirilib. O bildirdi ki, bu məsələ aşkarlandı və bütün mexanizmləri ortaya çıxdı. “Məlum oldu ki, müxtəlif güc mərkəzləri milyonlarla vəsait xərcləyərək bu QHT-lər vasitəsilə Azərbaycanda ictimai-siyasi vəziyyətin pozulmasına nail olmaq istəyirlər və buna qarşı həm 2014-cü ildə qanunlar sərtləşdirildi, həm də müxtəlif tədbirlər həyata keçirildi. İndi isə həmin QHT adı altında fəaliyyət göstərən qüvvələrin, qrupların hamısı sosial şəbəkələrə keçib və buradan öz çirkin kampaniyalarını davam etdirirlər. Sosial şəbəkələri idarə edən qüvvələrin yaratdığı şərait nəticəsində sosial şəbəkələr üzərindən Azərbaycan hökumətinə qarşı çirkin kampaniya aparan bu qüvvələr xarici mərkəzlər tərəfindən ciddi şəkildə maliyyələşdirilir. Eyni zamanda da onlar çox güclü texniki avadanlıqlarla təmin olunurlar. İşsiz-gücsüz adamlar var ki, bütün gününü sosial şəbəkələrdə keçirir və buradan hökumətə qarşı hədyanlar yağdırırlar. Açıq-aşkar hiss olunur ki, bu qüvvələr təşkilatlandırılmış qüvvələrdir. Öz fəaliyyətlərini sosial şəbəkələr üzərində quran və hakimiyyət əleyhinə siyasi kampaniyalar aparan adamlara sosial şəbəkələr tərəfindən daha geniş şərait yaradılması, onların aşkar şəkildə dəstəklənməsi onu göstərir ki, onlar sosial şəbəkəni idarə edən qüvvələrin maraqlarına xidmət edirlər. Sosial şəbəkələr üzdə siyasi proseslərə qoşulmadıqlarını elan etsələr də, amma əksini görürük, onlar hakimiyyətlər əleyhinə müxalifətin apardığı təbliğata geniş şərait yaradırlar. Sosial şəbəkələri idarə edən mərkəzlər bununla da Azərbaycanda və başqa ölkələrdə ictimai-siyasi sabitliyin pozulmasına cəhd edirlər. Bu kimi halların qarşısının alınması üçün bir mexanizm işlənib hazırlanmalıdır” – deyə M.Ələsgərli bildirdi.

İradə SARIYEVA

“Qərəzli kampaniyalar effekt doğurmayacaq”

http://sia.az/az/news/politics/755585.html

 “Azərbaycan gücləndikcə, beynəlxalq aləmdə güclü mövqeyə sahib olduqca, müstəqil siyasət yürütdükcə, özü öz taleyinə sahib çıxdıqca ölkəmizə qarşı xaricdən hücumlar daha da artıb. Son vaxtlar isə bu hücumlar ifrat halını alıb. Ədalətsiz, qərəzli mübarizə o qədər açıq müstəviyə keçib ki, artıq bu oyunu quranlar niyyətlərini gizlədə və “fəaliyyətlərini” arqumentləşdirə bilmirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini, media ekspert Müşfiq Ələsgərli deyib.

O bildirib ki, onlar Azərbaycana qarşı hansı “iradı” bildiriblərsə, bunlara tutarlı cavab verilib, iddiaların əsassız olduğu konkret faktlarla sübuta yetirilib.

Hazırda arqumentləri tükənən, əsaslandırılmış mövqe ortaya qoya bilməyən bu qüvvələrin çılpaq və iyrənc oyun apardığını deyən M. Ələsgərli söyləyib ki, onlar heç bir əsas olmadan Azərbaycanı hər şeyə görə “tənqid” edirlər.

Onun sözlərinə görə, bununla onlar Azərbaycan daxilində – cəmiyyətlə dövlət, cəmiyyətlə hakimiyyət arasında etimadsızlıq mühiti yaratmağa çalışır, bu zaman təhqirlərə, böhtanlara yol verir, ictimai rəyi çaşdırmağa cəhd edirlər: “Bütün bunlar xaricdən Azərbaycanın daxilinə müdaxilədir və ölkədə ictimai-siyasi sabitliyi pozmağa hesablanıb. Xatırladım ki, vaxtilə bu güc mərkəzləri qarayaxma kampaniyalarını həyata keçirmək üçün Azərbaycanda bəzi qeyri-hökumət təşkilatları vasitəsilə öz tərəfdaşlarına maliyyə vəsaitləri ötürürdülər. Bu, qrant formasında, guya cəmiyyət üçün faydası olan hansısa işin həyata keçirilməsini maliyyələşdirmək adı altında edilirdi. Lakin Azərbaycan dövləti sonradan müəyyən etdi ki, bu qrantların böyük hissəsi heç də təyinatı üzrə xərclənmir, daha çox siyasi məqsədlərə, siyasi qrupların fəaliyyətinə yönəldilir. Ardınca həmin qruplar vasitəsilə ölkə daxilində ictimai-siyasi sabitliyin pozulmasına, Azərbaycan dövlətinin gözdən salınmasına cəhdlər edilir. Bildiyiniz kimi, 2014-cü ildə “Qrant haqqında” qanunvericiliyə əlavə və dəyişiklik edilib, QHT sektorunda çox böyük təftiş işi aparılıb, xaricdən ölkəmizə pulların ötürülməsi, siyasi qrupların maliyyələşməsi mexanizmi, onların əsas hədəfləri ifşa olunub”.

Ekspert əlavə edib ki, indiyə qədər Azərbaycana qarşı müxtəlif sahələrdə aparılan belə savaşlar öz nəticəsini vermədiyi kimi, hazırda müşahidə etdiyimiz qərəzli kampaniyalar da effekt doğurmayacaq: “Çünki, Azərbaycan xalqı öz dövlətini və hakimiyyətini qoruyur”.

Müəllif: Nailə Məhərrəmova

“İntihar” hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər

https://news.milli.az/society/779106.html?fbclid=IwAR2hof65hXMEwwYbTL7s6lum2vVPRzmYdBsWmTedU0I5vEn0RieC8mXbEIw

http://ikisahil.az/post/intihar-hallarini-siyasileshdirenler-facieden-gelir-gudenler?fbclid=IwAR2-C5HM1tNwyP9UyeksecfDz00kgVlhw7jkdoOY4fpe1_1OGwmqomlz8C0

Dünyada özünəqəsd hallarının mövcud durumu 

Fransa  “Ümumdünya intihara qarşı mübarizə günü”nün qeyd edilməsinə qarşıdır. Ölkənin elm adamları hesab edirlər ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsis etdiyi bu aksiya mahiyyətcə intihar hallarının qarşısının alınmasına yönəlsə də, əks effekt verir,  “intihar yolunun mövcudluğunu” insanlara xatırlatmaqla ona  meyl yaradır. İntiharı dolayısı ilə təşviq edən vasitələr çox olduqca, özünəqəsd  hallarının sayı da artır. 2003 – 2014-cü illər aralığında Fransa Avropa məkanında “intihar hallarının ən yüksək olduğu ölkələrdən biri”  titulunu qazanıb. 2014-2018-ci illər aralığında isə Avropa ökələri arasında özünəqəsd  hallarının çox olduğu ilk 10-luqda yer tutur. Fransanın  İntihar Hallarının Müşahidəsi  üzrə Milli Mərkəzinin  (“ONS”)  2017-ci ildə keçirdiyi sorğu nəticəsində bəlli olub ki, ölkə əhalisinin 7 faizindən çoxu, yəni təxminən üç milyon insan, həyatlarını sona çatdırmağı düşünürlər, təqribən 4 faiz isə buna baş tutmayan cəhdlər edib, tamamlanmamış intiharlar törədib.  Hazırda bu ölkədə əhalinin hər 100 min nəfərinə düşən illik intihar sayı 17,5 nəfərdir.  French Center for Epidemiology  (“CépiDcInserm”) hesablayıb ki, il ərzində  8,885-dən 9,000 nəfərədək fransız özünəqəsdin qurbanı olur, hər saatda bir fransız intihar edir (https://www.alliancevita.org/en/2018/02/suicide-in-france-3rd-official-report/ ).

Təhlillər göstərir ki, özünəqəsd insan həyatını bitirən vasitələr sırasında  avtomobil qəzaları ilə yanaşı gəlir.  İnsanlığın ən böyük problemlərindən birinə çevrilən bu bəla xüsusilə gənclər arasında qlobal miqyasda ölümün əsas səbələrindəndir. Monitorinq təşkilatları intihar edənlərin orta yaş həddi kimi 43 –ü göstərirlər. 

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd edilir ki, yaşadığımız günlərdə hər 40 saniyədə bir insan özünə qəsd edir. Nəticə olaraq, ildə 1 milyon civarında insan özünü öldürür. 2020-ci ilədək bu rəqəmin 1,5 dəfə artacağı proqnozlaşdırılır.

İntiharın səbəbləri barədə müxtəlif fikirlər

Səbəblər barədə rəylər müxtəlif və dolaşıqdır. Özünəqəsd hallarının yüksək olduğu dövlətlər sırasında  inkişaf etmiş ölkələr ön sırada gəlirlər və bu,   fikirləri qarışdırır.  Məsələn, hazırda intihar hallarının intensivliyinə görə Qərbi Avropa ölkələri  ilk  yerlərdə dururlar.  Fransanın simasında  əhali sayı və ərazicə böyük, sosiallaşmış  dövlətlərlə  yanaşı, Norveç kimi kiçik ərazili, amma yüksək təminatlı ölkələrdə də intihar halları çoxalır. Norveçdə hər il 500-600 intihar hadisəsi qeydə alınır. Bu, hər 100.000 əhaliyə düşən intiharların sayının 15 nəfər olması deməkdir və beynəlxalq standartlarla yüksək göstərici hesab olunur (https://www.fhi.no/en/op/hin/mental-health/suicide-and-suicide-attempts/ ).  İntihar sayına görə ön yerlərdə dayanan dövlətlər sırasında Hindistan və  Çinlə yanaşı ABŞ da vardır (Hindistanda təqribən illik 258 min, Çində 120 min,  ABŞ-da 43 min). Sırada dünyanın ən böyük ölkəsi-Rusiya ilk 5-likdə yer alır. Hər 100.000 əhaliyə düşən intiharların sayı 31-32 nəfərdir.  Beləliklə, intihar halı sosial təminat baxımından həm  yüksək, həm də aşağı olan ölkələrdə intensivləşib. 

Bütün bunları nəzərə alan təhlilçilər intihara yol açan səbəblər sırasında sosial-iqtisadi durumu, maddi çətinlikləri arxa plana çəkir, psixi durumu, ruh düşkünlüyünü  önə verirlər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən,  ən az intihar sayları müsəlman ölkələrindədir. Dindar ölkə olan Küveytdə  rekord dərəcədə az intihar baş vermişdir. Burada hər 100 min insana 1 və ya 2  intihar halı  düşür.

İslam nöqteyi -nəzərindən intihar etmiş insan böyük günah törətmiş sayılır. Digər insanların qətli kimi, intihar da İslama ziddir. Quranda deyilir: “Özünüzü öldürməyin, həqiqətən Allah (bunu sizə qadağan etməklə) çox mərhəmətlidir”.

Amma ayrı-ayrı  müsəlman ölkələrində intihar hallarının intensivliyi fərqlidir. Onların sırasında da aşağı və yuxarı göstəricisi olanlar var. Bu baxımdan özünəqəsd amilinin yalnız dini dünyagörüşlə əlaqələndirilməsi versiyasını istisna edir, fərqli məqamları üzə çıxarır.

Fransız alimlərin “Ümumdünya intihara qarşı mübarizə günü”nün qeyd edilməsinə qarşı çıxmaları da məhz bu fərqli məqamlarla  bağlıdır. Düşünürlər ki, intihar hallarının intensivləşməsi sosial-iqtisadi durumdan, maddi çətinliklərdən,  psixoloji gərginliklərdən daha çox,  özünəqəsd amilinin təşviqinin sünii şəkildə artırılması ilə bağlıdır. Təşviqedici amillərın sırası isə genişdir. Fransız mütəxəssislər iddia edirlər ki, intihar halları nəinki sosial şəbəkələr, bəzi onlayn KİV-lərdə, bədii ədəbiyyata, təsviri incəsənətədə birbaşa təşviq edilir, həmçinin, intihar hallarının qarşısının alınması üçün qurulmuş kampaniyalar da əks effekt verir, necə ki, “İntihara qarşı mübarizə günü”.  Bütün bunlara rəğmən, onlayn   media və  sosial şəbəkələr özünəqəsdi təşviq edən amillər sırasıda öndə dayanır.

Özünəqəsd hallarını stimullaşdıran vasitələr

Psixoloji problemi olan insanın  intihar xəbərindən  nümunə götürmək ehtimalını, onların  mediada gördükləri intihar motivli  xəbərlərin təsirinə düşə biləcəyini, həmin hərəkətləri təkrarlamaq istəyində olacaqlarını nəzərə alaraq, Jurnalistlərin Peşə Davranış Qaydalarında xüsusi bənd ayrılıb. Azərbaycan  Jurnalistlərin Peşə Davranış Qaydalarının 3.11-ci bəndi intihar hadisələrilə bağlı xəbərlərə xüsusi yanaşma tələb edir: “ Jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir”. Bu prinsip simvolik fərqlərlə dünyanın demokratik ölkələrində medianın etik kodekslərində  yer ayrılıb. Ənənəvi  KİV-lər medianın emosional təsir gücünü nəzərə alaraq,  bu prinsipi qorumağa çalışır,  intihar xəbərlərinin təqdimatında ehtiyatlı davranırlar.  Amma onlayn media üçün İP yarışı, sosial şəbəkə istifadəçiləri üçün  “layk” həvəsi daha öndədir, onlar üçün əsas olan sensassiyadır, izləyici sayıdır, etik kodeks isə sonuncu yerdədir.  

İnternet axtarış sistemləri üzərində aparılan təcrübə onlayn medianın, sosial şəbəkələrin intihar halları ilə bağlı nə qədər təhlükəli hal yaratdığını  göstərir. Google-nin  məqalələr üçün olan xüsusi axtarış sistemində- “Google scholar”-da aparılan araşdırma zamanı Fransada intihar halları barədə KİV materialları üzrə  5 il müddətinə  cəmi 226,000 (İki yüz iyirmi altı min) nəticə tapılır. Amma eyni dövrün ümumi araşdırması- onlayn media və sosial şəbəkələr daxil- fantastik bir rəqəmlə ifadə olunur-108,000,000 (Yüz səkkiz milyon).  Norveçdə bu göstərici paralel olaraq 47,500 (qırx yeddi min beş yüz) və  18,100,000 (on səkkiz milyon yüz min) fərqilə müşahidə edilir.

Xəbər saytlarında intihar xəbərlərinin dönə-dönə təkrarlanması, sosial şəbəkələrdə intihar hallarının detallı təsviri durumu pisə doğru dəyişir, problemlərlə, çətinliklərlə üzləşən insanlar üçün “çıxış yolu” göstərir.

Azərbaycanda paradoksal durum

Azərbaycandakı durum dünyadan fərqlidir, paradoksaldır. ÜST-in hesabatından görünür ki,  Azərbaycanda intiharların sayı ən aşağı səviyyədədir. Ölkədə  hər 100 min nəfərə düşən intihar hadisəsinin sayı illər üzrə  2 ilə 5 arasında dəyişməklə,  hətta “beynəlxalq normadan” da aşağı qalır. Yeganə hallardan biridir ki, özünəqəsd Azərbaycanda uzun illər boyu aşağı rəqəmlərlə ifadə olunur, bu göstərici sabit qalır və beynəlxalq təşilatlar tərəfindən etiraf edilir, beynəlxalq hesabatlarda obyektiv şəkildə ifadə edilir. Məsələn, 2015-ci ildə 499 nəfər, 2016-cı ildə 507 nəfər, 2017-ci ildə 498 nəfər, 2018-ci ildə 521 nəfər, 2019-cu ilin 7 ayında isə  316 nəfərin intihar hadisəsi qeydə alınıb. Amma paradoksal olan budur ki, özünəqəsd hallarının statistikasında artım olmasa da, intiharla bağlı xəbərlərin intensivliyi artıb. Azərbaycandilli kontentdə intiharla bağlı xəbərlərin sayı 182,000-i ötür. Elə təəssürat yaranır ki, sosial şəbəkələr,  onlayn media quruluşları intihar  xəbərləri üzrə müsabiqəyə qatılıblar. Səbəb sadədir,  həm də qeyri-adidir. Dünya ölkələrindən fərqli olaraq, Azərbaycanda intihar mövzulu xəbərlər,  həm də müxalifətin iqtidara qarşı mübarizədə istifadə etdiyi vasitədir. Xaricdən yayımlanan, “söyüş kampaniyası”nın təşkilatçıları tərəfindən idarə edilən  internet TV-lərdən, sosial şəbəkə hesablarından başlamış, ölkəiçi müxalifətin təbliğat vasitələrinə, sosial şəbəkə hesablarına qədər hər yerdə “intihar xəbərləri” yarışı keçirilir. Hiss olunur ki, bu yöndə kontentin artırılması üçün tapşırıq alıblar. Zahirən elə davranırlar ki, guya intihar edənlərin qayğısını çəkir, intihara yol açan səbəblərin qaldırılmasını istəyirlər. Amma niyyətlərini gizlədə bilmirlər. Uzağı, 2-3 cümlədən sonra ritorika dəyişir, bütün intiharların səbəbi “iqtidarın sosial-iqtisadi siyasəti ilə əlaqələndirilir”, özlərinin  hakimiyyətə gəlmələri  ilə hər şeyin dəyişəcəyi qeyd edilir. 

Yenə yanlış edirlər, həm özləri, həm də cəmiyyət üçün. İntiharlar, onların statistikası, səbəbləri  barədə dünya fərqli fikirdədir. “Milli müxalifət” bu  təbii axının əksinə getməklə, gözdən düşür.  İkincisi, xalqın dəyərləri var: insan faciəsi üzərində oyun qurulmaz, qurulsa da, xeyir gətirməz. 

Müşfiq Ələsgərli

Azərbaycan polisinə ləkə atanlar üçün “super dövlət”dən bir nümunə

https://news.milli.az/society/777428.html

Ötən həftə  ABŞ-da 5 günlük matəm elan edildi.  Ağ Ev daxil olmaqla bütün rəsmi  binalarda dövlət  bayrağının  avqustun 8-nədək yarıya endirilməsinin səbəbi  Texas, Ohio və Çikaqoda baş verən terror aktları oldu. Avqustun 4-də Texas ştatında ticarət mərkəzində törədilən terror hadisəsi zamanı 20 nəfər öldü,  26  nəfər isə ağır yaralandı. Bundan  bir neçə saat sonra isə ikinci  terror hadisəsi baş verdi. Ohio ştatının Datyon şəhərində törədilən terror hadisəsi zamanı 9 nəfərin  öldüyü,  20 nəfərin isə ağır formada  yaralanması barədə xəbərlər yayıldı.   Proses bununla tamamlanmadı və nəhayət,  bir sutka ərzində üçüncü terror aktı baş verdi,  Çikaqo ştatında dinc əhaliyə silahlı hücum oldu. Yerli media ən azı 7 nəfərin öldüyünü, 20 nəfərin isə yaralandığını yazdı.  Bundan əvvəlki ayda,  iyulun 28-də isə Kaliforniya ştatının Qilroy şəhərində keçirilmiş “Garlic festival” zamanı da qətliam törədilmiş,  3 nəfər həyatını itirmiş, 10-larla şəxs yaralanmışdı.

ABŞ-dan bənzər xəbərlər dünya mediasının gündəmini ildə bir neçə dəfə zəbt edir. Bu ölkədə baş verən kriminal hadisələrin həssaslıqla izlənilməsi təkcə ABŞ-ın “super dövlət” olması, beynəlxalq nəzərlərin qitəyə istiqamətlənməsi ilə bağlı deyil. Burada törədilən kriminal hadisələr qeyri-adidir, daha kütləvidir, daha qanlı-qadalıdır. 2018-ci ildə dünyada baş vermis “ən dəhşətli hadisələrin xronologiyası”nı hazırlayan monitorinq  mərkəzləri bu sırada dünyanın super dövlətinin adını dəfələrlə xatırlatmışdılar. 2018-ci il  fevralın 15-də Florida ştatında 19 yaşlı Nikolas Kruzun litseyə hücumu nəticəsində 17 nəfər həyatını itirmişdi. Eyni ildə,  27 oktyabrda   Pistburq şəhərindəki sinaqoqa edilən hücum zamanı 11 nəfər öldürülmüşdü və bütün bunlar ilin ağır hadisələri sırasında idi. Bu minvalla geriyə baxıb  2001-ci ildən bəri baş verən hadisələri ardıcıllıqla izləyəndə bəlli olur ki, ABŞ  təkcə qüdrətinə görə deyil, həm də insan təhlükəsizliyinin aşağı təminatı baxımından  diqqətə gəlir. Hansı ki, “dünyanın super dövləti” daxili təhlükəsizliyinin təminatı üçün dünyada ən çox vəsait xərcləyən ölkədir. Bu məqsədlə ABŞ hər il fantastik məbləğ – il ərzində yüzlərlə milyard dollar xərcləyir. Mövzu üzrə araşdırma apararkən, maraqlı rəqəmlər ortaya çıxır.

ABŞ-da daxili təhlükəsizlik,  insanların təhlükəsiz yaşayışının təminatı  polis departamentləri, əyalət polisi, şerif şöbələri və federal agentliklərdən ibarət  hüquq mühafizə orqanları vasitəsilə həyata keçirilir. Polis “şübhəli bilinən cinayət əməllərinin araşdırılmasına, şübhəli şəxslərin müvəqqəti saxlanılmasına, şübhəli şəxslərin məhkəmələrə təqdim edilməsinə,  ən nəhayət, cinayətkarların tutulmasına və bu yolla  icmalarda nizam-intizamın təmin edilməsinə cavabdehdir”.  Böyük şəhərlərdə minlərlə zabiti və inzibati işçini əhatə edən polis idarələri, şerif şöbələri, həmçinin, istintaq agentlikləri var. Birləşmiş Ştatların ən böyük polis  orqanı  New York –da yerləşir. 36.023 nəfər peşəkar zabit heyətindən, 8000 nəfər əlavə inzibati işçidən ibarətdir (https://www.worldatlas.com/articles/the-largest-police-departments-in-the-us.html).  Çikaqo şəhəri (hansı ki, avqustun 4-də baş vermis qətliamın ağırlığına görə ABŞ dövlət bayrağının endirilməsinə səbəb oldu), özünün  Polis İdarəsinin (CPD) ştat sayına və nüfuz dairəsinə görə New York –dan sonra ABŞ-ın ikinci şəhəridir. Hələ 1837-ci ildə yaradılan Çikaqo Polis İdarəsi ABŞ-ın ən qədim yerli hüquq mühafizə orqanlarından biridir. Hal-hazırda 13.354 nəfər ştatlı işçidən və 2000 nəfərə yaxın  əlavə inzibati işçidən ibarətdir. Sıralama davam edir və polis idarələrinin nüfuzuna görə növbəti yerləri Los Angeles Polis İdarəsi  ( 9,727 andlı  məmur və 3000-ə yaxın inzibati işçi) California, Philadelphia və başqaları bölüşürlər.

ABŞ, federal və yerli büdcələr hesabına polisin saxlanılması üçün  hər il, nə az- nə çox, təqribən 187 milyard dollar xərcləyir ( https://www.urban.org/policy-centers/cross-center-initiatives/state-and-local-finance-initiative/state-and-local-backgrounders/police-and-corrections-expenditures ). Bu, 2016-cı il büdcəsinin göstəricisidir və yalnız polis strukturlarının, şerif şöbələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.  Növbəti illərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün əlavə xərclər də verilib. Bunlar birbaşa polis üçün nəzərdə tutulmasa da, nəticə etibarilə ölkədə kriminal hadisələrin sayının  artmasının qarşısının alınmasına yönəlib və prinsipcə, daxili təhlükəsziliyə cavabdeh olan  polisə dəstək xarakteri daşıyır.  Məsələn, ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divarın inşasının maliyyələşdirilməsi, narkotrafikin, kriminal qrupların axınının, qanunsuz miqrantların gəlişinin   qarşısının alınması   üçün ABŞ Konqresindən əlavə 8,6 milyard dollar vəsaitin təsdiqlənməsini istəyib. Bu variantda, dolayısı ilə çəkilən xərcləri nəzərə alanda, ABŞ-ın daxili təhlükəsizlik üçün çəkdiyi xərc bir neçə yüz milyardı ötür. Qarşılığında  isə, əksinə, qanlı  cinayətlər nəticəsində həyatını itirən ABŞ vətəndaşlarının sayı ilbəil artır,  dövlət bayrağının qəmli hadisələrə görə  yarıyadək endirilməsi intensivləşir.

Azərbaycanın dövlət büdcəsində polis sistemi (Daxili İşlər Nazirliyi üçün ) üçün nəzərdə tutulan vəsaitin həcmi 508 milyon 976 min manatdır, yəni, təqribən 283 milyon dollar. Bu, ABŞ –ın polisə xərclədiyi vəsaitdən 660 dəfə azdır.   Əlbəttə, Azərbaycan əhalisinin sayı da  ABŞ əhalsinin sayından dəfələrlə azdır; Azərbaycan əhalisinin sayı 10 milyon nəfər, ABŞ əhalsinin sayı isə 327 milyon nəfərdir, ortada 32 dəfə aşağı göstərici var. Paradoks budur ki,  ABŞ-ın əhalisi Azərbaycan əhalisindən 32 dəfə çoxdur, amma polisin saxlanılması və daxili təhlükəsziliyin təminatı üçün sərf edilən vəsait 660 dəfə fərqlidir. ABŞ-da kriminal hadisələrin sayı 100 dəfələrlə çox, ilin ən dəhşətli hadisələrinin göstəricisi isə 10 dəfələrlə çoxdur. Bu da bir faktdır  ki, ABŞ-da bəzi məhlələrə, bəzən isə bütöv  rayonlara nəzarət yalnız kriminal qrupların əlindədir, polis bu ərazilədə duruma, ümumiyyətlə müdaxilə edə bilmir.  Ölkəyə  gələn turistlərə, “biz bu bölgələrə nəzarət edə bilmirik, təhlükəsizliyinizi nəzərə alıb o məhlələrə girməyin” xəbərdarlığı edilir.

Azərbaycanda dövlət bayrağının yarıyadək endirilməsi intensivliyi ABŞ-dan 10 dəfələrlə aşağıdır. Endirilmə halları isə kriminal durumla bağlı olmur. Bayrağımızın layiqli dalğalanmasının təminatçıları sırasında Azərbaycan polisinin xidmətləri var.

Ölkəmiz tranzit dövlətlər sırasına daxildir. Şərq-Qərb, Şimal-Cənub marşrutları burada çarpazlaşır. Belə sərbəst marşrutlar fonunda  kriminal durum nəinki pisləşmir, əksinə, Azərbaycanın adı ən sabit və təhlükəsiz dövlətlər sırasında çəkilir. Polis öz vəzifəsinin öhdəsindən layiqincə gəlir, tələb olunanda, başqa yardımlar da göstərir. Avqustun 4-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzinin ərazisindəki anbarlardan birində baş verən yanğının söndürülməsi zamanı xəsarət alanlar arasında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları da olub. Polis əməkdaşları yanğının söndürülməsində, anbardakı məhsulların çıxarılmasında və xəsarət alanların əraziyə cəlb olunmuş təcili tibbi yardım maşınlarına aparılmasında yardım ediblər. Bu, polisin vəzifəsi deyil. Sadəcə vətən sevgisi və fədakarlıqdır. 

 Prezident İlham Əliyev bu nüansları nəzərə alaraq öz nitqində deyir: “Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Mən bu sahədəki fəaliyyətdən razıyam. Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yaranmayıb,  nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyildir. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz”.

Azərbaycan polisinin  peşəkar, vətənpərvər, ləyaqətli davranışları barədə misalların sayını çoxaltmaq olar. Onu dünyanın ən peşəkar hüquq-mühafizə sistemləri ilə müqayisə etmək olar. Amma təəssüf ki, bunun əksini görürük. Son zamanlar radikal müxalifətin, onların təsir dairəsində olan ayrı-ayrı şəxslərin hədəf seçdikləri dövlət qurumları sırasında  Azərbaycan polisi də var.  Polis haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar, şərh və təhlillər paylaşılır. Onların, böyük mənada  hədəfləri,  Azərbaycan polisi deyil, Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir.

Müşfiq Ələsgərli

Qulu Məhərrəmlinin “peşıkarlıq” və “dürüstlük” formulunun təzadları

https://news.milli.az/society/775866.html

GünAz TV efirində ikibaşlı oyun

GünAz TV (Güney Azərbaycan Televiziyası)  siyasi mühacir həyatı yaşayan cənublu soydaşlarımız tərəfindən yaradılıb. ABŞ-da mənzillənən,  Çikaqo şəhərindən yayımlanan TV-nin veb səhifəsində, “Hədəflər” kateqoriyasında göstərilir ki, “İranda irqçilik və hökumətin ayrı-seçkilik siyasətinə qarşıdır, Azərbaycan türkləri və İran adlanan coğrafiyanın digər bölgələrində yaşayan türklərin mədəni soyqırımına,  dil asimilasyonuna qarşı mübarizə aparır”.

 İnsafən desək, GünAz TV Güney Azərbaycan türklərinin hüquqlarının tanınması, dillərinin status alması yolunda  önəmli  işlər görüb; ən azı, Güney azərbaycanlıların problemləri barədə rəqəmsal məzmun yaradıb, internetdə  Güney Azərbaycan mövzusunda  axtarış aparanlar üçün əlçatımlı mənbəyə çevrilib. Məsələn, 30 iyul 2019 tarixdə İran parlamentində çıxış edən Üskünlü  (Üşkaya) millət vəkili  Zəhra Sainin  ana dilində yazıb oxumağın əhəmiyyəti barədə önəmli fikirlərlərini bir neçə xarici dilə çevirərək, yayımlayıb.  “Biz nə üçün Azərbaycan türkcəsində yazıb oxumamalıyıq?!” başlığı ilə yayımlanan məqalədə ilk andan təəssürat yaradılır ki,Güney Azərbaycanda (İran Azərbaycanında) Azərbaycan Türkcəsinin işlədilməsi  qanunsuz olaraq məhdudlaşdırılır və  bu ədalətsizlik aradan qaldırılmalıdır (https://www.gunaz.tv/az/xeberler/guney-azerbaycan-1/tebrizin-millet-vekili-biz-ne-ucun-azerbaycanda-turkce-yazib-oxumamaliyiq-video-118486 ). Bu tip materiallara əsaslanıb düşünmək olar ki,  GünAzTV  Güney azərbaycanlıların oyanış hərəkatının ruporu kimi çıxış edir.  Amma Güney Azərbaycan problemi, Bütöv  Azərbaycançılıq məfkurəsi kimi mövzular üzrə ixtisaslaşmış istənilən şəxsi danışdırsanız, deyəcəklər ki, GünAz TV-nin fəaliyyəti birmənalı deyil, Azərbaycan mövzusuna yanaşması ziddiyyətlidir.  İrəli gedib GünAz TV-ni  İran rejiminin əlaltısı  kimi dəyərləndirənlər, yaxud əksinə, ABŞ   kəşfiyyat strukturlarına  bağlayanlar az deyil. Bir sözlə, GünAz TV-ni Güney Azərbaycanın oyanış hərəkatına xidmətdən daha çox, fərqli məqsədlərin xidmətçisi kimi təqdim edirlər. Belə  yanaşmanın hansı səbəblərdən qaynaqlanmasını, iddiaların nə dərəcədə obyektiv olmasını müəyyənləşdirmək asan deyil. Amma qəribə gəlməsin, çünki, işin içində professor Qulu Məhərrəmli var.

İyulun 30-da  GünAz TV-nin veb səhifəsindəZəhra Sainin  çıxışını əks etdirən videomaterialla  paralel şəkildə başqa bir veriliş da yayımlanıb: professor Qulu Məhərrəmlinin “Mətbuat aynası” proqramı.  Debat formasında qurulmuş bu veriliş, normal məntiqlə, əslində  Güney Azərbaycan mediasının durumuna  həsr edilməli, İranda azərbaycandilli medianın problemlərini müzakirə etməli, Zəhra Sainin  tezislərini qüvvətləndirməli, ona dəstək olmalı idi. Amma  Qulu Məhərrəmlinin moderatorluq etdiyi  proqramın hədəfi Güney Azərbaycanda anadilli media problemi deyil, Quzey Azərbaycandır,  Azərbaycan Respublikasıdır. Veriliş boyunca müzakirə edilən mövzu isə, Azərbaycan Respublikasında   “medianın problemləri”, “demokratiyanın boğulması”, “fikir plüralizminin məhdudlaşdırılması”, “siyasi partiyaların küncə sıxışdırılması”, ”vicdan azadlığının yoxluğu, inanclı insanların təqib edilməsi, “etnik topluluqların hüquqlarının yalnız sözdə, azərbaycançılıq ideologiyasında tanınması, gerçəkdə isə əksinin olması”dır. Bir sözlə, dünya ictimaiyyətinin  İran haqqında düşüncələrində nə qədər neqativ varsa, Qulu Məhərrəmli onları “kopyalayıb” yığır Azərbaycan Respublikasının adının qarşısına. Paradoksal deyilmi?  İran mövzusu  dünyanın diqqət mərkəzində olduğu,  Güney Azərbaycan mövzusunun masalara oturdulduğu  bir vaxtda  mövzunu dəyişib “Azərbaycan Respublikasındakı problemləri” qabartmaq, gündəmə çevirmək kimə lazımdır? Həm də bu proses Güney azərbaycanlıların haqq səsinin təmsilçisi olduğunu iddia edən bir TV-də baş verir. Təqdim olunan linki tıklayıb diqqətlə qulaq assanız, duyacaqsınız ki, sanki professor  Güney azərbaycanlılara  gizli ismarıc çatdırır, diqtə edir ki,  “Azərbaycanlı zehniyyəti müstəqil, güclü, demokratik dövlət qurmağa qadir deyil”  (https://www.gunaz.tv/az/xeberler/guney-azerbaycan-1/video-gunaztv-iyul-30-2019-metbuat-aynasinda-115-ci-bolum-siyasi-medeniyyet-118480 ).   

Professor bu şüuraltı mesajı çatdırmaq üçün bütün vasitələrdən istifadə edir, 1918-ci ildə qurulmuş AXC ilə 3-cü respublika arasında paralellər aparır. GünAzTV-nin saytına daxil olun, orada Qulu Məhərrəmlinin çıxışlarına baxın. Mən yalnız bir  linki təqdim etmişəm, bənzər motivli verilişlər “n” qədərdir.  İzlədikcə bəlli olur ki, “Azərbaycanlı zehniyyətinin aşağılanması, azərbaycanlıların  müstəqil, güclü, demokratik dövlət qurmağa qadir olmaması” və bütünbunların “Azərbaycan Respublikasının simasında təcəlli etməsi”   barədə düşüncələr Qulu Məhərrəmli yaradıcılığında bir xətt kimi keçir. Güney azərbaycanlıların diqqətlə izlədikləri bir  TV-də, Güney azərbaycanlıların  idealına çevrilmiş Azərbaycan Respublikası barədə neqativ təbliğat aparmaq, onu “imitasiya xarakterli dövlət”  kimi təqdim etmək, “Azərbaycanlıların qurduğu dövlət belə bərbad olur” təəssüratı yaratmaq  çoxmu zəruridir? Belə yanaşma  Qulu Məhərrəmlinin simasında GünAzTV-nin təkcə  Güney Azərbycan siyasətinə  deyil, elə  Quzey Azərbaycan siyasətinə də kölgə salmırmı? …

Qulu Məhərrəmli və GünAzTV  Prezidentin mesajlarını şübhəyə alır

Azərbaycanlı obrazını və Azərbaycan dövlətinin simasını  dünyaya tanıtmaq üçün Azərbaycan Prezidentinin  beynəlxalq ictimaiyyətə ünvanladığı modern mesajlar var: “Azərbaycan multikulturalizm beşiyidir”, “Azərbaycan dinlərarası dioloq üçün ən layiqli məkandır, tolerantlıq nümunəsidir”, “Azərbaycan sabitliyin və demokratiyanın vəhdətdə olduğu ölkədir”, “Azərbaycan gənc, inkişaf edən  dövlətdir” və sair. Bunlar təkcə tezis, şüar deyil, dövlət başçısı bu fikirlərin həyatda reallığa çevrildiyini isbatlayan tədbirlər keçirilməsinə imza atır.  Amma bu şüarlar hamısı  “Mətbuat aynası”da şübhəyə alınır, yalanlanır, əksi barədə təəssürat formalaşdırılır. Proqramı izlədikcə düşünürsən ki,  Qulu Məhərrəmli Prezidentin bütün çıxışlarını diqqətlə dinləyib, onun beynəlxalq ictimaiyyətə ünvanladığı  mesajlardan, tezislərindən ibarət “konspekt” hazırlayıb, tutub əlində və dəqiq sıralama ilə hər birinin əksini sübut etməyə çalışır: Azərbaycan Respublikasında   “media azadlığı yoxdur”, “demokratiya boğulub”, “fikir plüralizmi  məhdudlaşdırılıb”, “siyasi partiyalara fəaliyyət üçün imkan verilmir” və sair, və ilaxır. Düzdür, Qulu müəllim “peşəkar” olduğundan  burada özü üçün manevr imkanları yaradır, qeyd edilən fikirləri şəxsi dilindən deyil, müsahibinin dilindən səsləndirir. Amma ölkədə peşəkar təkcə Qulu Məhərrəmli deyil ki. Başqa peşəkarlar da deyirlər ki, efirə dəvət edilən müsahibin kimliyini nəzərə almaqla, onun  nələr deyə biləcəyi təqribi də olsa,  öncədən bilinir. 

Aparılan xətt GünAzTV-nin siyasətinin göstəricisidir, yoxsa Qulu Məhərrəmlinin özfəaliyyətinin nəticəsi?  Suallar çoxdur. Cavablar barədə isə hərə bir ehtimal deyir. Səbəbi Qulu Məhərrəmlinin Fətullah Gülənlə bağlarında axtaranlar var. Ehtimal edirlər ki, professor Gülən komandası ilə əlaqəni kəsməyib, indiki şübhəli davranışları da  Pensilvaniyadan gələn tapşırıqların nəticəsidir. Qisasçılıq hissini ortaya çəkənlər də var. Bunlarla işim yox. Həqiqət yükü çox olsa da, işimizi ehtimallar deyil,  əldə olan materillar üzərində quraq.

Mediada dərc edilmiş, yayımlanmış materiallar   isbat edirlər ki, professorun davranışlarında anlaşılmayan  məqamlar çoxdur.

Yazıçı Əkrəm Əylislinin mediada varisi   

Qulu Məhərrəmli Azərbaycan mövzusuna yanaşmada anlaşmaz mövqe sərgiləyən yeganə şəxs deyil. Diqqətli oxucular yazıçı Əkrəm  Əylislinin 2012-ci ildə  Rusiyanın “Drujba narodov” jurnalında rusca çap edilən və  Azərbaycanda böyük səs-küyə səbəb olan “Daş yuxular” romanını xatırlayırlar. Həmin roman çox qısa müddətdə  Ermənistanda “Nork” nəşriyyatı tərəfindən  erməni dilinə çevrilərək nəşr olunmuş, “Ermənilərin haqq işinə bəraət qazandıran arqument” kimi geniş təqdimatı keçirilmişdi. Azərbaycan ictimaiyyəti  haqlı olaraq  yazıçını satqınlıqda, erməniləri ucaldıb azərbaycanlıların faciələrinə göz yummaqda,

ermənilərə rəğbət göstərməkdə, tarixi təhrif etməkdə ittiham edirdi. Əylisli isə bütün bunları “azad yazıçı təxəyyülünə qarşı terror” kimi dəyərləndirmişdi. Prosesin davamı göstərdi ki, “Azərbaycanın və azərbaycançılığın” aşağılanması, ermənilər yanında əskik tutulması, dünyaya yanlış simada təqdim edilməsi vahid  proqram halında hazırlanmış, bütün platformalarda gerçəkləşdirilməsi üçün planlar qurulmuşdur. Əkrəm Əylislinin bədii ədəbiyyat platformasında etdiklərini, “psixoloq” Nərmin Şahmarzadə sosial şəbəkələr platformasında təkrarladı. Onun 2018-ci ildə qəhrəman  Mübariz İbrahimov barədə sosial şəbəkələrdə apardığı aşağılayıcı kampaniyanı, yəqin ki, hər kəs xatırlayır. “Qaniçən”  Mübariz İbrahimov “məzlum erməniləri” öldürməkdə ittiham olunurdu.  Arqumentləri uzlaşdıranda nəticə çıxır ki, professor Qulu Məhərrəmlinin indi media platformasında etdikləri, Əkrəm Əylislinin bədii ədəbiyyat, Nərmin Şahmarzadənin sosial şəbəkələr platformasında etdiklərinin davamıdır. Qulu Məhərrəmli və onun təmsil olunduğu qrup gecə-gündüz təbliğat aparır ki, “Azərbaycan mediası regionda Ermənistandan və Gürcüstandan çox geri qalır”. Səbəbini isə, media azadlığının boğulması, yəni demokratik mühitin olmaması ilə izah edirlər. Mən medianın problemsiz olması iddiasında deyiləm, inkişaf da var, problemlər də. Amma media azadlığının ölçü meyarı kimi hər dəfə Ermənistanın göstərilməsi, Ermənistanın Azərbaycandan öndə olmasının iddia edilməsi fərqli yanaşmadır. Burada vurğu  Azərbaycan mediasının problemlərinin üzərinə deyil,  Ermənistanın demokratik göstəricilərə, media azadlığı mühitinə görə Azərbaycandan öndə olması üzərinə qoyulur.  Məsələ bu ki, Azərbaycanın domokratik göstəricilərə görə (o cümlədən, media azadlığı mühitinə görə) Ermənistandan geri qalması bir siyasi xətt olaraq beynəlxalq güc mərkəzləri  tərəfindən ictimai rəyə yeridilir və bunun üçün “yerli ekspertlərə” istinad olunur. Həmin “yerli eksperlər” sırasında ən çox istinad edilənlərdən biri də, professor Qulu Məhərrəmlinin təmsil olunduğu çevrədir. Onlar həm mediadakı çıxışlarında, həm də hazırlayıb xaricə ötürdükləri hesabatlarda bu xətti çox dürüst şəkildə davam etdirirlər.  Ötən yazımda bu məqama toxunduğum üçün, təkrarlamıram. Linki tədim edirəm, maraqlananlar tanış olsun. Linkdə kifayət qədər dəlil-sübut var  (https://news.milli.az/politics/772570.html?fbclid=IwAR2f96ZWvU3DSjo7ZFF2zxh5__ebrnsAbsmH7_SDUeuWYRC60roxjNccEgc ) . Amma materialda bir məqama diqqət yetirilməsini tövsiyyə edərdim: öncələr insan haqları üzrə hazırlanmış bütün beynxalq hesabatlarda, adətən, Azərbaycan Ermənistanla qoşa tutular, eyni rəngdə göstərilər və ölkəmizdə haqlı narazılıq doğurardı. 2011-ci ildən etibarən bu tentensiya dəyişdi. Azərbaycan nəinki Ermənistanla qoşa tutuldu, hətta Erməistandan bir pillə geri çəkildi. “Freedom House”  və “Sərhədsiz reportyorlar”ın  saytlarında arxivə baxsanız, özünüz də görərsiniz.  Həmin geriçəkmə oyunu bu gün də davam edir, məsafə sünii şəkildə böyüdülür. Maraqlı məqamlardan biri  isə, Əkrəm  Əylislinin “Daş yuxular” romanının  məhz həmin ərəfədə çap edilməsidir. Əylisli, insani münasibətlərə görə ermənilərin azərbaycanlılardan öndə olduqlarını bədii müstəvidə əsaslandırmağa çalışdı. Bundan daha çox qəribə  olan isə,  “Yeni Nəsil” JB-nin (Qulu Məhərrəmlinin təmsil olunduğu çevrə) sinxron xarakterli hesabatlarıdır.  “Yeni Nəsil” JB  2013 ildə  Avropa İttifaqından dəstəklənən “Avropa qonşuluq siyasətinin Şərq regionunda söz azadlığının monitorinqi” layihəsi çərçivəsində media azadlığı indeksini açıqlayıb. İlk dəfə həmin hesabatda Azərbycanın adı Ermənistandan geri çəkilib.  “Yeni Nəsil” JB –nin 2013-cü il hesabatı: 

Ölkə           Reytinq    İndeks

Gürcüstan  1222           6

Moldova    1111           5

Ermənistan 912            4

Ukrayna     797            4

Azərbaycan 523           3

Belarus        414           2

Tarixlər təsadüfənmi üst-üstə düşüb? Əkrəm Əylisli və   “Yeni Nəsil” JB təsadüfənmi eyni ildə ermənilərin azərbaycanlılardan üstünlüyü “həqiqətini” dərk ediblər?  Yoxsa professor Qulu Məhərrəmlinin çevrəsi ilə Əkrəm Əylisli eyni proqramın tərkib hissəsi olublar? Bilmirəm, hökm verə bilmərəm. Suallar çoxdur, cavabı professor özü versə yaxşıdır. Mən ona debat təklif etmişəm, oturaq, danışaq.

“Peşəkarlıq” nəzəriyyəsi, yoxsa taftalogiya?

Məsələ ondadır ki, Qulu Məhərrəmli  ona ünvanlanan suallara qəribə reaksiya verir. Sual verənlərin birini “İT”, digərini “pişik” adlandırıb. Son müsahibələrinə baxsaq görərik ki,  o özünün  paradoksal görünən fikirlərini medianın “peşəkarlıq və dürüstlük” prinsipinə inanması ilə əlaqələndirir.  Professor deyir ki, “həqiqət olanı” de;  vətən, millət, dövlət qayğısı çəkmək jurnalistin vəzifəsi  deyil. Əlavə olaraq ona sual ünvanlayan, milləti aşağılayan  təzadlı fikirlərinə görə hesabat soran şəxsləri aşağılayıb, onları   jurnalistika peşəkarlığından xəbərləri olmayanlar kimi təsnif edib: “Jurnalist əgər təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa, əxlaqdan məhrumdursa, peşəkar deyilsə,  bu cəmiyyətə heç nə verə bilməz. Yəni artıq o jurnalistlikdən çıxıb tamamilə mənfi bir  tipə çevrilir”.

Qulu Məhərrəmlinin işlətdiyi bu fikirlər  öz yaradıcılığının məhsulu deyil, jurnalistika üçün hazırlanmış beynəlxalq kodekslərdən götürülmüş, “milliləşdirilərək” fərqli formaya salınmış ifadələrdir.  Professor onları sadəcə uyğunsuz  yerdə və uyğunsuz zamanda təkrarlayıb. Problem  həm də budur  ki, həmin kodeksləri hazırlayanlar, artıq öz prinsiplərindən dönüblər, yaxud dildə bir söz deyirlər, əməldə fərqli davranırlar. “Media təbliğat, təşviqat vasitəsi deyil” deyənlər, bunu medianın etik kodeksinə yazanlar indi medianı tam gücü ilə təbliğat vasitəsi kimi istifadə edirlər, onu informasiya savaşına alət edirlər. İndi  medianın funksiyası  maarifləndirmək deyil, daha çox informasiya savaşında alət olmaqdır. BBC-nin, “The washington post” un,  “The Guardian”nın və digər 10-larca transmilli KİV-lərin  Suriya, İraq, Əfqanıstan,  Liviyada oynadıqları rolu hamımız gördük. Dövrümüzdə media silahdır və bu silah böyük güclərin əlindədir, savaşı da onlar başladıblar. Bizlər, Türklər demiş, mağdur olanlarıq.  Güclü baş, güclü nəzəriyyəçi lazımdır ki, belə keçid dövründə   həm media mühitini qoruyacaq, həm də informasiya savaşında qalibiyyətimizi təmin edəcək düsturun sintezini yaratsın.   Əslində, keçid dövründə bir professordan, media nəzəriyyəçisindən gözlənən budur. Amma əgər professor özü oyunlara alət olursa və ya özü oyunçuya çevrilirsə…

Qulu Məhərrəmli media nəzəriyyəsini, mediaya baxış sistemini “dəyişmək üçün” öz şərtlərini irəli sürüb. Bu şərtlərə əsasən, indi mediada üzdə olanlar getməli, media müstəvisi onun  kimilərin ixtiyarına buraxılmalıdır. Bir anlıq hesab edək ki, bu baş verib:  bədii ədəbiyyat müstəvisi Əkrəm Əylislinin, sosial şəbəkələr Nərmin Şahmarzadənin,  media müstəvisi də Qulu Məhərrəmli və onun çevrəsinin  təsir zonasındadır. Nələr olacaq?

Müşfiq Ələsgərli

Siyasiləşmiş “media ekspertləri”: onlar kimin maraqlarına xidmət edirlər?

https://news.milli.az/politics/772570.html?fbclid=IwAR0lHZcYVsEQ2jofdz9wckO2_j-8UtlBj2VUL0Q1qVPX2AO5gpFjiivJrUQ

Mən vəziyyətin dəyişə biləcəyinə işarə verən əlamətlər görürəm. “Turan” agentliyinin, “Ayna” və “Zerkalo” qəzetlərinin fəaliyyətlərini bərpa etməsi məndə belə ümidlər yaratdı. Düşünürəm ki, onların fəaliyyətlərini bərpa etməsində ölkə rəhbərliyinin ortaya qoyduğu fərqli iradə rol oynadı…. Ancaq hakimiyyət daxilində həmin KİV-lərin fəaliyyətindən heç də razı qalmayan vəzifəli şəxslər var.

Vaxtilə “Turan” agentliyinin, “Ayna” və “Zerkalo” qəzetlərinin bağlanmasına nail olmuşdular. Onlar yenə məqam gözləyirlər. Əgər onların bu cür fəaliyyətlərinə imkan verilərsə, xoşagəlməz proseslər davamını tapacaq”.

Bu fikirlər özünü “mediatexnoloq”, “müstəqil media eksperti” kimi təqdim edən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevə məxsusdur. Milli Mətbuatın 144 illiyi ilə bağlı müsahibədə Azərbaycan mediasının mövcud durumunu qiymətləndirərkən belə deyib. Təqdim etdiyimiz qısa sitat, ümumilikdə müsahibənin motivini təşkil edir, oxucuya belə fikir aşılanır ki, Azərbaycan Prezidenti medianın qayğısına qalır, medianın inkişaf edib dünya çapına çıxmasına çalışır, amma Prezidentin media siyasətini icra edənlər ya səriştəsiz, ya da qərəzli yanaşma ilə bu səyləri heçə endirirlər, medianı “belə günə qoyurlar”.

Eyni fikirlər, kosmetik dəyişikliklərlə Qulu Məhərrəmlinin “versus.az ” xəbər saytına verdiyi müsahibədə, Elçin Şıxlının telemüsahibəsində təkrar olunur. “Belə mətbuatın nəyini təbrik edəsən?” başlığı ilə yayımlanan müsahibədə Qulu Məhərrəmli simvolik fərqlərlə Arif Əliyevin tezislərini təkrarlayıb.

Müsahibələr tezislərin təkrarlanması ilə yanaşı, eyni tarixdə yayımlanmaları, eyni hədəfləri vurmaları ilə diqqət çəkirlər. Kimsə iddia edə bilər ki, 2 gün sonra Milli Mətbuatın 144 illiyi tamam olur, müsahibələr bu məqsədlə verilib, tarixlər də bu baxımdan üst-üstə düşür. Amma deyil: bu fikirlərin nə Milli Mətbuat Gününə, nə də medianın mövcud durumuna aidiyyatları yoxdur. Bunlar bir ” mediatexnoloq”un, “müstəqil media eksperti”nin də fikirləri deyil. Mediaya verilən “siyasi qiymətdir”, büsbütün siyasi mesajlarla doludur; konkret ünvanlara hədəflənib. Media eksperti siyasi oyunlara girişməz, siyasi oyunlara alət olmaz, siyasi qurupların təbliğatçısına çevrilməz. Bu müsahibələr isə əksinə, məhz siyasi oyunlara hesablanıb. Eyni tezislər, təqribən 2017-ci ilin ortalarından başlayaraq, intensiv şəkildə gündəmə gətirilir, vahid mərkəzdən idarə olunur:

“Azərbaycanda islahatlar başlayıb, bu islahat hökumətin media siyasətini icra edənləri da vuracaq” deyə bir fikir aşılanır cəmiyyətə. Media caməsində olub, bu şayiələri eşitməyən, fürsət düşən kimi qolundan çəkilib “sən də gəl bizə qoşul” təklifini almayan qalmayıb, yəqin ki. Prezidentin başlatdığı islahat dalğasını fürsət bilib keçmişini gizlətmək, özünə yer tutmaq istəyənlər çoxalıb, “suyu bulandırıb balıq tutmaq” istəyənlər az deyil. Olsun, islahatı hamı dəstəkləyir, hər kəsin hansısa vəzifəyə təyinat almaq, hansısa prosesdə iştirak etmək haqqı var. Amma bunun üçün yalan danışmaq, cəmiyyəti aldatmaq, kimlərinsə əməyini yerə vurmaq, haqqını danmaq, kimlərisə öz toruna salıb naməlum istiqamətə sürümək, bədbəxt edib yarı yolda buraxmaq şərtdirmi? Yaxud, hansısa qrupun oyunçusuna çevrilmək, alət olmaq şərtdirmi?

Qoy əksini desinlər, isbat etsinlər ki, gördükləri iş kampaniya deyil, siyasi məqsəd daşımır, səmimi şəkildə medianın problemlərini çözmək istəyirlər; üç şəxsin müsahibəsi də ya təsadüfən, ya da mətbuat günü ilə bağlı olaraq üst-üstə düşüb. Əgər belədirsə, onda bir həftə öncə Aslan İsmayılovun verdiyi müsahibəni necə şərh edək? Aslan İsmayılov cəmi bircə həftə öncə özünün sosial şəbəkələrdə yaydığı müsahibəsində deyir: ” Elçin Şıxlı, Mehman Əliyev, Qulu Məhərrəmli, Arif Əliyev birlikdə Əli Həsənova qarşı qəti mövqe ortaya qoymalıdırlar….”. Adam komanda verir, icraçılar da dərhal hərəkətə keçirlər, bir gündə hamısı müsahibə verirlər və Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisinin, media siyasətinin icraçısının fəaliyyətini pisləyirlər. Təsadüfidirmi? Əgər belədirsə, niyə açıqlama verib Aslan İsmayılova “biz sənin əmr qulların deyilik” demirlər?

Əvəzində, Aslan İsmayılovun tezislərini öz müsahibələrində olduğu kimi təkrarlayırlar. Bu müsahibələrin kampaniya xarakterli olmasını isbatlayan arqumentlər yetərincədir, hamısını sadalamaq lüzumsuzdur. Bizim diqqət yetirmək istədiyimiz məqam müsahibələrdə əks olunan tezislərin nə dərəcədə “obyektiv” və “səmimi” olmalarıdır.

Prezident haqqında iki təzadlı tezis

Arif Əliyevin son müsahibəsində ölkə Prezidentinin fəaliyyətini “təqdir edib”, mediaya yönəlik qərarlarını “dəstəkləyib”. “Yeni Nəsil” JB sədrinin fikirlərindəki bu yeniliyi təqdir edirik, onun dönüş etməsinə sevinirik. Amma o öz fikrində nə qədər səmimidir? Məqsədi Prezidenti təqdir etməkdir, yoxsa müvəqqəti manevr edib iqtidarın monolit komandasında parçalanma yaratmaq, ayrı-ayrı məmurları cəmiyyətin gözündən salmaq, sonda Prezidentin kadr siyasətini pisləmək? Onun Prezident haqqında fikirləri ilə tanış olmaq üçün çox yaxın keçmişə səyahət edək. 2016-cı ilin aprel ayında, Azərbaycan xalqı və dövləti üçün çox həssas məqamda, aprel döyüşləri zamanında “Azadlıq” qəzeti “mediatexnoloqdan” müsahibə alır (http://www.azadliq.info/130389.html 16 Aprel 2016 08:10). Müsahibənin adı belədir: “Hakimiyyətin islahatlara getmək potensialı yoxdur” . Yarımbaşlıq isə belə təqdim olunur: “Əli Kərimliyə hücum hakimiyyətin Qarabağa dair qeyri-populyar qərar hazırlamasıyla da bağlı ola bilər”.

Arif Əliyevin aprel hadisələri günündə verdiyi müsahibənin motivi budur ki, hakimiyyət komandası “Qarabağı ermənilərə güzəştə getməyə hazırlaşır, xalqın bu güzəştdən xəbər tutmaması, etiraz etməməsi üçün medianı öldürürlər”.

Guya AXCP sədri Əli Kərimli Prezidentin ” bu siyasətinin qarşısını alımaq istəyir, Qarabağın satılmasına mane olmaq istəyir, ona görə də hakimiyyət Əli Kərimli üzərinə hücuma keçir”. Müsahibə boyunca hakimiyyətin ordu quruculuğu ən kəskin şəkildə pislənilir, ordu siyasətini icra edən şəxslər ən kəskin ifadələrlə tənqid edilirlər. Necə ki, indi hakimiyyətin media siyasətini icra edənlər pislənilirlər.

Başqa bir həssas dövrü, 2013-cü ilin prezident seçkiləri dövrünü nəzərdən keçirək. Seçkidən 2 ay öncə 2013-cü ilin sentyabr ayında Arif Əliyev dövrün populyar KİV-lərindən olan “mediaforum.az” saytına müsahibə verib

(mediaforum.az/az/2013/07/05/%C4%B0 brahimb%C9%99yovun-d%C3%BCnyan%C4%B1n-adam%C4%B1-oldu% C4%9Funa-inanmaq-112158269c02.html#.Udw_8DvwnSg).

Müsahibənin başlığı belədir: “İbrahimbəyovun “dünyanın adamı” olduğuna inanmaq daha asandır”. A.Əliyev müsahibə boyu hakimiyyətin seçki hazırlığını pisləyib, İlham Əliyev komandasını avtoritar olmaqda ittiham edib, onun alternativlərini, “Milli Şurada” birləşənləri və Milli Şuranın prezidentliyə vahid namizədi olan Rüstəm İbrahimbəyovu təqdir edib, onu “dünyanın adamı” kimi şərəfləndirib. “Mediatexnoloq” həmin müsahibədə də Prezidentin komandası haqqında kəskin fikirlər deyib, xüsusən seçkiyə cavabdeh olan məmurları yarıtmaz adlandırırdı. 
Geriyə getmirəm, çünki vəziyyət daha da qəlizləşir. Hesab edirəm ki, çox dərinə getmədən belə, Arif Əliyevin Prezident haqqında təsəvvürlərini aydınlaşdırmaq mümkündür.

O, 6 il əvvəl Prezident komandasının seçki məsələləri üzrə məsul üzvlərini (həmin şəxslər bu gün də seçki prosesinə məsuldurlar), 3 il öncə Prezident komandasının hərbi məsələlər üzrə cavabdeh üzvlərini (həmin şəxslər bu gün də hərbi məsələlərdə məsuldurlar), daha sonra Prezident komandasının media məsələləri üzrə məsul üzvlərini (həmin şəxslər bu gün də media məsələləri üzrə məsuldiurlar) ən kəskin ifadələrlə tənqid və təhqir edir. A. Əliyev 2013-cü il müsahibəsində deyir: “Seçkilər yaxınlaşdıqca görünür ki, iqtidar qüvvələri vahid platformaya gəlməyiblər, əvvəlki birlik və vahidlik görsənmir. Uzun illər baş verən daxili çəkişmələr orta səviyyəli rəhbərlərin, biznes dairələrinin narazılığını artırıb… Həlledici amil, əlbəttə ki, Rüstəm İbrahimbəyovun şəxsiyyəti ola bilər”. Adam bütün varlığı ilə İlham Əiyev hakimiyyətinin əvəzlənməsini arzulayır, bu yolda çalışır, ictimai rəyi istiqamətləndirir. Arzuları doğrulmayanda isə fərqli taktika seçilir, iqtidar komandasının ən sadiq üzvləri hədəfə götürülür, cəmiyyətin gözündən salınır, hakimiyyət komandasında parçalanma, etimadsızlıq mühiti yaradılmasına cəhd göstərilir. Belə açıqlamalarla cəmiyyətə “Prezident öz ətrafına gərəksiz adamları toplayıb” mesajı verən Arif Əliyev ölkə Prezidentini təqdirmi edir? Bu, rus misalında deyildiyi kimi, naşı siyasətçilikdən doğan “ayı xidmətidir”, yoxsa cəmiyyəti çaşdırıb özünə yer tutmaq üçün istifadə edilən taktika? Müsahibələri oxuyarkən, ikinci tezis öz təsdiqini daha çox tapır. Olsun, hər kəsin bir komandada təmsil olunmaq, hakimiyyətə gəlmək, siyasi mübarizədə iştirak etmək hüququ var. Amma burada bir dürüstlük olmalıdır. Sən bir müsahibədə Prezidenti və onun komandasını ən kəskin şəkildə pisləyirsən, əvəzlənməsini arzilayırsan, bunu Azərbaycanın qurtuluş resepti kimi təqdim edirsən, digər müsahibəndə isə Prezidenti təqdir edib, onun komanda üzvlərini aşağılayırsan. Belə siyasət olurmu? Jurnalistlərin etik kodeksindən götürülmüş bir tezis var, Qulu Məhərrəmli onu tez-tez təkrarlayır, sonuncu müsahibəsində də təkrarlayıb: “Jurnalist vicdanlı, dürüst, əxlaqlı olmalıdır”. Nəzərə almaq lazımdır ki, bu tezis təkcə jurnalistlər üçün deyil, media industriyasında təmsil olunan hər bir şəxs, o cümlədən media ekspertləri üçün keçərlidir. 
Azərbaycan mediasının xaricə çıxışını kim əngəlləyir? 
Siyasətlə işimiz yox. Arif Əliyevin siyasi proseslərlə bağlı fikirlərini şərh etmək həmin sahənin təmsilçilərinin üzərinə düşür. Bəlkə bilmədiyimiz daha dərin mətləblər var? Bəlkə ildə bir siyasi əqidəni dəyişmək siyasi etiketin tələbidir? Bəlkə, doğurdan da, belələrini səmimi qəbul edib inananlar var? Bizim işimiz deyil.

Toxunmaq istədiyim məqam müsahibədə medianın mövcud durumu ilə bağlı deyilənlərdir. Arif Əliyev və təriflədiyi komanda üzvləri mütəmadi olaraq KİVDF-nin və Mətbuat Şurasının fəaliyyətini gündəmə gətirirlər, onları tənqid edirlər, bu tənqidlərini də “hakimiyyətin media siyasətinin icraçılarının yarıtmaz əməlləri ilə” əlaqələndirirlər. Qeyd edirlər ki, əgər KİVDF ona ayrılan maliyyəni düzgün sərf etsəydi, Azərbaycan mediası “bu gündə olmazdı”, “beynəlxalq aləmə çıxa bilərdi”, “ölkə daxilində ictimai rəyə sahiblənə bilərdi” və sair. Bu iradlara dəfələrlə cavab verilib, həm də tutarlı cavablar. İnternetdə axtarış verib tanış olmaq mümkündür. Mənim deyəcəklərim bir az fərqlidir. Əvvəla, Azərbaycan mediası ölkə daxilində ictimai rəyə sahiblənib, özü də çox peşəkar səviyyədə. 2015-ci ilin Bakı I Avropa Oyunları zamanı, 2016-cı ilin aprel döyüşləri zamanı, 2018-ci ilin prezident seçkiləri hədəf alan “söyüş kampaniyası” zamanı Azərbaycan mediasının sərgilədiyi mövqe, ictimai rəyin sabit tutulması yönündə apardığı mübarizə yaddaşlardadır. Hücum elə başlamışdı ki, Arif Əliyev və onun təriflədiklərinin ümidinə qalsaydı, indi çox şey fərqli olardı. Bəlkə Arif Əliyev, Qulu Məhərrəmli, Elçin Şıxlı, Mehman Əliyev cavab verdi “söyüşçülərə”? Bircə yazıları, iradları, cavabları, barışdırıcılıq təşəbbüsləri oldumu? Varsa belə cavabları, heç olmasa bircə nüsxəsini göstərsinlər, biz də bilək. Axı həmin söyüşçülər ölkə Prezidentini, onun seçkisini, I Vitse Prezidenti, Azərbaycan dövlətini, xalqını… hədəf almışdılar. Niyə qalxıb bircə kəlmə demədiniz, səsinizi çıxarmadınız? Budurmu Prezidentə dəstək, təqdir? Yaxın bildiklərinizə danışmışdınız, onlar da sağa-sola dağıdırdılar: demişdiniz ki, biz niyə cavab veririk, qoy özləri cavab versinlər! Çox dəqiq ifadədir, xarakterinizi tam açır, Siz həmişə belə düşünmüsünüz: dövlət pul, qrant versin, vətəni müdafiə edək; əks tərəf pul, qrant versin, vətəni söyək. Belə prinsip olmaz. Belə düşündüyünüz üçün də etimad qazanmamısınız. Sizlər, 1992-cı ildən 2008-ci ilə qədər Azərbaycan mediasının üst qatında olmusunuz, medianı idarə etmisiniz. Əgər etimad qazana bilsəydiniz, media layihələri Sizin vasitənizlə icra olunardı. Media üzrə ən böyük layihələr, məhz sizlərin gedişindən sonra icra edilib. Deməli, sizlərə yox, sizlərdən sonrakılara etimad göstərilib. 
Azərbaycan hökuməti olmasa da, xaricilər etimad göstərib Sizə. 1996-cı ildən 2008-ci ilə qədər xarici donorlar tərəfindən Sizin vasitənizlə 150 milyon dollardan artıq vəsait xərclənib Azərbaycan KİV-lərinə.Təqribən 300 milyon manata yaxın. Hanı dayanıqlıq? Göstərin, o KİV-lərdən birini nümunə olaraq. Hamısına layihə yumaq, fırdi spöhbətlərdə istifadə etdiyiniz istilahla ifadə etsək, “xımır-xımır yemək” üçün vasitə kimi baxmısınız. Layihə olub, çalışıblar, olmayıb, atmısınız daşını.

KİVDF vasitəsilə Azərbaycan mediasına 10 il müddətində ayrılan vəsait sizin vasitənizlə ayrılan vəsaitdən düz 10 dəfə azdır, cəmi 30 milyon manat. KİVDF-nin vəsait ayırdığı KİV-lər hamısı ortadadır, Azərbaycan cəmiyyətini informasiya ilə təmin edirlər, informasiya məkanını qoruyurlar. 
Bəs sizlərin icra etdiyiniz layihələrdən gündəmdə qalan nə var? Nə yetişdirmisiniz 12 il ərzində, 1996-cı ildən 2008-ci ilə qədər? Əslində var nümunələr, amma ürək açan, üz ağardan deyillər.

Siz “unutsanız” da, mən xatırlayıram. 90-cı llərdə Orduxanları yetişdirmisiniz: küçəyə çıxıb “polisə daş atan jurnalistləri”. 2000-ci illərin əvvəllərində Emin Hüseynovu və onun bənzərlərini yetişdirmisiniz. İnkar etməyin: indi təriflədiyiniz Mehman Əliyev Emin Hüseynovun əlindən tutub, donor təşkilatlara bir-bir təqdim edib. Gözümüzün qabağında olub bütün bunlar. Son 3 il ərzində də İkram Rəhimovu gətirmisiniz mediaya, “hinduşka alverçisini”. Onu da Sizin Media Kulub və “Turan” Agentliyi sırıyıb mediaya. İkram həbs ediləndə Siz 3 dildə informasiya yayıb onu “Azərbaycanda tənqidçi jurnalist həbs olundu” kimi təqdim etmisiniz. İndi nə Orduxan var, nə Emin var, nə də İkram. Ona görə deyirsiniz ki, “Azərbaycan mediası bu günə düşüb”.

Azərbaycanın, Sizin anlayışınızda “bu günə düşmüş mediası” Sizin yetişdirdiyiniz mediadan daha çox faydalı olub vətən üçün, peşəkar olub, milli olub.

Azərbaycan mediasının xaricə çıxışına gəlincə. Əvvəla bu gün Azərbaycan KİV-ləri beynəlxalq media məkanına inteqrasiya etmək yolunda sürətlə irəliləyirlər. Nailiyyətlər də var, kəm-kəsirlər də. Amma Azərbaycan KİV-i barədə 10 illər boyunca xaricdə, beynəlxalq təşkilatlarda elə imic yaradılıb ki, bu imici dağıtmaq və əksini sübut etmək asan deyil. Vaxt, zaman, imkan və davamlı cəhd lazımdır. Kim yaradıb o neqativ imici? Əlimizi vicdanımızın üzərinə qoyaq və bu sahədə səmimi danışaq. Bu sahədə Sizin yaddaşınızı təzələmək üçün 2013-cü ildə yaydığınız bir relizdən ayrılmış parçanı təqdim edirəm. Azərbaycan mediası barədə beynəlxalq təşkilatlara göndərdiyiniz hesabatla tanış olun. Xatırlayın ki, Ermənistanın yanında aşağıladığınız, Ermənistandan ucuz tutduğunuz Azərbaycan barədə bu imici Sizlər yaratmısınız. Mətbuat üçün açıqlamada deyirsiniz ki, bu cür hesabatları hər 3 ayda bir dəfə yeniləyirsiz. Tam dəqiqdir. Beynəlxalq hesabatlarda, harada ki, Azərbaycan adı əskik tutulur, qeyri-real arqumentlər təqdim edilməklə adımız Ermənistandan geri yazılır, hamısının altında sizin imzanız var, hamısı sizə istinadla qurulur. Amma bircə faktı unudursunuz ki, bütün bunlar tarixə yazılır, zamanında ictimailəşdirilib, mətbuatın səhifələrində yer tutub. Bu arxivlər bir gün açılır, kimliyiniz ortaya çıxır. Nə Mətbuat Şurası, nə KİVDF, nə də başqa vicdanlı bir təşkilat beynəlxalq təşkilatlara donos yazmayıblar, Azərbaycan adını Ermənistan adından aşağı tutan siyahılara imza atmayıblar, sonra da bu imicin dəyişdirilməsinə yardım etmək adı ilə dövlətdən qrant istəməyiblər. Bunları sizlər etmisiniz, bu dövlətin, millətin, hakimiyyətin adını həmişə aşağılamısınız, bu dövlətə, elə həmin dövrdə də, indi “təqdir etdiyiniz” Prezident rəhbərlik edib. Sadəcə qrant almaq üçün ölkəni bu qədər ucuz tutmaq olarmı? Bu yanaşma ilə Siz kimə xidmət edirsiniz? 
PS. Zərurət olsa, relizin tam mətnini və yayıldığı KİV-lərin linklərini də Sizə göndərə bilərəm. Qısa versiyası ilə tanış olun.

Yeni Nəsil” Azərbaycanın media azadlığı indeksini açıqlayıb”

2013-09-03 – 14:57:00
Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Ukrayna və Moldovanın jurnalist təşkilatları Avropa İttifaqından dəstəklənən “Avropa qonşuluq siyasətinin Şərq regionunda söz azadlığının monitorinqi” layihəsi çərçivəsində media azadlığı indeksləri hazırlayırlar. İndekslər hər üç aydan bir təzələnəcək, yerli ictimaiyyətə, beynəlxalq təşkilatlara, o cümlədən ümumavropa təsisatlarına təqdim olunacaq.

“Yeni Nəsil” Jurnalistlər Birliyi Azərbaycan üzrə ekspert sorğusu əsasında tərtib olunmuş ilk media azadlığı indeksini açıqlayıb. Sorğu 2013-cü il iyunun 22-25-də keçirilib. Tədqiqatda siyasi təşkilat və dövlət orqanlarında təmsil olunmayan, öz sahəsində azı 5 il iş təcrübəsinə və kütləvi informasiya orqanları ilə daimi əlaqələrə malik hüquq müdafiəçiləri, hüquqşünaslar, sosioloqlar, ictimai xadimlər və jurnalistlər iştirak ediblər……

Ölkə Reytinq İndeks
Gürcüstan 1222 6
Moldova 1111 5
Ermənistan 912 4
Ukrayna 797 4
Azərbaycan 523 3
Belarus 414 2

Müşfiq Ələsgərli

“Reket jurnalistika”nın tipi və xarakteri tamamilə dəyişib”

Müşfiq Ələsgərli: “Bu qruplar Azərbaycan dövlətinə, ölkədəki sabitliyə qarşı şantajedici vasitəyə çevriliblər”

Özlərini jurnalist hesab edərək açıq və gizlin şəkildə müxtəlif çəkilişlər aparan, əsasən xoşagəlməz hadisələrlə gündəmə gələn bir qrup gəncin hərəkətləri media cameəsində sərt qınanır. Peşəkar mediada uzun illərdir “külüng vuran”, imzası ilə tanınan jurnalistlər həmin gənclərin fəaliyyətinin jurnalistikanın prinsipləri, Jurnalistlərin Peşə Davranış Qaydaları ilə uzlaşmadığı qənaətindədirlər. Haqlı olaraq qeyd edirlər ki, məişət zəmində yaşanan insidentdə fiziki zədə alan və bu halının şəklini çəkərək sosial media üzərindən ictimailəşdirən, yalandan bunu jurnalistə qarşı fiziki təzyiq kimi qələmə verən, yaxud təqaüddə olan eks-məmurun avtomobilinin üzərinə çıxaraq onu qıcıqlandıran, təxribata çəkən şəxs qeyri-ciddi, jurnalist peşəkarlığından xəbəri olmayan bir adamdır. Bu mövzu ilə bağlı “Kaspi” qəzetinin suallarını Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli cavablandırır. – Müşfiq müəllim, son vaxtlar bir qrup gənc meydana çıxıb və özlərini jurnalist hesab edərək müxtəlif çəkilişlərlə, xoşagəlməz hadisələrlə sosial medianın gündəminə gəliblər. Peşəkar jurnalist olaraq belələrinin fəaliyyətini necə qiymətləndirirsiniz?  – Bu şəxslərin jurnalistikaya aidiyyatı yoxdur və onların mövcudluğu, yol verdiyi hərəkətlər də yeni hadisə deyil. Azərbaycan Mətbuat Şurası uzun müddətdir ki, mediada neqativ hallara, o cümlədən “reket jurnalistika”ya qarşı mübarizə aparır. Bəzən Mətbuat Şurasını qınayırlar ki, nə üçün jurnalistikadan sui-istifadə edən belə şəxslərin, media qurumlarının adını “reket jurnalist”, “reket media” qoyursunuz? Halbuki, “reket jurnalist” kimi təqdim etməklə, həmin şəxsin mahiyyət etibarilə jurnalist olmadığını, jurnalistika ilə məşğul olmadığını cəmiyyətə çatdırmaq istəyirik. “Reket” adlandırdığımız bəzi media qurumları, şəxsləri yalnız klassik mənada qəbul etmək, onların sadəcə ayrı-ayrı vətəndaşlara hədə-qorxu gəlməklə, şantaj etməklə, hansısa məsələlərdə təzyiq göstərməklə “fəaliyyət” ortaya qoyduqlarını təsəvvür etmək düzgün deyil. Hazırda “reket jurnalistika”nın tipi və xarakteri tamamilə dəyişib.  – Bu dəyişiklik nədən ibarətdir? – Beş-on il bundan əvvəl bəzi şəxslər jurnalistikanın adından istifadə edərək, idarə və müəssisələri, ayrı-ayrı vətəndaşları, o cümlədən məmurları şantaj edir, təzyiq göstərir, qarşılığında maddi yardım alırdılar. İndi məsələnin xarakteri yalnız bu deyil. Jurnalistikaya süni şəkildə gətirilmiş insanların məqsəd və məramlarında ciddi dəyişikliklər özünü göstərir. Düzdür, klassik məqam da var. Yəni, “reket jurnalistlər” bu “fəaliyyəti” “biznes layihəyə”,  qanunlar prizmasından baxsaq cinayət əməlinə çeviriblər. Kimin kimdən haqq-hesabı, kin-küdurəti, qisası varsa, tez özünə bir internet resursu yaradır, hədəfə aldığı insanlar barədə şər-böhtan, qərəz dolu məlumatlar ictimailəşdirir, şantaj edir, qorxudaraq öz məqsədinə nail olmağa çalışır. Bu, klassik formadır. Amma indi bu “reket jurnalistlər”dən Azərbaycan dövlətinə və ölkəmizə təzyiq göstərmək üçün istifadə edirlər.  – Konkret misal çəkə bilərsinizmi? – Əlbəttə, bu, mümkündür. Misal üçün, 4-5 ay bundan öncə “reket jurnalistika” ilə məşğul olan İkram Rəhimov həbs olunub. Təxminən 3 ildir ki, həmin adamla bağlı Mətbuat Şurası işə baxır, araşdırma aparırdı. Əvvəllər onun nə fəaliyyətlə məşğul olduğunu bilmirdik. Sadəcə, onun yazılarında, rəhbərlik etdiyi media qurumunda dərc olunan materiallarda ayrı-ayrı vətəndaşlara qarşı neqativ amillər, o cümlədən şər-böhtan atılması, birtərəfli mövqe var idi. Biz onu Mətbuat Şurasına dəvət edib qanunvericiliyi, peşə davranış kodeksini əsas gətirdik, vəziyyəti izah etdik, yol verdiyi nöqsanların qəbuledilməz olduğunu bildirdik. Ancaq o, neqativ fəaliyyəti dayandırmaq əvəzinə daha da dərinləşdirdi, davam etdirdi. Mətbuat Şurası həmin şəxsə xəbərdarlıq edəndə dərhal onun himayəçiləri üzə çıxdılar. Bədnam “Media klub” var idi və həmin klub başladı İkram Rəhimovu müdafiə etməyə. Hətta Avropa strukturlarına yazdılar ki, guya İkram Rəhimov tənqidçi jurnalistdir, bu fəaliyyətinə görə ona qarşı Azərbaycanda təzyiqlər var. Biz məhz o zaman başa düşdük ki, İkram Rəhimov klassik mənada başa düşülən və yalnız kimlərisə şantaj etməklə, “reketçiliklə” pul qazanmaq istəyən şəxs deyil, o, həm də başqa bir şəbəkənin üzvüdür. Bu şəbəkə də insan haqları, söz azadlığı müstəvisində Azərbaycana qarşı təzyiq mexanizmi quranların əlində alət funksiyasını yerinə yetirirdi. İkram Rəhimov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılanda, həbs ediləndə “Turan” İnformasiya Agentliyi rus, ingilis və Azərbaycan dillərində məlumatlar hazırlayıb yaydı ki, Azərbaycanda tənqidçi jurnalist həbs olunub. Lakin istintaq orqanları sonradan İkram Rəhimovun telefon danışıqlarının səs yazısını ictimaiyyətə təqdim etdi və məlum oldu ki, o, kimlərlə danışıb, barələrində olan yazını saytdan çıxarmaq üçün nə tələblər irəli sürüb, nə qədər məbləğ istəyib, toyuq-hinduşka alveri edib və sair. Yəni, “reket jurnalistlər” hazırda Azərbaycana qarşı söz azadlığı və insan haqları müstəvisində təzyiq göstərilməsi, ölkəmizin adının neqativ siyahılara salınması üçün alətə çevriliblər. Bu aləti formalaşdıran mərkəzlər var.  – Hansı mərkəzlərdən söhbət gedir?  – Təəssüflə qeyd edə bilərəm ki, o mərkəzlər həm xaricdə, həm də daxildə mövcuddur. Biz bu adamların kimlərdən ibarət olduğunu da bilirik. Burada üçüncü məqam da bu cür “reket jurnalistlər”dən bəzi yumşaq xarakterli məmurların istifadə etməsidir. Onlar bir-birinə qarşı mübarizədə, həmçinin bir-birini zəiflətmək, gözdən salmaq, ictimai nüfuzunu aşağılamaq, vəzifədən çıxarmaq, yaxud yerinə başqasının təyin edilməsinə nail olmaq üçün “reket jurnalistlər”in “güc”ündən istifadə edir, onlara kompromatlar ötürürlər. Artıq bu kimi hallar da öz sübutunu tapıb. Mətbuat Şurasına bununla əlaqədar müraciətlər olunub, əlimizdə belə faktlar var. Çox təəssüf ki, “reket jurnalistlər” ayrı-ayrı qruplar arasında mübarizədə də alət kimi istifadə olunurlar. Həmin qruplar “reket jurnalistlər”ə istinad etməklə, elə bilirlər ki, öz maraqlarını gerçəkləşdirirlər. Halbuki, burada oyun qarşılıqlıdır. O qruplar öz maraqlarını, “reket jurnalistlər” isə maddi maraqlarını təmin edən, maliyyə mənbəyi, siyasi himayəçi kimi istifadə edirlər. Nəticədə “reket jurnalistlər” şəbəkəsi yetişir, formalaşır. İndi də “reket jurnalistlər”in süni təxribat törədən formaları ortalığa çıxıb. Bu qruplar Azərbaycan dövlətinə, ölkədəki sabitliyə qarşı şantajedici vasitəyə çevriliblər. Bəzən görürsən ki, özünü jurnalist adlandıran bir şəxs əlində smartfon gedib dürtülür hansısa təhsil müəssisəsinə, başlayır açıq və ya gizli çəkiliş aparmağa. Nə üçün çəkirsən deyə soruşanda da deyir ki, mən jurnalistəm, çəkiliş aparmaq, hər yerdən informasiya almaq mənim hüququmdur və sair. Bu, bəzən insanları çaşdırsa da kökündən yanlış hərəkətdir. Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında göstərilir ki, jurnalist faktın olduğunu bildiyi halda və onu realizə – isbat etmək üçün gizli çəkiliş apara bilər. Lakin buna qədər jurnalist informasiyanı dəqiqləşdirmək üçün müvafiq qanuni prosedurları keçməlidir. Yəni, hadisə yerindən reportaj hazırlamaq, yazılı və şifahi sorğu tələb etmək kimi prosedurlar yerinə yetirilməlidir. Əgər qanunla nəzərdə tutulan prosedurlar effekt vermirsə, yalnız bundan sonra digər metodlara əla ata bilərsən. Ancaq heç bir proseduru yerinə yetirməyən bəzi şəxslər özlərini jurnalist hesab edərək hansısa təhsil müəssisəsinə daxil olur, orada çəkilişlər aparır, hətta kimlərlə isə münaqişəyə girir, tədrisi pozur, uşaqlarda, valideynlərdə, müəllimlərdə psixoloji narahatlıq yaradırlar. Bu, jurnalistika deyil.  – Özünü jurnalist hesab edən və jurnalistlik fəaliyyəti ilə məşğul olduğunu iddia edən bir gənc bu yaxınlarda qeyri-adi hərəkəti ilə gündəmə gəldi. Vaxtilə mühüm dövlət vəzifəsini icra edən, hazırda təqaüddə olan bir vətəndaşın avtomobilinin üzərinə çıxdı. Həm o, həm də onun yaxın çevrəsi bunu “jurnalistlərə qarşı təzyiqə etirazın” bir əlaməti kimi cəmiyyətə təqdim etdilər. Buna münasibətiniz necədir? – Özünü jurnalist adlandıran, əsl reallıqda jurnalistikaya heç bir aidiyyəti olmayan bir şəxs vaxtilə Baş nazirin müavini vəzifəsini tutmuş, hazırda heç bir vəzifə səlahiyyəti olmayan, təqaüdə çıxan Abid Şərifovun avtomobilinin üzərinə çıxır, öz aləmində bunu jurnalist fəaliyyəti kimi qəbul edir. Əlbəttə ki, bu hadisə xoşagəlməzdir, jurnalist etikası və peşəkarlığı ilə uzlaşmır. Sosial mediada sözügedən hadisə barədə davamlı statuslar yazıldığından maraq üçün bu gəncin “Facebook”dakı şəxsi səhifəsinə baxdım. Həmin gəncin orada paylaşdığı statuslar, apardığı müzakirələr, aldığı rəylər onun psixoloji durumunu, şəxsiyyətini, əsl mahiyyətini açıq şəkildə ortaya qoyur. Adam özünü belə xarakterizə edib: “Təhsilsiz, savadsız, jurnalistika haqqında heç bir anlayışı olmayan, sadəcə yaxşı video çəkən jurnalist”. Özünü cəmiyyətə bu cür təqdim edən şəxsdən artıq nə gözləyəsən ki? Lap tutaq ki, yaxşı video çəkirsən, bəs niyə təxribat törədirsən? Yəqin ki, hüquq-mühafizə orqanları bunu araşdıracaqlar. Şəxsən mən bunu adi bir hadisə kimi qəbul etmirəm. Bu, təxribatdır. Bir qədər əvvəlki suala cavabda vurğuladığım kimi, artıq jurnalistika adından istifadə edib Azərbaycan dövlətini, hökumətini təxribata çəkən şəbəkə yetişib ölkəmizdə. Onların beynəlxalq himayəçiləri var. Həmin şəbəkə üzvlərindən birinə toxunan kimi dərhal beynəlxalq mərkəzlər onların barəsində bəyanatlar verir, Azərbaycanda söz-mətbuat, fikir azadlığının məhdudlaşdırılması barədə qeyri-obyektiv rəy formalaşdırmağa çalışırlar. Bu şəbəkə üzvləri monitorinq olunur, öyrədilir, istiqamətləndirilir və insident yaradırlar. Ardınca da onlar barəsində tamamilə əksinə olan hesabatlar hazırlanır, beynəlxalq müstəvidə yayılır. Ona görə də bu kimi məsələlərdə bir düzən yaradılmasının zamanı çoxdan yetişib. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu kimi faktları dərindən araşdırmalıdırlar.  Rufik İSMAYILOV