“Freedom hose” rəngləri qarışıq saldı, sirrini əldən verdi

Təşkilat  2019-cu il hesabatı ilə özü-özünü ifşa etdi  

“Freedom House” təşkilatı “Dünyada azadlıq 2019” hesabatını açıqlayıb. Təsnifatı aparılan 195 ölkə   “azad”,  “qismən azad”,  “qeyri-azad” olmaqla 3 qrupa bölünürlər.  Hər kateqoriyanın öz rəngi var:  yaşıl rəng  “azad”,  sarı rəng  “qismən azad”,  qara-çəhrayı rəng isə “qeyri-azad”   ölkələri simvolizə edir.  Xəritədə  yaşıl rəngdə 86 ölkə, sarı rəngdə  59 ölkə, qara rəngdə  50 ölkə göstərilir.

 Azərbaycan üçün ayrılan yer haqqında müzakirə açmayaq, zatən ölkəmizə qarşı bəlli, standart bir mövqeləri var. Hansı şərtlərlə  olur-olsun,  bizim üçün  “qeyri-azad ölkə” yarlığından istifadə edir. On illərdir ki,  yanaşmaları belədir.  Maraq doğuran məqam “Freedom House”   siyahısında ənənəvi olaraq  “azad” və  “qismən azad” kateqoriyalarında göstərilən  ölkələrdə baş verən son  proseslər və təşkilatın onlara münasibətidir. Özünü beynəlxalq və müstəqil təşkilat elan etsə də,  “Freedom House”  siyasi sifarişlər icraçısıdır, bu fakt təsdiqini tapıb. Xidmətçisi olduğu dövləti və bu dövlətin marağında olan ölkələri həmişə  yaşıl,  sarı rənglərdə götərib. Amma  iş elə gətirib ki,  2018- 2019-cu ilərdə dünyada  söz azadlığı və ümumilikdə insan haqlarının pozulması yönündə ən ciddi insidentlər də, məhz həmən yaşıl, sarı  rənglilərdə baş verib. O cümlədən, ABŞ-da.   Dünyanı şoka salan  Jamal Khashoggi olayı və ABŞ prezidentinin bu olaya “qeyri-adi” münasibəti də,  prezident Donald Trampın  CNN müxbiri ilə “güləşməsi ” də, digər tükürpədici hadisələr də 2018-ci ildə baş verib və ABŞ-ın neqativləri sırasına yazılıb. İndi   “Freedom House” ya həmən  faktlara istinad edib ABŞ-ın hesabatdakı ənənəvi rəngini dəyişməlidir, ya da öz obyektivliyini şübhəyə salmalıdır.  

“Freedom House”  ABŞ-ı və ABŞ-ın  maraq dairəsində olan ölkələri qara-çəhrayı  rənglə boyaya bilməz, uzun illərin təcrübəsi bunu  göstərir.  Amma fakt da faktdır axı, hər şey dünyanın gözü qarşısında baş verib:  “Washington post” un əməkdaşı  Jamal Khashoggi   işgəncə ilə öldürülüb və  ABŞ prezidenti  jurnalistin ölümünə şəxsi maraqlar naminə göz yumub; dünya bunu görüb;  Tramp  CNN müxbiri ilə “güləşib”, onu əzməyə çalışıb, bunu da  hər kəs görüb.  Beləliklə, “Freedom House” dillema ilə üzləşib: necə etsin, durumdan necə çıxsın ki, həm obyektivliyinə şübhə gəlməsin, həm də  ABŞ-ın rəngini dəyişməsin?  Nüans da budur,  “Freedom House” dillemanın həlli üçün o qədər primitiv, gülünc bir oyun oynayıb ki, quyruğu əldən verib, özünün on illər ərzində tətbiq etdiyi taktikasını ifşa edib.

Hesabatın 17-ci səhifəsindən başlayaraq, Amerikada demokratiyanın durumuna aydınlıq gətirilib. Vurğulanır ki, “son səkkiz il ərzində ABŞ-da demokratik durum əhəmiyyətli dərəcədə zəifləyib. Mövcud prezidentin qanunun aliliyinə qarşı basqıları, davam edən hücumları, faktiki olaraq  jurnalistikanın durumunu  və demokratiyanın digər prinsiplərini ən aşağı səviyyəyə endirib, təhlükəli hal yaradıb”. Hesabatın bu girişlə başlayan “ABŞ-da demokratiya” fəsli   2018-ci ildə, həmçinin, son 8 il müddətində ABŞ-da demokratik azadlıq mühitinin pisləşməsi yönündə  nə baş veribsə, əksəriyyətini təsvir edib. Hətta ixtisarla, kəm-kəsirlə verilsələr belə, hesabatın şərh bölməsində yer tutan bu faktlar kifayət edir ki, ABŞ-ın yaşıl rəngi, ən azı sarıya çevrilsin.  Bəs nəticə? Nəticə odur ki, ABŞ-ın rəngi dəyişməyib, “Freedom House” ABŞ-ı yenə yaşıl rəngdə, yəni hər şeyin yaxşı olduğu  ölkələr sırasında göstərib.  Hansı prinsiplə, axı pislikləri özü sadalayıb? Təşkilat izahat verməkdən yayınmaq üçün belə taktika işlədib:  ABŞ haqqında bilgilər hesabatın yalnız PDF variantında yerləşdirilib, həm də digər ölkələrin arasında. PDF variantlı  sənədlərin içində  olan bilgilər, Google və digər axtarış sistemləri ilə araşdırılanda, üzə çıxmırlar, çünki PDF proqramının xüsusiyyəti buna imkan vermir. Axtarış sistemi sənədin yalnız adını tapa bilər, içdəki yazılar axtarış sistemində tanınmır. Kimsə bu sənədin adını bilməzsə, axtarışı ABŞ adıyla aparsa, həmən sənədə çıxış  tapmaz.  Yalnız xüsusi marağı və bilgisi olan şəxslər   bu sənədi öz adı ilə, yəni  “Freedom House” təşkilatının  “Dünyada azadlıq 2019” hesabat” adıyla   axtarıb tapmalı, 31 səhifəlik materialı oxumalı, onun 17-ci səhifəsində gizlədilmiş həqiqəti tapmalıdır. Kimdə var bu maraq və səbr?! Google və digər axtarış sistemləri bir yana, hətta  freedomhouse.org   saytının özündə axtarış aparsanız belə, yenə də ABŞ haqqında neqativ informasiyalar qarşınıza çıxmayacaq. Çünki onlar bazada, xəbər lentində yoxdurlar. Təşkilat təmsilçiləri qəsdən belə ediblər ki, ABŞ haqqında neqativlər görünməsin, diqqət çəkməsin, kimsə sadalanan faktlarla ABŞ-ın rəngi arasındakı təzadın fərqinə varmasın. Xəbər lentində verilən informasiyalar isə elə variantda təqdim ediliblər ki, həqiqət üzə çıxmasın. Test üçün  freedomhouse.org   saytında “Washington post” un əməkdaşı  Jamal Khashoggi   haqqında axtarış verin.  Nə qədər axtarsanız da, o dəhşətli hadisə və ABŞ prezidentinin bu hadisəyə “şok münasibəti” barədə ətraflı bilgi  tapılmaz. Qarşınıza yalnız   “Freedom house” prezidenti  Michael J. Abramowitz-in Donald Trampa müraciəti çıxacaq.  O öz məktubunda acizanə şəkildə xahiş edir ki, Tramp  Jamal Khashoggi olayını diqqətdə saxlasın. Bu qədər. Amma nə ölüm hadisəsi, nə də ondan sonrakı proseslər təqib edilməyib, ABŞ-ın yaşıl rənginə təsir edəcək faktlar saytda yerləşdirilməyib. Neqativlər təşkilat saytının  künc-bucağında  elə variantda gizlədilib ki, heç kəsin diqqətini çəkməsin, axtarılsa da, tapılmasın.  Əgər kimsə “Freedom house”-i küncə sıxıb hesab tələb edəcək qədər irəli getsə, həmən hesabat kağız variantda masaya qoyulacaq, baxın “biz obyektiv işləmişik” deyəcəklər.  Reallıqda isə  sistem elə qurulub ki, heç kəs   ABŞ-ın  yaşıl rənginə görə  “Freedom house” –nin obyektivliyini şübhəyə almasın.

“Freedom house” təkcə ABŞ-la deyil, maraq dairəsində olan digər dövlətlərlə də bənzər davranıb. Şübhə edən varsa,  freedomhouse.org   saytında daxil olub,   hələ 40-ı çıxmamış  Mher Yeghiazaryanı axtarsın. Paşinyan hakimiyyətinə etiraz olaraq həbsdə aclıq aksiyası keçirən bu jurnalist və siyasətçinin aksiya sonunda ölməsi faktı barədə bircə kəlmə də tapmazsınız.  Çünki    sahibləri  Michael J. Abramowitz-ə sifariş ediblər ki, Ermənistanın adını hesabatda  şərafətli yerdə yerləşdirsin,  “Nikol Paşinyanın qələbəsindən sonra baş verən dəyişiklər vəsf edilsin”. Bu tapşırıqla Mher   Yeghiazaryan olayı ziddiyyət təşkil edir.  “Freedom house”  çıxış yolunu  onda görüb ki, Mher   Yeghiazaryan olayını saytda gizlətsin, Ermənistanı sarı rəngdə göstərsin. Mher Yeghiazaryanla paralel şəkildə Azərbaycanda olan hadisələr barədə axtarış aparsanız, saniyəbəsaniyə hər şeyin təsviri ilə rastlaşarsınız.

Müşfiq Ələsgərli

Yeniləşməsək, yeniləcəyik

KİVDF-nin yeni şərtləri   KİV-lərin yeni dövrün tələblərinə uyğunlaşmasını  təmin edəcək

Media nəzəriyyəçiləri üçün  trendlər  dəyişib. İndi  müzakirələr   “jurnalistika, onun standartları, davranış qaydaları” kimi mövzularda   deyil,  keyfiyyətli  xəbər və effektiv kommunikasiya üzrə aparılır.  Yəni, hədəf xəbərin istehsalçısı deyil, xəbərin özüdür.  Çünki, dövrümüzdə xəbər istehsalı, sadə dildə desək, “jurnalistlərin inhisarından” çıxıb, istehsalçıların  çeşidi çoxalıb: “vətəndaş jurnalistlər”, “internet fəalları”, “sosial şəbəkə istifadəçiləri”  kimi təbəqələr meydana çıxıb. Xəbər istehsalçıları kimi, kommunikasiyanın da tipi dəyişib: artıq  istehsal olunmuş   xəbərin çatdırılması üçün nəinki  kağız, hətta radio, televiziya yayımları da tələbləri tam ödəmir. Diqqət internetə, həmçinin,  məkan – zaman fərqi qoymadan  internetə fasiləsiz qoşulmaq imkanı olan cihazlara yönəlib. Xəbər istehsalçıları da öz məhsullarını  internetlə,  mobil tətbiqlərlə  yayırlar. İnformasiya texnologiyaları üzrə ixtisaslaşmış beynəlxalq şirkətlərin əksəriyyəti elan ediblər ki, növbəti ildən investisiyanı yalnız sosial şəbəkələrin, mobil tətbiqlərin inkişafına  yönəldəcəklər. Hər kəs bunun üzərində fokuslaşıb.

Azərbaycanda da durum fərqli deyil. Ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Təqribən 30 faiz insan sosial şəbəkələrə qoşulub, deməli xəbərləşməni sosial şəbəkələr üzərindən reallaşdırırlar.

Qəzetlərin ömrü bitibmi, onlar bağlanmalıdırlarmı?

Texnoloji yeniliklərə aludə olub, keyfiyyətli xəbər məsələsini unutmayaq. Kontent məsələsi kommunikasiyanın tipi üzrə keçirilən müzakirələrdən geridə deyil.  Kommunikasiya texnolojiyaları nə qədər inkişaf etsə də, xəbərin operativ çatdırılmasını təmin etsə də,  bu, keyfiyyətli xəbər problemini aradan qaldırmır, əksinə, yalan xəbərin (fake news) artmasını stimullaşdırır. Məşhur statistika təşkilatlarının apardıqları tədqiqatlar dəhşətli mənzərəni ortaya qoyur.  Məsələn,  “statista.com” portalının araşdırmalarına görə,  onlayn resurslardan, internet  üzərindən yayılan, xüsusən sosial şəbəkələr vasitəsilə verilən xəbərlərin yarıdan çoxunun məzmunu  yalandır. Bu göstərici ölkələr üzrə dəyişir, inkişaf etmiş ölkələrlə inkişafdan qalmış ölkələr arasnda fərq var. Amma fərq böyük deyil. Məsələn, statista.com-un araşdırmalarına görə,  ABŞ-da  2017-ci ildə   sosial media üzərindən yayılan xəbərlərin  42 faizi yalan xəbərlər   (fake news ) olub ( https://www.statista.com/statistics/672275/fake-news-traffic-source/ ). Bəzi ölkələrdə isə  bu göstərici  60 faizə qədər artır.

İnsanlar yalan xəbərlərin toruna düşməmək üçün xəbərləri  ənənəvi  mənbələrdən, yəni, peşəkar xəbər istehsalçısı olan KİV-lərdən-qəzetlərdən, radiodan, televiziyadan almağa üstünlük verirlər.   “Forbes”in araşdırmalarında  iddia olunur ki,  ABŞ əhalisinin 51 faizi, hələ də qəzet oxuyucusudurlar  (  https://www.forbes.com/sites/paulfletcher/2016/12/26/good-news-for-newspapers-69-of-u-s-population-still-reading/#10543e00723c ). “Pewresearch” portalı isə qəzet oxuyucularının sayını  61 faiz elan edib  (http://www.pewresearch.org/fact-tank/2012/10/11/number-of-americans-who-read-print-newspapers-continues-decline/ ).  Ortadakı fərq azdır, cəmi 10 faiz. Buna baxmayaraq, hətta minimum olana istinad etsək belə, özlüyündə böyük göstəricidir, qəzet oxuyucuları informasiya alıcılarının 51 faizini təşkil edirsə, durum pis deyil, çox yaxşıdır.   Amma bu 51 faizlərə, 61 faizlərə qapılıb  elə təəssürat yaranmasın ki, guya ABŞ əhalisinin 51 və ya 61 faizi səhər durub qəzet alır, eynəyini taxır və kağızı götürüb oxumağa başlayır. Yox, qətiyyən belə deyil. Adını çəkdiyimiz araşdırma mərkəzlərinə istinad etsək, həmən 51 faiz əhalinin yalnız  23  faizi qəzetləri  ənənəvi variantda- kağız üzərindən oxuyurlar.  Yerdə qalan oxucular isə  qəzetləri  onlayn versiyada, rəqəmsal   texnologiyalarla oxuyurlar.   ABŞ qəzetçiləri kommunikasiya üçün multi texnologiyalardan istifadə edirlər.  Az da olsa, oxucuların bir qismi (23 faiz) qəzeti kağız üzərindən oxuyur, onların istəyi ödənlir, qəzetin kağız versiyası hazırlanır.  Digər qism oxucu  qəzetin xəbərlərini mobil tətbiqlərlə izləmək istəyir, onların da ehtiyacları ödənilir.  Kimsə sosial şəbəkələr üzərindən xəbər alıcısıdır, qəzet bunu da tətbiq edir.  Vizual yayımlar edir, tv yayım təəsüratı  yaradır, bu istəkdə olanları da əldən buraxmır.  Beləliklə, xəbər alıcılarının 51 faizini (və ya 61 faizini) əldə saxlayır.

Deməli, qəzet və qəzetçilik öz ömrünü bitirməyib. Sadəcə qəzeti kağız üzərindən oxuyanlar azalıb. Kağız isə qəzet xəbərinin oxuyucuya çatması üçün yeganə vasitə deyil.  Qəzetlər, onların redaksiyaları hazır mexanizmdirlər, doğru xəbər almaq istəyənlər üçün ən önəmli mənbədirlər. Sadəcə texnoloji yeniliklər ediblər, zamanın tələbinə, oxucunun zövqünə uyğunlaşıblar, xəbəri operativ çatdırma üsulları tapıblar.  Bütün bunları qurmaq böyük vəsait, ciddi sərfiyyat tələb etmir. Əksinə,  bu texnologiyaların tətbiqi kağız üzərində xəbər yaymaqdan daha ucuz, daha sərfəlidir. İnternetin mövcudluğu bu texnologiyaların tətbiqini asanlaşdırır,  imkan yaradır. Sadəcə bilgi, istək,  maraq və  stimul olmalıdır.

Azərbaycanda durum:

KİVDF-nin stimulaşdırıcı missiyası

Azərbaycanda  çap media (print media)   sahəsində böhran hiss olunur.   Qəzet oxucuları azalırlar, onlar elektron mediaya, onlayn resurslara  müracət edirlər. Zəncirvari prosesdir:  oxucu  auditoriyası itirsə, tiraj aşağı düşür, tiraj enirsə,  reklam yoxa çıxır, ciddi maliyə böhranı yaşanır.  İndi qəzetlərin  yeganə stabil maliyyə mənbəyi  Azərbaycan Prezidentinin dəstəyi ,  KİVDF vasitəsilə verilən maliyyədir.  KİVDF  2009-cu ildən bu günə kimi qəzetlərin yaşaması üçün ən mühüm vasitə oldu. Belə demək mümkündürsə, dövlət başçısı Azərbaycan milli mətbuatını qorudu, onu yaşatdı.  Amma bu proses nə qədər davam edə bilər? Nə vaxta kimi dövlət dəstəyi qəzetlərin yaşaması üçün başlıca mənbə olaraq qalacaq və qalmalıdırmı? Suallar çoxdur.  Media menecerlərimizin  verdikləri cavab isə birdir. Onlar deyirlər ki,   İnternetin və elektron medianın, sosial şəbəkələrin inkişafı ənənəvi KİV- ləri,  xüsusilə print medianı ciddi sınaq qarşısında qoyub.  Həqiqətdirmi bu cavab? Yuxarıda dünya təcrübəsindən nümunələr  verdik. İnternet, sosial şəbəkələrin inkişafı, əgər bir kommunikasiya vasitəsi kimi düzgün istifadə edilərlərsə, qəzetlərə fayda gətirməlidirlər. Fayda deyil, ziyan gətirirlərsə, deməli, nə isə düzgün tətbiq edilmir və dəyişiklik olmalıdır. Səbəbi tapmaq üçün uzağa getməyək. Neqativi  hər kəsə şamil etmək olmaz.  KİVDF-nin  yardımından, dəstəyindən, təcrübə mübadilələri  proqramlarından düzgün faydalananlar, uğur qazananlar da var və belələri çoxdur.  Onlar dünya təcrübəsini əxz ediblər, yeni txnologiyalar tətbiq ediblər və öz mövcudluqlarını, nüfuzlarını qoruyub saxlayıblar, həta inkişaf etdiriblər.  KİVDF-nin 2019-cu ildə maliyyə ayrılması üçün elan etdiyi şərtlər,  yeni tələblər  həmən uğurlu KİV layihələrinin nümunə götürülməklə, print mediada mərkəzləşmə prosesini stimullaşdırır. Media  bazarında  güclülərin, cəmiyyət tərəfindən qəbul olunanların,  oxunan qəzetlərin qalmasına və daha da inkişaf etmələrinə şərait yaradır. Onların öz imkanlarını daha da artırmaları üçün maliyyə vəsaiti əksərən  belə KİV-lərə  yönləndiriləcək.

Əksər dövlətlərdə cəmi bir neçə mərkəzi qəzet çıxır, onların gözəl tərtibatı, texniki imkanları, böyük tirajı, geniş oxucu auditoriyaları  var. Azərbaycanda isə ancaq KİVDF nin vasitəsilə maliyyələşən qəzetlərin sayı 33 idi. Bundan başqa sahə qəzetləri, aylıq, regional qəzetlər var.   Onların əksəriyyətinin tirajı çox aşağıdır, ən inkişaf edən bir neçə qəzetin tirajı  5 mini keçmir. İşçilərin sayı və peşəkarlığı tələb oluna səviyyədə deyil, maaşlar aşağıdır.   Balaca bir ölkədə bu qədər qəzetin yaşaması üçün zəruri imkanlar yoxdur. Onlar nəinki Azərbaycan informasiyasını dünyaya çatdırmağa, heç ölkə içində ictimai rəyə təsir etmək imkanında deyillər.  Təmərküzləşmə getməlidir, böyük, peşəkar  kolektivi olan, yayım imkanları, oxucu auditoriyası geniş,dayanıqlı KİV-lərin qurulması stimullaşdırılmalıdır. Yeniləşməsək, yeniləcəyik, bu bir həqiqətdir.

Müşfiq Ələsgərli

“Transparency İnternational” ın hesabatı OCCRP –dən köçürülüb

Hər iki təşkilatın maliyyəçisi və himayədarı olan Corc Soros, görən bu gün nəyin peşindədir?

“Transparency İnternational” (Tİ) təşkilatının yanvarın 29-da dərc etdiyi 2018-ci il üzrə  Korrupsiya İndeksini incələdikcə, maraqlı nüanslar ortaya çıxır. Diqqət çəkən məqamlardan biri budur ki, Azərbaycanı  korrupsiya səviyyəsinə görə dünyanın 180 ölkəsi arasında 152-ci yerə layiq görən Tİ-nin özünün maliyyə mənbələri kifayət qədər ziddiyyət, qeyri-şfaflıq var. Baxmayaraq ki, Tİ öznün veb səhifəsində “20 milyon dollarlıq büdcəsinin gəlir mənbələri” barədə bilgi yerləşdirib. Amma diqqət yetirəndə  görünür ki,  büdcədə göstərilən rəqəmlərlə Tİ mühasibatlığının şərhi arasında uyğunsuzluqlar var.  Məsələn, şərh bölməsində qeyd edilir ki, Tİ-nin illik büdcəsinin 24 faizi ABŞ-dan formalaşır. Amma rəqəmlərin təsnifatından bəlli olur ki, qeyd edilən məbləğ  ABŞ-dan yalnız  Tİ-nin institutsional xərcləri üçün ayrılan (United States 763,074 24 $) vəsaitdir. Tİ-nin layihələrinin maliyyələşməsinə çəkilən xərclər  müxtəlif fondların arasında paylaşdırılmaqla, müxtəlif qrafalarda yerləşdirilməklə  iz itirilib.Deyək ki, ABŞ Dövlət Departamentinin (U.S. Department of State)  Tİ-yə birbaşa  ayırdığı yardımla ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD)  ayırdığı vəsait fərqli qrafalarda təqdim edilir. Ən qəribəsi isə  Foundation Open Society Institute (Soros Fondu-  469,992$) ilə   Open Society Institute Development Foundation  (213,225 $), Friends of Transparency International (Nyu-York- 241,502 $) ayrı qrafalarda, ayrı-ayrı mənbələr kimi  göstərilirlər. Hansı ki, bu fondların hər birinin eyni mənbə olduğunu, Corc Sorosa bağlandığını  hər kəs bilir. Bu adlar və rəqəmlər ona görə fərqli adlar altında  təqdim edilir ki, diqqətçəkici görünməsinlər. Çünki bu ayrı-ayrı forndlar və ayrı –ayrı rəqəmlər birləşdiriləndə çox yüksək göstərici ortaya çıxır, “Transparency İnternational”ıın hansı maliyyə mənbəyinin təsiri altında olduğu və kimin sifarişini yerinə yetirdiyini üzə çıxarır.

Amma “Transparency İnternational”ı   Corc Sorosla birləşdirən bağ təkcə Tİ-yə birbaşa ayırdığı vəsaitlə bitmir.  Tİ 2018-ci il üzrə  Korrupsiya İndeksini  hazırlayarkən, “bəzi rəqəmlərdə”  “Corrupsiya və Mütəşəkil Cinayətlər Hesabatı Layihəsi”-nə (OCCRP)  də istinad etdiyini göstərir. Amma “bəzi məqamlarda istinad” deyimi  də yalnız iz azdırmaq üçündür. Tİ-nin  hesabatı  simvolik dəyişikliklərlə, demək olar ki, OCCRP-dən köçürmədir.  Tİ hesabatın bir bəndində açıq tekstlə qeyd edir ki, 2018-ci il indeksində Azərbaycanın birdən-birə 32 pillə geri atılması “Azərbaycan landromatı” hesabatına görə olub. Təşkilat, sanki üzürxahlıq edir, çıxılmaz durumda olduğunu büruzə verir. Hesabatda yazır ki, “son beş ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizə səviyyəsində müsbət dinamika müşahidə olunub. Amma ötən il  “Azərbaycan landromatı”-nın üzə çıxması hesabatda Azərbaycanın 32 pillə geriləməsinə səbəb olub”.  Məlumat üçün qeyd edək ki, “Azərbaycan landromatı” hesabatı   “Corrupsiya və Mütəşəkil Cinayətlər Hesabatı Layihəsi” (OCCRP) çərçivəsində hazrlanıb. Bu halda  OCCRP –in kimliyi sualı ortaya çıxır. Amma onun izini tapmaq üçün də səbrli davranmaq lazım gəlir, çünki, burada da iz azdırmaq üçün “yüngülvari manevrlər” edilib ki, sadə oxucu sona vara bilməsin.  OCCRP    Beynlxalq Araşdırmaçı Jurnalistlər Şəbəkəsinin  (Global İnvestigative Journalism Network-GİJN) hesabatı kimi təqdim edilir. Deməli, OCCRP-in kimliyini tapmaq üçün  GİJN-ni araşdırmaq lazım gəlir. GİJN-nin  saytında verilən bilgidən bəlli olur  ki, proqramın rəsmi qurucusu və maliyyəçisi Açıq Cəmiyyət Fondudur (Open Society Foundations-Soros Fondu). İkinci maliyyəçi isə, USAİD-dir.  Beləcə, “Transparency İnternational” (Tİ) təşkilatının 2018-ci il üzrə  Korrupsiya İndeksində Azərbaycan üçün ayarladığı yerin sifarişinin kimdən gəldiyi dəqiq şəkildə üzə çıxır: Corc Soros.

Məlumat üçün deyək ki, 2018-ci il üzrə Korrupsiya İndeksinin hazırlanması,   bunun fonunda Azərbaycana qarşı aparılan savaş “Transparency İnternational”-ın OCCRP ilə ilk müştərək işi deyil. 2 təşkilatın Azərbaycanla bağlı sərt təpkiləri 2016-cı ildə – TANAP və TAP layihələri,  “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması zamanı ortaya çıxmışdı. Bəllidir ki, Azərbaycanın  həmən layihələrin icrasına başlaması çoxlarını narahat etmişdi. Narahat olanlar sırasında “Corc Soros imperiyası” və onunla əməkdaşlıq edənlər də vardı. Həmən dövrdə bu şəbəkə Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasının qarşısını almaq üçün ölkəmizi beynəlxalq kredit təşkilatları ilə üz-üzə qoydular, Azərbaycanın kredit almasını əngəlləmək üçün min bir oyun qurdular. İş o qədər gərginləşdi ki, Azərbaycan  Mədən Sənayesində Şəffaflıq Təşkilatında üzvlükdən  (MSŞT) imtina etdi.  “Transparency İnternational”-ın OCCRP-lə ideyası bu idi ki, Azərbaycanla MSŞT arasında münasibət gərginləşsə, şərtə görə beynəlxalq kredit təşkilatları Azərbaycana kredit verməkdən imtina edəcəkdilər və bununla da Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması imkansız olacaq. Azərbaycan bu təzyiqə ləyaqətlə dözdü, cavab verdi və öz layihəsini gerçəkləşdirdi. Məntiqə əsaslansaq, belə sual yaranır: Corc Soros bu gün nəyin peşindədir? Yəqin ki, tezliklə bu da aydınlaşacaq.

Müşfiq Ələsgərli

“Kəşfiyyat məlumatı” ilə siyasi proqnozun fərqinə varmayanlar

“Transparency İnternational”ın  hesabatında özünü ifşa edən məqamlar

“Radikal”  müxalifətin tribunası rolunda çıxış edən  “Turan” TV-nin  “Söz arası” proqramının 9 yanvar tarixli buraxılışında  bir nüans var: Avropa Birliyindəki keçmiş təmsilçi, “qiyamçı səfir” kimi tanınan   Arif Məmmədov özünün anti-hakimiyyət iddialarına  haqq qazandırmaq üçün “sübutlar”  axtarır. Deyir ki, 2016-cı ildə   Avropa İttifaqının  “vacib şəxs”lərindən biri, “intellektual səviyyəli siyasi təhlilçi”  ilə görüşüb. Keçmiş diplomatın adını çəkmək istəmədiyi həmən  “siyasi təhlilçi”  Azərbaycandakı durum barədə mülahizələri dinlədikdən sonar deyib ki,  “yaxın 2 il müddətində Azərbaycanla bağlı  heç nə gözlənilmir”. Ardınca vurğulayıb ki,  yaxın  2 il müddətində, yəni  2017-2018 –ci illərdə   Ermənistanda durum pisləşəcək, dəyişiklik olacaq. Yalnız ondan sonar, yəni Ermənistanda yeni düzən qurulandan sonar, Qərb təşkilatlarının diqqəti Azərbaycan üzərində fokuslaşacaq:  “Beynəlxalq basqılar arta və  Azərbaycan üzərində cəmləşə bilər”. Arif Məmmədov da 2019-cu ilin yanvar ayında deyir ki, “proqnozun bu qədər dəqiq çıxmasından heyrətlənib”: “Həqiqətən də Ermənistanda dəyişiklik oldu, indi də Azərbaycana qarşı beynəlxalq basqılar çoxalır, durum pisləşir”.  Amma  “qiyamçı səfir”  ya bilərəkdən, ya da bilməyərəkdən izaha ehtiyacı olan bəzi məqamların üzərindən “sükutla keçir”.  Demir ki,  əgər 2 il sonar baş verəcək  hadisənin adı, mahiyyəti, tarixi dəqiqliklə təsvir edilirsə, hətta saatına, dəqiqəsinə qədər vurğulanırsa,  bu, artıq  siyasi proqnoz deyil, kəşfiyyat məlumatıdır,  planı cızılmış proqramdır. Beləcə, Arif Məmmədov  mənsub olduğu keçmiş komandanı  tənqid etmək istəyərkən, əks nəticə alınır: etiraf edir ki, bütövlükdə Cənubi Qafqaza, onun da tərkibində Azərbaycana istiqamətlənmiş bir proqram var. Müəlliflər yerli şəraiti, milli maraqları nəzərə almadan, nəyin hesabına olursa-olsun, öz  proqramlarını  gerçəkləşdirmək istəyirlər və indiki basqılar da bunun nəticəsidir.  Baxaq, Azərbaycanda qəfildən bir Mehman Hüseynov olayı meydana çıxır. Azərbaycan Prezidenti olaya müdaxilə edir, problem  çözülür, işlər yoluna qoyulur. Amma nə Avropa Parlamenti, nə “Washington Post”,  nə də  ABŞ Konqresinin Helsinki komissiyasının ermənipərəst təmsilçiləri susmaq bilmirlər. Fotobloqçu üzərində fokuslaşan,  əslində Azərbaycana təzyiq üçün qurulan bəyanatlar, açıqlamalar bir-birinin ardınca düzülüb. Nəhayət, Mehman Hüseynovun videomüraciəti yayıldı, adam öz dili və görüntüləri ilə durumun fərqli olduğunu nümayiş etdirdi, “beynəlxalq təşkilatları” rəzil duruma saldı, Azərbaycanı tənqid etmək üçün qondardıqları bəhanəni  onların əllərindən aldı. Amma onlar yenə də dayanmırlar, indi də başqa variant işlədirlər.  Qərb dairələrinin siyasi sifarişlərinin icraçılarından daha biri, “Transparency İnternational” prosesə qatılıb. Təşkilat yanvarın 29-da illik hesabat yayıb və   “Azərbaycanı korrupsiya səviyyəsinə görə dünyanın 180 ölkəsi arasında 152-ci yerə” layiq görüb.  Təşkilat hesabatında qeyd edir ki, “son beş ildə Azərbaycanda korrupsiya səviyyəsində müsbət dinamika müşahidə olunub. Amma ötən il ölkədəki mənfi proseslər aşkar edilib”. Guya ki, bu “bir ildə ortaya çıxan məqamlara görə”  də Azərbaycanın adını nə az-nə çox, birdəfəyə  50 pillə geri atıb?! Bəli, ötən 5 il yaxşı olub, özləri də etiraf edirlər, ndi də yaxşıdır. Sadəcə indi  Arif Məmmədovun dili ilə desək, “Aİ siyasi təhlilçisinin”, reallıqda isə,  avropalı kəşfiyyatçının  dediyi məqam yetişib. Təbii ki,  “Transparency İnternational” da bu kampaniyaya qatılmalı, öz hesabatını uyğunlaşdırmalı,  “Washington Post”,  Avropa Parlamenti, ABŞ Konqresinin Helsinki komissiyasının ermənipərəst rəhbərliyi ilə eyni cərgədə görünməlidir. “Transparency İnternational”ın hesabatının qondarma olduğunu, yalançı faktlar üzərində, siyasi konyekturaya uyğun qurulduğunu  ifşa edən daha bir nüans var.  Korrupsiya İndeksində Ermənistan 105-ci yerdə, yəni Azərbaycandan 47 pillə önə çəkilib. Amma bütün dünya bilir ki, 2018-ci ildə Ermənistanın hakim komandasının çoxsaylı  üzvləri, keçmiş prezident Köçəryan da daxil olmaqla, həbsə atılıblar. Barələrində  korrupsiya hallarına görə ittihamlar da var. Deməli, ermənilər özləri “bizdə dövlət başçısı səviyəsində korrupsiya cinayətləri var” deyirlər, “Transparency İnternational” isə onları “korrupsiya cinayətlərinin azlığına görə “ hörmətli pillədə yerləşdirir. Bu, nə məntiq, nə obyektivlikdir?

Bu halda təbii sual yaranır: xalq misalında deyildiyi kimi, “biri ayda,  biri çayda yerləşən” bu təşkilatları, “Transparency İnternational”ı, Avropa Parlamentini, “Washington Post”u,  Helsinki komissiyasını və sairi   toplayıb bir xətt ətrafında düzən, təşkilatlandıran, sinxron fəaliyyətə sövq  kimdir, Azərbaycanda nə marağı  var?

“Transparency İnternational” fərqli davrana bilərdimi?

Müşahidələr göstərir ki, bənzər  proqramlar Qərb, daha doğrusu, ABŞ texnoloqları tərəfindən dəfələrlə icra edilib. Məkan və məqsəd fərqli olsa da, texnologiya bənzərdir.  Faktlar sübut edir ki, ABŞ 2-ci Dünya Müharibəsindən ötən 70 il müddətində  Avropa məkanını, o cümlədən, nüfuz dairəsində olan digər dünya dövlətlərini  belə mexanizmlərlə idarə edib: ABŞ-ın bu yerlərdə  maraqları təhlükəyə düşəndə, yaxud, hansısa yeni situasiya yetişəndə  “beynəlxalq QHT-lər”in, “donor institutların, “dövlətlərarası təşkilatların”, həmçinin,  ayrı-ayrı  dövlətlərin ərazisində zaman-zaman təşkilatlandırılmış “5-ci kalon” təmsilçilərinin   “prinsipiallıq duyğusu” da baş qaldırır, sinxron canlanma başlayır. ABŞ-ın təsir dairəsində olan “vətəndaş cəmiyyəti institutları” vasitəsilə səfərbər olunan cəmiyyətlər milli hökumətləri fakt qarşısında qoymaqla, onları güzəştlərə sövq edə bilirlər. 

Bu cür proqramların işlək halda saxlanılması üçün ABŞ-da tam bir dövlət mexanizmi yaradılıb. Avropada yüzlərlə “milli QHT”-lər var ki, adları  Avropalı, ürəkləri  Amerikalıdır. Nümunə olaraq bir misal göstərək:  Böyük Britaniyanın məşhur QHT-ləri sırasından   dünyaya beynəlxalq statuslu təşkilat kimi təqdim etdikləri arasında Artikl-19 ilk cərgədə dayanır.   Bu təşkilat Böyük Britaniya QHT-si olaraq digər ölkələrdə, o cümlədən, Azərbaycanda da çoxlu  layihələr icra edib, vətəndaş cəmiyyəti institutlarına  nüfuz edib.  Bəs Artikl-19-un üzdə olan simaları kimdir? “Üzdə olan fiqur” məsələsi zamana bağlı bir haldır: maraq hansı ölkə üzərində cəmlənirsə, o ölkəni yaxşı bilən şəxs tapılıb üzə çıxırılır, təşkilatın təmsilçisi kimi təqdim edilir. 2012-2015-ci illərdə təşkilatın “aparıcı fiqurlarından biri”   Rebeka Vinsent olub. Amma Rebeka Vinsent ABŞ vətəndaşıdır. O, Azərbaycanda ABŞ səfirliyində çalışıb. Sonradan ən böyük antiAzərbaycan kampaniyalardan birinin, 2012-ci ildə fəallıq göstərən Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupunun koordinatoru olub. Bu qrupu isə  Artikl-19-un təmsilçisi qismində formalaşdırıb. Deməli, təqribən belə bir təsvir yaradılır ki, Britaniya təşkilatları anti-Azərbaycan kampaniya keçirirlər, amma işin arxasından ABŞ çıxır. Artikl-19-u, Rebeka Vinsenti bir nümunə olaraq dedik, Azərbaycan cəmiyyəti onları yaxşı tanıdığı üçün. Belə təşkilatlar və şəxslər onlarla, yüzlərlədir. “Transparency İnternational” da bu sıradadır. “Transparency İnternational”ın bu cür siyasi sifarişləri icra etməsi faktı dəfələrlə sübut olunub.

Bu “beynəlxalq QHT-lər” əsas vəsaiti National Endowment for Democracy (NED) və buna bənzər digər ABŞ donorlarından alırlar. Hansı ki, onların da büdcəsi USAİD vasitəsilə ABŞ Dövlət Departamentinə bağlanır.  Kələfin ucu elə dolaşdırılıb ki, sonuca çıxmaq hər kəsə nəsib olmasın.  Yəni, Avropada, o cümlədən, bölgəmizdə   cərəyan edən  proseslərin bilavasitə ABŞ-dan idarə edilməsi aydınlaşmasın. Beləki, ABŞ özünü bu hadisələrdən bir qədər kənarda qalmış kimi göstərir, əvəzində isə Avropa ölkələrini hədəfə çevirir.  Bütün proseslərə təsirini Avropa mediası, Avropa QHT-ləri  vasitəsilə göstərir. Bütövlükdə Avropa məkanı ABŞ-dan idarə olunan QHT toruna bükülüb ki, Azərbaycan üzərində oynanılan oyunlar, bu sxemin aydın dərk edilməsinə yardım göstərir.

ABŞ-ın Avropanın təkcə QHT sektorundan deyil, bu məkanda yerləşən beynəlxalq təşkilatlardan, xüsusən, dövlətlərarası təşkilatlardan da istifadə etdiyi faktı ortadadır.  Proseslərdə Avropa Parlamenti, ATƏT- kimi qurumlar, onların ayrı-ayrı strukturları da var. 2015-ci ildə ATƏT-də Azərbaycan əleyhinə kampaniyaya ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin rəhbəri Daniyel Boyenin rəhbərlik etdiyi faktını, yəqin ki, hər kəs xatırlayır.

Maraq nədir?

Dünyada təkqütblü düzən dönəmi sona yetir. ABŞ-ın on illər ərzində qurduğu sistem dağılır. Rusiya-Türkiyə-İran, Çin, Avropa birlikləri kimi yeni formatlar,  güc mərkəzləri formalaşır. Bu mərkəzlərin hər biri  inkişaf etmək  üçün müxtəlif formatlı, siyasi, iqtisadi, sosial-mədəni proqramlar tətbiq edirlər.  Azərbaycan strateji baxımdan   elə mövqedədir ki, bu proqramlardan hər birinə qatıla, onlar üçün töhvə verə bilər. Bəs ölkəmizin özünün milli  marağı nədir? Bu milli marağı masaya yatırmaması üçün ölkəmizə qarşı ciddi basqı var. Görünən budur.

Müşfi Ələsgərli

“Radikal” müxalifəti aktivləşdirən səbəblər

Hiss olunur ki, rəsmi Bakı yenə də kiminsə “quyruğunu tapdalayıb”

Dünən, yanvarın 26-da “radikal” müxalifət düşərgəsinə məxsus  50-60 nəfərə yaxın  şəxs küçə yürüşü keçirməyə cəhd edib.Yasamal rayonu, Mirəli Seyidov küçəsinə təyin edilən aksiya “Sərbəst toplaşmaq azadlığı haqqında” AR Qanununun tələblərini pozmaqla, hüquqi prosedurları gözləməd keçirilib. Təbii ki, aksiyanın qarşısı hüquq mühafizə orqanları tərəfindən alınıb.

Bu, bəlli düşərgənin son bir həftə ərzində realaşdırdığı sayca üçüncü aksiyadır. Bir həftə öncə, yanvarın 19-da “birgə aksiya” keçirmişdilər.  Dərhal da 26 yanvar tarixinə  yeni aksiya təyin etmişdilər. Amma 26 yanvarı gözləməyə də səbrləri çatmadı: 20 Yanvar mərasimində də insident törətdilər; “20 Yanvar Şəhidlərini” ziyarət etmək adıyla  gəldilər, qarışıqlıq saldılar,  brifinqlər keçirməklə özlərini göstərmək istədilər.

Bir həftə ərzində 3 dəfə aksiya keçirmək cəhdi “radikal” düşərgədə gözlənilməz aktivlik, tələskənlik olduğunu göstərir. Səbəb isə aydın  deyil.  Özlərinin təqdim etdikləri səbəblər qondarmadır. İlk aksiyanı “Mehman Hüseynova azadlıq” şüarı ilə keirmişdilər, o məsələ də həllini tapıb. Amma sakitləşmirlər, aşkar büruzə verirlər ki, məqsədləri nə Mehman Hüseynov, nə də şüarlarında əks edilən başqa mövzular deyil.

“Radikal” düşərgənin  25 illik “müxalifətçilik təcrübəsi” göstərib ki, boşuna ayaqlanmazlar: ya ölkədə təbii, prosedura uyğun siyasi aktivlik olmalı, seçki, referendum və sair keçirilməlidir, ya da  xaricdəki himayədarlarından xüsusi  sifariş gəlməlidir ki,  bunlar aktivləşsinlər, küçələrə çıxıb “mən də varam” şousu göstərsinlər. İndiki aktivlikləri  də “nəyinsə simptomudur” təəssüratını yaradır. Amma nəyin? Ölkədə sabitlikdir, seşki, diqqət çəkən siyasi proses, əhalini əndişələndirəcək  hadisə yoxdur. Beləcə, istər-istəməz maraq güclənir: nə baş verir ki, “radikal” düşərgə aktivləşir?

Daxili faktor

Təhlillərə əsaslansaq,  “radikal”  düşərgəni zaman-zaman aktivləşdirən ənənəvi səbəblər zahirən  görünməsələr də, onları qınından çıxmağa məcbur edən məqamlar var. “Radikal” düşərgənin son “aktivliyinin” səbəblərindən biri  kimi ölkədə başladılan struktur və kadr islahatları görünür. Prezident İlham Əliyev sistem xarakterli islahatlarının miqyasını genişləndirdikcə, Azərbaycan idarəetmə fəlsəfəsini dəyişdikcə özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və mütəşəkkil şəkildə müqavimət göstərməyə çalışırlar. Çünki, hakimiyyət idarəçiliyində, kadr təyinatında, ümumiyyətlə, cəmiyyətin bütün sferalarında   yeni, son  nəsil texnologiyaların tətbiqinin başlanılması  “ənənəvi müxalifətin” ömrünü heç bir inzibati təsir olmadan,  təkamül yolu ilə bitirmiş olur.  Müşahidələr göstərir ki, “radikallar”  nəinki yeni nəsil texnologiyalarla,  idarəçiliklə, kadrlarla daha da möhkəmlənəcək hakimiyyətə  qarşı adekvat gücdə  deyillər, hətta mövcud durumdan da 2 addım geridədirlər. Dünya dəyişir, dəyərlər dəyişir, texnologiya və sistem dəyişir, bunlar isə olduqları yerdədirlər-1992-1993-cü il səviyyəsində. O düşüncə ilə davranışın sonu isə, mütləq məğlubiyyətdir.

Ehtimal etmək olar ki, mövcud islahatlar dalğasında “radikalları” aktivləşməyə sövq edən başqa səbəb də var. Onlar struktur və kadr islahatları nəticəsində çoxsaylı “işsizlər ordusu”nun yaranacağını düşünüb, bu təbəqəni özlərinin potensil sosial bazaları kimi görür, fürsətdən faydalanıb həmən şəxsləri öz tərəflərinə çəkmək istəyirlər. Düzdür, Birinci vitse- prezident Mehriban Əliyevanın “islahatlar insanları işsiz qoymamalıdır”  tapşırığı “radikalların” bu ümidlərini qırmış olur, amma kökləndikləri ovqatdan ayrılmaları bir qədər zaman alacaq.

Xarici faktor

Təcrübə göstərir ki, “radikal” düşərgə üçün ölkədaxili amillər, adətən, önəmsiz olub; aktivlik daxildən deyil, xaricdən gələn impulsla yaradılıb. İndiki durumda bu simptom özünü daha qabarıq göstərir. “Radikalların” son davranışları Avropa Parlamentində keçirilən qərəzli müzakirələr, “Vaşinqton post”un onlara dəstəyi ilə sinxron baş verir. Nəticə çıxır ki, düşərgənin aktivləşməsi, xarici havadarlarına dəm tutması üçün sifariş gəlib. Ənənə var axı: illərdir  bu düşərgə xarici anti-Azərbaycan mərkəzlər üçün “dayandoldurum” tüfəng rolunu oynayıb. Azərbaycan milli maraqlara uyğun regional və qlobal layihələrə imza atanda, “beynəlxalq güclərin” cavabından asılı olmayaraq bu layihələrin icrasında  prinsipiallıq göstərəndə, ölkəmizə xoş imic gətirəcək hər hansı bir proqramlar gerçəkləşdirəndə, dərhal  bütöv bir mexanizm işə düşür,   qazanılacaq nailiyyətləri heçə endirmək üçün kampaniyalar başladılır. Bu, ehtimal deyil: Avroviziya mahnı müsabiqəsi, 1-ci Bakı Avropa Oyunları, İslam Həmrəylyi Oyunları, Bakı-Tbilisi –Qars dəmiryolu layihəsi, TAP-TANAP layihələrinin müzairəsi,  2016-cı ilin aprel döyüşləri və sair zamanlarda çox aşkar şəkildə təsdiqini tapmış reallıqlardır. Proseslər Qərbdən, Şimaldan, okeanın o tayından  başladılır, notarius missiyalı bir-iki “beynəlxalq insan hüquq müdafiəsi təşkilatı” bəyanat yayır, ölkə içindəki “radikal” düşərgə tərəfindən sinxron reaksiya alır, beləiklə, qlobal kampaniya yaradılır. Kampaniya üçün səbəb tapmaq, yaxud, qondarma bir səbəbi uydurmaq önəmli deyiul. Səbəb “Bakı küçələrində tapılmış ölü it cəmdəyi” də ola bilər, Mühman Hüseynovun “aclıq aksiyası” da.

İndi hiss olunur ki, rəsmi Bakı yenə də “böyüklərdən” kiminsə quyruğunu tapdalayıb. Yoxsa, hansı qüvvə “Washington Post”,  Avropa Parlamenti və ölkə içindəki “radikalar” arasında  sinxron hərəkət yarada bilər?  Ehtimallar iki mühüm məqam üzərində cəmləşir.

Erməni lobbisi

Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar  yeni müstəviyə daxil olur. Paşinyanın qısa müddət ərzində   Azərbaycan Prezidenti ilə 3  intensiv  görüş keçirməsi, son olaraq Davos formu çərçivəsində 22 yanvarda  saat yarım çəkən görüş, bundan bir həftə öncə Parisdə Azərbaycan-Ermənistan XİN rəhbərlərinin 4 saatlıq görüşü və görüşün yekununda “xalqları sülhə hazırlamağın zəruriliyi” barədə verilən açıqlamalar münaqişənin tənzimlənməsi üzrə xüsusi aktivlik olduğunu göstərir. Bu arada Rusiya və ABŞ siyasətçilərindən bir-birini tamamlayan açıqlamalar gəlir. Rusiyalı politoloq Stanislav Tarasovun, Kremlə yaxınlığı ilə seçilən Modest Kolerovun “Ermənistanın iyunda bir neçə rayonu Azərbaycana qaytaracağı” barədə açıqlama verməsi, yaxud, “mart ayında Azərbaycanla-Ermənistan arasında razılaşma imzalana bilər” kimi ismarıclar verməsi də ortada ciddi durumun olduğundan xəbər verir. Tramp administrasiyasının təmsilçiləri də bir az fərqli formada,  iki ölkə arasında “anlaşma imzalanacağına” eyham vurublar.

Əsas olan budur ki, Paşinyanın romantik eyforiyası keçdikcə, Ermənistanın iqtisadi –siyasi fəlakət həddinə çatmasının real səbəbləri barədə təsəvvürləri durulduqca, durum dəyişir. Təcavüzkar ölkə təmsilçiləri anlayırlar ki, Dağlıq Qarabağ problemi özünün ədalətli həllini tapmayınca, Azərbaycanla münasibətlər normallaşdırılmayınca, nəticədə blokada vəziyyətindən çıxmayınca, iqtisadi fəlakətləri davam edəcək. Ənənəvi siyasətləri dəyişməlidir, bunu anlayırlar. Amma zəruri olan danışıqları özləri üçün əlverişli müstəvidə aparmaq istəyirlər. Qarabağ danışıqlarının intensiv mərhələyə daxil olduğu  ərəfədə  güclü mövqedən çıxış edən Azərbaycanın mövqelərini zəiflətmək, ölkə daxilində qarşıdurma yaratmaq üçün erməni lobbisi səfərbər olunub. Onların öz məqsədlərini reallaşdırmaları üçün əllərində ənənəvi üsullar var. Erməni lobbisinin  kritik məqamlarda “beynəlxalq donor institutları” adı altında  Azərbaycan “müxalifətinin radikal qanadına” maliyyə yardımı göndərməsi barədə fikirlər yeni deyil. Bunlar artıq fikir, ehtimal da  deyillər, marşrutu aşkarlanmış,   dəqiqləşdirilmiş xətdirlər. Onlar “xarici donor institutları” adı altında erməni lobbisindən  maliyyə alırlar  və əlbəttə ki,  maliyyəyə uyğun olaraq ölkədə qarışıqlıq yaratmaq   tapşırıqları da  alırlar, onu canla-başla icra da  edirlər.

“Böyük güclər”  

Amma siyasətçilər iddia edirlər ki, “ölkə içi və ölkə dışı qüvvələrin” sinxron aktivləşməsinin kökündə daha böyük, qlobal hadisələr dayanır. Onlar bu hadisələri ABŞ-Çin, Rusiya, Türkiyə və İran qarşıdurması fonunda şərh edirlər. ABŞ-ın Böyük Orta Şərq layihəsinin tamamlanması üçün Qafqaza, xüsusi olaraq Azərbaycana ehtiyacı yaranıb. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb layihələrinin kəsişdiyi ölkədir və ABŞ-ın bölgədəki planlarının tamamlanması üçün ciddi rol ala bilər. Azərbaycandan istənilən rol ifasının təqribi çərçivəsi də cızılmaqdadır: ölkə ərazisindən Rusiya və İrana qarşı
plastarm kimi istifadə edilməsinə icazə vermək, Azərbaycanın qoşulduğu meqalayihələrdə, xüsusən bir ucu Çinə bağlanan layihələri ABŞ-la razılaşdırmaq və sair. Hətta ortada Türkiyənin maraqlarına toxuna biləcək məqamlar da var.

Amma Azərbaycanın  transmilli nəqliyyat marşrutlarını, digər meqalayihələri  ABŞ-ın və ya başqa bir ölkənin planları çərçivəsində deyil, milli maraqlar kontekstində qurmağa çalışması ölkəmizi hədəfə gətirir. Azərbaycanı qarışdırmaq, bununla hazırkı hakimiyyətə təzyiq göstərmək və müəyyən güzəştlər qoparmaq istəyirlər.  Bu məqsədlə müxtəlif variantlardan, o cümlədən, ölkəiçi “radikal müxalifət” qanadından, ekstremist-dini qruplardan və sair istifadə olunur. İndiki durumda “Washington Post”,  Avropa Parlamenti və ölkə içindəki “radikal müxalifət” arasında qondarma səbəblərə əsaslanan  sinxron hərəkət yaranması belə xarici faktorlarla əlaqələndirilir. Məsələ o ki, Cənubi Qafqaz və xüsusən Azərbaycan üzərində marağı toqquşan “güc mərkəzi” təkcə ABŞ deyil…

Müşfiq Ələsgərli

İnternet məkanda sui-istifadənin insan haqlarına təhlükəli olduğunu AŞPA indi gördü…

“Bu məsələ barədə qətnamə qəbul edilsə də, ancaq internet üzərindən sui-istifadə probleminin həlli modeli hazırlanıb təqdim edilməyib”

Müşfiq Ələsgərli: “Avropa Şurası Parlament Assambleyası və digər qurumlar bu halların aradan qaldırılmasını həqiqətən istəyirlərsə…”

Bu gün dünyada mövcud olan problemlərdən biri internet, sosial şəbəkələr üzərindən söz azadlığından sui-istifadə hallarının geniş yayılmasıdır. Söz azadlığını əlində bayraq tutan insanlar çox zaman burada müxtəlif neqativ fəaliyyətlərlə, çağırışlarla məşğul olurlar. Dünya dövlətlərini ciddi narahat edən söz azadlığından sui-istifadəyə yol verilməsi halları beynəlxalq qurumların da diqqətini çəkib.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) internet idarəçiliyi və insan hüquqlarına dair qətnamə qəbul edib. Məlumata görə, qətnamədə internetdə insan hüquqlarının qorunmasının təmin edilməsinin çox vacib olduğu bildirilir.

Qətnamədə tövsiyə edilir ki, internet və onun idarə edilməsi məsələsi dövlət siyasətinin əsasında duran məsələlərdən olmalıdır. Üzv ölkələr sosial şəbəkənin neytrallığını qorumağa, informatika cinayətinə qarşı qlobal mübarizə siyasətinə malik olmağa, söz azadlığından sui-istifadə edilməsi hallarının qarşısını almağa dəvət olunurlar.

Qeyd edək ki, bundan əvvəl AŞPA ictimai media xidmətlərinə dair qətnamə qəbul edib.

Media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələ ilə bağlı sözügedən beynəlxalq qurumun belə bir qətnamə qəbul etməsi yaxşı haldır. O hesab edir ki, həmin qurumun problemi qabartması və bununla bağlı xüsusi sənəd qəbul etməsinin əhəmiyyəti var, lakin qurum problemin həlli modelini də hazırlayıb təqdim etsə, bunun daha böyük önəmi olar. “Əslində, deyilənlərdə bir həqiqət var. Hazırda dünyanın informasiya ilə əlaqədar trend mövzularından biri internetdə söz azadlığından sui-istifadə edilməsi halları ilə bağlıdır. Digəriləri isə internetdən istifadə edərək nifrət dolu çıxışların, yalan məlumatların yayılmasıdır. Dünyada mövcud olan bütün tanınan beynəlxalq qurumlar bu problem üzərində çalışırlar və onların həlli yollarını arayırlar. Doğrudan da ciddi bir problemdir. Orta hesabla internet üzrərindən yayılan məlumatların təxminən 60 faizindən çoxu yalan informasiyalardır. İkinci yeri isə separatizmə, nifrətə, milli-dini, irqi ayrıseçkiliyə çağırış, şəxsi həyata müdaxilə, təhqir-böhtan və s. tutur. Söhbət bundan gedir ki, həm söz azadlığından sui-istifadə edilməsi, həm də sonuncu problemdən qurtuluş yolu dəfələrlə müzakirə edilib, fikirlər səsləndirilib. Bu məsələ barədə qətnamə qəbul edilsə də, ancaq internet üzərindən sui-istifadə probleminin həlli modeli hazırlanıb təqdim edilməyib”.

M.Ələsgərli qeyd etdi ki, bütün dövlətlərin tətbiq etməli olduğu vahid standartın olmaması məcbur edir ki, hər dövlət bu problemin aradan qaldırılması üçün öz mövcud qanunvericiliyindən çıxış edərək tədbirlər görsün. Bu da bəzən “söz azadlığı”nı qoruyan qurumlar tərəfindən “söz azadlığının boğulması” kimi qiymətləndirilir. Avropa Şurası, eləcə də digər qurumlar bəzi dövlətlərdə söz azadlığının boğulması ilə bağlı qərəzli fikirlər yürütməkdənsə, səylərini real problemlərin praktik həllinə yönəltməlidirlər. O qeyd etdi ki, internet üzərindən söz azadlığından istifadə edərək başqalarının hüquqlarını pozan insanlara, əslində, həmin beynəlxalq qurumlar “ilham” verib. “İnsanlar elə bilir ki, internet azad bir məkandır və burada nə istəsələr edə, ürəkləri istəyənləri yaza, informasiyalar yaya bilərlər. Dövlətlər bu kimi hallara qarşı mübarizə apardıqda Avropa Şurası, Avropa Parlamenti və digər qurumlar hay-həşir salırlar ki, filan ölkədə söz azadlığı boğulur. Ancaq məsələnin mahiyyətinə varmırlar ki, o dövlətlər bu hala qarşı nə üçün mübarizə aparırlar? Bu adamlar sosial şəbəkələrdən, internetdən istifadə edərək separatizmə çağırışdan tutmuş, insanların şərəf və ləyaqətini təhqir etməyə qədər neqativ işlər görürlər. Avropa Şurası Parlament Assambleyası və digər qurumlar bu halların aradan qaldırılmasını həqiqətən istəyirlərsə, onda onun iki variantı var. Birincisi, ölkələr bu kimi hallara qarşı mübarizə apardıqda onun mahiyyətini dərindən öyrənsinlər ki, bu tədbirlər niyə görülür? İkincisi isə bu qurum özü konkret modellər təqdim etməlidir ki, bu modelləri dövlətlər tətbiq etsin və bunla da söz azadlığından sui-istifadənin qarşısının alınmasına nail olunsun” – deyə M.Ələsgərli bildirdi.

İslahat mərhələsi müxalif düşərgəyə çatıb

19 yanvar mitinqinin nəticələri isə göstərir ki, onların nəinki  dəyişmək fikirləri yoxdur, heç köhnə standartları da lazımınca tətbiq edə bilmirlər

“Müxalifət mövsümü”nün təqvimi  dəyişib   

Müxalifətin “radikal” qanadında  “aktivlik” var. 19 yanvar tarixində “birgə aksiya” keçirdilər. Dərhal da 26 yanvar tarixinə  yeni aksiya təyin etdilər. Hələ arada 20 Yanvar mərasimində də insident yaratdılar, qarışıqlıq salmaq, brifinqlər keçirməklə özlərini göstərmək istədilər. İstəklərini  reallaşdıra bildilərmi? Bu, başqa mövzudur. Indilik maraq çəkən məqam düşərgə təmsilçilərini  aktivləşdirən səbəbidir. “Radikal” düşərgənin  25 illik “müxalifətçilik təcrübəsi” göstərib ki, boşuna ayaqlanmazlar: ya ölkədə təbii, prosedura uyğun siyasi aktivlik olmalı, seçki, referendum və sair keçirilməlidir, ya da  xaricdəki himayədarlarından xüsusi  sifariş gəlməlidir ki,  bunlar aktivləşsinlər, küçələrə çıxıb “mən də varam” şousu göstərsinlər. İndiki aktivlikləri  də “nəyinsə simptomudur” təəssüratını yaradır. Amma nəyin? Ölkədə sabitlikdir, diqqət çəkən siyasi proses, əhalini əndişələndirəcək  hadisə yoxdur. Beləcə, istər-istəməz maraq güclənir: nə baş verir ki, yanlışlarına görə tədricən param-parça olmuş, strukturları dağılmış, unudulub yaddaşlardan silinmək üzrə olan  qrupu stimullaşdırır, arxivin küncündən  götürüb tozunu silir, yenidən vitrinə qayur?

Təhlillər əsaslansaq,  “radikal”  düşərgəni zaman-zaman aktivləşdirən ənənəvi səbəblər zahirən  görünməsələr də, onları qınından çıxmağa məcbur edən məqamlar var.

“Radikal” düşərgəni aktivləşdirən səbəblər  

Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar  yeni müstəviyə daxil olur. Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi, köhnə komanda üzvlərinin cinayətkar əməlləri ifşa  edildi. Yeni hakimiyyətin, Paşinyan komandasının  isə seçki ərəfəsində xalqa verdiyi vədləri sürətlə “unutması”, faktiki olaraq mat vəziyyətinə düşməsi, Ermənistanda çıxılmaz durum yaradıb. Paşinyanın romantik eyforiyası keçdikcə, Ermənistanın iqtisadi –siyasi fəlakət həddinə çatmasının real səbəbləri barədə təsəvvürləri durulduqca, durum dəyişir. Təcavüzkar ölkə təmsilçiləri anlayırlar ki, Dağlıq Qarabağ problemi özünün ədalətli həllini tapmayınca, Azərbaycanla münasibətlər normallaşdırılmayınca, nəticədə blokada vəziyyətindən çıxmayınca, iqtisadi fəlakətləri davam edəcək. Ənənəvi siyasətləri dəyişməlidir, bunu anlayırlar. Amma geriyə adım atmaq imkanları məhduddur. Paşinyanın qısa müddət ərzində Azərbaycan Prezidenti ilə keçirdiyi 3  intensiv  görüş, həmin görüşlər ərəfəsində düşdüyü vəziyyət deyilənlərə sübutdur.   Vurnuxurlar, çıxış yolu axtarırlar, tapmayanda  ənənəvi taktikalarını işə salırlar. Danışıqların intensiv mərhələyə daxil olduğu  ərəfədə  güclü mövqedən çıxış edən Azərbaycanın mövqelərini zəiflətmək, ölkə daxilində qarşıdurma yaratmaq üçün erməni lobbisinin əlində ənənəvi üsullar var. Erməni lobbisinin  kritik məqamlarda “beynəlxalq donor institutları” adı altında  Azərbaycan “müxalifətinin radikal qanadına” maliyyə yardımı göndərməsi barədə fikirlər yeni deyil. Bunlar artıq fikir, ehtimal da  deyillər, marşrutu aşkarlanmış,   dəqiqləşdirilmiş xətdirlər. Onlar “xarici donor institutları” adı altında erməni lobbisindən  maliyyə alırlar  və əlbəttə ki,  maliyyəyə uyğun olaraq ölkədə qarışıqlıq yaratmaq   tapşırıqları da  alırlar, onu canla-başla icra da  edirlər.

“Radikal” düşərgənin son “aktivliyinin” ikinci sbəbi kimi ölkədə başladılan struktur və kadr islahatları görünür. Prezident İlham Əliyev rüşvət və korrupsiya ilə mübarizəni gücləndirdikcə, sistem xarakterli islahatlarının miqyasını genişləndirdikcə, Azərbaycan idarəetmə fəlsəfəsini dəyişdikcə özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və mütəşəkkil şəkildə müqavimət göstərməyə çalışırlar. Çünki, hakimiyyət idarəçiliyində, kadr təyinatında, ümumiyyətlə, cəmiyyətin bütün sferalarında   yeni, son  nəsil texnologiyaların tətbiqinin başlanılması  “ənənəvi müxalifətin” ömrünü heç bir inzibati təsir olmadan,  təkamül yolu ilə tamamlamış olur.  Müşahidələr göstərir ki, “radikallar”  nəinki yeni nəsil texnologiyalara,  idarəçiliyə, kadrlara qarşı adekvat deyillər, hətta mövcud durumdan da 2 addım geridədirlər. Dünya dəyişir, dəyərlər dəyişir, texnologiya və sistem dəyişir, bunlar isə olduqları yerdədirlər-1992-1993-cü il səviyyəsində .  Bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki hələ də 1990-cı illərin qaraguruhçuluq ab-havası ilə yaşayırlar.

Müxalif düşəgədə islahat zərurəti

Yanvarın 19-da “radikal”  müxalifət partiyalarının və onların ətrafında olan təşkilatlarin keçirdiyi mitinq bir daha onların zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini nümayiş etdirdi. Formatına görə bu aksiya “birləşmiş müxalifətin mitinqi” idi. O baxımdan ki,  mitinq yalnız yerli çağırışlarla başa gəlməmişdi. Xaricdəki anti-Azərbaycan dairələr tərərfindən idarə olunan “ünsürlər” də ona dəstək vermişdilər. Bu baxımdan həmən aksiya Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələr ilə birlikdə təşkil etdikləri  ortaq tədbir idi. Amma nəticə nə ldu? Bu qədər gurultulu təqdimata baxmayaraq, cəmi 2800 nəfər adam yığa bildilər ətraflarında.  Dəstəklənmədilər.  Çünki, müxalifət başçılarının və funksionerlərinin çıxışları göstərdi ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. 19 yanvar mitinqindən sonra, ayın 20-də  “Şəhidlər Xiyabanı”nda radikal müxalifət və onun  başçılarının simasızlığı, başıpozuqluğu bir daha aydın şəkildə özünü büruzə verdi. Onlar 19 yanvar mitinqinin rüsvayçılığını yalançı təbliğat və yersiz insidentlərlə kompenssiya etmək istədilər. Müxalifətin birləşmiş qüvvələrinin “Məhsul mitinqi” internet resurslarında az qala şəksiz qələbə kimi təqdim olunur. Halbuki, mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı.  AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət postunu zəbt etmiş şəxlərin çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, onlar hələ də revanşizm ab-havasındadırlar, dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər. Onlar dəyişmirlər, əksinə, köhnə taktikalarla uğur qazanmaq üçün özlərini daha radikal, daha kəskin göstərməyə çalışırlar. 20 Yanvar mərasimində törətdikləri rüsvayçılıq göstərdi ki, “radikal”  müxalifət başçıları öz iddialarını reallaşdırmaq üçün nəinki Azərbaycanlı mentalitetində yer tutan müqəddəs dəyərləri tapdalamağa hazırdırlar, həmçinin, yeri gəlsə,  Azərbaycanın Suriya, Liviya və digər hazırda vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə düşməsinə hazırdırlar.

Bu baxımdan Əli Kərimli kimi  milli maraqları tapdaq altına atan şəxslərin siyasətçi obrazına girib, meydana çıxıb özlərini müxalifətin lideri adlandırması bütövlükdə cəmiyyətimiz üçün qəbuledilməz,  digər müxalif partiyaların rəhbərləri üçün isə aşağılayıcı faktordur. Cəmiyyət – ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, gənc nəsil bu reallıqları bilməli, unutmamalı və dağıdıcı qrupların iddialarına lazımi reaksiya verməlidir.

19-20 yanvar aksiyaları müxalifət üçün uğur gətirmdi, əksinə, onun ənənəvi problemlərini ortaya çıxardı, öz aralarında qarşıdurma yaradan faktorları aktivləşdirdi. Baxıb görək, Əli Kərimlinin mitinqdə bəyan etdiyi liderlik iddialarına digər müxalifət partiyaları rəhbərlərinin, funksionerlərinin münasibəti necə olacaq?

Müxalifət dəyişməlidir, yenilənməlidir, öz daxilində islahat keçirməlidir,  yeni nəsil texnologiyaları mənimsəməidir.  Amma hələ ki, bunun təzahürləri görünmür. Onlar mitinq ardınca mitinq elan edir, təşkilatçılıqları alınmayanda isə çılğınlaşır, insidentlər törətməyə çalışırlar. Bütün bunlar isə onların fəaliyyətini hüquqi müstəvidə araşdırılması zərurətini yaradır. Yanvarın 19-20-si baş verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca və ona qiymət verillməyincə, dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır. Ehtimal etmək olar ki, Əli Kərimlinin dəstəsi bunu hakimiyyətin qorxması kimi qələmə verəcək.  Sual oluna bilər, hakimityyət uzun müddət təbliğat  aparıb, bütün güclərini səfərbər edib meydana cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və çəkinməlidir?!

Müşfiq Ələsgərli

90-cı ildə meydanda kimlər vardı, bu gün kimlər var?

İndi  “meydan sulayan liderlər”  “Qara Yanvar” günlərində meydanı niyə başsız  buraxdılar?

Müqəddəs dəyərləri siyasi maraqlara alət edənlər

Milli Azadlıq Mücadiləsinin  pik nöqtəsi sayılan “20 Yanvar Şəhidliyi”nin  ildönümüdür.  Hadisənin üzərindən  29 il keçməsinə baxmayaraq, heç nə dəyişməyib; bu gün də eyni həyəcan, eyni izdiham yaşanır: xalq “Şəhidlər xiyabanı”na axın edir, milli istiqlal uğrunda canını fəda etmiş  insanlara öz ehtiramını göstərir, ölkə prezidenti xiyabana gələrək  müqəddəs andını təkrarlayır.  

Amma  29 il müddətində dəyişməyən təkcə xalqın “20 Yanvar Şəhidliyi”nə olan  ehtiramı, inamı, Heydər Əliyev siyasi kursunun davamçısı olan prezidentin  bu hadisəyə münasibəti deyil. Dəyişməyən bir məqam da var:  90-cı illər müxalifətinin eyni xarakterdə qalması, “20 Yanvar”la bağlı  eyni davranışları təkrarlaması. İki gün öncə, yanvarın 19-da özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran təşkilatın kordinatorluğu ilə mitinq keçirilib. Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda  2800 nəfərin iştirakı ilə keçirilən toplantını  formatına görə “müxalifətin birləşmiş mitinqi” adlandırırlar. Çünki yeddi  partiya və təşkilatın birgə tədbiridir.  Adını nə qoyurlarsa qoysunlar, mahiyyət dəyişmir;  19 yanvar mitinqində “lider” kimi təqdim olunan,  tribunaya çıxıb alovlu nitq söyləyən şəxslər  həmən şəxslərdirlər: 90-cı ilin 20 yanvarında xalqın azadlıq ehtirasından sui-istifadə edənlər, həmən anda özünü “lider” kimi göstərib  yanlış qərar verənlər, qırğın törətmək, azadlıq hərəkatını boğmaq üçün bəhanə axtaran SSRİ rəhbərlərinə səbəb verənlər, qırğın törədiləndə isə heç birinin burnu qanamayanlar, qorxusundan  qaçıb gizlənənlər, həftələrlə üzə çıxmayanlar, xalqı, hərəkatçıları başsız buraxanlar, ölüsünə, şəhidinə sahib çıxmayanlar! Statusları  dəyişməyib, onda da müxalifət idilər, bu gün də müxalifətdirlər. Xarakterləri də dəyişməyib: yenə də xalqın müqəddəs duyğularından, müstəqillik istəyindən,  şəhidlik zirvəsindən öz məqsədləri üçün sui-istifadə edirlər. Mitinqdə qərar qəbul ediblər ki, bir gün sonra-20 yanvar tarixində “Şəhidlər xiyabanı”nın ziyarətinə  birgə getsinlər. Xiyabana getmək üçün birləşmək, güc göstərməkmi lazımdır?! Nə məqsəd güdürlər bununlar, ayıb deyilmi? Nəticə çıxır ki, məqsəd  “Şəhidlər xiyabanı”nı ziyarət etmək deyil,  özlərini nümayiş etdirməkdir. 2-ci ildir ki, eyni taktikadan istifadə edirlər. Ötən il də “Şəhidlər xiyabanı” ziyarətini özlərinin mitinqinə, nümayişlərinə çevirmək istədilər. 20 Yanvar ildönümü bir yanda qaldı, xəbər gündəmini  “müxalifət liderinin Şəhidlər xiyabanını ziyarətinə mane törədildi” formatına dəyişdilər. Dünənki davranışları da eyni oldu: Xiyabanı ziyarət edərkən  insident yaratmağa, özlərini göstərməyə çalışdılar. Sonra da sosial şəbəkələrdə bunu kampaniyaya çevirdilər.

Tarixin səhifələnməsi göstərir ki, bunlar nəinki 1 il öncə, hətta 29 il öncə də bənzər hərəkət ediblər. 90-cı ilin 19 yanvarda küçələri gəziblər, xalqı rus tanklarından qorxmamağa çağırıblar, amma qırğınlar başlayanda önə çıxan, yol göstərən, canını fəda edən “lider” tapılmayıb, meydan başsız buraxılıb. Cəsədləri küçələrdə qalmış şəhidlərə də sahib çıxmayıblar.

Siyasi davranış üçün Heydər Əliyev nümunəsi

Əgər ümummilli lider Heydər  Əliyev çeviklik göstərib dərhal bəyanat yaymasaydı, Qorbaçovun “Bakıda islamçı ekstremistlər zərərsizləşdiriliblər” bəyanatı dünya ictimai rəyində oturuşacaqdı. Yaxşı ki, 90-cı ilin həmin o faciəli günlərdə görkəmli dövlət xadimi Heydər Əliyev bütün riskləri göz önünə alaraq Moskvada Azərabaycanın nümayəndəliyinə getmiş, brifinq keçirmiş, bəyanatla çıxış edərək İttifaq rəhbərliyinin, şəxsən SSRİ Prezidenti Mixail Qorbaçovun hərəkətlərini qınamışdı. Heydər Əliyevin bu cəsarətli addımı  faciə yaşayan xalqın dərdini az da olsa yüngülləşdirdi, Moskva rejiminə qarşı nifrəti  artırdı, milli müstəqillik uğrunda mübarizəyə təkan verdi.

Heydər Əliyevin bu addımı  Qorbaçov komandasının  20 yanvar olayları ətrafında qurduğu qondarma ideoloji düsturu dağıda bilmişdi. Qorbaçovun bəyanatında belə tezis vurğulanırdı ki, “SSRİ-dən ayrılmaq və onun əsasında İslam dövləti yaratmaq uğrunda separatçı hərəkat fəaliyyət göstərib” və SSRİ qoşunları guya həmən islamçı ekstremistləri zərərsizləşdirib.

Bəs o zaman Bakı küçələrində, meydanlarda canını tankların altına ataraq müstəqillik uğrunda fəda etmiş Şəhidlərin toplanılmasında, dəfn edilməsində kimlər iştirak etdi?

Şeyxülislam örnəyi

Bu missiyanı da yalançı hərəkat  liderləri deyil, xalqın öz təşəbbüsü ilə formalaşdırılmış qurumlar və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə  həll etdi. Şəhidlərin dəfninin təşkili üçün Qüdrət Əbdülsalamzadənin koordinatorluğu ilə “Dəfn komissiyası” da formalaşdırılmışdı. Amma “Şəhidlərin dəfni” texniki yox, siyasi proses idi: onların statusları tanınmalı, dəfn üçün xüsusi yer müəyyənləşdirilməli, Bakıdakı fövqəladə vəziyyət komendantı və SSRİ rəhbərliyi ilə razılaşma əldə edilməli idi. Bu missiyanın uğurla tamamlanması  Şeyxülislam Hacı Allahşükür Paşazadənin  incə siyasi manevrlərinin nəticəsi idi. O, 1990-cı ildə 20 yanvar faciəsindən sonra SSRİ rəhbəri  Mixail Qorbaçova, həmçinin,  BMT-nin o vaxtkı  Baş Katibi Peres de Kuelyerə, eləcə də bütün dövlətlərin və dinlərin başçılarına müraciət ünvanlayaraq, Bakı qırğınlarının mahiyyətinin açılmasına yardım göstərmişdi.

Dövrün təhlilçilərinin yazdıqlarına görə, faciə yaşanan günlərdə respublikaya rəhbərlik edən şəxslərin qorxudan postlarını buraxıb qaçmalarını  bəhanə edərək, SSRİ rəhbərliyi Hacı Allahşükür Paşazadəyə təklif edir  ki, respublikaya rəhbərliyi öz üzərinə götürsün.  Şeyx dərhal anlayır ki, bu, Sovet təhlükəsizlik orqanlarının  hiyləgər  planıdır. Məqsəd bir tərəfdən  faciə yaşamış xalqda  dini liderə olan inamı öldürmək, digər tərəfdən dünyaya “Azərbaycanda islamçı ekstremistlər hakimiyyətə gəldi” düsturunu isbatlamaq olub. Nəticə etibarilə, Azərbaycana qarşı zorakılığı davam etdirmək üçün  əl-qolları açılacaqdı.  Şeyxin qətiyyətlə imtina etməsi Qorbaçov komandasını daha bir məğlubiyyətlə baş-başa qoyur.

 Bu motiv hakimiyyətə gəlmək naminə hər şeylə razılaşanlara, “şəhidləri ziyarət” aksiyasını özlərinin siyasi şousuna çevirmək istəyən “liderlərə”  örnəkdir.

Müşfiq Ələsgərli

Avropa İttifaqı ölkələrində hər gün yaşanan media insidentləri

və ya Mehman Hüseynovu Avropa Parlamenti üçün hollandiyalı fotobloqqerlərdən fərqli edən nədir?

Avropa Parlamentinin diqqət yetirməli olduğu proseslər

Arxiv axtarmağa ehtiyac yoxdur: Avropa İttifaqı ölkələrində “media azadlığı”nın durumu  barədə təsəvvür formalaşdırmaq üçün gündəlik yaşanan hadisələrə nəzər salmaq bəs edir.  2019-cu ilin ilk  18 günündə baş verənləri ciddiyə almaq  kifayət edir ki, Avro Parlamentinin üzvləri  təşvişə düşsünlər, həyəcan təbili çalsınlar, öz ərazilərində  peşəkar medianın xilası üçün addımlar atsınla.

Yanvarın 15-də Berlində radikal sağçı qrupun üzvləri ölkənin parıcı KİV-lərindən  “Tageszeitung”  (TAZ), “Frankfurter Rundschau”, və “ARD Hauptstadt”ın  jurnalistlərinə hücum ediblər.  Hücumlar son dövrlər  intensiv xarakter aldığı üçün ciddi narahatlıq yaradıb. Almaniya Jurnalistlər Birliyinin (DJU)  rəhbəri xanım Kornelia Berger bildirib ki , bu hücumlar Almaniyada jurnalistlərin  hansı  vəziyyətdə işlədiklərinin real göstəricisidir: “Bu, Almaniyadakı media azadlığınının durumunun göstəricisi və  azadlığa qarşı olan basqıların göstəricisidir. Dövlət qurumlarının biganəliyi belə insidentləri stimullaşdırır. Dövlət qurumları  bu hücuma öz etirazlarını bildirməli və belə hallara artıq son verilməsi üçün əllərindən  gələni etməldirlər”. Təşkilat təmsilçisi təəssüflə qeyd edib ki, oxşar hücumlar Almaniyadan əvvəl İtaliya və Fransada da qeydə alınıb və getdikcə ağır bir prosesə çevrilir. .

Yanvarın 14-də isə Hollandiyada  müstəqil  fotojurnalistlər  və fotobloqqerlər (yəni, Mehman Hüseynovun bənzərləri) özlərinə qarşı olan neqativ münasibətə etiraz olaraq bəyanat yayıblar.  Onlar işləmək üçün şəriat yaradılmasını, həmçinin, normal əməkhaqqı ilə təmin olunmalarını istəyirlər. Müstəqil fotojurnalistlərin və fotobloqqerlərin  hüquqlarını müdafiə edən həmkarlar təşkilatları (NVF və NVJ)    Hollandiyanin müvafiq qurumlarına müraciət edərək müstəqil fotojurnalistlərin heç olmasa ciddiyə alınmalarını, onlarla dioloq şəraiti yaradılmasını, dinlənilmələrini  istəyiblər.

İttifaq özlərinə qarşı laqeyd, sayqısız münasibətə etiraz olaraq yanvarın 25-də aksiya keçirməyi planlayırlar. Artıq 300 yaxın media nümayəndəsi bu aksiyalarda iştirak edəcəyini təsdiqləyib.

Yanvarın 11-də  isə Myanmarda “Reuters”in 2 jurnalistindən hər birinə  7 illik həbs cəzası verilib. Onlar araşdırma apardıqları üçün şərlənərək tutulublar.

Yanvarın 5-də 20 nəfər fransalı jurnalist məhkəməyə müraciət edərək  haqlarının qorunmasında yardım istəyiblər. Bəlli olub ki, 2018-ci il  dekabrın 8-də Parisdə  “Sarı jiletlilər”in  aksiyasını izləyib report hazırlamaq, güc strukturlarının  insanlara qarşı vəhşiliklərini lentə almaq istəyərkən, onların imkanları məhdudlaşdırılıb;  polis çəkiliş aparan jurnalistlərin  nadir çəkilişlərini zorla əllərindən alaraq məhv edib, özlərinə fiziki xəsarət yetirib”.  Fransa Jurnalistlər Sendikası dekabrda aksiya keçirərək “jurnalistlərin  vəzifələrini yerinə yetirmək üçün bütün imkanlarının  məhdudlaşdırıldığını” elan etmişdi.

Gözardı edildiyi üçün təhlükəli hal alan proseslər

Avropa  jurnalist təşkilatları tərəfindən hazırlanan  statistik məlumatlar göstərir ki, medianın durumu  Avropanın mərkəzində, xüsusən, Fransada, Almaniyada, Hollandiyada, Avstriyada, Polşada son illər pisləşməyə doğru gedir. Avropa İttifaqına daxil olan ölkələrdə son 5 il müddətində 13 nəfər jurnalist qətlə yetirilib ki, bunlardan 8 nəfəri Fransanın payına düşür (1 nəfər Bolqarıstan, 1 nəfər Slovakiya, 1 nəfər Danimarka, 1 nəfər Malta, 1 nəfər Polşa, 8 nəfər Fransa).

Bununla paralel olaraq, media mühitini ağırlaşdıran, jurnalist imkanlarını məhdudlaşdıran yeni qanunlar yaradılır. 2018-ci ildə Avropanın əksər ölkələrində xəbər istehsalçılarının kütləvi aksiyaları keçirilib.  Polşada, Avstriyada bəyanatlar formasında ictimailəşdirilən  problem   Macarıstan, Litva, Serbiada kütləvi aksiyalar formasında təzahür edib. 2019-cu ilin ilk günlərində də davam etdirilən bu aksiyaları avropalı həmkarlarımız  “Qul qanunu”na etiraz şüarları ilə keçirirlər. Onlar  “İctimai yayım” haqqında qanuna son dəyişiklikləri  belə dəyərləndirirlər. Media təmsilçiləri hesab edirlər ki, hakimiyyətlər ictimai yayım sektorunu inhisara alır, ifadə azadlığını məhdudlaşdırırlar. Redaksiya müstəqilliyi, jurnalist toxunulmazlığı, ifadə azadlığı meyarları məhdudlaşdırılır. 

Bənzər faktlar kifayət qədər olsa da, əlavə sıralamaya lüzum yoxdur. Normalda Avropa Parlamenti  bunlardan hər birinə diqqət yetirməli, müzakirələr açmalı, aradan qaldırılması üçün addımlar atmalı idi. Çünki, redaksiya müstəqilliyi, jurnalist toxunulmazlığı, ifadə azadlığı  “Avropa dəyərləri” üçün meyardırlar.  “Avropa dəyərləri” sırasında ilk yeri söz azadlığı tutur və ifadə azadlığının indiki məhdudlaşdırılması demokratik azadlıqların sürətlə itirilməsi kimi assosasiya olunur. Beynəlxalq təşkilatların ümumi rəyi budur ki, “Avropada  mətbuat azadlığının səviyyəsi son 13 ildə ən aşağı həddə düşüb”.

Maraqlıdır, Avropa Parlamentinin üzvləri  bu qədər hadisəni, bu qədər bəyanatı, çağırışı görmürlərmi? Nədən bu hadisələrdən heç birini ciddiyə almır,  hər hansı müzairə keçirilmir, mövqeyini  açıqlamır?

Paradokslar

Paradoksal haldır ki, Avropa İttifaqının  strukturları,  Avropa Parlamenti  öz tərkibində olan  ölkələrdə baş verən bu proseslərdən  heç birinə  reaksiya verməyib, müzakirə keçirməyib, problemlərin aradan qaldırılması üçün hər hansı  addım atmayıb. Əvəzində  AP, nə qədər qəribə olsa da,  Azərbaycana “diqqət yetirib”,  yanvarın 17-də fotobloqqer Mehman Hüseynovun məsələsini müzakirəyə çıxarıb,  Azərbaycan hökumətindən onun dərhal azad olunmasını tələb edən qətnamə qəbul edib.

Növbəti  paradoks  budur ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil, bu kontekstdə  Azərbaycan üzrə müzakirə aparmaq  Avropa Parlamentinin səlahiyyətləri çərçivəsində deyil. Əgər Azərbaycan Aİ üzvü deyilsə, Avropa Parlamentinin deputatlarının  müstəqil bir ölkənin hakimiyyət orqanlarından kiminsə dərhal azadlığa buraxılmasını tələb etmək hüquqları  varmı? Görünən bu ki, Avropa Parlamentinin deputatları öz səlahiyyət  çərçivələrini aşırlar.

Diqqət çəkən digər bir məqam   Aİ ticarət üzrə komissarı Cecilia Malmströmun  müzakirələrdəki  çıxışıdır. O,  Aİ ölkələri səfirlərinin Mehman Hüseynovla görüşlərinə şərait yaradıldığını bildirib, real duruma aydınlıq gətirmək istəyib,  narahatlıqların dialoq yolu ilə aradan qaldırılacağına inandıqlarını da qeyd edib. Amma AP-nin “maxinator deputatları”  üçün bu, “yetərli olmayıb”.

Avropa parlamentinin marağı nədir?

Deputat Miguel Urban Crespo  “media azadlığı və insan hüquqlarının durumunu nəzərə alaraq” Aİ-nin  Azərbaycanla apardığı assosiasiya danışıqlarının  dayandırılmasını tələb edib. Bununla da işarə verib ki, Mehman Hüseynov da, media azadlığı da, insan hüquqları da yalnız bəhanədir. Məqsəd bu cür vasitələrdən istifadə edib Azərbaycana təzyiq göstərmək, assosiasiya danışıqları prosesində öz maraqlarının təmin edilməsinə nail olmaqdır. Bu, bir metoddur:  Azərbaycan planlaşdırdığı qlobal və regional layihələrin hər biri üzərində müzakirələr apararkən, bənzər proseslərlə üzləşib;  “küçədən bir it ölüsü tapılıb”, bu tapıntı  insan haqları kontekstində dəyərləndirilib, şişirdilib, qlobal aksiyaya çevrilib, nəticə etibarilə Azərbaycana qarşı təzyiq göstərilməsi,  hansısa layihədə aparıcı dövlətlərin maraqlarının təmin edilməsi üçün  vasitəyə  çevrilib.  Bu gün də  bənzər hadisə başverir. Sadəcə bəyanat vermək üçün quraşdırılan bəhanə “ölü it cəmdəyi” deyil, Mehman Hüseynov mövzusudur.

Müşfiq Ələsgərli