16 il ərzində icra edilən 100 illik proqramlar

Prezident İlham Əliyev son bir illik fəaliyyəti ilə dünyanın inkişaf nəzəriyyələrini  dəyişdi

Dublin “Triniti Kolleci” dünyanın  qədim təhsil ocaqlarındandır.  1592-ci ildə tikilib, istifadəyə verilib. Kollec adlandırılsa da, indi universitet statuslu  ali təhsil müəssisəsidir; 1711-ci ildən başlayaraq, kollecdə  tibb ixtisasının  da tədrisinə başlanılması ilə, universal təhsil müəssisəsinə çevrilib.  

“Triniti Kolleci”n (universitetin)  dünyaca məşhur olması, onun qədimliyi ilə yanaşı,  digər iki məqamla bağlıdır.  Onlardan biri kollecin nəzdindəki qədim kitabxanadır.   Bütün dünyada tanınan  “Triniti Kollec kitabxanası”da   4,5 milyon cild kitab, çoxlu sayda tarixi xəritələr, əlyazmalar və musiqi əsərləri qorunub saxlanılır. Kolleksiyaların əksəriyyəti XVI əsrin sonlarından başlayaraq toplanıb. Amma kitabxana tarixdə ilişib qalmayıb, dövrə uyğun yenilənir. Hazırda  onun internet səhifəsində 300.000 kitab yerləşdirilib. Tarixən istifadə edilmiş oxu zalında isə  3200 oxucu yerləşdirmək imkanına malikdir. Zaldakı oxucu yerlərinin hamısı İnternet şəbəkəsinə qoşula bilirlər. Bu kitabxana tarixi binalarda yerləşdiyi üçün,  İrlandiyanın əsas diqqətəlayiq yerlərindən biri, turistik məkanlarından  hesab edilir.

“Triniti Kolleci” Dublin şəhərinin mərkəzində yerləşir və 190000 m² ərazini əhatə edir. Bununla yanaşı, Kollecin tarixi  kampusu, orada  inşa edilmiş binalar olduğu kimi qorunub saxlanılır, zəngin memarlıq nümunələrindən hesab olunur. Burada xüsusilə XVIII əsrdə, öz dövrünün  memarlıq üslublarında inşa edilmiş tikililər çoxluq təşkil edirlər. Binalar və binaların həyəti dördbucaq formasında olduğundan,  kampus şəhər mərkəzinə yerləşdirilmiş  böyük kvadratı xatırladır.

Burada diqqət  çəkən əsas məqamlardan biri, kampusun, bizim anlamda desək, “tələbə yataqxanası” ilə bağlıdır.  XVI əsrdə inşa edilən  “tələbə yataqxanaları” bu gün də istifadə edilirlər, həm də öz təyinatları üzrə. Hətta Kollecin (Universitetin) büdcəsinə qatqı vermək üçün maraqlı bir mexanizm tətbiq edilib: tələbələr tətildə olduqları müddətdə  bu “yataqxanalar” turistlərin   istifadəsinə verilirlər, hostel xidməti göstərirlər.   2013-cü üldə İrlandiyaya səfərim çərçivəsində  bu hosteldən istifadə etmək nəsibim olub. Tarixiliklə müasirliyin harmoniyası insana xoş ovqat yaşadır, çoxlu turist cəlb edir.  Rəsmi statistikada bildirilir ki, İrlandiyaya təkcə “Triniti Kolleci”in kitab  sərgisini və  qədim “tələbə yataqxanasını” görmək, bu tarixi hostellərdə qonaqlamaq məqsədilə  hər il 1,5  milyondan çox turist  gəlir.

Dublin “Triniti Kollec” kompleksi uzunmüddətli və çoxfunksiyalı fəaliyyətinə görə,  tarixdə  özü ilə yanaşı, qurucusu olan  “Kraliça Yelizaveta”nın da adını yaşadır, məşhur edir. Həm də ərazisində olduğu ölkənin iqtisadiyyatına qatqısı var: hər il ölkəyə 1,5 milyon turist gəlişinə səbəb olmaqla, fayda verir.

Əslində, “Triniti Kollec” nümunəsini göstərməklə vurğulamaq istədiyim məqam da bununla bağlıdır. Dünyanın inkişaf etmiş ölkələri mərhələlərlə, tədricən qurulublar. Bir hakimiyyət dövründə yol infrastrukturu qurulub; digər  hakimiyyət  turistik bölgələri inkişaf etdirib, obyektlər qurub; başqa bir hakimiyyət komandası ordu quruculuğu, kimisi də sosial-humanitar siyasəti, təhsil, səhiyyəyə proqramları   ilə ölkə tarixində iz qoyub, ad qazanıb, ölkəsinin inkişafına qatqı verib. Yekunda inkişaf etmiş, dünyada söz sihibi olan dövlət formalaşıb.     

Azərbaycan  Respublikasının əhatə etdiyi coğrafi  ərazidə isə  tarix boyu mərhələlərlə  gerçəkləşdirilməli olan proqramların reallaşdırılması qısa zaman kəsiyinə, Prezident İlham Əliyevin  hakimiyyəti dövrünə təsadüf edir. Dublin “Triniti Kollec”dən  təsadüfən nümunə göstərmədik: Dublinin paytaxt olduğu  İrlandiya Respublikasının sahəsi  (Şimali İrlandiya başqadır, Böyük Britaniya tərkibindədir) az fərqlə Azərbaycan Respublikasının ərazisi qədərdir  –  70 208,67 km². Əhalisi isə  yarı qədər azdır- 4. 239. 848 nəfər.  Amma İrlandiya Respublikasından fərqli olaraq, Azərbaycan Respublikasının ərazisində yalnızca,  tək başına   1,5 milyon nəfərlik turist cəlb edəcək, həm də bu həcmdə  turisti yerləşdirə  biləcək infrastruktura malik obyekt yoxdur, olmayıb. 100 illər boyunca, mərhələlərlə, tədricən qurulmalı olan ciddi turizm  infrastrukturu ölkəmizdə son illərdə, həm də qısa müddətdə  qurulur.  Prezident İlham Əliyevin təşəbbüsü ilə xüsusi plan icra edilir. Təkcə Quba-Qusar turizm  bölgəsində son 16 il müddətində qurulan turizm infrastrukturu kifayət edər ki, həmən proqramı formalaşdıran və  icra etdirən ölkə rəhbərinin adı tarixə düşsün. Ayrıca götürsək, təkcə Şəki-Qəbələ turizm bölgəsində   son 16 il müddətində qurulan turizm infrastrukturu kifayət edər ki, infrastrukturu qurduran  ölkə rəhbərinin adı tarixdə xatırlansın…

Amma proses təkcə turizm infrastrukturunun qurulması ilə yekunlaşmır. Ölkənin 4 tərəfini paytaxt Bakıyla birləşdirən müasir yolların  tikilməsi, paralel olaraq, beynəlxalq Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin ölkəmiz üzərində kəsişməsinə nail olunması, bu dəhlizlərin fəaliyyətini təmin edəcək yol infrastrukturunun tikilməsi kifayət edir ki, bu proqramı icra etdirmiş prezidentin adı tarixə düşsün, ləyaqətlə yad edilsin. Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizi,  Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi artıq istifadəyə verilib, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilir. Bunların hər biri ayrı-ayrılıqda bir hakimiyyət dönəmi üçün yadda qalacaq böyük layihələrdirlər.

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının hazırlanaraq icra edilməsi, rayonların infrastruktur, region əhalisinin  həyat səviyyəsi baxımından paytaxt  standartları səviyyəsinə yüksəldilməsi, iqtisadi infrastrukturun formalaşdırılması  başqa bir kontekstdir. Dünya Bankının  “Doing busines” hesabatına görə,  Azərbaycan biznes mühitinin formalaşdırılması, iqtisadi yüksəlişinə görə dünya ölkələri sırasında  25-ci yerdədir.

İnkişaf reysinə çıxarılmış dövlətin sisial-iqtisadi qüdrətinin artırılması  ilə yanaşı, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi yönündə proseslər də  paralel şəkildə aparılıb. Beynəlxalq reytinq təşkilatları elan ediblər ki, Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. 2016-cı ilin aprelində  Qarabağ cəbhəsində,  2018-ci ildə Naxçıvanda gerçəkləşdirilən əməliyyatlar zamanı Azərbaycanın modern ordusu barədə deyilənlər öz təsdiqini tapdı.  Sadalanan faktlar nəticə çıxarmağa kifayət edir ki, son 16 il ərzində Azərbaycanın müstəqil dövlət quruculuğu nəzəriyyədən praktikaya çevrilmiş, dövlət tam bir mexanizm olaraq formalaşdırılıb. Ümumiləşmə üçün deyək  ki, Azərbaycanda 100 illər boyunca reallaşdırılmalı  olan, amma yalnız xəyallarda mövcud olan proqramlar son 16 il ərzində icra edildi. 

Son bir ildə, yəni 2018-ci ilin aprel  prezident seçkisindən  sonar  İlham Əliyevin fəaliyyətində diqqət çəkən tendensiyalar  ortaya çıxıb,  keyfiyyət dəyişiklikləri aparılır.. Əvvəlki dönəmdə  ölkədə dövlət quruculuğuna yönəlmiş proqramlara üstünlük verilirdisə, indi artıq formalaşmış dövlətin öz vətəndaşının həyatında, rifah halında əksi prioritetə çevrilib. Xalqın istək və arzuları önə çəkilir,  bundan irəli gələn vəzifələrin reallaşdırılmasına çalışılır.  Prezident 2018-ci ilin aprel seçkisindən sonra keçirilmiş andiçmə mərasimində bu fəaliyyətin anonsunu vermişdi, indi onu əməli addımlarla həyata keçirir.  İcra edilən proqramlar  çoxşaxəlidir:  kadr islahatlarından tutmuş struktur və məhkəmə islahatlarının aparılmasına,  sosial müavinətlərin artırılmasına qədər  geniş spektri əhatə edir.  Hazırda ölkədə vətəndaş məmnunluğunun təmin edilməsi proqramı reallaşdırılır və buna nail olunur.

İcra edilən proqramın uğurlu alınması ölkə əhalisinin rəyində əksini tapır.  Fransanın “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri  xalqın dövlət başçısının siyasətini bəyəndiyini ehtiva edir.

Müşfiq Ələsgərli

Sözdə Avropa yönümlü, mahiyyətdə əksi olan təşkilatlar

Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı (OGP) Platformasında üzvlüyünə  qarşı çıxan “milli QHT”-lərin ikibaşlı oyunları

Avropanın media təşkilatları yeni kampaniya başladıblar. Mayın 26-da Avropa parlamentinə keçiriləcək  seçkilər prosesindən yararlanaraq, diqqəti peşəkar medianın ciddi problemlərinə yönəltmək istəyirlər. Təklif edirlər ki, AP-yə namizəd olan şəxslər özlərinin seçki platformalarında medianın problemlərinə də yer ayırsınlar, peşəkar medianın qorunub saxlanılması, imkanlarının artırılması üçün planlar hazırlasınlar. Kampaniya təşkilatçıları  elan edirlər  ki, niyyətləri sonda Avropadanın dövlətlərarası təşkilatlarını, hökumətləri ənənəvi və peşəkar KİV-lərin yaşadılması üçün yardım proqramları hazırlamağa vadar etməkdir. Onlar informasiya məkanını başına almış yalan xəbərlərdən, nifrət çıxaşlarından qurtarmağın yolunu peşəkar KİV-lərin yaşadılmasında görürlər. ATƏT-in  media komissarlığı  özünün 20 fevral tarixli açıqlamasında bu tendensiyanı müdafiə edib: dövlətləri peşəkar  media qurumlarının yaşadılması üçün proqramlar hazırlamağa,  mövcud proqramları inkişaf etdirməyə çağırıb.

Azərbaycanda isə bu kampaniyanın, demək olar ki, əksi baş verir. Yəni dövlət peşəkar  KİV-ə yardım proqramını hazırlayıb, icra edir, həmən proqramın təkmilləşdirilməsi yönündə addımlar atır;  “bəlli bir qrup” isə bunun əksinə çıxışlar edir. Bu “bəlli qrup”un kimlərdən təşkil olunduğu,  KİV-in inkişafı üçün icra edilən  proqramlara necə reaksiya verdiklərini  hər kəs bildiyi üçün,  üzərində durmuram. Zatən yazının  məqsədi  də KİV-ə dövlət dəstəyi proqramını dartışmaq və ya Avropadakı kampaniyaların hansı nəticələr doğurduğunu qeyd etmək  deyil. Gətirdiyimiz nümunə,   uzun müddət müşahidə edilən, amma hələ dəqiq qiymətini almayan bir tendensiyaya diqqət çəkmək üçündür.

Azərbaycanda qlobal çağırışlara  uyğun olan çoxsaylı proqramlar icra edilir. Proqramların bir çoxu orijinal modellər üzərində qurulur, əgər  mahiyyəti üzrə dəstəklənərlərsə, digər ölkələr üçün örnək  olacaq səviyyədədirlər. Amma, sanki ənənədir, ölkəmizdə  hansı addım atılırsa- atılsın, anındaca tənqid edilir, gözdən salınır, durdurulması üçün əks kampaniyalar başladılır. Eynən, KİV-in yaşadılması üçün icra edilən proqramlar kimi. Qəribə olan   budur ki, həmən əks-kampaniyaların çoxu Azərbaycandakı “Qərb yönümlü” “milli QHT-lər” tərəfindən yönləndirilir. Uzunmüddətli müşahidələr göstərir ki, özünü  “Avropa yönümlü” elan etmiş həmən  “milli QHT-lər”in, “hüquq müdafiəçiləri”nin, “ekspertlərin” əsas hədəfi, qarşı çıxdıqları məqam məhz, Azərbaycanın Avropaya inteqrasiyası yönündə atılan addımlar olur. Hansı ki, özünü “Avropa yönümlü” elan etmiş bir təşkilatın  işi, məntiqlə, Avropaya inteqrasiya, dünyaya uyğunlaşma  yönündə atılan addımları dəstəkləmək olmalı. Amma əksi baş verir.

Diqqət etsək görərik ki, özünü  “Avropa yönümlü” elan etmiş  “milli QHT-lər”in son 6 il ərzində əsas hədəfləri  Azərbaycanı  inteqrasiya olunduğu Qərb  təşkilatlardan uzaqlaşdırılmağa yönəlib. Bu, versiya deyil, ehtimal deyil, uzun illər ərzində isbatını tapmış, arqumentlərlə təsdiqlənmiş tendensiyadır.

2015-2016-cı illərdə  Mədən Hasilatı üzrə Beynəlxalq Şəffaflıq Təşəbbüsü (MHBŞT) platformasında baş verənlər əyani sübutdur. Ölkəmizin  bu platformada təmsilçiliyini istəməyənlər, Azərbaycanın qarşısında şərtlər qoydular. Qəribədir ki,  bu şərtləri   həmən  “milli QHT-lər”in tələbləri əsasında formalaşdırdılar. Qarşıdurma dərinləşməsin deyə, MHBŞT  İdarə Heyətinin sədri xanım Kler Şortun xahişini nəzərə alan Azərbaycan Prezidenti nəinki bu koalisiyaya daxil olan milli QHT-lərin, o cümlədən bütün  milli QHT sektorunun faliyyəti üçün yeni, daha rahat mühit yaradılması baxımından bir gündə üç sərəncam verdi. Prezidentin sərəncamları oktyabrın 21-də, saat 15/29-da ictimailəşdirildi, KİV səhifələrinə çıxdı. O dövrdə hesablanaraq müəyyən edildi ki, Prezident sərəncamının açıqlanmasından cəmi 4 saat  sonra “Qərbdən” ilk reaksiya gəldi. Təsəvvür edək, 4 saat ərzində bu sərəncamlar “araşdırılmış”, “münasibət bildirilmiş”, həmin münasibət Azərbaycan dilinə çevrilmiş və “Qərbin təsirində olan medianın səhifəsinə çıxmışdı! Dünyanın harasında, hansı ölkədə mədən sənayesi ilə bağlı qeyri-şəffaf proses var idisə, hamısı bir yerə toplanmış, ümumiləşdirilərək Azərbaycanın adına yazılmışdı. Prezident sərəncamlarının ictimailəşdirilməsi  ilə Qərbdən ona verilən yanlış reaksiya arasındakı qısa zaman kəsiyinə nəzər salsaq, bu qədər operativliyin qeyri- mümkün olmasını hər kəs etiraf edər.  Belə nəticə çıxır ki, əlində şər yığını olan materialları hazır saxlayan mərkəzlər var. Bu şər mərkəzi Azərbaycanın istənilən müsbət addımını dərhal qeydə alaraq, əks təbliğata başlayır.

MHBŞT platformasında yaşananlar yeganə hal deyil.  2017-ci il  yanvarın 16-da həmən “Avropa yönümlü milli QHT-lər” Avropa Şurasının Parlament Assambleyasına  müraciət ünvanlayaraq, AŞPA-nın yaxın günlərdə keçirilməli olan qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dondurulmasını tələb edirdilər. Digər  QHT-lər isə buna cavab olaraq yanvarın 19-da AŞ PA prezidenti Pedro Aqramunta müraciət ünvanlayaraq, bu tələbin əsasında hər hansı bir zərurətin dayanmadığını, qəbul edilərsə, ziyanlı olacağını isbatlamağa çalışırdılar. Zahirən elə təəssürat yaranırdı ki, Azərbaycan vətəndaş cəmiyyəti institutları iki cəbhəyə bölünüblər: “Avropa yönümlülər”  Azərbaycan nümayəndə heyətinin AŞPA-da səlahiyyətlərinin dondurulmasına, ikinci qrup isə bunun baş verməməsinə çalışır.

Məsələ ondadır ki, 2012-ci ilin Avroviziya mahnı  yarışması dönəmində də, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi ərəfəsində də, həmçinin Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəndə də, 2015-ci ildə Bakı I Avropa Oyunları keçiriləndə də bənzər kampaniyalara start verilib, ölkəmizin şərlənərək gözdən salınmasına, bu strukturlara yaxın buraxılmamasına  cəhd edilib. Bütün bu  kampaniyalar ayrı-ayrı dönəmlərdə həyata keçirilsələr də, onaların bir xətt ətrafında düzüldüyünü, vahid məqsədə xidmət etdiyini görməmək mümkün deyil. Ən əsası isə, bütün kampaniyaların kökündə eyni mənbənin dayandığı, bütün anti-Azərbaycan müraciətlərin altında eyni imzaların dayandığı aşkar görünür.

Bədnam komanda bu gün də iş başındadır. İndi də hədəfləri Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı (OGP) platformasından uzaqlaşdırılmasına nail olmaqdır. 11 nəfər “Avropa yönümlü milli QHT rəhbəri” adından yayılan müraciətdə, Azərbaycanın qurumun şərtlərini yerinə yetirmədiyi elan edilib, ölkəmizin bu qurumda üzvlüyünə son verilməsi istənilib. İddia edirlər ki, Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı (OGP) platformasının  Rəhbər Komitəsinin üzvlükdə saxlanılmaqdan ötrü 2 il ərzində icra edilməli olan 5 şərtini yerinə yetirməyib.  

Yuxarıda, bu təşkilatların hansı qurumlara müraciət etdiklərini, Azərbaycanın hansı yerlərdə üzvlüyünün dayandırılmasına cəhd göstərdiklərinin təsvirini verdik, tarixdən nümunələr gətirdik. Təzad burada üzə çıxır: əgər bu təşkilatlar “Avropa yönümlü milli QHT-lər”dirləsə, Azərbaycanın Qərb təşkilatlarında üzvlüyünü əngələməyi nədən istəsinlər ki? Axı Azərbaycanın bu strukturlarda təmsilçiliyi, prinsipcə onların maraqarına daha çox uyğundur. Nəticə çıxır ki, fəaliyyətlərində ikibaşlı oyun qurulub, “Avropayönümlü” imici bunlara, sadəcə iz azdırmaq üçün lazımdır.

MHBŞT platformasında problemlər yaşanan dönəmlərdə, Fransanın nüfuzlu “Le Nouvel Observateur” qəzetində bu prosesləri pisləyən maraqlı bir  material dərc edilmişdi. Məqalədə bir ifadə diqqətimi çəkirdi: “Sanki, Avropada hansısa mərkəz  Qafqazı Avropadan ayırıb başqa güc mərkəzlərinin qucağına atmaqda israr edir. Avropada olsa da, bu güc mərkəzinin Avropaya aidiyatı yoxdur”.

Bu halda təbii sual yaranır: sözdə “Avropayönümlü”, reallıqda əksi olan bu təşkilatları, bu adamları toplayıb bir xətt ətrafında düzən, təzadlı müraciətlərə imza atmağa vadar edən kimdir?

Müşfiq Ələsgərli

“Radikalların” 26 illik sirrini çözən olay

Əfv sərəncamına verilən çoxşaxəli reaksiyaları təhlil etməklə,

 “radikalların” sifariş aldıqları çevrələri asanlıqla  müəyyənləşdirmək  olur

“Radikal” düşərgədən əfv sərəncamına verilən reaksiyaları şərti olaraq 4 qrupa bölmək olar. Birinci tezisləri  budur ki, son əfv sərəncamı ilə   ABŞ Dövlət Departamentinin  insan hüquqları üzrə  illik hesabatı  arasında bağlılıq  var. Onların qənaətincə, Departament  martın 16-da açıqladığı hesabatında   Azərbaycanın  “siyasi məhbus” məsələsini ciddi şəkildə qabartmış,  tənqid etmiş, buna görə də  martın 17-də əfv sərəncamı imzalanmış,  adı “siyasi məhbus” kimi keçən şəxslərin azad edilməsinə qərar verilmişdir. Əks təqdirdə, guya Azərbaycan hakimiyyət təmsilçiləri sanksiyalarla üzləşəcəklərmiş. 

Kökündən yanlış versiyadır.  Onun yanlışlığını isbatlamaq üçün 10-larla fakt göstərmək olar. Biz birini, ən sadəsini   qeyd etməklə üzərindən keçək:  Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası Departamentin hesabatından  2 həftə öncə, martın 4-də keçirilib. Adları “Novruz” Bayramı münasibətilə verilən əfv sərəncamına düşən  şəxslərin siyahısı orada hazırlanaraq Prezidentə təqdim edilib. Yəni, əfv  sərəncamının özü 17 mart tarixində imzalansa da, siyahı 4 mart tarixli iclasda hazırlanıb və iclasın keçirilməsi barədə məlumat ictimailəşdirlib (Marağı olan hər kəs onlayn axtarış aparıb xəbərin təsdiqini tapa bilər). ABŞ Dövlət Departamentin hesabatının  (hesabatın qərəzli olmasına toxunmuruq, indiki mövzumuz bu deyil) siyahının hazırlanmasından 2 həftə sonra yayılması  bu versiyanı  inkar etdiyi üçün, üzərində durmuruq. Vurğulamaq istədiyimiz məqam ABŞ transmilli KİV-lərinin  və ABŞ-dan yayımlanan “milli mühacir” KİV-lərin bu versiya üzərində təkid etməsidir. İş o yerə çatıb ki, Sevinc Osmanqızı  özünün youtube kanalında müsahibə alarkən,  fərqli mövqeyə meyllənən AXCP sədrinin səsini kəsməli oldu. Düzdür,  o, “səs kəsməyi” elə təqdim etdi ki, guya kanala “Azərbaycandan troll hücumu olub”, yayımı bu səbəbdən dayandırıb.  Amma diqqətli izləyici bu versiyanın tamamilə yalan  olduğunu, Əli Kərimlinin səsinin düşünülmüş şəkildə kəsildiyini dərhal sezir. Çünki, Kərimli Osmanqızının yönləndirdiyi versiyalardan az da olsa,  kənara çıxdı: əfv sərəncamının imzalanmasında  “19 yanvar mitinqini”, həmçinin, Avropa İttifaqı  ilə imzalanacaq sazişi  əsas faktor kimi önə çəkməyə çalışdı, ABŞ-ın təsiri versiyasını 2-ci plana atdı. Yaranmış mövqe fərqliliyi dərin kök salmasın deyə,  yalançı “troll oyunu”  uyduruldu.  ABŞ-a bağlı KİV-lər  “radikal düşərgədən” digər şəxsləri müsahibəyə çağırıb, istəklərini onların dilindən ifadə etdilər.

Yeri gəlmişkən, əfv sərəncamı ilə bağlı “radikal düşərgədən” verilən reaksiyaların  ikinci və üçüncü təsnifat qrupu da, məhz budur. Onlar hesab edirlər ki, “19 yanvar mitinqini möhtəşəm keçirməklə  hakimiyyəti loyal davranışa sövq edə biliblər”.  Bu “loyallığın davamı  olaraq” əfv sərəncamı da imzalanıb.  Bu versiyanın da utopikliyini isbatlamağa zərurət yoxdur. Onun çürüklüyü  19 yanvardan sonra aparılan müzakirələrdə dəfələrlə və tutarlı faktlarla  təsdiqlənib.  Qısaca qeyd edək ki, əgər “radikallar” mövcud hakimiyyəti sıxışdıracaq gücə malik olsaydılar, bunu özlərinin  26 illik fəaliyyətləri dövründə çoxdan tətbiq edərdilər.

Əfv sərəncamının   Azərbaycanla   Avropa İttifaqı arasında imzalanacaq Strateji Tərəfdaşlıq Sazişi ilə əlaqələndirilməsi versiyası da özünü doğrultmur. Bu versiya, elə radikalların özlərinin digər bir versiyaları ilə toqquşur. Beləki, onlar 4-cü tezislərində iddia edirlər ki,  guya Azərbaycan hakimiyyətinin Rusiya iqtidarı ilə münasibətlərində problem yaranıb. Rusiya  Nikol Paşinyanın Azərbaycana qarşı  aktiv fəaliyyətini stimullaşdırıb; Azərbaycan hakimiyyəti də sıxışdırıldığını görərək narahat  olub, nəticədə xalqla  və Avropa ilə yaxınlaşmaq yolu seçib, bu yaxınlaşmanı təmin etmək üçün əfv sərəncamı imzalayıb. Məntiq tapmaq olurmu?  Eyni hadisəni neçə qütblə bağlamaq, nə qədər versiya uydurmaq olar? Hansı ki, bu qüvvələr və bu versiyalar bir-biri ilə daban –dabana ziddiyyətdədir.  

Amma elə nəticə çıxmasın ki, bunlar çaşqın duruma düşüblər, nə dediklərinin fərqində deyirlər.  Yox, əksinə, hər kəs nə dediyinin fərqindədir və hər  biri öz tezisinin  ictimai rəydə oturuşması  üçün ciddi cəhdlə çalışır. Məsələ  bu ki,   “Radikal düşərgə” zahirən vahid komanda kimi görünsə də, mahiyyətcə fərqli qütblərə bağlı olan fiqurlardan ibarətdir. Onları birləşdirən yeganə məqam Azərbaycan dövlətinə, xalqına və hakimiyyətinə qarşı olan kindir.  Bu kini alovlandırmaq üçün hər kəs bir istiqamətdən sifariş alır və aldığı sifarişi toplumun mövqeyi kimi təqdim etməyə çalışır.   Əfv sərəncamına verdikləri  çoxşaxəli reaksiyalara diqqətlə yanaşıb,  təhlil etməklə,  “radikal düşərgədə” təmsil olunanlardan  hər birinin sifariş aldıqları çevrələri asanlıqla  müəyyənləşdirmək  olur. Bu olay, bircə sərəncam onların 26 illik sirrlərini, mövcudluqlarının səbəbini  deşifrə etdi.  Azərbaycan vətəndaşının mövqeyi qalıb kənarda,  onlardan bir qismi  ABŞ-ın, bir qismi Avropa İttifaqının, bir qismi  də Rusiyanın davasını aparır.  Sifariş aldıqları qüvvənin mövqeyini ön plana çəkməklə, əfv sərəncamının imzalanmasında həlledici rola malik olduğunu vurğulamaqla, həmin qüvvənin   Azərbaycan cəmiyyətinə “dost” imicini yaradırlar. Bu hiylənin, təbliğatın  toruna düşənlər də var. Məsələn, keçmiş səhiyyə naziri Əli İnsanov  həbsdən azad olunduğu üçün onu əfv edənə deyil, Avropa strukturlarına təşəkkür edir.  Hansı ki, diqqətli vətəndaş bunların hansı niyyətə xidmət etdiklərini dərhal sezir, orada öz mənafeyinin ifadə olunmadığını görür.

Sərəncamın imzalanmasından keçən iki gün müddətində “radikalların” verdikləri açıqlamalarda xüsusi vurğuladıqları bir məqama baxaq: onlar həbsdən çıxıb  azadlığa qovuşanlar barədə danışarkən,  yalnız 51 nəfər üzərində fokuslaşırlar. Çünki həmən 51 nəfər ya birbaşa, ya da dolayısı ilə onların düşərgəsinə bağlıdır. Bəs yerdə qalan 380 nəfər necə olsun?! Onlar vətəndaş, soydaş deyillərmi? Azadlığa qovuşmaq  haqqları yoxdurmu? Əgər “radikallar” qrup marağından deyil, ümumxalq mənafeyindən çıxış etsəydilər, həmən 380 nəfəri heçə saymaz,  müzakirələrində   əfvə düşmüş 51 nəfər  deyil, , 431 nəfər barədə danışardılar. Nəticə çıxır ki, əgər vətəndaşın “radikal  düşərgə”  ilə bağlılığı yoxdursa, deməli qiyməti də yoxdur, vətəndaş hüququna malik deyil, ümumiyyətlə bir heçdir bunların nəzərində.

17 mart tarixli əvf sərəncamı Prezident İlham Əliyevin  imzaladığı  nə 1-ci, nə də sonuncu əfv deyil. Bu, Prezidentin  idarəçiliyi dövründə imza atdığı təqribən 33-cü əfv sərəncamıdır.  Həmən sərəncamlara baxıb görmək olur ki, vətəndaşlar, məhbus olsalar  da, sortlara bölünmürlər. Siyasi mənsubiyyətinə görə önə çəkilənlər,  “sahibsiz”  olduğuna görə  dışlananlar yoxdur.  Vətəndaş var, törətdiyi  cinayətin hüquqi ölçüsü var, uyğun gələnlər əfv edilirlər.  İnsanları sortlara bölmək, 431 nəfəri görməzdən gəlmək, yalnız 51 nəfəri insan saymaq, haqqında danışmaq    “radikal düşüncənin”, “radikal zehniyyətin” məhsuludur.  Bu zehniyyətlə xalqa sırınmaq, hakimiyyət qazanmaq istəyirlər.

Müşfiq Ələsgərli

“Novruz” ovqatını təlx edənlər: 100 il öncə və bu gün..

Qubad İbadoğlunun bədbin  proqnozları nəyə hesablanıb?

http://qafqazinfo.az/news/detail/onlar-insanlari-neqative-koklemek-isteyir-246529

Elmi baxımdan “Novruz”   təbiət  hadisəsidir,  ilin fəsil dəyişməsini, insan yaşayışı üçün daha rahat rejimə keçidi ehtiva edir. İşığın, istiliyin artması, torpağın oyanması  kimi  zəncirvari proseslər  o qədər  xoş ovqat yaradır ki, insanlar  bu ovqatın təsiri ilə  inanclar formalaşdırıb, rituallar icra ediblər. “Novruzu  necə qarşılayarsan, ili də o cür başa vurarasan”  düsturu həmən  inanclar arasında ən sərtidir, dəyişməzdir. Hər kəs Novruz günlərini şən qarşılayıb, şən yola salmaq üçün çalışır.  

Dövlət milli düşüncəyə, inanclara  hörmət göstərir, “Novruz” ovqatını yüksətmək üçün addımlar atır. İl boyu  mərhələlərlə  gerçəkləşdirilməsi mümkün  olan sosial islahatların, rifah halının yüksəldilməsinə hesablanmış fərman və sərəncamların qısa bir müddətə imzalanması, bir ay müddətinə  sığışdırılması dolayısı ilə “Novruz” ovqatının yüksəldilməsinə hesablanmış addımlar kimi də dəyərləndirilə bilər.  

Azərbaycan  Prezidentinin təkcə bir fərmanı -fiziki şəxslərin problemli kreditlərinin həlliylə bağlı proqramı imzalaması  850 min ailənin sevinci,  həyat şəraitinin  ciddi şəkildə dəyişməsi deməkdir.  Şəhid doğmalarına birdəfəlik yardımın verilməsi, minimum əmək haqqının, pensiya, təqaüd, sosial ödənişlərin artmasıyla bağlı sərəncamların hər biri ayrılıqda 100 minlərlə ailənin rifah halının yüksəldilməsi, “Novruz” ərəfəsində xoş ovqata köklənməsi deməkdir.  Prezident İlham Əliyev  ümumilkdə  milyondan artıq ailənin dolanışığını müsbət yöndə dəyişəcək onlarla  sərəncam və fərmanları nəinki  son bir ay ərzində imzalayıb, həm də bu  sərəncam və fərmanların əksəriyyətinin “Novruz” Bayramına qədər icra edilməsinə göstəriş verib.   

Dövlətin bənzər addımları  daima olub. Amma  2000-ci illərdən sonra sosial proqramlar sistemli hal alıb, fasiləsiz olaraq dəstəklənib. Səbəbi sadədir: siyasi sistem sabitləşdikcə, dövlət strukturları möhkəmləndikcə,  iqtisadi layihələr effekt verdikcə və maliyyə gəlirləri artıqca, sosial yönümlü proqramlar da intensivləşib. Bu kontekstdən yanaşsaq, son bir ayda imzalanmış fərman və sərəncamları, sosial yönümlü  proqlamları mövcud hakimiyyətin ənənəvi fəaliyyətinin davamı kimi də qiymətləndirmək olar. Bu addımların atılacağını Prezident İlham Əliyev hələ 2018-ci ildə keçirilən Prezident seçkisində vermişdi. Son prosesdə  diqqət çəkən  məqam odur ki, bu priqramların qəbulu struktur islahatları ilə eyni dövrə düşür, proses paralel aparılır. Hansılar ki, idarəçiliyin şəffaflaşdırılmasına,  optimallaşdırılmasına, vətəndaş məmnunluğunu  təmin edəcək səviyyəyə yüksəldilməsinə yönəlib. Həmçinin, verilmiş fərman və sərəncamların icrasının sürəkliliyi də qeyd edilib.  

Əksini deyənlər də var. “Radikal” müxalifət iddia edirdi ki,  Prezident İlham Əliyevin yanvar- fevral aylarında imzaladığı, əhalinin rifah halının yüksəldilməsinə, sosial-iqtisadi, siyasi, struktur  islahatlarına yönəlik fərman və sərəncamlar 19 yanvar mitinqinin təsiri ilə atılıb. Guya hakimiyyət müxalifətin 19 yanvarda sərgilədiyi güc nümayişindən əndişələnib və bu addımları atıb. Amma  bu iddialar  ayaq tutmadı, yerimədi, öz-özünə əridi. Beləki, 19 yanvar mitinqində yaradılmış şəraitdən sui-istifadə edən,  qanunun tələblərinə məhəl qoymayan, ardınca   20 Yanvar Mərasimində, “Xocalı abidəsi”nin ziyarəti aksiyasında qeyri-normal davranmaqla gözdən düşən “radikalların” sonrakı aksiyaları baş tutmadı. Yəni mitinq dalğası bitdi. Buna rəğmən, Prezidentin islahatlara yönəlik sərəncamları  davam etdi, xalqın rifah halının yüksəldilməsinə yönəlik fərman və sərəncamlar ard-arda gəlir.

İslahatları  müxalifətin güc nümayişi ilə əlaqələndirmək cəhdi baş tutmadığı üçün, “radikallar” iflasa uğradılar. İndi tezislərini dəyişirlər, fərqli ampulada görünürlər. İddia edirlər ki, həyata keçirilən islahatlar effektiv olmayacaq, əksinə, əhalinin rifah halını pisləşdirəcək.  Bu iddianı müxalif düşərgənin digər qanadı, zahirən “intellektual” libasına bürünən, reallıqda isə eyni yolun davamçısı olanlar səsləndiriblər. Qubad İbadoğlu mediaya açıqlama verərək bildirib ki, “mart-aprel aylarında qiymətlər kəllə-çarxa qalxacaq”. Heyrət doğuran məqam “iqtisadçı alimin” öz iddiasını əsaslandırmaq üçün göstərdiyi səbəbdir: “Nəzərə alsaq ki, yaxın günlərdə problemli kreditlərlə bağlı  kompensasiyaların ödənilməsinə  start veriləcək, onda qiymətlərin kəllə-çarxa qalxması qaçılmaz olacaq” deyir İbadoğlu. Uyğundurmu? 850 min ailə  problemli kreditlərin həlliylə bağlı verilmiş sərəncamın sevincini yaşayır, ikiqat bayram ovqatındadır, bunlar isə sıfır faizlik ehtimala əsaslanıb, bu ovqatı təlx edəcək iddialar sürürlər. Çox aydın şəkildə görünür ki, “iqtisadçı alimi” irəli sürdüyü iddianın əsassızlığı narhat etmir, onlar üçün maraqlı olan məqam təşviş yaratmaq, insanları neqativə kökləməkdir. Düşünməyək ki, İbadoğlu qarşıdan bayram gəldiyini unudub,  yanlış proqnozları ilə bayram ovqatını təlx etdiyinin fərqində deyil. Əksinə, açıqlamalarından görünür ki, bunu bilir və   bayram ovqatını təlx edəcək yanlış proqnozlar verməsi təsadüfi deyil.  Çünki,  “Novruz” milli aksiyadır,  hər kəsin diqqət mərkəzindədir. Bu  həssas mövzu fonunda deyilən istənilən fikir, yanlış-doğru olmasının fərqinə varmadan tez yayılır, diqqət çəkir. İbadoğlu açıq tekstlə deyir ki, “qarşıdan  Novruz bayram gəlir, plov bişirənlərin xərci çıxacaq, ən çox xərc isə  kərə yağına çıxacaq”.  Bu arada “iqtisadçı alim” yenə də qeyri-adi məntiqini işə salır, fikrini əsaslandırmaq üçün 2012-ci illə müqayisə aparır, həmən vaxtda yağın qiymətinin indikindən ucuz olduğunu deyir. Müqayisə qüsurludur, ortada 6 illik məsafə var. Ərzaqların qiymətlərində dəyişiklik olduğu kimi, əhalinin gəlirlərində də dəyişiklik olub. Amma nədənsə, “iqtisadçı ekspert” bu məqama toxunmur. Çünki, niyyəti fərqlidir, arqumentləri iqtisadi əsaslı deyil,  siyasi motivlidir.

Xalqın adəti, müqəddəs saydığı, həssas yanaşdığı dəyərlər var:  mahiyyəti barədə detallı bilgisi olmasa da, xeyir iş planlayana “uğur olsun”,  yemək yeyənə “nuş olsun”, bayrama, şənliyə “mübarək olsun” deyirlər. Bayram günü qan-qaraltmaq, ovqatı təlx etmək, insanı kədərə salmaq  yaddır milli düşüncəyə. Hələ bu hərəkət yalanla müşaiyət olunursa, düşünülmüş şəkildə, uydurma faktlarla əsaslandırılırsa,  qərəzlə edilirsə, günahdır, ayıbdır.  Bunu 100 il öncə ermənilər etmişdilər, 1918-ci ilin mart ayında Bakıda qırğınlar törətməklə, “Novruz” ovqatına haram qatmış, xalqı zülmə salmışdılar.  100 il sonra isə bənzər fəaliyyəti bunlar edirlər, “radikallar”. Aralarında hansı fərqliliklər, hansı bənzərliklər var? Bu suala özləri cavab versinlər. 20 Yanvar Mərasimini, “Xocalı anımını”, “Novruz” Bayramını siyasi iddialara alət etmək, xalqın həssas duyğuları ilə oynamaq qazanc gətirməz.  Milli düşüncədən xəbərsizdirlərmi, yoxsa belə danışmağa, belə davranmağa  məcbur edilirlərmi, sifariş alıblarmı?

Müşfiq Ələsgərli

“The Guardian”ın “1 Evro ianə kampaniyası” və jurnalistika prinsipləri

 “The Guardian”ın  “Obyektivlik prinsipi”

https://www.bizimyol.info/az/news/149203.html?fbclid=IwAR0Etsi3RlEZy6E0zeleQgvjIPmjOJcXZLBVu2UkH7lqhIbvXqfessSO8uA

“The Guardian”  qəzeti   martın 1-də “Monumental itki: Azərbaycan və 21-ci əsrin   ən pis mədəni soyqırımı” (Monumental loss: Azerbaijan and ‘the worst cultural genocide of the 21st century’) adlı  məqalə yayımlayıb. Məqalənin ideyası budur  ki,  guya Azərbaycan hakimiyyəti ölkədə “qədim erməni izi”ni itirmək üçün ermənilərə aid maddi mədəniyyət abidələrini məhv edir. Nümunə olaraq  “Naxçıvandakı  erməni xaçkarlarının  kütləvi şəkildə dağıdılması” göstərilir.  Yazının müəllifi,   Dale Berning Sawa iddia edir ki,  1970-ci illərə qədər  Naxçıvan Muxtar Respublikasında , “Culfa rayonunda   3 mindən artıq xaçkar olub. Amma 30 il müddətində bu xaçkarlar düşünülmüş şəkildə məhv edilib. UNESCO xaçkarların məhv edilməsinin qarşısını almaq üçün onları mədəni irs abidəsi kimi qeydə alsa da, 2005-2006-cı illərdə son xaçkarlar da  gizli şəkildə sıradan çıxarılıblar”.  Məqalənin məzmununu  bütövlükdə təsvir etməyə lüzum  yoxdur, zatən başlanğıcdakı bir- neçə cümlə onun tamamilə yalan, qondarma faktlar əsasında  hazırlandığını isbatlayır.

 “The Guardian” oxucu auditoriyasını  bu  yalanlara inandırmaq üçün zahirən “obyektiv davranır”, kənar müəlliflərin hazırladıqları məqalələrdən, hesabatlardan nümunələr gətirir.

Məsələn, “3 min xaçkar” rəqəmini erməni fotoqraf  Argam Ayvazyanın  1970-81-ci illərə aid arxivindən alıb. Digər  mənbə kimi isə  “Bir rejim yerli erməni mədəniyyətinin silinməsini gizlədir” adlı  hesabata istinad edir.  Bəs bu hesabatın özü   kim tərəfindən hazırlanıb, harada yayımlanıb? Axtarış aparanda məlum olur ki, “hesabat”ın müəllifi erməni  əsilli Simon Mağakyandır.   Onun “hesabatı”nı yayan KİV qurumu isə erməni əsilli Hrag Vartanyan və Veken Geyikyan adlı ermənilər tərəfindən təsis edilmiş xəbər saytıdır.  Qəribə deyilmi, hesabat erməni əsilli şəxs tərəfindən hazırlanıb, onu erməni əsilli şəxs tərəfindən yaradılmış sayt yayımlayıb, məzmun isə erməni mədəni abidələrinin məhv edilməsindən bəhs edir! Obyektivlik prinsipi bunumu ehtiva edir?   Ermənistan Azərbaycanla müharibə şəraitindədir, Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, 1 milyon Azərbaycanlını məhz etnik mənsubiyyətinə görə  məcburi köçkünə çevirib, torpaqlarından sürgün edib. Azərbaycan isə öz haqını bərpa etməyə çalışır. Yəni, Ermənistanın Azərbaycanla düşmənçiliyi  var. Düşmənin, yəni erməninin  öz rəqibi, Azərbaycan  haqqında belə danışması, bəlkə də, anlaşılandır. Çünki, otada mübahisə var, müharibə,  düşmənçilik var. Bəs  “The Guardian” nədən belə davranır, iki rəqibdən birinə tərəf  tutur? Bir məqalədə 3 mənbəyə istinad edilmsi normal olardı, əgər bu mənbələr müxtəlif fikirləri ifadə etsəydi. Amma Dale Berning Sawa istinad üçün elə mənbələr seçib ki, həmən “mənbələr” eyniqütblüdür, bir tərəfin mövqeyini fadə edir . Bu, obyektivlik deyil, jurnalistika prinsipləri üzərində manipulyasiyadır.

NUJ-un Etik Kodeksi üzərində manipulyasiya

 “The Guardian”ın belə davranması  söz azadlığı prinsiplərinə, demokratik dəyərlərə,  insan haqları anlayışlarına  ziddir.  Bu, bizim iddiamız deyil,   jurnalistika üzrə beynəlxalq  etik kodekslərdən çıxan nəticədir:

  • “ Jurnalist söz  və  ifadə  azadlığını,   ictimaiyyətin  düzgün məlumat almaq  hüququnu   hər  zaman  dəstəkləyir;
  •  yaydığı  informasiyanın  vicdanla, dəqiq  və  ədalətli  ötürülməsinə  zəmanət  verir;
  • yol verdiyi  səhvləri  düzəltmək  üçün  mümkün  olan  hər  şeyi  edir”.

Bu statlar Böyük Britaniya Milli Jurnalistlər Birliyinin (NUJ) müəllifliyi ilə qəbul edilmiş Etik  Kodeksin 1-3-cü bəndlərindəndir.  Jurnalistikanın qızıl qaydaları hesab olunan etik kodeksin məhz NUJ tərəfindən hazırlanmış  variantına müraciət etməyimiz təsadüfi deyil.  Hər bir ölkənin, həmçinin, bəzi ölkələrdə hətta ayrı-ayrı KİV redaksiyalarrının  əlahiddə etik kodekslərinin mövcud olmasına baxmayaraq, bu müxtəlif kodekslərin kökündə məhz 80 il öncə NUJ tərəfindən elan edilən prinsiplər dayanır.  1936-cı ildə Beynəlxalq Jurnalistlər Federasiyası ilə birgə hazırlanaraq qəbul edilən  9 bəndlik  kodeks  Böyük Britaniya medası ilə yanaşı,  qlobal media məkanı üçün nəzərdə tutulub.  Təşkilatın internet səhifəsində qeyd edilir ki, bu kodeks sosial- siyasi yönümündən, ideoloji baxışlarından  və fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq, bütün KİV-lər tərəfindən qəbul edilir ( https://www.nuj.org.uk/about/nuj-code/ ). Bu kodeks “The Guardian” üçün daha önəmli olmalıdır. Çünki, başqalarına nisbətən onlar üçün daha çox əlçatımlıdır, eyni ölkədə fəaliyyət göstərirlər.

 “The Guardian”ın problemi  NUJ tərəfindən hazırlanan və  dünyaya meyar kimi təqdim edilən bu  kodeksdən xəbərsiz olmasında deyil.  Əksinə, məqalədən hiss olunur ki,  müəllif həmən kodeksi  əzbərdən bilir, amma onun üzərində düşünülmüş  şəkildə manipulyasiya edir, oxucularını şüurlu şəkildə aldatmağa çalışır.  Dale Berning Sawa jurnalistikanın obyektivlik, qərəzsizlik, dürüstlük prinsipinə zahirən əməl etdiyini göstərir:  hazırladığı məqalədə Azərbaycana qarşı  irəli sürdüyü ittihamları “2-3 mənbədən dəqiqləşdirməyə çalışır”. Yuxarıda təsvir etdiyimiz kimi, reallıqda  həmən 3 mənbə, elə bir mənbədir: abidələrin soyqırımı iddiasını irəli sürən şəxs erməni, bu iddianı hesabat formasına salan erməni, həmən hesabatı  yayımlayan KİV qurumunun rəhbəri erməni!  Müxtəlif mənbəyə müraciət etmə, həqiqəti üzə çıxarma metodu budurmu? Təbii ki, yox. Dale Berning Sawa  riyakarlığını davam etdirib, daha bir mənbəyə istinad edir.  Yalançı “Hesabat”a  bir  videoçəkiliş də əlavə edilib ki, oxucu məqalənin səmimiliyinə tam əmin olsun.  İngilis dilində olan bu 5 dəqiqəlik videoda səsli olaraq iddia edilir ki, “Azərbaycan dövləti xaçkarları dağıdır, dağıntıların izini  itirmək üçün əsgəri güclərdən istifadə edilir, sındırılmış xaçkarlar maşınlara doldurulub aparılır”. Amma diqqətlə baxanda görünür ki, əsgərlərin geyimində hansı ölkəyə mənsub olduqlarını göstərən nişanə yoxdur. Ən qəribəsi isə, operator  “sındırılmış xaçkarlar”ın doldurulub aparıldığı iddia edilən yük maşınının dövlət nömrə nişanını göstərmir.  Əgər göstərsəydi, bu ərazinin və ya yük maşınını hansı ölkəyə məxsusluğu bilinərdi. Hətta sındırıldığı iddia edilən daşların xaçkar olması da videoda görünmür.  Hansısa daş karxanasında aparılan iş prosesini göstərən videoya bənzəyir. Bəlkə də  quraşdırılmış səhnədir?  Deyə bilmərik, “The Guardian”dan fərqli olaraq, vicdanımızı danıb ehtimal üzrə  hansısa hökm də verə bilmərik. Çünki, vidoçəkilişdən hansısa bir nişanı sezmək imkansızdır. Mütəxəssis baxışı olmalı, rəyi onlar verməlidirlər.  Videoçəkilişlə bağlı  dəqiq bilinən  bircə fakt budur  ki, onun  müəllifi İranın erməni kilsəsinin başçısı Bishop Nshan Topuzyandır, yəni  erməni əsilli keşiş!  Bu da “The Guardian”ın obyektivlik naminə istinad etdiyi “4-cü mənbə”.

Peşəkar jurnalist nümunəsi

Biz demirik ki,  “The Guardian” məqaləni obyektiv  hazırlamaq üçün böyük xərc çəkməli, Azərbaycana araşdırmaçı göndərməli, Ermənistandan didərgin salınmış, yurdları dağıdılmış Azərbaycanlı qaçqınlardan müsahibə götürməli, ermənilərin onların başlarına açdıqları müsibətlərdən təsvirlər verməliydi. Demirik ki, “The Guardian” müxbiri yaxın tarixdə, 1992-ci ilin fevral ayında ermənilər tərəfindən yerlə yeksan edilmiş Azərbaycan şəhərinə- Xocalıya səfər etməli, burada dağıdılmış, Azərbaycanlılara məxsus maddi-mdəniyyət nümunələri ilə yanaşı, nəsli kəsilmiş  insanlara ermənilər tərəfindən yaşadılan zülmləri lentə almalı idi. “The Guardin”  buna etməz, zatən ehtiyac da toxdur. Dale Berning Sawa sadəcə 10 dəqiqə vaxt ayırıb internet üzərindən axtarış aparsaydı, soyqırıma məruz qalanların erməni abidələri deyil, Azərbaycanlılar olduğunu görərdi. Bunun isbatı üçün nə ermənini, nə də Azərbaycanlını danışdırmağa ehtiyac yoxdur. Təkcə BMT-nin erməni işğalçılığını ehtiva edən 4  qətnaməsinə baxmaq kifayət idi.

“The Guardin” ın məqsədi nədir?

Bəllidir ki, “The Guardin” əməkdaşı bu məqalədə həqiqəti axtarmayıb. Onlara həqiqət lazım deyil: əksinə, Azərbaycan haqqında  təhriflər vermək, erməni siyasətinə xidmət lazımdır. Təbii  sual yaranır:  dünya çapında tanınmış, transmilli KİV statusu qazanmış bir KİV qurumunun belə yalan, qərəzli, birtərəfli, qeyri-obyektiv, jurnalistika prinsiplərinə zidd  məqalə hazırlayıb yaymaqda məqsədi nədir?  

Ağla gələn ilk ehtimal  “The Guardian”ın ənənəvi islamafob və  anti-Azərbaycan davranışlarıdır. 2015-ci ildə, Bakıda I Avropa Oyunları keçirilən zaman “The Guardian”ın sərgilədiyi mövqeyi yaxşı xatırlayıram. Həmən vaxt monitorinq aparıb müəyyənləşdirmişdim ki,  “The Guardian”  yalnız 2  ay ərzində (may-iyun ayları) Azərbaycan haqqında 40 məqalə  dərc etmişdi.  Məqalələr birmənalı şəkildə neqativ yüklü idi.  Əlbəttə, neqativ informasiya yazıb deyə, hər hansı bir KİV redaksiyasını qınamaq olmaz, KİV-in işi məlumat yaymaqdır. Ancaq əgər hər hansı bir ölkə, şəxs, proses barədə informasiyaların neqativ təqdimatı əsassız tendensiyaya çevrilirsə, bu, qərəzli yanaşma  deməkdir. “The Guardian”ın problemi isə məhz bu məqamla bağlıdır.  Qəzetin  səhifələrində   Azərbaycan haqqında sistematik şəkildə “anti-demokratik”, “geridə qalmış ölkə” rəyi formalaşdırılır. Qəzet ən azı I Avropa Oyunları kimi möhtəşəm bir tədbirə yer ayırsaydı, bəlkə də onun fəaliyyətini  müzakirə etməyə zərurət qalmazdı.  Amma onu oxuyan şəxsdə təəssürat yaranar ki, sanki Azərbaycanda ümumavropa idman yarışması keçirilmir və ya Britaniyanın idman  komandası bu yarışmada iştirak etmir. Günün hadisəsi olan bir faktın üzərindən belə soyyuqqanlı keçidi jurnalistikanın  hansı prinsipi ilə izah etmək olar?

 “The Guardian” Azərbaycana qarşı qeyri-obyektiv məqalələrinin səbəbi barədə ikinci versiyamız isə ehtimal deyil, qəzetin öz  səhifələrindən, birbaşa məqalənin  sonuncu cümlələrindən götürülmüş sitatdır. “The Guardian”  özünün maliyyə durumunu yaxşılaşdırmaq üçün  “1 Evro ianə kampaniyası” keçirir. Onlar yaxşı bilirlər ki, erməni ideoloqları yalan xəstəliyinə yoluxublar, 100 minlərlə soydaşlarını da bu mərəzə yoluxdururlar. Yalan mərəzinə yoluxanlar  erməni xaçkarları haqqında bu yalan məqaləni oxuyacaq və məhz yalan olduğu üçün zövq alacaqlar. Zövq aldıqları üçün də “The Guardian”a  1 Evro ianə edəcəklər.  Həmən 1 Evro-lar bəlkə də 10 minlərə, bəlkə də 100 minlərə çevriləcək, “The Guardin”a  maddi gəlir gətirəcək. Amma belə davranış “The Guardian”a şərəf gətirməyəcək.  KİV-lər kommersiya qurumları olsalar da, bu  kommersiyanın prinsipləri  bazar, auksion  kommersiyasının prinsiplərindən fərqlidir. Etik Kodeksin standartlarından kənara çıxanda, xəbər KİV məhsulu yox, bazar məhsulu olur.  

Müşfiq Ələsgərli

“Azadlıq” radiosu və BBC-nin Azərbaycan xidmətləri “siyasi kursda yenilik” edirlər

Əvvəllər, adətən,  ölkədaxili  müxalifətə və Avropadan yönləndirilən ”söyüş kampaniyası”na  tribuna olan  bu xidmətlər, indi  də  Azərbaycanın qonşu olkələrlə əlaqələrini hədəf alıblar

https://news.milli.az/country/734860.html

İki gün öncə xalqımız Xocalı faciəsinin 27-ci ildönümünü qeyd etdi.  Anım günü üçün hazırlanmış proqramlar Xocalı faciəsini   dünyaya yenidən   xatırlatdı. Prezident İlham Əliyevin izdihamlı yürüşə qatılması,   beynəlxalq təşkilatlardan müşahidəçilərin prosesi izləmələri, Rusiyadan olan deputatların,  politoloqların “Xocalı yürüşünü” müşaiyət  etmələri, “Xocalı hadisəsi soyqırım kimi qəbul edilməidir” bəyanatını səsləndirmələri   KİV-lərə araşdırma üçün zəngin materiallar verdi. Peşəkar  KİV-lər bu fürsəti dəyərləndirdilər. Maraqlı olan məqam Azərbaycanı diqqətlə izləyən, istənilən olayı tirajlayan  transmilli KİV-lərin, daha konkret desək,  “Azadlıq” radiosunun, BBC-nin,  “Amerakanın səsi”nin 26 fevral olayına yanaşmasıdır.

“Azadlıq” radiosunun Azərbaycan xidmətinin veb səhifəsində, xəbər lentində 26-28 fevral tarixlərinə aid 19 xəbər var.  Bunlardan 12-si  “Azərbaycanda  neqativləri” ehtiva edir. Qalanları  xarici xəbərlərdir. Xocalını anım gününə aid heç nə yoxdur. Alt kateqoriyada   2 “xəbər” var. Xəbər sözünü dırnaq arasında göstəməyim, əslində xəbərin olmaması ilə bağlıdır. Daha doğrusu, xəbərin yalnız adı var: “Bakıda Xocalı qurbanları yad edildi” başlıqlı yazını tıklayanda, ortaya yalnız Bakı yürüşünə  aid 4 şəkil çıxır.  Xocalı faciəsi, onun törənmə səbəbləri, hazırki durum, Bakıda keçirilən anım tədbiri, yürüş  barədə bircə cümlə də yoxdur ( https://eu0.proxysite.com/process.php?d=J8%2F8W5wifYep69FBMLT5QgyQlKB5aOzRsZs7RCtIeAz8Olo%3D&b=1 ). Hansısa oxucu anlamaq istəsə ki, Xocalı qətliamı niyə baş verib, onu kim törədib, hansı nəticələri doğurub, heç bir məlumat tapmayacaq. İkinci xəbər də “İlham Əliyev Xocalı abidəsini ziyarət elədi” adlanır. Burada da  heç nə yoxdur, sadəcə linki birinci “xəbər”ə yönləndirilib.

 BBC radiosunun Azərbaycan bölməsinin veb səhifəsində də zahirən   2 “xəbər”  var.  Birincinin başlığı “Bu gün Xocalıda kimlər yaşayır?” , ikinci “xəbər”in başlığı  isə  “İsveçrə tələbələrinə Xocalı hadisələri “kvest yolu ilə tanıdıldı” adlanır. “Azadlıq” radiosunun taktikasını istifadə edib. Yəni, “Xocalı qətliamı niyə baş verib, onu kim törədib, hansı nəticələri doğurub” barədə bircə kəlmə də verilməyib. Təsəvvür edirsinizmi,   “xəbər”in müəllifi  BBC Azərbaycancanın  müxbiri Aleksey Manvelyandır. O,  2012-ci ildə çəkdiyi, Xocalıda yaşayan ermənilərin məişətinə dair videoçarxı yerləşdirib. Yəni, “Xocalıda Azərbaycanlı izi yoxdur, qırğın-filan olmayıb, burada yalnız ermənilər var” nəticəsi çıxır videonu izləyəndə  (  https://www.bbc.com/azeri/azerbaijan-47371598 ).

Azərbaycan  xalqı üçün, həmçinin, ümumilikdə Cənubi Qafqaz üçün ciddi nəticələr törətmiş Xocalı faciəsi,  bu 2  KİV üçün sanki yoxdur:  qətliam  niyə baş verib, onu kim törədib, hansı nəticələri doğurub, bu barədə heç bir məlumat yaymayıblar. Əgər Azərbaycanın dərdi-səri, taleyüklü problemləri, Azərbaycan xalqının başına açılan faciələr bunlar üçün maraqlı deyilsə, onda Azərbaycan dilində xidməti niyə yaradıblar? Haradadır  bunların obyektivlik, dəqiqlik, qərəzsizlik prinsipi? Günün bir saylı xəbərini görməzdən gələn quruma KİV demək olarmı? Təbii ki, yox. Amma bunlar özlərinə KİV deyirlər, həm də “Azərbaycan xalqına dost” olduqlarını iddia edirlər.    

Günün mövzusu olan Xocalı hadisəsinin əvəzində hər iki radio xidməti özlərinin veb səhifələrində,    baş xəbər yerində Saleh Rüstəmovun məhkəmə prosesi barədə məqalə  yerləşdiriblər.  Simvolik dəyişiklikləri nəzərə almasaq, hər iki saytda yerləşdirilən material eynidir.  Hər iki radio xidməti, yanlışlarla dolu olan materialı təkrarən yayımlayıblar. Dərhal hiss olunur ki, eyni mənbədə  hazırlanıb, hər ikisi də onu yayıblar. Təqribən  10 min komputer işarəsi həcmində olan material Saleh Rüstəmovun doğulduğu bölgədən başlayaraq məhkəmə zalına  gətirildiyi ana qədər təsvir verir. Göstərmək istəyiblər ki, hər şeyi detallı, “dəqiq” veriblər.  Amma deyil, dəqiqlikdən əlamət yoxdur. Əksinə, hadisənin mahiyyətini itirən əlavələrlə bəzədilib. Xocalının anım günündə Xocalı hadisəsinə bircə kəlmə yer verməyən hər  iki radionun Saleh Rüstəmov məsələsinə on min kəlməlik  yer ayırmasının səbəbi bir başqadır.  Zətən bu KİV-lərin fəaliyyəti həmişə “müstəqil və inkişaf edən Azərbaycan konsepsiyası” na əks olub.  Fəaliyyət tarixləri Azərbaycana  bağlı xəbərlərinin birtərəfli olması, qeyri-obyektiv, bəzən isə qərəzli yanaşma ilə zəngindir. Həmişə müxalifətin tribunası kimi çıxış ediblər. Eyni zamanda xaricdəki anti-Azərbaycan dairələr, söyüş kampaniyası aparanların ruporu kimi fəaliyyət göstəriblər. Bunda işimiz yox.  İndi diqqət çəkən məqam fərqlidir.   

Hər iki radionun yaydığı materialın, Saleh Rüstəmovun məhkəmə prosesinə dair xəbərin motivi budur ki,   guya  Azərbaycanda rusiyalı biznes adamları təqib olunurlar. Bu motiv o qədər qabarıq verilir ki, məqalədəki digər informasiyaları kölgədə qoyur.

Tarixdə ilk dəfə Rusiya Dövlət Dumasının deputatları, Rusiyadan gələn siyasi və hərbi ekspertlər Xocalıya ədalət yürüşünü müşayiət edirlər. Deputat  Dmitri Savelyev bəyanat verir ki,  “Xocalı hadisələrinin Azərbaycan xalqının soyqırımı kimi tanınması üzrə işləri sürətləndirmək lazımdır”.

Rusiyadan olan nümayəndələr Bakıda keçirdikləri mətbuat konfransında Rusiyanın Xocalıda Azərbaycanlılara qarşı törədilmiş soyqırımı tanımalı olduğunu deyiblər.

Pralel olaraq, “Azadlıq” radiosu və BBC Azərbaycanda rusiyalı biznes adamlarının təqib edilmələri barədə kampaniya xarakterli məlumatlar yayırlar.  Bu, Azərbaycanın qonşu olkələrlə əlaqələrinə zərbə vurmaq üçün qurulmuş oyun deyilmi?  Kimsə deyər ki, Saleh Rüstəmov Azərbaycanlı olsa da, Rusiyada yaşayır, bəlkə ona görə Rusiya ilə bağlılığı qabardılır. Biz də elə düşünərdik, əgər BBC və “Azadlıq” 2014-cü il iyulun 11-də Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən  Rusiya vətəndaşı  Dilqəm Əsgərov və  Şahbaz Quliyev barədə eyni mövqeni sərgiləsəydi. Baxın “Azadlıq” və BBC səhifələrinə, axtarın Dilqəm Əsgərov barədə məlumatları, görək nə tapacaqsınız. İnanırsınızmı ki,  “Rusiya vətəndaşı erməni silahlıları tərəfindən girov götürüldü” başlıqlı bir məqalə tapacağınıza?

Müşfiq Ələsgərli  

“Hakimiyyəti islahata məcbur etmək” gücündədirsə, müxalifət bu gücdən öncə niyə yararlanmayıb?

Sifarişlə  reytinq cədvəlləri  hazarlayan, süni  imic yaradan   təşkilatların hesabatlarında bir nüans diqqət çəkir:  təqdim etdikləri  rəqəmlər, adətən, yuvarlaq olur, tamla ifadə edilir.  Bilirlər ki, dilə yatan,  rahat ifadə edilən  bir rəqəm səsləndimi, diqqət çəkdimi,  yalan da olsa yaddaşa hopur,   on mənbədən təkzib edilsə belə, gündəmdən çıxmır, uzunmüddətli təsir buraxır. Ciddi təhlil  mərkəzlərinin hesabatları  isə fərqlidir.  Statistik rəqəmləri  kəsrlə ifadə edirlər,  çünki, hesab dəqiq aparılıb, araşdırmalara əsaslanır, əldə edilən rəqəmlər  də müdaxiləsiz verilir; yuvarlaq, bəzədilmiş yalan  rəqəmlərdən istifadə edilmir.    

Azərbaycan müxalifətinin, xüsusən “Milli Şura” təmsilçilərinin  səsləndirdikləri  bütün rəqəmlər yuvarlaqdır, “imicmeyker”  təşkilatların taktikasından istifadə etməklə hazırlanıb. Deyirlər ki, “ banglarda problemli krediti olan 500 min  vətəndaşın” məsələsi həll edilsin.  Məntiqli, ciddi   təşkilatlar problem barədə danışırlarsa, həlli üçün təkliflər də verirlər.  Hansı mənbə hesabına,  necə həll edilməli olduğunu da göstərirlər.  Bunların o yöndə təklifləri  yoxdur. Biz də toxunmuruq, çünki mövzumuz  bu deyil.  Aydınlaşdırılması zəruri olan  məqam bu yuvarlaq, diqqət çəkən, dilə yatan 500 min rəqəminin  alındığı  mənbədir.  Maraqlı deyilmi: necə olub ki, problemli krediti olan insanların sayı bu qədər yuvarlaq rəqəmlə ifadə edilib:  məsələn, 538 min  deyil, 671 min deyil, 438 min deyil, tam da 500 min olub? Qısa araşdırsaq görərik ki,  nə Maliyyə Bazarlarına  Nazarlarına Palatası, nə Mərkəzi Bank, nə də problemli kreditlər üzrə məhkəmə prosesləri 500 min rəqəmini təsdiqləmir.  Əslində, problemli kreditlərin məbləği barədə təsəvür var, təqribən  1 milyard 450 milyon manata yaxın vəsaitdən söhbət gedir.  Amma bu vəsait neçə kreditalanın  payına düşür? Konkret statistika yoxdur.    “Milli Şura” təmsilçiləri də mənbə göstərmirlərlər:  necə hesablayıblar bu rəqəmi, haradan götürüblər 500 min rəqəmini? 

Çox ürəklə  başqa bir statistika da səsləndirirlər. Deyirlər ki, “Azərbaycan tamaşaçısının 90 faizi Azərbaycan telekanallarına baxmırlar, çünki orada hakimiyyət təmsilçiləri danışırlar, yalan vədlər verirlər”. İnandırıcı alınsın deyə təsnifat da aparırlar, deyirlər  ki, 20 faiz əhali Rusiya, 40 faiz əhali Türkiyə, 20 faiz  isə avropa kanallarına baxırlar və sair.  Hansı alətlərlə ölçüblər, necə müəyyən ediblər bu göstəricini?  Media adamı olaraq biz də bilirik, deyirik  telekanalların problemlərini.  Danışırıq, dəyişməli olduqlarını iddia edirik.  Amma hər  birimiz bilirik ki, yuxarıda təsvir edilən  statistika, “Milli Şura” təmsilçilərinin təqdim etdikləri bölgü mövcud deyil, yanlışdır. Şəxsən mən, bəzən İran kanallarına, bəzən Qırğız, Qazax, hətta Əfqanstan telekanalların da baxıram və bu sahədə yeganə şəxs deyiləm. Bu bölgüdə mənim yerim haradadır?!

Əlbəttə, kimsə  qalxıb deyər  ki, axı sayın məsələyə nə dəxli var, önəmli olan problemin özüdür,  kreditlər məsələsinin  həllidir.  Qarşı çıxmıram, əksinə, mənim də vurğulamaq istədiyim məqam, məhz, budur.  Əgər önəmli olan məqam problemin həllinə yardım göstərməkdirsə, onda sayı şişirtmək, azaltmaq,qondarma  rəqəmlər uydurmaq  nəyə lazımdır?  “Milli Şura” öndərləri yalan rəqəmləri niyə uydururlar? Səbəb bəllidir: yalançı, şişirdilmiş, yuvarlaq rəqəmlər cəlbedici olur, yaddaşlara hopur, təsir buraxır. Ortada bir  sindrom da var: yalançılığa aludə olublar, qurtula bilmirlər, qurtulmaq barədə düşünmürlər də.  Çünki reallıq, həqiqət müstəvisində davranış vərdişləri yoxdur.  “Hakimiyyətə gəlsək, Azərbaycanı 3 santimetr qalınlığında qızıla bükərik” demişdilər 90-larda. Gəldilər, amma vədlərini tuta bildilərmi? Təbii ki, yox.   Məsələnin məğzi də  budur:  yalanıçı rəqəmlərlə,  saxta –şirin  vədlərlərlə diqqəti cəlb edirlər, ictimai rəydən sui-istifadə edirlər. Kim zəmanət verir ki, 3 məsələdə yalan danışan, ictimai rəylə oynayan bu şəxslər digər mövzularda doğru danışır, ictimaiyyətin qayğısına qalırlar? Özləri həll edə bilərdilərmi indi qaldırdıqları problemləri? Bacarsaydılar, hakimiyyətləri dövründə Sovet dönəmindən qalma əmanətlər problemini həll edərdilər.

Problemli kreditləri, sosial müavinətlər məsələsini həll etmək üçün öncə mənbə tapılmalı, mexanizmlər hazırlanmalıdır, sonra onun icrasına qərar verilməlidir.  Necə ki, Şəhid ailələrinin,  qaçqınların, məcburi köçkünlərin, yardıma ehtiyacı olan təbəqələrin problemlərinin həlli üçün mənbələr tapıldı, tapılan kimi də sərəncamlar verildi. Minimum əmək haqqının, pensiyaların artırılmasına göstəriş verildi.  Son sərəncamlara uyğun olaraq, 570 min vətəndaşımız ciddi rəqəmlərlə ifadə olunan maliyyə artımı alacaq. Bu da son deyil və proses davam edir.  Prezident   fevralın 25-də keçirilmiş müşavirədə şəxsən bəyan etdi ki,  bənzər  proseslər   daha da sürətlənəcək, digər məsələlər kimi problemli kreditlər  də öz həllini tapacaq:  “Vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır”. Prezident İlham Əliyevin bu gün verdiyi sərəncamların anonsunu  2018-ci ilin prezident seçkisi dönəmində elan etmişdi.  Yəni bu gün həyata keçirilən proqramlar  uzun müddət öncədən hazırlanıb, mənbələr tapılan kimi icrasına başlanılıb.

Amma  AXCP və “Milli Şura” təmsilçiləri iddia edirlər ki, Prezident onların təşkil etdiyi etirazlardan çəkindiyi üçün, xüsusən, 19 yanvar mitinqindən sonra  bu addımları atır. Məntiq varmı, inanmaq olarmı? Təbii ki, yox.  Bu iddianın təkzibi üçün arqumentlər axtarmağa, şərhlər hazırlamağa lüzum yoxdur.  Qısa bir suala cavab versinlər: əgər  onların  “hakimiyyəti islahata məcbur etmək” gücləri  var idisə,   bu gücdən 15 il müddətində  niyə yararlanmayıblar? 

Müşfiq Ələsgərli

“Xocalı soyqırımı” “radikal müxalifət” və “söyüş kampaniyası” təmsilçilərinin nəzərində

Onlar  Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çağırışına cavab verəcəklərmi?

http://sia.az/az/news/politics/727112.html?fbclid=IwAR0Vw_9jGpFv7wQptazdYoXNtQ6SZToIf3A8dN71wtjUzrrLsZ1u-LDx2-s

Xocalı faciəsinin 27-ci ildönümüdür. Dövlət, hökumət strukturları, vətəndaş cəmiyyəti institutları- milli QHT-lər, KİV-lər, diaspor qurumları 26 fevral təqvimini-anım gününü- növbəti dəfə  dünyanın duyacağı tərzdə qeyd edirlər. Dünya  Xocalı faciəsini duymalı, soyqırımı aktı kimi tanımalıdır.  Onun soyqrımı aktı kimi  tanınması  təkcə 26 fevral təqvimində hərbi təcavüzə məruz qalmış, həlak olmuş, itkin düşmüş, girov götürülmüş soydaşlarımızın haqqının  tanınması deyil. Xocalı faciəsinin gündəmə gətirilməsi, həm də, Ermənistanının Azərbaycana qarşı ərazi iddialarının,  Dağlıq Qarabağ Muxtar Vilayətini və ətrafdakı 7 rayonu işğal etməsinin, 1 milyon nəfərdən çox Azərbaycanlını qaçqına, məcburi köçkünə çevirməsinin gündəmə gətirilməsi deməkdir.   Xocalı faciəsinin anılması qondarma “erməni soyqırımı” iddialarının yalanlanması, Cənubi Qafqazda hər an başlaya biləcək yeni silahlı  toqquşmaların qarşısının alınması deməkdir.  

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı həqiqətlərini dünyaya çatdıraq…” başlıqlı məqaləsindən aydın olur ki,  Ümummilli Lider Heydər Əliyevin, ardınca Prezident İlham Əliyevin  Xocalı soyqırımının dünyada tanıdılması yönündə apardıqları siyasət ciddi nəticə verib: dünyanın 12 ölkəsi, ABŞ-ın 22 ştatı, Böyük Britaniya və Şimali İrlandiya Krallığına daxil olan Şotlandiyanın parlamenti,  İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıblar. Digər nəticələr də var. Amma Prezident köməkçisi məqalədə açıq tekstlə həm də onu bəyan edir ki, qeyd edilən uğurlu nəticənin əldə edilməsində vətəndaş cəmiyyəti institutlarının keçirdikləri kampaniyaların da təsiri var: “Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyada geniş vüsət almış “Xocalıya ədalət” (Justice for Khojaly) beynəlxalq kampaniyasına Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxsaylı vətəndaş cəmiyyəti institutları da qoşularaq, ayrı-ayrı ölkələrin dövlət qurumlarını və ictimaiyyətini, beynəlxalq təşkilatları bu faciəyə adekvat qiymət verməyə çağırırlar”. Nəticə çıxır ki, əgər Xocalı faciəsinin tanıdılması  ətrafında formalaşmış vəhdət davam edərsə, düşmən cəbhəsinə daha ciddi zərbələr vurmaq mümkündür.

Bəs kimlər pozur bu vəhdəti, harmoniyanı? “Radikal müxalifət”in koordinasiya mərkəzi olan “Milli Şura” martın 2-nə mitinq elan edib. Şüarlar ənənəvidir, yenilik yoxdur. Amma diqqət çəkən məqam təkcə şüarlarındakı təkrarçılıq deyil. Düşərgə təmsilçiləri bu il, yanvarın 19-da eyni şüarlarla mitinq keçiriblər.  Səhəri gün-20 yanvarda “Şəhidlər Xiyabanı”nı ziyarət törənini də siyasi aksiyaya çevirməyə cəhd oldu. Yanvarın 26-na bir, fevralın 23-nə isə digər  mitinqi elan etmişdilər. Martın 2-nə isə növbəti mitinqi planlaşdırırlar. 40 gün müddətində 5 cəhd!  İnsan hüquq müdafiəçiliyi üzrə ixtisaslaşmış bütün beynəlxalq təşkilatlara müraciət edirlər, hesabatlar hazırlatdırır, “mitinq keçirmək arzularının boğulduğunu” bəyan edirlər. Guya ki, xalqın, millətin dərdini çəkirlər, hökumət də mane olur. Xocalı faciəsi milli dərd deyilmi? Nədən “radikallar” 27 il müddətində  bircə dəfə də olsun beynəlxalq təşkilatlara bu mövzuda müraciət etmirlər? Özləri  Xocalı faciəsini ehtiva edən kampaniya keçirmirlər, bir yana;  məhz 20 yanvar Bakı faciəsinin, 26 fevral Xocalı faciəsinin anım günlərində, onların dünyaya tanıdılması üçün şans yarananda aktivləşib  “Azərbaycanda sərbəst toplaşmaq azadlığı boğulur” deyib haray çəkirlər,  “Xocalı kampaniyası”na kölgə salırlar.

Avropada boy verən “söyüş kampaniyası” təmsiçilərinin mövqeyi də fərqli deyil. Kapmaniyalarının birini Xocalı faciəsinə həsr edə bilməzlərmi? Axı 2 illik “söyüş kampaniyasını” “millət uçun savaş” kimi təqdim edirdilər. Özləri Xocalı kampaniyası keçirmirlər, olsun. Ən azı KİV prinsiplərini nəzərə alıb Avropada keçirilən “Xocalı günü” tədbirlərindən reportaj, informasiya yaya bilərlər. Fevralın 23-də  dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Brüsseldə  “Ümumavropa Qarabağ mitinqi” keçirildi.  Xaricdə yaşayan yüzlərlə soydaşımız “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq”, “Biz Qarabağa qayıtmaq istəyirik” tələbləri səsləndirdilər. Baxın onların media səhifələrinə, bircə cümlə varmı? Bu, necə milli dava, milli savaşdır?!

Müşfiq Ələsgərli