Onlar 20 il müddətində Ermənistanın hərbi-xunta rejiminə nəyin qarşılığında göz yumublar?
Prezident İlham Əliyev Ermənistanda iyirmi il ərzində hakimiyyətdə olmuş rejimin dəqiq tərifini verdi. Yanvarın 11-də Nazirlər Kabinetinin iclasında çıxış edən prezident Ermənistanda 1998-2018-ci illərdə mövcud olmuş hakimiyyəti “kriminal, qaniçən xunta rejimi” adlandırdı.
Yaxın tarixə qısa ekskursiya prezindtin sözlərini tam təsdiq edir: 20 illik hakimiyyəti dövründə Köçəryan-Sarkisyan qrupu nəinki qonşu dövlətlərlə qeyri-sağlam münasibətdə olub, öz xalqına qarşı da repressiv davranıb. Onların hakimiyyətə gəlişi də, hakimiyyətdə möhkəmlənməsi də, idarəçiliyi də kriminal müstəvidə qurulub. Ermənistan tarixinin ən ləkəli hadisələrindən biri 1999-cu ilin 27 oktyabrında, Köçəryan-Sarkisyan hakimiyyətinin birinci ilinin tamamında baş verib. Həmin tarixdə Ermənistan parlamentində törədilən və baş nazir Vazgen Sarkisyanın, parlamentin spikeri Karen Dəmirçyanın, əlavə olaraq 6 deputatın güllələnib öldürülməsi ilə nəticələnən terror aktının birbaşa sifarişçisinin siyasi hakimiyyət olduğunu isbatlayan faktlar ortadadır. Bunu başqaları demir, Ermənistan mətbuatı özü yazırdı. “Media.am” saytı iddia edirdi ki, parlamentdə törədilən terror aktının arxasında məhz Ermənistan rəhbərliyi dayanıb, bu hadisəni araşdırmağa çalışan jurnalistlərin sonu isə ölümlə nəticələnir. Hadisənin canlı şahidlərindən biri də həmin vaxt parlamentə olan jurnalist, sonradan susdurulmaq üçün Ermənistanda İctimai TV-nin rəhbərliyinə gətirilən Tiqran Nağdalyan idi. Nağdalyanın parlamentdəki gülləboranı əks etdirən gizli çəkilişlərin bir qismini təhvil verib, bir qismini gizlətdiyinə, sonradan başqa mənbələrə ötürmək istədiyinə görə 2001-ci ildə qətlə yetirildi.
Köçəryan-Sarkisyan rejuminin, bir növ, vərdişinə çevrilmiş terror aktları hakimiyyətlərinin son günlərinə qədər davam etmişdir. Onların məşhur olaylarından, siyasi terror aktlarından biri də 2013-cü ildə törədildi: prezidentliyə namizəd, dissident kimi məşhurlaşmış Paruyr Ayrikyan güllələndi. Ermənistanda siyasi rejimin real tənqidçisi olan jurnalistlərin susdurulması, ictimai müqavimətin öncülləri kimi çıxış edə biləcək qüvvələrin sıradan çıxarılması mütəmadi olaraq baş vermişdir. Paruyr Ayrikyanın ardınca “Şant TV” telekanalının aparıcısı, siyasi tənqidçi Ani Macnumyan öldürüldü.
Bütün bunlar Ermənistanda cinayətkar elita üçün adi bir olay olduğundan ciddi araşdırmaya, əlavə arqumentlər gətirməyə ehtiyac qalmır. Faktlar “n” qədərdir. Ermənilərin özlərinin bu rejimə qarşı münasibətini 2018-ci ilin 9 dekabr tarixində keçirilən növbədənkənar parlament seçkiləri müəyyən etdi. Adi bir təkan Sarkisyan rejiminin sonunu gətirdi, Respublika Partiyası cəmi 5,09% səs toplaya bildi, hakimiyyətdən devrildi. Əslində, ermənilərin Köçəryan –Sarkisyan rejiminə qarşı münasibəti heç vaxt bundan yaxşı olmayıb. Sadəcə yuxarıda sadalanan faktlar-terror,ölüm zorakılıq qorxusu ilə xalq susdurulub, seçkilər saxtalaşdırılıb, hakimiyyət əldə saxlanılıb. Bunlar bilinən faktlardır.
Amma bilinməyən, aydın olmayan məqamlar da var. Axı Ermənistandakı proseslər, o cümlədən seçkilər beynəlxalq təşkilatlar tərəfindən izlənilib, monitorinq edilib. Necə olub ki, “beynəlxalq” təşkilatlar bu faktları görməyiblər və ya görüb susublar? 9 dekabr növbədənkənar parlament seçkisindən cəmi bir-neçə ay öncə keçirilən seçkidə Sarkisyan tərəfdarlarının adına 50 faizdən çox səs yazılmışdı. Həmən “beynəlxalq” təşkilatlar isə o seçkini “normal” kimi dəyərləndirmişdilər. Reallığı niyə görməyiblər, görüblərsə niyə susblar, nədən çəkiniblər?
Hətta Ermənistanda baş verənlər, həmçinin, Ermənistanın qonşuları ilə yaradılan problemlər də bir yana, bu gün Avropa ölkələrinin əksəriyyətində, Almaniya daxil olmaqla, ermənilərə bağlı çoxsaylı kriminal qruplaşmalar aşkar edilib, onlar haqqında cinayət işləri başladılıb. Xüsusi məqam odur ki, bu qruplaşmaların əksər üzvləri Ermənistanın bəlli hakimiyyətinin verdiyi diplomatik və ya xidməti pasportlara malikdirlər və kriminal fəaliyyət göstərdikləri ölkələrə məhz həmən pasportlarla daxil olublar. Bəs “beynəlxalq təşkilatlar” niyə hesab sormurlar, Köçəryan-Sarkisyan rejiminin kriminal qruplarla bağlarını araşdıran “jurnalist qrupu” formalaşdırmırlar? Nəticə çıxır ki, onların
Köçəryan-Sarkisyan rejimi ilə hansısa bağlılıqları və ya öhdəlikləri var.
Prezident İlham Əliyevin çıxışında bütün bu suallara çox sərrast cavab tapmaq mümkündür: “Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi. Ona görə mən hesab edirəm ki, bu məsələ müvafiq beynəlxalq orqanlar tərəfindən çox ciddi araşdırılmalıdır və kriminal rejimə iyirmi il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar.
Prezident İlham Əliyev Ermənistanın kriminal hakimiyyətinin davranışlarına göz yummuş, onları yeni-yeni faciələr törətməyə həvəsləndirmiş beynəlxalq təşkilatların bundan sonra necə davranmalı olduqları barədə də fikirlərini açıqlayıb: “Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar iyirmi il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var”.
Müşfiq Ələsgərli